Vətən müharibəsinin qalib şəhidi

 

Vətənini canından artıq sevən, 19 yaşında onun yolunda şəhid olan Şahin Afat oğlu Tahirli Lerik rayonunun Züvüç kəndində doğulub, boya-başa çatıb. Sağlam əqidəli bu gənc həyatı dərk edən gündən öz xoşbəxtliyini xalqına gərəkli olmaqda görür. Şahinin yurdun qeyrət qalasına dönməsi də məhz ürəyində yuva salmış, xalqın milli-mənəvi dəyərlərinə tapınan saf arzulardan irəli gəlirdi.

Şahin 2018-ci ildə orta məktəbin 11-ci sinfini başa vurub Mingəçevir Turizm Kollecinə qəbul olunur. Oxuduğu təhsil ocağında öz savadı, dərin zəkası, ağlı ilə seçilsə də, sinəsində qövr edən Vətən qubarı onu çox incidir. Və bu qubarın çarəsini yalnız mənfur ermənilərin işğalı altında olan Dağlıq Qarabağın azad olunmasında görür.

Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və öz istəyi nəzərə alınmaqla onu cəbhə bölgəsinə göndərirlər. Hərbi hissədə Vətənə olan məhəbbətini nümunəvi xidməti ilə bir daha sübut edir. Döyüş meydanında mənfur düşməni əzmək onun başlıca məqsədinə dönür.

İkinci Qarabağ müharibəsi başlanan gündən Vətən, millət təəssübü çəkən igid əsgər yurdun yaralarına məlhəm olmaqdan ötrü haqq savaşımıza böyük inamla, cəsarətlə qoşulur. Yurd yağı tapdağından qalmasın deyə, 42 gün işğaıçılara qan qusdura-qusdura odun-alovun içində, səngərdə əsl qəhrəman kimi döyüşür. Füzulinin, Qubadlının, Şuşanın hər qarışında hünər, şücaət göstərir, ad çıxardır. Şanlı zəfərimizin bir addımlığında, yəni noyabr 7-də Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşdə qarı düşmən Şahinin Vətən eşqli ürəyini nişan ala bilir...

Şəhid atası Afat Tahirli oğlu haqqında deyir: - Şahin çox mərd böyümüşdü. Vətən sevgisi onun qanında idi. Məhz buna görə də Qarabağın taleyi onu düşündürürdü. Torpaqların işğalından söz düşəndə qürurla deyərdi ki, qisas qiyamətə qalmaz, şəxsən öz əllərimlə üç rəngli müqəddəs bayrağımızı Qarabağa sancacağam. İgid Şahinim müqəddəs arzusuna artıq çatdı. Xoşbəxt atayam ki, indi bütün Azərbaycan oğlumla fəxr edir. Dövlətimdən də çox razıyam. Bir an belə oğlum unudulmur. Haqq savaşımızda erməni dığalarına qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Vətənin yüksək mükafatına - “Vətən uğrunda” və Füzulinin, Qubadlının azad olunmasına görə medallara layiq görülüb.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq Cəbhəsi.- 2021.- 16 mart.- S.4.