İnformasiya azadlığı, internet hüququ və etik problemlər

 

Səyyad Məcidli: “İnformasiya azadlığı bu gün qlobal dünyanın diqqət mərkəzində olan məsələlərdəndir”

 

Bu gün informasiya kommunikasiya texnologiyalarının inkişafı böyük imkanlar yaratmaqla yanaşı insanların, dövlətlərin yaşamında hüquq sarıdan müəyyən problemlərin yaranmasına da səbəb olur. Belə ki, indi dünyanın demək olar, hər bir nöqtəsində internetin əlçatanlığı sui-istifadələrə də gətirib çıxarır. Bu yazıda araşdırmalar əsasında internet hüququ və etik problemlər anlayışına aydınlıq gətirilir, internet hüququ müasir hüquq elminin yeni istiqaməti kimi nəzərdən keçirilir.

Araşdırmaçı Səyyad Məcidli bildirir ki, müasir dövrdə internet yeni informasiya - kommunikasiya əsrinin tələbləri baxımından inkişaf etdikcə, bu qlobal informasiya mühitində - kiberməkanda münasibətlərin hüquq və etik normalar çərçivəsində tənzimlənməsi də obyektiv zərurət olaraq meydana gəlir. Hazırda internetin hüquqi tənzimlənməsi elmi diskussiyaların, dissertasiya mövzularının, tədris proqramlarının predmetinə çevrilir, bu mühüm əhəmiyyətli sahədə yeni konseptual yanaşmalar ortaya qoyulur: “Eyni zamanda, bu gün internetin hüquqi problemlərinin tədqiq olunması məsələsi Azərbaycan hüquq elminin də qarşısında duran mühüm vəzifələrdən birini təşkil edir. Müasir dünyanın hüquq ədəbiyyatlarında bu istiqamət daha çox informasiya hüququ çərçivəsində araşdırılsa da, kiberməkanın əhatəliliyi, subyekt müxtəlifliyi və mürəkkəb xarakteri nəzərə alınmaqla, onun beynəlxalq ümumi və xüsusi hüquq, mülki, cinayət və iqtisadi hüquq sahələri ilə qarşılıqlı əlaqəsi diqqətdən yayınmamalıdır”.

Amerikalı hüquqşünas alim R.Amborqi hesab edirdi ki, internet hüququ – hüquqi praktikada dinamik, çevik və tədqiq edilməmiş, habelə sərhədlərinin hələ müəyyən edilməsinə ehtiyac duyulan sahədir: “Hazırki dövrdə hətta onu hüquq sahəsi adlandırmaq da çətindir. Çünki bu hər şeydən əvvəl intellektual mülkiyyət, mülki hüquq və azadlıqlar, delikt, əmlak, cinayət, telekommunikasiya, kommersiya, beynəlxalq ticarət və xüsusi hüququn nəzəri və praktiki məcmusudur.”

İnternet hüququna daha çox beynəlxalq hüquq prioritet hesab olunmaqla kompleks şəkildə (sosial, iqtisadi, mülki və s.) yanaşmağın gərək olduğu vurğulanır. Akademik Rasim Əliquliyevin fikrincə, hazırda bütün dünyada internetin hüquqi tərəfləri ilə yanaşı, onun iqtisadi tənzimlənməsi məsələsi də gündəmdə duran mövzulardan biri olduğu üçün internetin iqtisadi tənzimlənməsi də beynəlxalq hüquqa, beynəlxalq əməkdaşlığa əsaslanmalıdır. Çünki ayrı-ayrı ölkələrin iqtisadi əsasları ilə bütün interneti tənzimləmək qeyri-mümkündür.

S.Məcidli hesab edir ki, müstəqil predmetə malik olmasını nəzərə alaraq, internet hüququnu müasir hüquq elminin yeni istiqaməti kimi təsdiq etmək olar. Əlbəttə, bu sahədə mövcud olan haqlara da təbii hüquqlar konsepsiyası aspektindən yanaşılmalıdır. İnternet bəşər sivilizasiyası üçün yeni yaranan dəyərlər sistemi olduğu və insanlar bu məkandan daha çox informasiya əldə etmə, informasiyaya çatım haqqını reallaşdırdığı üçün bu sahəyə aid olan hüquqlar müasir insan hüquqlarının, eyni zamanda elektron ticarəti, elektron xidmətləri və s. əhatə etdiyi üçün xüsusi hüququn, habelə yaranan hüquqi məsyliyyətin xarakterindən asılı olaraq, (kiber-cinayətlər, kompyuter informasiyasına qanunsuz daxil olma və s.) cinayət və inzibati hüququn tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Bu sahənin həmçinin, qeyri-humanitar elmlərlə (informatika, tətbiqi riyaziyyat) də sıx qarşılıqlı əlaqəsini nəzərə alaraq, ilk növbədə bəzi xüsusi terminlərə aydınlıq gətirilməsi vacibdir.

İnternet hüququ üzrə mütəxəsis İ.Rassolovun qeyd etdiyi kimi, “şəbəkə”, “ümumdünya informasiya toru”, “virtual məkan”, “virtual mühit”, “informasiya münasibətləri”, “seqment” anlayışları hüquq ədəbiyyatlarında kifayət qədər araşdırılmayıb. S.Məcidli: “İnternet hüququ və etikası dedikdə, kiberməkanda informasiyanın əldə olunması, ötürülməsi və elektron xidmətlər göstərilməsi ilə, habelə şəbəkədə kommunikativ fəaliyyətlə əlaqədar yaranan digər münasibətləri tənzim edən norma və prinsiplərin məcmusu başa düşülür. Göründüyü kimi, bu sahə ilk növbədə, qlobal şəbəkədə informasiya dövriyyəsi – informasiyanın əldə edilməsi, emalı, ötürülməsi və s. ilə bağlıdır. İnformasiyalaşma, informasiya azadlığı bu gün bütövlükdə qlobal dünyanın, o cümlədən Azərbaycan Respublikasının diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmizdə bu istiqamətdə yeni qanunvericilik bazası, müasir ənənələr formalaşdırılıb, eyni zamanda atılan innovativ-praktiki addımlar hüquq elmi qarşısında da bəzi mühüm məqamların ortaya qoyulmasını və nəzəri problemlərin kompleks şəkildə tədqiq olunmasını şərtləndirib”.

Burada bir nüans da xüsusi qeyd edilir ki, informasiya məsələləri eyni zamanda, informasiya hüququ ilə də tənzimlənir. İnternet hüququ və informasiya hüququnun qarşılıqlı əlaqəsinə də aydınlıq gətirən araşdırmaçı bildirir ki, geniş mənada (radio, televiziya, çap mediası, informasiya sorğuları və s.) informasiyanın hüquqi tənzimlənməsi informasiya hüquq normaları vasitəsilə mümkündür. Ədəbiyyatlarda “informasiya hüququ – informasiya ilə əlaqədar ictimai münasibətləri tənzim edən hüquq normalarının məcmusu” kimi təsbit olunub. Ancaq internet hüququ elə informasiyaların hüquqi yükünü çiynində daşıyır ki, onlar bilavasitə kiberməkanda (qlobal informasiya şəbəkəsində) dövriyyədə olmalı və onların benefisiarlarını da məhz internet istifadəçiləri təşkil etməlidirlər. Bundan əlavə şəbəkə istifadəçilərinin bir-birləri ilə internet – elektron poçt, facebook və digər vasitələrlə kommunikasiyası və ya informasiya mübadiləsi üzrə mövcud münasibətləri də bu hüququn tənzimetmə predmeti hesab etmək olar.

S.Məcidli bildirir ki, internetin hüquqi tənzimlənmə məsələlərindəm bəhs edən bu sahə müxtəlif adlar altında ümumiləşdirilir. Bu istiqamətdə ədəbiyyatlarda internet hüququ bəzən kommunikasiya hüququnun sinonimi kimi də işlədilir. “İnternet (kommunikasiya) hüququ dedikdə, qlobal informasiya şəbəkəsində informasiyanın yayılması, əldə olunması və ötürülməsi, intellektual mülkiyyət və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. İnternet (kommunikasiya) hüququnun predmetinə həmçinin, informasiya müharibəsi, provayderlərin və xakerlərin şəbəkədə fəaliyyəti, internet xidməti göstərən qurumlar arasındakı əlaqələr, domen adlarının verilməsi üzrə beynəlxalq xarakterli münasibətlər də daxildir. Ümumiyyətlə, internet hüququna milli hüquq sahəsi kimi yanaşmaq düzgün deyil. Cünki qlobal informasiya şəbəkəsi təkcə bir ölkə hüdudları ilə məhdudlaşmayıb, transmilli mahiyyət daşıyır. Lakin kommunikasiya hüququ daha əhatəli sahə olmaqla, yuxarıda qeyd olunanlarla yanaşı, eyni zamanda telekommunikasiya sistemlərinin, o cümlədən sputniklərin idarə olunması, onların rəsmi və mülki istifadəsi ilə bağlı geniş münasibətlər dairəsini də əhatə edir.

Bundan başqa, informasiya təhlükəsizliyi, insan hüquq və azadlıqlarının müdafiəsi baxımından həm internet provayderlərinin, həm də istifadəçilərin məsuliyyəti məsələsi də internet hüququnun tənzimetmə premetidir. Bunlara aiddir: internetə çatım, internetin məzmun tənzimlənməsi, blok qoyma, məzmunun silinməsi və süzgəcdən keçirmə (filtrasiya), lisenziya və məsuliyyət.

İnternetin beynəlxalq hüquqi tənzimlənməsini zəruri edən mühüm amillərdən biri də bu şəbəkənin istifadəçilərinin sayının çoxluğu və sürətlə artım tempidir. İnternet hüququ və etikası müasir hüquq elmləri, xüsusilə beynəlxalq ümumi və xüsusi hüquqla sıx qarşılıqlı əlaqədə olub, qlobal informasiya şəbəkəsində informasiyanın yayılması, əldə olunması və ötürülməsi, habelə intellektual mülkiyyət və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyir. Eyni zamanda, informasiya müharibəsi, provayderlərin və xakerlərin şəbəkədə fəaliyyəti, internet xidməti göstərən qurumlar arasındakı əlaqələr, domen adlarının verilməsi, elektron xidmətlərin göstərilməsi bağlı beynəlxalq və milli xarakterli münasibətlər, habelə bütün bu sahələrdə mövcud olan etik prinsiplərin tətbiq olunduğu ictimai münasibətlər də bu sahənin tənzimetmə predmeti hesab olunur. İnternet hüququnun universallığı, həm ölkədaxili, həm də transmilli əhatə dairəsi nəzərə alınsa, buraya eyni zamanda beynəlxalq hüququn mənbələrini, yəni beynəlxalq müqavilələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq məhkəmə presedentləri də aid edilə bilər.

İnternetin tənzimlənməsində ilk öncə etik prinsiplər (adət, ənənələr) formalaşıb. İnternet hüququ və etikasının mənbələrini beynəlxalq təşkilatlar, dövlətlər, məhkəmə instansiyaları, bu sahəyə aid qeyri-dövlət qurumları (ictimai birliklər), habelə daimi təkrarlanma nəticəsində şəbəkə istifadəçilərinin özləri tərəfindən yaradılan və onlar üçün zəruri davranış qaydalarına çevrilən norma və prinsiplər təşkil edir. Bu mənada internet hüququnun mühüm və hüquqi cəhətdən ən ali quvvəyə malik mənbəyi Azərbaycan Respublikasının Konstitusiyasıdır. S.Məcidli vurğulayır ki, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, universal və regional təşkilatlar, o cümlədən Avropa strukturlarının (Aİ, AŞ, ATƏT və s.) qəbul etdiyi qərar, qətnamə, bəyanat və tövsiyələr, habelə milli qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərar və sərəncamları internet hüququnun mənbəyi hesab edilir. İnternet hüququ ilə baglı ən mühüm norma və prinsipləri özündə ehtiva edən beynəlxalq və milli hüquqi sənədlər, habelə etik qaydalar şəbəkə istifadəçilərinin virtual məkanda davranışlarının tənzimlənməsi üçün ən müasir xarakterə malik olan əsas mənbələr sayılır, mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyd olunan sənədlərin məcmusu bütövlükdə internet qanunvericiliyini formalaşdırır.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 20 mart.- S.13.