Ey dağılan ruhumun nizamı – Nizami

 

“Nizami Gəncəvi keyqubadların, keyxosrovların qədim qalalarını deyil, öz doğma Azərbaycanını təsvir etmişdir”

 

Y. Bertels

 

Zaman məkandan asılı deyil, lakin məkan bilavasitə zamana tabedir; ona görə ki, bütün məkanlarda baş verən hadisələr eyni zamana sığır, lakin bunun əksini düşünmək yanlışdır. Bu səbəbdən Nizami Gəncəvinin zamansız xilqətini məkana sığışdırmaq istəyimiz o qədər ürəkaçan hadisə olmasa da, onun başından danışıb ayağının altına baxanların münasibətlərinə diqqətsiz qalmaq istəmirik. Şair özü isə uyğun mövzu ətrafında “tarixsiz” tarixə səyahət edənlərə yəqin ki, bir cümlə ilə cavab verərdi: “Məgər görmürsünüzmü mən bəşəriyyətin şairiyəm?”, yəni dahilərin vətəni olmur.

 

Şeir hansı dildə yazılır-yazılsın, düzgün dərk olunub əzbərləndikdə onu sanki öz dilində oxuyursanmış kimi bir təsir bağışlayır. Bu mənada Sədidən və Nizamidən əzbərlədiyim şeirlərin məndə oyatdığı əks-təsirə istinadən onu söyləyə bilərəm ki, əlbəttə, metafora, təşbeh, fikir və s. baxımdan yox, təkcə dilinin şirinliyinə görə ikincinin öz ana dilində yazmadığını açıq-aşkar hiss etmək mümkündür. Etiraf etməsələr də bunun belə olmasını fars şairləri də anlamamış deyillər. Digər tərəfdən hər hansı dildə mükəmməl yazmaq yazanın həmin dildə danışan xalqa mənsubluğunun təsdiqi sayıla bilməz. Yox, əgər Nizaminin azəri türkü olmamasına səbəb kimi onun ancaq fars dilində yazmasını əsas gətirirlərsə, buyurub təkrar oxusunlar:

 

«Türk dili yaramaz şah nəslimizə,

 

Əskiklik gətirər türk dili bizə.

 

Yüksək olmalıdır bizim dilimiz,

 

Yüksək yaranmışdır bizim nəslimiz».[1]

 

Bu sözlər “Bu təzə gəlinə, çəkəndə zəhmət,

 

Fars, ərəb dililə vur ona zinət.

 

Sözün sərrafıyam, sən ki, bilirsən... “ deyə səslənən şahın “Leyli və Məcnun” əsərinin sifarişilə bağlı Nizamiyə göndərdiyi məktubdandır. İrad tuta bilərlər ki, “Leyli və Məcnun” bədii əsərdir, bəlkə heç şahın belə bir məktubu olmayıb. Bu barədə A. Şopenhauerdən kiçik bir misal gətirmək yerinə düşər: “Tarixçilərin, hətta ən yaxşıları belə, şairlər kimi görkəmli olmaqdan çox uzaqda qalırlar, buraya onu da əlavə etmək lazım gəlir ki, onların əlləri bağlıdır”.[8,221]

 

Digər tərəfdən məktub ola-olmaya Nizami Gəncəvi bu misralarla özünün türk olduğunu diqqətə çatdırıb, yoxsa “beyninə qan sızmaz”, “dodağı əsməzdi”:

 

«Qan vurdu beynimə, əsdi dodağım.

 

Nə cürətim vardı ki, evdən qaçam.

 

Nə də gözüm vardı, xəzinə açam.

 

Ömrüm viran oldu, solub saraldım,

 

Bu əmrin önündə cavabsız qaldım.

 

Sirrimi deməyə bir məhrəm hanı [1]

 

Hamımızın bildiyi kimi o dövrdə türk dili rəsmi dil olsa da, ancaq danışıqda istifadə olunurdu; dövlət dili fars, elm və təhsil ərəb dilində həyata keçirilirdi. O zaman az qala dünyanın yarısına ağalıq edən Böyük Səlcuq İmperiyası, yaxud Azərbaycan Atabəylər dövləti öz dilində yazılı nitqin olmamasından, görünür, narahat olmayıblar. Nizami Gəncəvinin yuxarıdakı misraları bu yazılı nitq kimi vacib məsələnin türk hökmdarlarının nəzərinə çatdırmaq məqsədilə qələmə alması da istisna olunmur. Lakin bu o demək deyildir ki, şair türk dilində heç nə yazmayıb, hökmən yazıb, lakin nəşr etdirə bilmədiyi, yaxud başqa səbəblər üzündən həmin yazılar sonrakı dövrlərə qədər gəlib çatmayıb. Heç kimə sirr deyil ki, o, bütün yaradıcılığı boyu dönə-dönə “yasəmən - türk gözəli”ndən, özünün, qadınının, oğlunun türk olmasından fəxrlə söz açır:

 

«O türküm getdisə bu gün çadırdan,

 

Saxla türkzadəmi sən, ey yaradan [2, 348]

 

Yaxud:

 

«Şan-şöhrəti dünyaya sığışmazdı türklərin,

 

Ölkəsi ədalətlə güllü yazdı türklərin». [3, 86]

 

Tarix bizim üçün uzaqdan hadisələri, adamları, arxitekturası aydın görünməyən bir şəhəri nişan verirsə, Nizami Gəncəvi bir obrazın timsalında mənsub olduğu zəmanənin bütün mahiyyətini açır. Baxın, o, öz ana dilində yaza bilməməyin nə demək olduğunu hansı ağrılı sözlərlə ifadə etmişdir:

 

«Mən öz diyarımda dustaq kimiyəm.

 

Arxam, önüm bağlı... dairəm möhkəm». [4, 689]

 

“Dairəm möhkəm”, yəni qəfəsimin möhkəm divarlarını yarmaq iqtidarında deyiləm.

 

Məqalənin yazılmasında məqsəd tarixi araşdırmaq deyil, çünki deyilənlərdən savayı mənbəmiz yoxdur, lakin Nizami Gəncəvinin və Əbülhəsən Firdovsinin özlərinə həmişə istinad etmək olar. Belə ki, türk şairi birincinin adı təsadüfi seçilməyən “Şərəfnamə” poeması fars şairi ikincinin “Şahnamə” əsərinə müəyyən mənada etiraz kimi qələmə alınmışdır:

 

«Hər yerdə o qoca, o sənət əri,

 

Yanlış söyləmişdir doğru sözləri.

 

Yanlışa yenidən vurdum bir bəzək,

 

O qoca şairdən üzr istəyərək». [5,395]

 

Yanlışlığın birinci səbəbi əsərin fars şairinə guya Mahmud Qəznəvi tərəfindən sifariş edilməsidir ki, həqiqəti əks etdirmir. Firdovsi qeyd edir ki, adıçəkilən poemaya otuz, otuz beş il vaxt sərf edib. Nəzərə alsaq ki, M. Qəznəvi hakimiyyətə 998-ci ildə gəlib, o zaman, ya Firdovsinin otuz-otuz beş il söhbəti düzgün deyil, ya da əsərin Mahmud tərəfindən sifariş edilməsi. Növbəti yanlışlıq kimi “doğru sözləri yanlış söyləyən” ədibin çoxsaylı beytlərindən birinə nəzər salaq:

 

«Turandan İrana uzaq yol deyil,

 

Səməngan da, Turan da İrandı, bil[6]

 

Əlbəttə, “Yusif və Züleyxa” əsərində Firdovsi “Şahnamə”də yazdıqlarının həqiqət olmadığını və özü uydurduğunu söyləyir, lakin, atalar demişkən, yanlış da bir naxışdır.

 

Nizami Gəncəvinin bütün əsərlərində Azərbaycan dilində adlardan, Azərbaycan atalar sözlərindən istifadə olunmuşdur ki, oxucu Gəncə Dövlət Universtetinin fars dili müəllimi Cahan Ağamirovun və başqa mütəxəssislərin yazılarından bu barədə daha müfəssəl məlumatlar əldə edə bilər. Bizim məqsədimiz isə gəncəli şairin ölməz dühasının özəlliklərindən bəhs etməkdir.

 

Nizami Gəncəvini üstünlər üstünü edən hansı cəhətidir? Birinci növbədə uzaqgörənliyi və hərtərfli düşüncə qabiliyyətidir ki, dünənə kimi, bəlkə də bu günə qədər dünya filosoflarının ikinci dərəcəli varlıq kimi nəzərdən keçirdikləri qadını hələ yeddi əsr bundan əvvəl ən düzgün qiymətinə qovuşdurmuşdur. Bu həm də şairin qadınlarla bağlı öz hisslərinə, gördüklərinə, eşitdiklərinə üstünlük vermədən, münasibətlərdə mövcud olan ayrı-ayrı əlaqələrə istinad etmədən onların ideyalarını dərk etmək xüsusiyyətilə bağlıdır. Nizaminin qadın obrazları heç bir məsələdə kişidən geri qalmır. “Əgər qadın dövlətin başındadırsa, həmin dövlət təhlükə altındadır”, deyə səslənən Hegeldən fərqli olaraq Nizami Bərdə hökmdarı Nüşabənin tərifini göylərə qaldırır:

 

«Eşq olsun, bu fikri sağlam qadına,

 

Mərdliyin yolunu öyrədir mənə.

 

Ey uzaqgörən qız, gəl məni dinlə,

 

Qızıl sikkəsini nəsihətinlə;

 

Ataram biryolluq torpaqlara ki,

 

Torpaqdır qızılın əsl sahibi». [5, 218]

 

Qadına iki yanaşma tərzi var; birincisi onun təbiətindən irəli gələn xarakterik cəhətinə, ikincisi etnik mənsubiyyətinə görədir. Nizami qadının hər iki cəhətinə yaxşı bələd olmuşdur. Sevmədiyi kişiyə ərə getməyin, istəmədiyi kəslə məcburi, ya könüllü, fərqi yoxdur, intim münasibətdə olmağın nə qədər dəhşətli proses olduğunu ancaq qadınlar yaxşı bilirlər. Əlbəttə, bu, namus məsələsi deyil, qadının təbiətindən gələn səciyyəvi xüsusiyyətidir ki, “Xosrov və Şirin” əsərində Şiruyə ərə getməsin deyə Şirinin Xosrovun məqbərəsində özünü öldürməsi şairin bu sirrdən vaqif olmasına əyani misaldır. Etnik mənsubiyyətə gəlincə, Nizaminin nəinki qadın, elə kişi obrazları da hansı milləti təmsil etmələrindən asılı olmayaraq qəlbən türkdür. Bu mənada o, beynəlmiləl ruhlu əsərlərinin milli tərkibilə Azərbaycan mədəniyyətinin inkişafına böyük təkan vermişdir.

 

Şopenhauerin ağıl tərifi belədir: “İradənin xidmətində dayanan idraka ağıl deyilir”. İradənin, yəni istək və arzuların ardınca gedən, başqa sözlə, fərdə məxsus ağlın. Nizami Gəncəvi də öz fikirlərində ağlı insanın qulu kimi təqdim etməklə onunla eyni mövqedən çıxış edir:

 

«Ən gözəl elçimizdir, ağıltək qulu vardır.

 

Yəhərinin qaşında iki cahan şikardı». [3,33]

 

Yaxud:

 

«Ağıl bir ayaqdır, təbiət zəncir,

 

Hər nəfəs suvantək zəncir yeyəndir.

 

Bu dəmir zənciri qırarsa hər kəs

 

Bu qızıl qalada məğlub edilməz». [2,345]

 

Yəni ağıl ayağı təbiət zəncirindən azad et. Bildiyimiz kimi, canlı varlıq yaradılışından gələn yemək, içmək, arzu etmək, sevinmək, gülmək və s. və i. kimi ehtiyacların əsiridir, lakin insan bunların sərhəddini tanımalıdır. Əvvala, ona görə ki, “çox yemək adamı az yeməkdən də qoyur”, ikincisi, insan onsuz da təbiətindən gələn ehtiyacları tam olaraq ödəmək iqtidarında deyil, üçüncüsü, başqalarının haqqını mənimsəməklə uzağa getmək olar, amma geri qayıtmaq müşkül məsələdir. “Hər nəfəs suvantək”- çuvaltək “zəncir yeyəndir”,- deyə fikrini ifadə edən şair insanın öz təbiətini hasarlamaq - idarəetmək imkanından söz açır və məğlubedilməz bir qalanın fəthini bu dəmir zəncirin qırılmasında görür. Nizami söz, düşüncə, fəzilət qalasından bəhs edir ki, Artur Şopenhauer bu məqamı ən yüksək zirvə - adi idrakdan ideyanın idrakına keçid mərhələsi kimi dəyərləndirmişdir. Insanın təbiətindən güclü olması, əlbəttə, dahiliyin şərtlərindəndir.

 

“Sirlər xəzinəsi”ndə “Dünya gözəl olsa da bitməz narahatlığı, Hər əzaba son qoyar əbədi rahatlığı” [3,87] deyərkən pessimist kimi diqqəti cəlb edən şair, əslində, optimizmin ən bariz təbliğatçısıdır. Onun “İskəndərnamə” poemasında boynunda zəncir dara çəkilmək üzrə olan bir gəncin yüksək əhval-ruhiyyəsini görən dostları ondan bunun səbəbini soruşanda müqəssir belə cavab verir:

 

«Dedi: “Son nəfəsdir ömrüm az qalır,

 

Az ömrü kədərlə keçirmək olmaz».[5,215]

 

Buna, əslində, optimizm də demək düzgün deyil. Şairin fikirlərinə görə, ya gərək həyatı yaşamayasan, ya da istənilən çətinliyə baxmayaraq, onsuz da məsələnin həllində ah-vayın faydası olmayacaq, onu ahu-zar etmədən yaşayasan; əzabları gülümsəməklə qarşılamağa hazır

 

olasan. Digər tərəfdən fəzilətli olmağın təzahürü optimizm və pessimizm kimi bir-birinə zidd iki nəzəriyyənin üzərindən saymazyana adlayıb keçir, çünki o, özünə qalib gəlmiş iradənin təcəssümüdür. Bu mənada Nizami nə pessimistdir, nə də optimist, o, xoşbəxtliyin sirrini daxili aləmdə və hüzurda axtarır. Hüzur isə həmişə şahların, xaqanların iqtidarından asılıdır. Odur ki, şairin bütün həyatı ədalətli şah mövzusunun gündəmdə saxlanması, hökmdar obrazların yüksək insanı dəyərlərlə təşviq edilməsinə həsr olunur:

 

«Şahın niyyətləri xoş olsa əgər,

 

Otdan gül yerinə gövhərlər bitər». [2,160]

 

Yaxud:

 

«Sübhün mülkü gözəl bir ölkədir, bil,

 

O yerdə hər istək tez olur hasil [2,236]

 

Burada sübh başlanğıc mənasını verir, başlanğıc isə əbədidir; yəni əbədi mülkün sahibi gözəl bir ölkədir, ölkənin taleyini isə, yuxarıda qeyd etdiyimiz kimi, hökmdarlar yazır. Təsadüfi deyil ki, “xeyirxahlığı sevdiyindən şahlığı uğurlu, mübarək” olan Bəhram Gur taxta əyləşəndən sonra söylədiyi ədalət nitqində belə deyir:

 

«Əməlim - ədalət, haqq olmuş səsim,

 

Haqqı sevməyən kəs sevinc görməsin! [4,390]

 

“Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?” [2,49] kimi birbaşa sualla məhəbbət haqqında ən dolğun təsəvvür yaradan mütəfəkkir Nüşabəni qadın-kişi münasibətlərindən uzaq tutmaqla, Xosrova Şirinin dililə “Sən şahsan, get, şaha sevgi yaraşmaz”[2,273] deyə xitab etməklə heç də məhəbbətin əleyhinə hökm vermək fikrində deyil, o, sadəcə, demək istəyir ki, sevgi nə qədər insanı saflaşdırsa da, adamı işindən qoyur, ürəyi mərhəmət hissilə doldurub yersiz inamı artırır ki, bu da idarəetmədə lazımı göstərişlər verməni, düzgün qərara gəlməni çətinləşdirir.

 

Nizami Gəncəvi də öz filosof sələfləri və xələfləri kimi cahanda ali varlığın insan, fəzilətlə xoşbəxtliyin fərqli olduğu qənaətindədir, lakin fəzilətin bəxş etdiyi xoşbəxtliyi firavan həyatın bəxş etdiyi adi xoşbəxtlikdən üstün tutaraq hər cür istəyin bitdiyi təslimiyyət məqamı kimi nəzərdən keçirir. Şair bilərəkdən nəzmə çəkdiyi əsas surətləri əhəmiyyətli vəziyyətlərdə təsvir edərək həm bəşəri, həm də milli dəyərlərin zaman keçdikcə unudulmayan poetik görünüşünü qurur: adil padişahlar... qadın hökmdarlar və s.

 

Gəncəli şair bir ana əbədiyyəti sığışdıra bilən rəssam sayağı fərdi müşahidədən başlayan hər hansı gerçək hadisənin timsalında bu qəbildən olan bütün dünya hadisələrinin ortaq məxrəcdə təmsil olunan vəhdət anlayışına istinad edir; o, öz ecazkar qələmilə mahiyyətin ali idrakın dərki üçün əlçatan təsəvvürünü yaradır:

 

«Düşüncə dünyasını hünərlə abad eylə,

 

Boynunu qəm yükündən ömürlük azad eylə». [3,26]

 

Yaxud:

 

«Əqlə məlum olsa, bu işlər bir gün,

 

Bir qırpımda gəzər dünyanı bütün». [2,332]

 

“Düşüncə dünyasının hünərlə abad edilməsi” dahiliyin göstəricisidir və o da məlumdur ki, obyekti düşüncə olan idrak dünya qəmindən, o cümlədən, “kainatın bir göz qırpımında seyr olunması” üçün səfərbər olunan idrak qaranlıqdan azaddır. Öz əksini bu kimi müxtəlif ideyalarda tapan Nizami dühası fəlsəfəyə əsas qanunundan asılı olmayan - metafizik töhfələr bəxş etmişdir.

 

Nizaminin bəşəri arzuları bütün dünyanı əmin-amanlıq, firavanlıq içində görmək istəyindən qaynaqlanırdı. Məsələn, “nəsilcə uca hökmdar” Nüşabənin İskəndərə “faydasız, yaramaz belə daş üçün, bu qədər vuruşmaq, çarpışmaq neyçün?” sualını verməsi, əslində, Gəncəvinin utopik kommunizm ideyalarından xəbər verir. Çünki hökmdar bilir ki, hökmdara qızıl, sərvət niyə lazımdır və lazımdır! Iskəndər Nüşabənin sualına “tacımda cəvahir parlar, doğrudur, padişah tacında cavahir olar”, deyə çox müdrikcəsinə cavab verir. Qəribədir, sual da mahiyyətinə görə doğrudur, cavab da. Bəs bu sual ilə cavab arasındakı əksik nədir?! Bu, olmalı olanla mövcud olanın, yaşanmalı olanla yaşananın, gerçək dünya ilə gerçəküstü dnyanın əbədi davam edən ziddiyyət termininə zidd olan ziddiyyət prinsipidir.

 

Nizami deyir: “Göz olmasa, şama olmaz ehtiyac”. [2,219]

 

Şopenhauer söyləyir: “... bu birinci açılan gözdən... bütün dünyanın varlığı asılıdır”.[8,51]

 

Quruluşca fərqli, lakin mahiyyətcə eyni fikirlər. Görürsünüzmü, bu uyğunluq bir daha onu sübut edir ki, hər dahinin özünəməxsus nöqteyi-nəzəri olsa da, Həqiqət birdir!

 

Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında atasının Məcnuna nəsihətinin sonuncu beyti belədir:

 

«Sən şadlan, kor olsun buna düşmənin,

 

Gəlsin məclisinə dostların sənin».[1,105]

 

Bu qədim atalar sözündə düşmən pis günə sevinən adam kimi xaraşakterizə olunur, lakin düşmən çox böyük məfhumdur və həmişə bədxah olmaq mənasına gəlməz. Bəli, düşmən... Ən qorxulusu isə özündən olan düşməndir; əyləşir yanında, mizin altından bildiyini eləyir və insan belə rəzalətə inanmadığı üçün onu uzaqlarda axtarmalı olur, gah tapır, gah da tapmır. Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında iki misra ilə düşmənin mahiyyətini daha düzgün ehtiva edir:

 

«Düşmən olmayanda işlər düz gedər,

 

Bir içim su içsən kifayət edər». [2,219]

 

Əqidəsiz düşmən qanqrenalı orqan kimidir, vaxtında təmizlənməsə, bütün vücudu korlayacaq. Yəni bir nəfərə qarşı düşmənçilik elə cəmiyyətə düşmən olmaq kimi qəbul edilməlidir. Amma düşmənlər də müxtəlif olur: ideoloji, sosioloji, texnoloji və s. Vay o gündən düşmənçiliyin səbəbi bilinməsin. O zaman qeyi-ixtiyari Nizaminin “Müşəşdər”indən aşağıdakı beyti xatırlamalı oluruq:

 

«Şad olurmu bu yaşıl qübbədə qartal, qaraquş?

 

Nə qədər güllə-qəfəs qırdı Göyərçin pərini...» [4,94]

 

Gülün ömrü az olur, ləçəkləri tez solur, lakin gülabı müvafiq qaydalar tətbiq etməklə qoruyub uzun müddətə saxlamaq mümkündür. Elə bu səbəbdəndir ki, şair gülab hayındadır:

 

«Gələndə son yuxu, bitəndə tabım,

 

Güllərim tökülsə, qalsın gülabım».[2,29]

 

Gülab gülün cövhəridir; Nizami Gəncəvi söz cövhərinin uzunömürlü olması üçün “insanın qalacaq sözü yadigar, yeldir yerdə qalan başqa hər nə var” [7,43] iddiası ilə ədəbi-bədii, ədəbi- fəlsəfi araşdırmalar aparır. Əsərləri boyu istifadə etdiyi bədii təşbehlərlə yanaşı fəlsəfi bənzətmələrin də sayı-hesabı yoxdur. Sadə bir misraya nəzər salaq: “Kənizlər şam kimi qalxdı ayağa”. [5,216] Şair kənizlərin ayağa qalxmalarını təsvir etmək üçün lazım gələn onlarla misranı xülasə şəklində bir misrada necə də əhatəli və yığcam şəkildə ifadə etmişdir. Nizami “zərrə deyil, tükənməz xəzinəyəm cahanda” [3,147] deyərkən, əlbəttə, öz dəyərindən məmnunluğunu ifadə etmişdir və mən də eyni məmnunluqla şairin ölməz səsinə səs verirəm:

 

Çay deyil o, ümmandır, baxın kimdir cahanda? Söz mülkünün əbədi hakimidir cahanda! Şairdir, tükənməyən hikmət dəfinəsi var, Nə qədər işlətsələr, nə bitər, nə azalar.

 

İstifadə olunmuş ədəbiyyat:

 

N. Gəncəvi, «Leyli və Məcnun», Bakı-1982, səh.47

 

N. Gəncəvi, «Xosrov və şirin», Bakı-1982

 

«Sirlər xəzinəsi», Bakı-1982

 

N. Gəncəvi, Lirika, «Sirlər xəzinəsi», «Yeddi gözəl», Bakı-2011

 

N. Gəncəvi, «İskəndərnamə», Bakı-1982

 

Ə. Firdovsi; «Şahnamə»; Bakı-2004; səh.370

 

N. Gəncəvi, «Yeddi gözəl», Bakı-1982

 

A. Şopenhauer; «Dünya iradı və təsəvvür kimi»; Bakı-2011

 

 

Göyərçin Kərimi

 

Şair-yazıçı-publisist, AYB-nin üzvü

 

Bakı, mart, 2021

 

Xalq Cəbhəsi.- 2021.- 20 mart.- S.4-5.