RƏMİŞ. Sənət, zaman, tale
üçbucağında
Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.
Jurnalist soruşur: ”Rusiyanın indiki sənət ulduzlarına baxıram, Putini dəlicəsinə sevirlər, özü də bunu nümayiş etdirməyi xoşlayırlar. Necə düşünürsünüz, bu günlərə qədər yaşasaydı, Vısotski də Putini dəstəkləyərdimi?”
Kikabidze bir qədər düşünüb, ”bilmirəm” deyir. Amma ”yox, dəstəkləməzdi” demir.
Onların bu söhbətinə baxa-baxa Rəmişi xatırlayıram. Yeniyetməlik çağımızın kumirini.
***
“Vısotski azad olmayan sovet insanı üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə azadlıq simvolu idi.
Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.
Gitara, istedad,
xarizma, şöhrət,
pul, nəşə. Sözüm bir
təhər çıxmasın
– adama daha nə lazımdır ki?!
Adama bir də, nəfəs
lazımdır!
Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola
bildi, nə də heç Viktor Tsoy…
Amma o vaxt o cür sənətkarları birləşdirən
ümumi bir cəhət vardı – əsl azadlığın
nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən
xəbər vermək,
onların qəlbində
yeni, əvvəllər
tanış olmadıqları duyğular
yaratmaq kimi.
Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında
belə çata bilmədi. Bilmirəm kimin sözüdü,
deyirdi ki, o, bağladığı qalstukla
özünü intihar
elədi. Ritorik yanaşmadı,
razıyam, hər halda özünü Rəmişə oxşatmaq
istəyən fanatik çətin tapılar indi”.
Bu sözlər 6 il
qabaq yazdığım
“Yarımçıqlıq mərəzi” yazısının
Rəmişə aid yerindəndir.
***
1986-cı ilin iyun
ayı idi. Əsgər gedirdim.
Biləcəri komissarlığında dedilər ki, növbəti göndəriş
bir həftədən
sonra olacaq. O bir həftəni Bakıda qalmadım, Ağdama getdim.
Qonşumuz Vahid əminin yenə hardansa qonaqları gəlmişdi. Onun belə
məclisləri həmişə
səsli-küylü keçərdi.
Vısotskinin maqnitafon mahnıları,
Rəmişin gitara çalğısı məhləmizi
başına götürərdi.
Qəlbi sevgiylə dolu əsgər gedən 18 yaşlı xəyalpərəst
bir oğlan təsəvvür edin. Bir də,
o gecə sübhəcən
açıq pəncərədən
o oğlanın qulağına
süzülən piano pıçıltılarını,
gitara nalə-nərə-çığırtılarını
dinləyin.
Pəncərənin ağzındakı divanımızda
qollarımı başımın
altında çarpazlayıb
armud ağacının
yarpaqları arasından
boylanan Aya baxırdım. Xəyalən Ay
işığını səmt
alıb ona sarı, ondan da o yana
– ulduzlu göylərə
uçurdum.
Nələr düşündüyümü indi xatırlamıram, bir onu xatırlayıram
ki, mən ulduzlara doğru uçduqca gitara siminin dartınıb uzanan dəmir səsi də yanımca gəlirdi. Səsi ulduzlara
Yer üzünün sevgi naməsiymiş kimi aparırdım.
Rəmiş idi, yenə “dəli kimi çalırdı”! Onun o gecədəki
o dəli çalğısını
dinləyən hər
kəs mənim sevgi ritmində vuran ürək döyüntülərimi, bir
də ulduzların sükunət səsini eşidərdi.
Adaşım Rəmişin o gecəki
piano ifalarını ayrıca
yazmışdı kasetə,
bir nüsxəsini də mənə bağışlamışdı. Əsgər getməyimin
şərəfinə. Evimizdə kirayə qalan “muzuçilişa”nın pianoçu tələbə qızları
heyrətlə qulaq asırdılar ona. Qayıdanda o
kaseti tapmadım, elə heyifsilənirəm
ki.
Bu, Rəmişin Leninqrad
sərgüzəştləri haqda şəhərdə
yeni söhbətlərin
dolaşdığı vaxtlar
idi. “Ermitajda royal görüb, nətər çalıbsa, xarici turistlər muzeyi unudub onun başına
yığılıbmışlar”.
Leninqrad
dedim, “Lenfilm” yadıma düşdü.
Bir də onu danışırdılar
ki, 1982-ci ildə “Lenfilm”in çəkdiyi “Nikkolo Paqanini” filminə baş rola Rəmiş çəkiləcəkmiş. Rejissora şəxsən Müslüm
Maqomayev tövsiyyə
edibmiş. Rəmiş getməyib,
əvəzində erməni
aktyor Msryanı çəkiblər.
Belə-belə söhbətlər vardı Ağdamda.
***
”Ruhlar şəhəri” kitabının Ağdamın musiqi dünyasına həsr olunan bölümündən:
”Rəmiş 1960-70-ci, uzağı 80-ci illərdə tez-tez düşdüyü qəzaların birindən sağ çıxmasaydı, indi Azərbaycan mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”, “bəxtsiz maestro” kimi epitetlərlə dolu yazılar həsr edərdi. Doğum günündə festivallar təşkil olunardı. El arasında əfsanələr artıb cild-cild olardı: “Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında çalardı”, “Erik Klipton onun yanında əlinə gitara almayıb” kimi. Ya da o vaxt Ağdamda danışılanlar sayaq: “Barmaqlarından qan dama-dama nətəhər çalıbsa, xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq asmırlarmış, qəfildən İsrailin himninə keçib, hamını ayağa qaldırıb”.
Bunların heç biri olmadı, nə qəzetlər onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş ölmədi, sağdı”.
***
Kikabidzenin sözü olmasın, mən də bilmirəm, 1980-ci ildə ölməsəydi, bu günə sağ çıxsaydı, Vısotski Putinsevər olardı, ya yox. Amma dəqiq bilirəm ki, Rəmiş də SSRİ epoxasında qalsaydı, onun “qalstuk taxmağı” bir yana, rəhbərin qəbrinə gül qoyması kiminsə ağlına gəlməzdi.
Sənətkar və zaman qəliz mövzudur. Sənətkarın zaman sınağından çıxması da həmçinin. Mən də girişmirəm bu söhbətə, eləcə deyirəm ki, Rəmiş Azərbaycan musiqi zirvəsinə adını yazmış sənətkardı. 1930-cu illər Amerikasının “biq-bənd” estrada ansambllarında həyat vəsiqəsi qazanmış Qərbin elektro-gitarasını milliləşdirən, şərqləşdirən sənətkar.
Vahid Qazi
May, 2021
Xalq Cəbhəsi.- 2021.- 6 may.- S.5.