“Azərbaycan”
qəzetinin səhifələrində
97-ci yazı
Azərbaycan xalqına
Dünən günortadan qabaq Təbrizin azad və mavi səmasında iki təyyarə üçaraq şəhərə elan səpirdilər. Biz bu elanın eynini aşağıda dərc edirik.
Biz, indiyə kimi İran mürtəcelərinin əsarət zəncirinin altında yaşayan azadlıqsevər zabitlər, nəhayət onu qırmağa müvəffəq olub bu gün Azərbaycanın azad səmasında uçuruq. Öz ilhaqımızı Demokrat Firqəsinə elan edir və bildiririk ki, bu azadlığı hifz etmək üçün hər cür fədakarlığa hazırıq. Qoy İran mürtəceləri bilsinlər ki, daha qoşun və milləti ayırmaq olmaz.
Qoy bu mürtəcelər bilsinlər ki, əgər öz qoşunlarını Azərbaycan tərəfə göndərsələr, öz qəbirlərini öz əlləri ilə qazıblar. Bizim yoldaşlarımız çoxdandır bu uçuşu arzu edirlər. Amma uçüş növü bizi və onları məhrum edirdi. Bu gün sabahları biz və yoldaşlarımız öz arzularımıza yetişdik. Yaşasın Azərbaycan xalqına rəhbərlik edən demokrat firqəsi. Yaşasın azadlıqsevər və fədakar olan Azərbaycan xalqı. Yaşasın Azərbaycan Milli hökuməti!
Baş
leytnant Zərbəxt
Baş
leytenant Cövdi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180,
23.04.1946
***
19 və
20-ci əsrlərdə Təbrizdə ədəbiyyat (5-ci hissə)
19-cu əsrin birinci yarısında yaşamış
şairlərdən biri də Fədəvidir. Onun
haqqında bəzi təzkirələrdə məlumat
vardır. Bu məlumatdan aydın olur ki, o, Azərbaycan, ərəb
və fars dillərində şeirlər
yazarmış. Onun:
Yox gəlleyi-eşqi (1) bülbülün, eşq budur
ki, məndə var.
Gəllədə
(2) nə hüsn ey pəri, hüsn odur ki, səndə var,
- mətləsi ilə başlayan şeiri və
yaxud aşağıdakı misraları şairin qüdrətli
qələmə malik olduğuna dəlildir:
Bülbülə,
fəsli gəllin (3) qədrini bil,
Ki, həmişə mahi-xordad (4) olmaz.
Qönçənin
bağrına baxcaq bildim
Dəhr bağında olan şad olmaz.
Ey
könül, xublara seyd (5) oldun
Seyd olan
quş dəxi azad olmaz...
19-cu əsrin axırlarında Azərbaycan ədəbiyyyatı
tarixində Sərabın yaxınlığındakı Mibən
kəndində anadan olmuş bir şairin adı da nəzər
diqqətimizi cəlb edir. Bu şair Seyyid
Hüseyn Ezaz əl-Mülkdür. Onun əlimizdə olan
bir qəzəli qüdrətli şair olduğunu isbat edir:
Ey lobəti-sarəngi
(6), ey şux tatarı (7),
Ey dilbəri-santuri (8) və ey məhvəşi-Tarı
(9).
Tarı səni
şad eyləsin aləmdə həmişə,
Ta
şövq ilə məşq eyliyəsən şövq ilə
tarı.
Bir tar o
zülfi-siyahdan mənə göndər,
Sən sinəvə öz taruvu bas, mən də o
tarı.
Ezaz əl-Mülk kimi qüdrətli şairin, həm də
yaxın keçmişdə yaşamış bir şairin əsərlərini
toplamaq heç də çətin deyildir. Bu işdə
Təbriz ədəbiyyatşünasları öz fəaliyyətlərini
göstərməlidirlər.
19-cu əsr şairləri sırasında Məhəmmədəmin
Dilsuz xüsusi bir yer tutur. Təbrizdə anadan
olan bu şair ədəbiyyatda realizm üslubunu davam etdirən
sənətkarlar sırasındadır. Bəzi
tarixçilər onu Təbriz məliküşüarası
adlandırırlar. Onun divanı on bir dəfə
çap olunmasına baxmayaraq yenə də tapılmayır.
Amma buna baxmayaraq Dilsuz təvazökarlıq edərək
yazmışdır:
Şeirdə çün olubdur pir, hərçənd zərrə
yox ədası Dilsuzun.
O kəsin
yox vəfası aləmdə ki, desin yox vəfası Dilsuzun.
Həyatda iqtisadi cəhətdən çətinliklər
çəkən şair bir sıra şerlərində bu
mövzudan bəhs etmişdir. Vaqifin “Görmədim”
müxəmməsinə bənzər bir şeir də Dilsuz
yazmışdır.
Görmədim
mən bu cahanda bir həqiqi aşina
Hər nə
gördüm qəlp gördüm, əyri gördüm, bihəya
Dilsuz da
barəsində danışdığımız şairlər
kimi ədəbiyyat tariximizdə az təhlil
edilən sənətkarlardandır. Təbrizdə
onun həyatını yaxından bilən, əsərlərini
əzbərdən deyən adamlar çoxdur. Bütün bunlar şairin haqqında gələcəkdə
böyük əsərlər yazmağa kömək edə bilər.
19-cu əsr ədəbiyyatından bəhs edərkən
Məhəmməd Aciz Sərabi də nəzərimizi cəlb
edir. Onun şeirləri olduqca həssas və lirik
şeirlərdir. Onun Təbrizdə
çap olunmuş divanı əldən-ələ gəzən
və nadir tapılan əsərlərdəndir. “Neqarestani-Dara” təzkirəsinin müəllifi Aciz
haqqında “o, pərişan sünbüllərlə oynar və
xəyalı pərilər əlində pərişan olar” deməklə
şairin yaradıcılıq xüsusiyyətini qısa
aydınlaşdırmışdır. Fars,
ərəb dillərini də yaxşı bilən bu qüdrətli
şair ana dilində iki min beytlik bir divan
bağlamışdır. Dövrünün
başqa şairləri kimi Fizulini özünə ustad hesab edən
Aciz də qəzəldə öz müəlliminin yolunu davam
etdirmişdir. Aşağıda misal olaraq
gətirdiyimiz qəzəl şairin qələmindəki
qüdrətə bir dəlildir.
Edən əhvalımı
bərhəm (10) o zülfi-ənbərəfşandır
Görüm olsun pərişan, xatirim ondan pərişandır.
Güli-rüxsar
bir gülşən, səvadi-zülf bir aləm
Bəyaz sinə bir Məşriq (11), məhru (12),
mehri-tabandır (13).
Biz məqaləmizin əvvəllərində qeyd
etmişdik ki, 19-cu əsr bütün dünya ədəbiyyatında
böyük bir intibahın başlanması ilə səciyyələnir. Bu cəhəti
biz Təbrzdə də görürük. Bu
zaman Təbriz ziyalılarından bir hissəsinin xaricə getməsi
və orada da təhsil alaraq vətənə qayıtması
Avropa mədəniyyətinin də burada yayılmasına səbəb
olur. O zamana qədər ibtidai şəkildə olan
çap işləri də 19-cu əsrdə tərəqqi
edir. Məlumdur ki, Fətəli şah
dövründə təhsil üçün Avropaya gedən
Mirzə Saleh Təbrizi qayıdarən özü ilə təzə
üsulda qurulmuş bir mətbəə gətirir ki, bu da Təbrizdə
nəşriyyat işlərinin canlanmasına kömək edir.
19-cu əsrdə Təbrizdə Molla Əsədulla
oğlu Hacı Sadıq tərəfindən dərs
kitabları yazmaq təşəbbüsü də diqqətəlayiqdir. “Xəmseyi-ədəbiyyə”
adlı kitab dövrünə nisbətən maraqlı
yazılmış dərs kitablarından sayıla bilər.
İzahlar:
1- sürü eşqi
2- sürüdə
3- Burada
“köç fəsli” mənasında işlənmişdir.
4- Günəş” ilindəki Xordad ayı “Milad”ın
may-iyun aylarına uyğundur.
5- ov
6- “lobəti-sarəngi”
burada “gözəl gəlin” mənasında işlənmişdir
7- “tatar gözəli” mənasında
8- “santur” 72 simli bir musiqi alətidir.
9-
Tanrının ay üzlü gözəli
10- qarışdıran, bir-birinə vuran
11- Şərq,
günəş doğan tərəfi
12- ay üzlü
13- parlaq günəş
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 180,
23.04.1946
***
Həsən
Nəsirzadə: "Vətən məhəbbəti"
Bu dərin mənalı sözlər sevimli
xalqımızın ürəyinin ən nazik tellərinə
qədər təsir bağışlamışdır. Qəhrəman
babalarımızdan bizə yadigar qalan tarixi və milli ənənə
və adətlərindən mühümü vətəni sevmək,
vətənə qarşı olan eşq və məhəbbətdir.
Bu eşq, məhəbbət uşaq və
böyükdən tutmuş xalqımızın
hamısının ürəyində silinməz bir iz
buraxmışdır. Xalqımızın
qəlbi vətən eşqi ilə
çırpınmaqdadır. Bu sözlər
xalqın dilinin əzbəri, ürəyinin dayağı
olmuşdur. Vətənə olan istək
xalımızın daima ilhamı olmuşdur. Bu ilhamla qəhrəman xalqımız tarixi boyu vətən
yolunda unudulmaz qəhrəmanlıqlar göstərib bir
qaşıq qanını onun qorunmasından ötrü əsirgəməmişdir.
Azərbaycanın qəhrəman xalqı Vətən
sözünü heç vaxt yadından
çıxarmamışdır. Xalqımız tərəfindən
yazılan dastanlarda, oxunan mahnılarda və atalar sözlərində
həmişə “Vətən” xalqımızın əsərlərinin
qəhrəmanı olmuşdur.
Əzizim
vətən yaxşıdır
Köynək
kətan yaxşıdır
Gəzməyə
qərib ölkə
Ölməyə vətən yaxşıdır.
Yaxud xalq
arasında məşhur məsəllər deyərlər: “Vətənsiz
insan yuvasız quşa bənzər”.
Bunlar öz-özünə deyilən sözlər deyil,
tarix boyu xalqımızın gördüyü təcrübələr
və vətənə olan məhəbbət sayəsində
meydana çıxmışdır.
Milli hökumət qurulana qədər Azərbaycanın
qeyrətli xalqı öz ana vətənində qul kimi
yaşayırdı. İrtica və istibdad elə bir şərait
yaratmışdı ki, xalqımız öz sevimli vətənini
tərk edib özgə yerlərə dağılmağa məcbur
edilmişdi. Ümumiyyətlə, irtica və
istibdad Azərbaycan xalqına əzab və əziyyət verməkdən
çəkinməyirdi.
İrticanın satqın nökərləri olan
jandarmalar kəndlilərimizin başına bərbərlik (vəhşilik)
dövründə belə olmayan işgəncələr gətirdilər. Ancaq bu qədər
zülm, bu qədər işgəncə Azərbaycan
xalqının ürəyində olan vətən məhəbbətini
çıxarıb ata bilmədi.
Əksinə olaraq xalqımızın ürəyində
vətənə qarşı məhəbbət dəqiqəbədəqiqə
artmağa və canlanmağa başladı. Nəhayət, vətən
eşqi xalqımıza ilham verdi,
böyük və sarsılmaz birlik sayəsində irtica və
istibdadın zülmünə qarşı xalqımız qiyam
edib onu həmişəlik olaraq Azərbaycan torpağından
qovub atdı. Azərbaycan azad bir ölkə, azərbaycanlı
isə azad bir millət kimi yaşamağa başladı.
Demək, Azərbaycan müstəmləkəçilikdən,
azərbaycanlı quldarlıqdan əbədi olaraq xilas oldu.
İndi məğlub olmuş irtica başı əzilmiş
ilan kimi özünü hər yerə vurur, hər cür hiylə
və fırıldaqlar işlətməyə, cürbəcür
şayiələr yaymağa can atır.
Qoy irtica nə eləyirsə etsin, amma Azərbaycanın qeyrətli və rəşadətli xalqı hər nə qiymətə olursa olsun, öz doğma yurdunu, öz azadlığını müdafiə etməyə həmişə bir nəfər kimi hazırdır. Bir daha Azərbaycan xalqı zülm altına getməyəcəkdir. “Zəhmətsiz bal yemək olmaz”. Bu münasib bir məsəldir. Biz də azadlığımızı daimi saxlamaq üçün hər cür zəhmətə dözməyə hazırıq. Heç bir qüvvə bizim ürəyimizdən vətən və xalq məhəbbətini silməyib və silməyə də qadir deyildir. Vətənə olan eşq qəhrəman babalarımızdan bizə yadigar qalan bir şüardır. Vətən məhəbbəti bizi daima qalibiyyətə aparacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946
***
Çalus macərası
(və ya xoruzun quyruğu)
Görünür, Ərfənin əkdiyi toxumlar hələ də göyərib öz acı və zəhərli meyvələrini verməkdə davam edir. Çalus fabriklərində çalışan azərbaycanlıların vəziyyəti bu günlərdə fövqəladə dözülməzdir. Ərfənin silahlandırdığı oğru və quldur dəstələri jandarmaların köməyi ilə fabrikə həmlə edib işçiləri vəhşi bir surətdə döyüb, bəzilərini qətlə yetirmişlər.
Silahsız fəhlələrin çoxu yumruq və çomaq vasitəsilə özlərini müdafiə edərək hərəsi bir cür qaçıb ətrafa dağılmışlar. Bu fəhlələrin bir hissəsi öz ailələri ilə bərabər meşə və keçilməz yolları ac-susuz qət edib Astara yolu ilə öz ana yurdlarına pənah gətirməyə müvəffəq olmuşlar.
İndi bütün Mazandaran və Gilan daxilində jandarma dəstələri at oynatmağa başlayıb demokrat üzvləri əzib məhv etməyə və demokratik firqə və cəmiyyətləri dağıtmağa çalışırlar. Mazandarandan gələnlərin verdikləri xəbər qorxulu və təəssüfedicidir. Biz Tehran dövlətinin siyasətini başa düşə bilmirik. Onların bir tərəfdən demokratlıq iddiasında olmaları, o biri tərəfdən demokratik dəstələri təzyiq altında qoymaları əcaba, xoruzun quyruğu deyilmidir?
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946
***
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.-2021.-27 may.- S.14.