Ümidi söz olan şair– Fikrət Sadıq

 

Söhbətimiz keşməkeşli həyat yolunda zamanın sınaqlarından təmiz vicdanla çixmiş, həm uşaq, həm böyük şairi, publisist, ssenarist, kino redaktoru ustad sənətkar Fikrət Sadıqdan gedir.

 

Onunla ilk tanışlığımız birinci kursda oxuduğum illərin – 43 il əvvəlin payına düşür; Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə ilə tələbələrin görüşünə gəlmişdi. Sonra, daha doğrusu, sonuncu dəfə onunla Yazıçılar Birliyindəki iş otağında görüşdük. Məhz bu sonuncu görüş məndə heç vaxt unuda biməyəcəyim yüksək təəssürat, böyük məmnunluq hissi oyatdı. Fikrət müəllim Şopenhauerə həsr etdiyim poema haqqında bir neçə xoş söz dedi və mən utandım, vəziyyətdən çıxmaq üçün ona kişi təfəkkürünə daha çox üstünlük verdiyimi söylədim. Razılaşmadı: “İndi belə əsər yazan varmı?” – deyə əlində tutduğu kitabıma işarə etdi və çox illər qabaq Şopenhauerlə bağlı dərc olunmuş bir məqalədən söhbət açdı. Növbəti dəfə Yazıçılar Birliyinə gedəndə özü işdə yox idi, lakin onunla eyni otaqda əyləşən xanım mənə yazılı bir vərəq uzatdı ki, bəs Fikrət müəllim sizə çatdırmağımı tapşırıb. Vərəqdə haqqında danışdığı məqalənin tarixi və ona aid başqa məlumatlar qeyd olunmuşdu. O zaman görkəmli şair 85 yaşının astanasında idi. Fikrət müəllimin zəhmət çəkməsi bir yandan narahatlığıma səbəb oldu, o biri yandan insanın diqqət və məsuliyyət kimi iki mühüm xüsusiyyəti önündə özümü borclu hiss eməyə başladım. Fikrət Sadığın heç kimə bənzəməyən bu davranışı daxilini dolduran ülvilik hissindən qaynaqlanırdı. Əlbəttə, dünyada şair çoxdur, lakin şair ömrü yaşayanlar barmaq sayı qədərdir ki, Fikrət Sadığın da yeri bu onluğun içərisindədir. Gec də olsa, onun yuxarıda qeyd olunmuş sualına başqa bir sualla cavab vermək istəyirəm: “Şair, bəs sənə bənzəyən şair varmı?”

 

Doğrudur, şairlər bir-birinə bənzəməz, amma insan olmağın şərtləri hamıda eynidir. Görək, şair özü nə deyir:

 

«Vacib deyil ki, şair

 

Xalq şairi olsun gərək.

 

Bu vacibdir ki, amma

 

Haqq şairi olsun gərək».

 

Poeziyanın gücü düşüncədədir, fikrin məhsulu olmayan şeir sakit axan kiçik çayı xatırladır ki, onu mənbəyindən mənsəbinə qədər seyr etməyin mənası yoxdur, çünki hərəkət xaotik damcılar şəklində periodik yerdəyişmədən ibarətdir. Aşağıdakı bənddə Fikrət Sadıq fikrin timsalında yaratdığı poetik portret vasitəsilə, həm şair olmağın təbəqələri, həm də zamanın diqtəsi haqqında oxucuya məlumat ötürür:

 

«Köhnə fikir təzə libas geysə – cəhalət,

 

Köhnə fikir köhnə libas geysə – ətalət.

 

Təzə fikir köhnə libas geysə – əsarət,

 

Təzə fikir təzə libas geysə – cəsarət».

 

Gerçək həyatdakı pisliklər yaxşılıqların inkişaf etdirilməsi sayəsində üzə çıxır, ayrı cür onları bir-birindən ayırmaq çətin olardı. Bəziləri mübarizə aparmadan yaxşılığı pisliyə qurban verir, bəziləri çoxluğun – pisliyin tərəfində dayanıb onun bilavasitə daşıyıcısına çevrilir, bəziləri, qüvvələr nisbətinə baxmayaraq, həmişə yaxşılığın yanındadır, yəni bacardıqları qədər nəcib işlərə xidmət göstərirlər. Fikrət Sadıq şəraitin necə olmasından asılı olmayaraq həqiqətin yanındadır; qələbəsinə inana-inanmaya, bütün ciddiyyətilə öz döyüşkən poeziyasını ədalətin vaciblik əmsalına yönəldir. O, “milli qan”lı millətini “lilli qan”lılardan qorunmağa çağırır; harada yaşayırlar-yaşasınlar, heç bir azərbaycanlının taleyinə biganə qalmır:

 

«Beş-altı yüz

 

Azərbaycan türkü var,

 

uzaq Avstraliyada,

 

onlardan üç adam çağırıblar.

 

Amma Təbriz civarında 25 milyon türkdən

 

Biri düşməyib yada».

 

Qədim bir atalar sözü var: “Gəzməyə qürbət ölkə...” fəqət o da məlumdur ki, ayrı-ayrı ölkələrdə səyahətdə olan hər kəs görməli, gəzməli yerlərdən, sözün həqiqi mənasında, xüsusi zövq alır və Vətəninə dolğun səfər təəssüratları ilə qayıdır. Fikrət müəllim bu məsələdə də anasından ayrı qalmağa taqəti çatmayan uşaq misalı fərqli münasibət təcəssüm etdirir:

 

«Qürbətdə tutulmuş ayaqlar,

 

Vətənə dəycək – açılar.

 

Silinib gedər bir andaca,

 

Qürbətdəki acılar».

 

Qəribədir, adama elə gəlir ki, Fikrət Sadığın qürbətdə, havası, suyu belə çatışmayıb. Söz yox ki, şairin ölkəsinə bu şəkildə bağlılığı, doğma torpağı ilə fasiləsiz ruhi rabitədə olması onun Vətəndən böyük söz tanımaması anlamına gəlir, lakin o, Vətən haqqında gurultulu sözlər söyləməyi də xoşlamır, sadəcə, torpağını, yurdunu bir günlük ayrılığa tab gətirməyəcək qədər sevir:

 

«Torpaq – Vətən! Vətən – ulu, müqəddəs!

 

Bunu bilməlidir Vətəndə hər kəs,

 

Torpaq – Ana yurddur

 

Makarenko ədəbiyyatın tərbiyədə rolunu inkar edir. O, bunu ona görə söyləyir ki, yazıçı deyil, müəllimdir. Bəlkə də məktəb səviyyəsində təməl baxımından pedaqoq haqlıdır, lakin sonrakı mərhələlərdə ədəbiyyatın tərbiyədə rolunu danmaq olmaz. Bu mənada Fikrət Sadıq yaradıcılığında tərbiyəvi əhəmiyyət daşımayan bir sətir, bir misra da tapmaq mümkün deyil. Şairin dünyanı pisliklərdən yuyub təmizləmək istəyi, yüksək mədəniyyət nümunələri kimi təcəlla edən “Gəlin yuyaq dənizi”, “İşığın yaşı”, “Sevgi yağışı” şeirlər toplusu hər bir özünü dərk etmək istəyən oxucu üçün mübarizə metodu – işıq yolu, düşüncə işığı rolunu oynayır:

 

«Şeirlər, nəğmələr işıqla dolu,

 

Bildiyim ən şirin nağıl işıqdır.

 

Bəşərin yoludur işığın yolu,

 

Düşüncə işıqdır, ağıl işıqdır».

 

Fikrət Sadıq yaradıcılığı o qədər əhatəli, o qədər rəngarəng, o qədər zəngindir ki, nəyin haradan başlayıb harada bitdiyini fərq etmək olmur. Özünü nəhəng bir ümmanda hiss edirsən; hansı dərinliyə baş vurursansa, tapdığın mirvari, inci olur.

 

Bütün yaradıcılığı boyu ürəkdə yaşayan gözəllikdən, xeyirxah əməllərdən bəhs etmək inancına sadiq qalan şair uşaqları da unutmayıb, ümumiyyətlə, heç kimi, heç nəyi yaddan çıxarmayıb:

 

«Anama oxşayır lap,

 

Yazdığım “ana” sözü.

 

Bu bir “a”, bu da bir «a»,

 

Anamın iki gözü.

 

Iki “a” arasında

 

“N” də anamın üzü».

 

Yaxud:

 

«Gözəlliyi ürəklərdə

 

gəzib, axtaraq.

 

Ürək bir ev yiyəsidir,

 

gözəllik – qonaq!»

 

Fikrət Sadıq o qədər təbii davranış sahibidir ki, sünilik, gözdən pərdə asmaq üçün keçirilən tədbirlər, hazırlanan verilişlər, oxunan xütbələr, çalınan musiqilər, nəinki ürəyini ağrıdır, hətta onu mat qoyacaq qədər çaşdırır:

 

«Yuxarıda aparıcı yana-yana

 

Xocalıdan danışır.

 

Aşağıda «qaçan sətirlər»də

 

Sevinc aşıb-daşır.

 

Adam lap çaşır».

 

Əlbəttə, ustadı çaşdıran sinonimi “ölüm” olan Xocalıya görə ölkə vətəndaşlarından kimin çox, kimin az kədərlənməsi deyil, bunlar təbii proseslərdir, insanın ən mühüm məsələlərdə belə öz vəzifə borcuna sadiq qala bilməməsidir ki, nəticədə yuxarıda təsvir olunan təzadlı məqamlar ortaya çıxır.

 

Alim Fikrətə görə insan ən böyük həzzi etdiyi yaxşılıqdan almalıdır; əgər “toyuq təmənnasız yumurta”, “arı bal”, “qoyun yun” verirsə, düşünən insan zövqünü niyə qarşılığı arzulanmayan xeyirxah işlərlə təmin etməsin, nədən “qiymətli vaxtını gözəl əməllər yolunda axıtmasın?”

 

Qarının dililə Sultan Səncərə: “Sən ki hindli quldursan, türk olmağın yalandır”, – deyə səslənən Nizami misalı, şair Fikrət də türkə yaraşmayan hadisələrdən söz açanda, əslində, öz millətinin ululuğunu, tarixi əhəmiyyətini, duz-çörək sədaqətini, şücaətini ön plana gətirir və bir neçə misralıq şeirlə türk mədəniyyətinin, türk təfəkkürünün, türk ruhunun ənənəvi eposunu yaradır:

 

«Türkə yaraşmaz

 

Bu vəhşi adət!

 

Bir millətin əgər

 

qocalar evi varsa,

 

Deməli, yoxdur o millət

 

Övladı olan valideynin qocalar evinə verilməsi bəşəri nisbət baxımından Azərbaycanda yox dərəcəsindədir, lakin bu say bir nəfərdən ibarət də olsa, şairin ruhunu göynədir. O, bir nəfərin qəbahətini bütün xalqın adına yazmaqla cəmiyyəti milli tərbiyəyə sadiq qalmağa, ayıq-sayıq olmağa çağırır.

 

Fikrət müəllimin yeri həmişə görünür və görünəcək. O, yalnız övladlarının deyil, nəsihətə, təsəlliyə, ideal məsləhətçiyə, xeyir-duaya ehtiyacı olan hər kəsin – hamının atası idi. Vəziyyəti düzgün dərk etməyən, yaxud dərk etmək istəməyən hamının – hər kəsin üzü dönsə də, tək onun qayğısı bəs edərdi ki, sınaqdan üzüağ çıxasan. Əlbəttə, bu, hikmətin qələbəsidir! Axı Fikrət Sadıq ata himayəsində böyüməmişdi, ağlı söz kəsəndən özü-özünə atalıq etmişdi:

 

«Atam qayıtdı dedilər,

 

Inanmadım, mən inanmadım.

 

Yada düşdü ötən illər...»

 

Ustad sənətkar haqqında çox yazıblar, lakin onun yaradıcılığını tamamilə işıqlandırmaq emanasiya baxımından mümkün olmayan işdir; olsa-olsa bu nəhəng ağacdan hər kəs bir yarpaq dərə bilib.

 

Mən isə bu məqaləni 2015-ci ildə yazmalıydım, amma gözlədim... o vaxta qədər ki, səmimiyyətə inamım tükəndi və geriyə baxdım... Geridə bir neçə rəqəm qalmışdı, Fikrət Sadıq təmənnasız xidmətlərilə yenə öndə idi. Göz yaşlarımı silib işığı gələn səmtə irəliləməyə başladım:

 

Sənin yaşda çox alim var, çox şair var,

 

Üzə gülüb ayaq altdan quyu qazır.

 

Şair kimi şair olmur hər sənətkar,

 

«Doğru» sözü sıxışdırıb «oğru» yazır.

 

İnsana qara yaxırlar: beşi, onu,

 

Fikri hörmətdən salırlar, özlərində

 

Yoxdur deyə; təşəxxüs satırlar yəni...

 

Nifrət dolu kinayə var sözlərində.

 

Bu aralar «Şuşa yadına düşəndə qəlbi şüşə kimi sınan» şairə müjdəm də var: – Ruhun şad olsun, ustad, «Şuşanı bu qışa kimi» görmək bizə nəsib oldu.

 

Göyərçin Kərimi

Şair-yazıçı-publisist;

AYB-nin üzvü

 

Xalq Cəbhəsi.-2021.-27 may.- S.5.