Azərbaycan öz torpaqlarını qorumağa
qadirdir
İrəvanın təxribat
törətmək cəhdi uğursuzluqla
nəticələnib
Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində erməni ordusu yenidən təxribatlar törədib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində qarşı tərəfin hərəkətinin məhdudlaşdırıldığı, onun qüvvə və vasitələrinə zərər vurulduğu və erməni hərbçiləri tərk-silah edilərək saxlanıldığı, xeyli sayda müxtəlif çaplı silahın və külli miqdarda sursatın qənimət kimi ələ keçirildiyini bildirib.
Əslində bu təxribatlar bir neçə gün idi ki, səngimirdi və Azərbaycan ictimai rəyini bir sual düşündürürdü: düşmən yenidən başını qaldırmağa başlayırsa, onun başı nəyə görə yenidən və bu dəfə daha sərt şəkildə əzilmir, axı onun nəfəsi 44 günlük İkinci Qarabağ müharibəsində kəsilmişdi və s...
Bu dəfə də genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.
Milli Məclisin üzvü Elşad Mirbəşiroğlunun fikrincə, son vaxtlar Ermənistan tərəfinin ənənəvi təxribatlarını intensivləşdirməsinin bir neçə səbəbini söyləmək olar. Hesab edirəm ki, başlıca səbəb əsasən kənar amillərlə bağlıdır. Bu Ermənistanın hansısa maraqları ilə birbaşa bağlı olmaya bilər.
Onun sözlərinə görə, Ermənistan alət ölkə olduğunu hər zaman biruzə verib: “Kənar dairələr Ermənistanı bu təxribatları törətməyə sövq edirlər. Ötən il ağır məğlubiyyətə uğrayan Ermənistan bu günə qədər həm birgə bəyanatın şərtlərinə əməl etməkdən, həm də yekun sülh sazişi bağlamaqdan yayınmaqdadır. Bilirik ki, həm ABŞ, həm də Fransa artıq olmayan münaqişənin müzakirəsinə yenidən ATƏT-in Minsk qrupunun platformasına qaytarılmasında israr edirlər. Ona görə ki, münaqişə qeyd etdiyim ölkələrə və digər siyasi dairələrə imkan verirdi ki, Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin edə bilsinlər. Münaqişə aradan qalxdıqdan sonra Rusiyanın vasitəçiliyi ilə birgə bəyanatın imzalanmasından sonra qərb dairələri hesab edirlər ki, onların Cənubi Qafqazda təsir etmə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Bu baxımdan da onlar Ermənistanı bu təxribatları törətməyə sövq etməkdədirlər. Təbii ki, başlıca hədəflərdən biri də Rusiyanın sülh yaratma missiyasının çox da səmərəli olmadığı təəssüratını yaratmaqdan ibarətdir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistan tərəfi ağır məğlub statusu ilə heç cür barışmaq istəmir və müvafiq olaraq kənar dairələrin də onları təxribat törətməyə sövq etməsi Ermənistanda həvəslə qarşılanır: “Ermənistanın hazırki hakimiyyəti onun formalaşmasında yaxından rol oynayan qərb dairələrinin təlimatlarına daha canla-başla əməl etdiklərini nümayiş etdirməyə çalışırlar. Belə olan halda da onların təxribat törətmək təlimatlarını da dəqiqliklə yerinə yetirməyə çalışırlar. Nikol Paşinyan da həmişə olduğu kimi bu dəfə də özünü ziddiyyətli aparmaqdadır. Bir tərəfdən birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini vurğulayır, digər tərəfdən bu təxribatları törətməyə davam edir. Bundan da belə nəticə çıxartmaq olar ki, Paşinyan ikili oyun oynamaqdadır. Bu da Paşinyanın gələcək addımları haqqında təsəvvür formalaşdırmağa imkan verir”.
Politoloq İlqar Vəlizadə isə deyib ki, son vaxtlar artan erməni təxribatlarının sonu heç də yaxşı olmayacaq. Hər halda vəziyyət göstərir ki, erməni tərəfi həm sərhəddə uduzub, həm də diplomatik müharibədə uduzur.
O, qeyd edib ki, erməni tərəfi dünən bütün gün Rusiyaya müraciət edib ki, Rusiya onlara dəstək versin. Ancaq Rusiya onlara dəstək vermədi. Nəticə kimi isə atəşkəs elan edildi. Azərbaycan öz mövqelərində daha da möhkəmləndi. Erməni tərəfi isə müəyyən imic itkiləri verdi. Eyni zamanda canlı qüvvədə, texnikada xeyli itki verdi. Bu onu göstərir ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir.
İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Biz möhkəmlilikdən istifadə edərək delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsində israrlıyıq. Eyni zamanda Ermənistan tərəfinə təzyiqlər edilməlidir ki, demarkasiya prosesinə başlasınlar. Demarkasiya olmadan vəziyyəti dəyişmək olmayacaq. Yeni gərginlik, yeni təxribatlar olacaq. Bu da ermənilər üçün yeni itkilər deməkdir. Əlbəttə, bizim üçün də təhdiddir, bizim üçün də riskdir. Çünki hərbiçilərimiz zərbə altında olur. Ona görə də, biz demarkasiya prosesinə nail olmalıyıq ki, ermənilər öz təxribatçı əməllərindən əl çəksin. Beləliklə də, regionda sülh bərqərar olsun. Bu hər halda hər iki tərəf üçün uğurlu variantdır. Mən düşünürəm ki, ən yaxın vaxtda üçtərəfli komissiya işə başlayacaq. Rusiyanın moderatorluğu ilə iki tərəfin sərhəd orqanlarının təmsilçiləri görüşəcək və delimitasiya və demarkasiya proseslərinə başlanacaq".
Hərbi ekspert Şair Ramaldanovun fikrincə isə dünən sərhəddə erməni təxribatı nəticəsində olan gərginlik müəyyən şəkildə sakitləşərək atəşkəs elan olundu. Düşünürəm ki, təxribat edən və mərkəzdən idarə olunan revanşist qüvvələr bir daha Azərbaycanın gücünü hiss etdilər. Azərbaycanın Şanlı Ordusu bir daha öz gücünü göstərdi. Onun sözlərinə görə, hələ ki, Ermənistanla sülh müqaviləsi bağlanmayıb: “Bu o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ tanımır. Həmçinin, sərhədlərlə, delimitasiya və demarkasiya ilə bağlı komissiya yaranmayıb. Belə təxribatlar ola biləcəyi istisna deyil”.
Ekspert sözlərinə belə davam edib: “Digər tərəfdən qeyd edim ki, artıq Ermənistanda təxribat törətmək istəyən qüvvələr biləcəklər ki, nə ilə rastlaşacaqlar. Azərbaycanın “Dəmir yumruğ”u onları gələcək addımlardan çəkindirəcək. Çünki, bilirik ki, Ermənistan ordusu elə bir durumda deyil ki, hansısa iri miqyaslı təxribatlar aparsın və ya müharibəyə başlasın”.
“Digər tərəfdən də Azərbaycan 30 illik müdafiə xəttini 44 gün ərzində dəf edərək ərazi bütövlüyünü bərpa etməyə qadir oldusa, indi isə Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədini quraraq və qoruyaraq müdafiə xarakterli döyüşlər apararaq, cavab tədbirləri görürlər”.
“Bundan sonra Azərbaycan Ordusunun bölmələri Azərbaycan sərhədini qorumağa davam edəcək və sərhədi qorumaq üçün lazım olan tədbirləri görəcəklər. Orada möhkəmlənmə işləri aparacaqlar. Əgər yenə də belə bir addım atılsa, əlbəttə ki Azərbaycanın cavabı həmişəki kimi qəti və təsirli olacaq”.
“Düşünürəm ki, digər tərəfdən bu fakt müəyyən şəkildə Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini sürətləndirə bilər. Həmçinin, delimitasiya və demarkasiya məsələsi ilə bağlı komissiyaların işə başlaması istisna olunmur. Ermənistanın bir dövlət olaraq siyasəti heç vaxt müstəqil olmayıb. Onlar həmişə xaricdən və digər qüvvələrdən asılı olublar. Dünənki cavab da həmin o ölkələrə bir ismarıcdır ki, Azərbaycan tərəfi öz torpaqlarını qorumağa qadirdir”.
Yeri gəlmişkən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib: “Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır”.
"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", - diplomat bildirib.
Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”, - o deyib.
Daimi nümayəndənin sözlərinə görə, belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın barışıq və dinc yanaşı yaşamasıdır.
Cavid
Xalq Cəbhəsi.- 2021.- 18 noyabr.-
S.7.