“Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var

 

Vahid Əhmədov: “Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmirəm”

 

Milli Məclisin plenar iclası keçirilib. İclasa sədrlik edən spiker Sahibə Qafarova Dirçəliş günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu gün 17 noyabr ölkəmizdə Dirçəliş günü qeyd olunur. Bu münasibətlə hər birinizi təbrik edirəm fəaliyyətinizdə uğurlar arzulayıram”.

Sədrin çıxışından sonra gündəlikdə ikinci məsələ-“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqındaqanun layihəsinin müzakirəsinə başlanılıb.

Qanun layihəsinin Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Musa Quliyev bildirib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq.

Daha sonra millət vəkilləri qanun layihsəini müzakirə ediblər.

Deputat Vüqar İskəndərov hərbçilərin maaşlarının artırılması təklifi ilə çıxış edib. O, deputat bunun vacibliyini qeyd edib: "Hazırda Ermənistanla müharibə şəraitindəyik sülh müqaviləsi hələ imzalanmayıb”.

Deputat əlavə edib ki, güclü ordunun yaradılması üçün Azərbaycanda müddətdən artıq xidmət edən hərbcilərin maaşlarının artırılmasını vacib sayıb: “Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu onlara stimul verər. Çünki biz gələcəkdə güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.

Deputat Tahir Kərimli Milli MəclisdəHərbi qulluqçuların statusu haqqındaqanun layihəsinin hazırlandığını bildirib. Deputat bu layihənin Silahlı Qüvvələrin bütün növlərinə aid olduğunu qeyd edib.

Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə döyüşdə iştirak edən hərbi qulluqçulara 2-3 qat maaş verilməlidir. Məmurlar Şəhid ailələrinə qazilərə qarşı zalım olmasınlar”.

Deputat Vahid Əhmədov Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmədiyini bildirib. Deputatın sözlərinə görə, dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF- kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”.

Deputat Əli Məsimli Azərbaycanda pensiya yaşının azaldılması təklif edib. Ə. Məsimli bildirib ki, "inkişaf etmiş ölkələrdə insanlar pensiya yaşına çıxdıqdan sonra həyatlarının romantik dövrü başlayır: "Lakin Azərbaycanda insanlar pensiyaya çıxdıqdan sonra həyatlarının məşəqqətli dövrü başlayır".

Deputatın sözlərinə görə, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır: “Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”.

Deputat Siyavuş Novruzov deyib ki, fizikizehni fəaliyyətlə məşğul olan insanlara eyni yaşda təqaüdə çıxmaq tələbi qoymaq olmaz.

Deputat bildirib ki, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır: “Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir".

Deputat Məlahət İbrahimqızı deyib ki, şəhid ailələrinə və qazilərə mənzillərin hansı prinsiplərlə verilməsinə aydınlıq gətirilməlidir: “Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istərdik Şəffaflıq olmadıqda narazılıq olur”.

0Deputat bildirib ki, ağır vəziyyətdə yaşayan şəhid ailələri və qazilər var ki, evlə təmin olunmayıb: “Təklif edirəm ki, hər rayonda şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalara millət vəkilləri dəvət edilsin. Çünki bütün millət vəkilləri öz rayonunda olan şəhid ailələri və qazilərlə bağlı kifayət qədər məlumatlıdırlar”.

M. İbrahimqızı qeyd edib ki, əlilliyi kəsilən insanlarla bağlı problem qalmaqdadır: “İnsanlar 2-3 aydır pul ala bilmirlər. Digər tərəfdən, məşğulluq problemi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonunu alqışlayıram. Digər dövlət qurumları da bu marafona qoşulmalıdır. Onlar işə götürdükləri şəhid ailələri və qazilərlə bağlı məlumatı bizimlə bölüşsələr, yaxşı olar”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var: “Bütün dövlət qurumlarına çağırış edirik ki, hamısı neçə nəfər şəhid ailəsi və qazini işlə təmin etməsi barədə hesabat versin”.

Deputat bildirib ki, bunu sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersizdir: “Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan yanaşmaları ortaya çıxarır. Mayor Rüfət Əsgərovun ailəsini götürək, dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Rüfət Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev alacaqları vaxtı şəhid olub. Onların ailələrinin də evlə təminatı məsələsində problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir”.

Deputat Jalə Əliyeva bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmış 2022-ci ilin büdcə layihələrini müsbət dəyərləndirirəm: “Burada layihələrin sosialyönümlü olması, həmçinin əmək haqlarının, pensiyaların, müavinətlərin və digər ödənişlərin artımını xüsusi olaraq qeyd etmək istəyirəm”.

Deputat qeyd edib ki, 2022-ci il büdcə layihələrində idxal edilən bəzi malların vergidən azad edilməsi öz əksini tapıb: “Habelə vətəndaşlarımızın sosial müdafiəsinin təmin edilməsi, növbəti il yanvarın 1-dən əməkhaqqı və əmək pensiyalarının, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata qaldırılması nəzərdə tutulub ki, bu da ilk növbədə xalqın rifahının yaxşılaşdırılması deməkdir.

Büdcədə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün ayrılmış xərclər Azərbaycanın qüdrətindən, müharibədən çıxmağımıza baxmayaraq ölkəmizin güclü iqtisadiyyata sahib olmasından xəbər verir. Həmçinin regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsi ilə bağlı məsələlərin maliyyələşməsi nəzərə alınıb. Bu da təbii olaraq bölgələrin inkişafında öz müsbət təsirini göstərəcəkdir. Yeri gəlmişkən təmsil etdiyim Salyan rayonunda bir sıra problemləri qeyd etmək istərdim. Salyan şəhərində ən qlobal problem kanalizasiya sisteminin yoxluğudur. Şəhərdə Mədəniyyət evi, Gənclər evi yoxdur, idman meydançaları yox səviyyəsindədir. Şəhərin bəzi küçələrində, həmçinin kəndlərin bir çoxunda elektrik xətləri dəyişdirilməlidir, yeni transformatorlara böyük ehtiyac var. Rayonun Xocalı və Ərəbqardaşbəyli kəndləri hələ də qazlaşdırılmayıb, Marışlı, Şorsulu kənd məktəbləri qışda odunla qızdırılır”.

J.Əhmədovanın sözlərinə görə, bir çox kənd məktəblərinin əsaslı təmirə ehtiyacı var: “Salyanın kəndlərində mədəniyyət evləri, kitabxanalar, bağçalar tikilməlidir, bu həm də bölgədəki işsizliyə töhfə olardı. Həmçinin içməli su, internet, işıq, yol problemləri qlobal problem olaraq qalmaqdadır. Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcə layihəsi haqda rəyində bildirilir ki, Azərbaycanda pensiyaçıların sayı üzrə 2022 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, 2022-ci ildə pensiyaçıların sayında azalmalar olacaq. Rəydə müxtəlif səbəblərlə yanaşı, pensiya kapitalı ya sığorta stajına görə müəyyən edilmiş tələblər göstərilib. Hesablama Palatasının rəyində qeyd edilmiş tələblər həqiqətən vətəndaşların pensiyaya çıxmasında əngəllər yaradır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün pensiya kapitalının 39.600 manat təşkil etməsi zərərli sahədə çalışan vətəndaşların ən böyük problemidir. 30 illik stajının 12 il 6 ayını zərərli istehsalatda çalışmış vətəndaş güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət etdiyi DSMF-dən imtina cavabı alır DSMF bunu onunla əsaslandırır ki, 61 yaşlı vətəndaşın pensiya kapitalı, tələb olunan 39.600 manat pensiya kapitalından aşağıdır. 34.500 manat sosial kapitalı olan 61 yaşlı vətəndaş 39.600 manat sosial kapitalı neçə ilə toplamalıdır?”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib. Daha sonra digər qanun layihələrinin müzakirəsinə başlanılıb.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2021.- 18 noyabr.- S.6.