Dinimizdə tolerantlığa həmişə
böyük əhəmiyyət verilib
Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb. Və bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu da təbiidir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.
Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir.
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərib.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olan Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar.
Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, həmin günlərin qeyri-iş günü kimi qeyd edilməsi, müxtəlif dini konfessiyaların bayramlarının ölkə başçısı tərəfindən təbrik edilməsi, Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Misal olaraq bəzi məqamları qeyd edək. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 2001-ci il tarixdə kilsəyə baş kafedral kilsə statusu verdi. İşin maraqlı tərəfi isə kilsəni müsəlman olan azərbaycanlı iş adamının öz hesabına bərpa etdirməsi idi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdəki tolerantlıq haqqında bunları demişdi: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".
Ekspart Əkrəm Bəydəmirli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, tolerantlığın Azərbaycan modelinin dünyada geniş yayılmasına və təşviqinə ehtiyac var: “Tolerantlıq fransız sözüdür, mənası “dözümlü olmaq, səbir eləmək, yaxşı qarşılamaq” deməkdir. Tolerantlıq başqalarının inanc və düşüncələrinə hörmət etmək, onlara xor baxmamaqdır. Azərbaycan xalqında bu ali keyfiyyət dünya üçün nümunə olacaq səviyyədə inkişaf edib. Tarixə nəzər salsaq müxtəlif xalqların, etnik qrupların yaşadığı ölkəmizdə dini dözümlülük, hər bir xalqın adət-ənənələrinə, inanclarına hörmətlə yanaşılması tendensiyası qibtə olunacaq səviyyədə olub. Lakin tolerantlıq ifratçılığa, mütiliyə deyil, yalnız qarşılıqlı hörmətə, ehtirama əsaslanan zəruri keyfiyyət olub. Əgər qarşılıqlı hörmət prinsipləri gözlənilmirsə hansı tolerant münasibətdən danışmaq olar. Müasir dünyadan fərqli olaraq Azərbaycanda tolerantlığın kökləri daha qədim dövrlərə gedib çıxır. Hətta islamda tolerantlığın müxtəlif insanlar arasında bir körpü olduğu qənaəti ortadadır”.
Ekspertin fikrincə, dinimizdə tolerantlığa həmişə böyük əhəmiyyət verilmişdir. Tolerantlıq, dialoq və ya hər kəsi öz mövqeyində qəbul etmək düşüncəsi və bunun həyata keçirilməsi İslam tarixində ilk dövrlərdən mövcuddur: “Müqəddəs kitabımız olan Qurani Kərimdə“Hucurat” surəsində göstərilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Belə sivil yanaşma insanları tolerantlığın əsas prinsiplərinə riayət etməyə təşviq edir. Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək olduğu halda ermənilər öz xislətlərinə uyğun olaraq dini dözmlülük, tolerant prinsipləri dərk etmədilər. Dünya erməniliyi ciddi siyasi epidemiyalara yoluxduğuna görə, tolerant prinsiplərin mahiyyətini qəbul etmədilər. Acı nəticələr isə göz qabağındadır. Separatizm, qarşıdırma, islam dininə aid abidələrin, ziyarətgahların dağıdılması erməni xəstəliyinin göstəricisidir. Ancaq unutmaq olmaz ki, regionun və dünyanın sabitlik və ləyaqətlə yaşam tərzlərindən biri məhz tolerant prinsiplərə dürüst əməl etməsindən qaynaqlanır. Ona görə, bu gun tolerantlığın Azərbaycan modelinin dünyada geniş yayılmasına və təşviqinə ehtiyac var”.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov isə bildirib ki, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb: “Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir”.
QHT sədri onu da vurğulayıb ki, Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.
Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib: “Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə bilirlər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar”.
Cavid
Xalq Cəbhəsi.- 2021.- 2 sentyabr.-
S.9.