Biz burdayıq!
Milli qürurumuzun və
mədəniyyətimizin paytaxtından reportaj
...Şuşaya gedirik. Yol boyu hər kəs özünə
qapılıb, arabir sükutu Vahid Əzizin, Səyyad
Aranın, İntiqam Qasımzadənin, Mövlud
Süleymanlının, Vaqif Əlixanlının, ... “səsli
xatirələri” pozur. Bizim mikroavtobusda, deyəsən
hamıdan gənc mənəm və Şuşalı,
Qarabağlı xatirələrim heç bir yazıya
sığacaq qədər də deyil. Mən
indi-indi xatirə “toplayıram”.
...Mənim
bir çox həmyaşıdlarım kimi, Şuşaya,
bütövlükdə Qarabağa olan sevgimi bu cənnət məkanın
torpağı-daşı, dərəsi-dağı,
çiçəyi-böcəyi ilə bölüşmək
imkanım olmayıb. Ağlımız kəsəndən
Qarabağ və İstiqalal mücadiləsinin dolanbaclarından
keçmişik, hər il işğal
günlərinin, məğlubiyyətin qürursuzluğundan
doğan əzabla qol-boyun olmuşuq... İndi
bütün bunları xatirələrimdə daşımaq istəməsəm
də, geridə buraxdığımız zaman kəsiyinin
unudulmamasının vacibliyini də yaxşı başa
düşürəm. Nəinki
Qarabağımızın işğal altında olduğu
zaman kəsiyini, bütövlükdə torpaqlarımıza
ermənilərlə birlikdə gələn vəhşiliyin,
qaniçənliyin, amansızlığın,
vandallığın, xəyanətin, riyakarlığın,
şərəfsizliyin... bir anını belə unutmaq olmaz.
Heç vaxt və heç bir şərt daxilində, əsla...
Olmaz! Olmaz! Olmaz!
Min il bundan sonra da dünyaya göz açan hər
bir azərbaycanlı bir zamanlar qucaq
açdığımız bu vəhşi tayfanın
başımıza gətirdiyi bəlaları yaddan
çıxarmamalı, daim tətikdə olmalıdır!
...
Şuşaya doğru irələyirik - adına
qurbam olduğum Zəfər yolu ilə... Allahım, sənə
şükürlər olsun! Yaşadığım
qarışıq hissləri indi ifadə etməyə çətinlik
çəkirəm. Bəlkə də
zaman keçdikcə alt qatlarına vara bilmədiyim, yaxud
varmağa cəsarət etmədiyim hissləri yenidən
süzgəcdən keçirib sözə çevirəcəyəm,
amma indi təəssüratlarımın
ağırlığı altında əyilən
yaddaşımı zorlamaq istəmirəm.
“Vasifə
de, səni bizim evə aparsın”
…Şuşaya
çatar-çatmaz Şamil Süleymanlının telefon zəngi
gəlir:
-
Elçin, qurban sənə, Vasifə de, səni bizim evə
aparsın...
“Bizim evə...”
Bilirsiniz nə böyüklükdə və dərinlikdə
sevgi var bu sözlərin içində? Batmaq
olar. Şuşanın, Qarabağın, Azərbaycanın,
Şuşalı, Qarabağlı, Azərbaycanlı
olmağın da fərqi bundadır. Sevdiyin, doğma, məlhəm
bildiyin adamı evinə dəvət etmək, hətta bu evin
yalnız daşı-divarı qalsa da belə...
…Şamil müəllimin evinə gedəcəyəm. Bir ovuc torpaq
götürüb ovcumda sıxacağam. Daşına,
divarına sığal çəkəcəyəm...
Arzularım burada keçirəcəyim günlərə,
saatlara sığacaq qədər kiçik deyil. 30 ilə
yaxın bir zaman kəsiyində, gənc yaşlarımdan
böyütmüşəm onları. Övladlarımla
yaşıddı Şuşalı, Qarabağlı
arzularım.
Hər
addımda heyrətə gəlirəm – həm qısa müddət
ərzində erməni vəhşiliyinin izlərinin silinməsi,
torpağın, daşın, təbiətin “yaraları”nın sağalması istiqamətində
görülən işlərə, həm də Şuşada
olduğuma...
...İlahi, mən Şuşadayam? Söhbət
qarşılaşdığım gözəlliklərdən,
təkrarsız mənzərələrdən getmir. Şuşa dağdan, daşdan, çəməndən,
bulaqdan, dərədən... daha çox ruhumuzun kəhər
atlar kimi şahə qalxdığı, qürurumuzun dirçəldiyi
yerdir. Şuşa milli qürurumuzun
paytaxtıdır.
* * *
...Gecəni
yuxusuz keçirmişəm. Çox güman
ki, yol yoldaşlarımın hamısı mənim kimidir.
Amma heç kimin üzündən yorğunluq
oxunmur. Şuşada olmağın xoşbəxtliyi
yuxusuzluğa da, yol yorğunluğuna da qalib gəlib.
...”Xarıbülbül”
hotelinə varar-varmaz Sabir Rüstəmxanlının təşəbbüsü
ilə, Nəriman Həsənzadə, Fazil Mustafa, Aqil Abbas və
Rəfael Hüseynov ilə birlikdə Cıdır
düzünə yola düşürük.
Cıdır düzünə ayaq basanda addımım
havadaca donur.
İrəlidəki sıldırım qayaları görər-görməz
Şuşanın düşməndən geri alınmasında
misli görünməmiş şücaət göstərən,
ölümləriylə istidbada meydan oxuyan igidlərimizi və
Tofiq Fikrətin “İstiqlal” şeirinin məşhur beytini
xatırlayıram:
“Keçdiyin
yerləri torpaq deyərək keçmə, tanı
Düşün
altındakı minlərcə kəfənsiz yatanı...”
...İşğaldan azad edilmiş torpaqlarımıza
basdığımız hər addımda, şəhidlərimizi,
bu torpaqlar uğrunda sağlamlığından keçən,
özünü oda-alova atan igidlərimizi
xatırlamalıyıq.
...Və Cıdır düzündə şəhid
ruhlarından halallıq istəyirəm. Şuşada olmağı məndən
daha çox haq edən insanlardan da həmçinin... Haqqınızı halal edin.
...Şuşada vaxtın tamamilə fərqli bir
ölçüsü var. Bəzən ildırım sürətilə,
bəzən yavaşıldılmış kinokadrlarda
olduğu kimi keçir, bəzən isə, sadəcə
donur. İndi bunun izahını verə bilmirəm. Təsəvvür edin, addım atırsan və
yerindəcə donursan. Gözün uzaqlara
dikilib qalır. Sanki fərqli bir zaman
ölçüsünə düşmüsən. Və hansısa mistik bir qüvvə donmuş
baxışlarını əlçatmaz zirvələrdən,
sıldırım qayalıqlardan keçirib qürurla
dalğalanan Azərbaycan bayrağına doğru aparır.
Baxışlarım yenidən donur və sinəmə
sıxılmış hisslərimi yağış
damlaları kimi Şuşanın müqəddəs
havasına boşaldıram:
Ey
üç rəngli bayrağım,
Dilimdəki son nida.
Ucaldığın
yerlərin
Tozuna
canım fəda!
30
avqust... Sübhün şəfəqləri
doğma nəfəs üçün darıxan
ağacların yarpaqları arasından süzülərək
ən əziz, ən doğma qonaq kimi pəncərəmdən
içəri düşür. Gün ərzində
yaşadıqlarım yuxumu ərşə çəkib.
Bir neçə saatdan sonra başlayacaq Vaqif
Poeziya Günlərinin həyacanını yaşayıram.
...Molla Pənah Vaqifin məqbərəsinə doğru
yol alırıq.
Qısa
bir zaman kəsiyində az qala yenidən
inşa edilən məqbərənin əzəmətinə,
gözəlliyinə heyran qalmamaq mümkün deyil. Səbirsizliklə
uzun illərdən bəri səbrlə, təmkinlə
Qarabağın azadlığı, İlahi Ədalətin bərqərar
olması üçün mücadilə aparan, bu məqsədlə
düşüncəsində saldığı Zəfərə
aparan YOLun XƏRİTƏSİni addım-addım həyata
keçirən müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın yolunu gözləyirik. Birdən-birə
hər tərəf canlanır, Qalib Sərkərdənin və
onun fikir, əqidə, həyat yoldaşının addım səsləri
alqış səslərinə qarışaraq uzaq zirvələrə
doğru sıçrayır, “Biz burdayıq” deyir. Nəinki
buralar, hətta səsimizin yetdiyi, düşüncəmizdəki
Vətənin sərhədlərinin keçdiyi nə varsa -
BİZƏ MƏXSUSDUR!
Prezident danışır. Məqbərənin önündə
40 il öncə durduğu yeri nişan
verir. Atasının Şuşanı,
Qarabağı Azərbaycandan qoparmaq istəyənlərə
bu torpaqların azərbaycanlılara məxsus olduğunu
hayqıran addımlarından söz açır. Molla Pənah
Vaqifin təkcə Azərbaycan şairi deyil, eyni zamanda
dövlət xadimi, dövlətçiliyimizin bir
parçası olan Qarabağ xanlığında yüksək
dövlət vəzifəsi tutan bir şəxs olduğunu
xatırladır və uzun illərdən bəri yaddaşlarda
kök salan “Nə üçün məhz Vaqif”
sualının cavabını verir. Vaqifin məqbərəsi
Qarabağda mədəni-ədəbi
varlığımızın ifadəsindən daha çox, bu
torpaqların tarix boyu azərbaycanlılara məxsus
olduğunu vurğulamaq üçün ucaldılıb.
Bu 40 il öncə bu
gününüzü görə bilən dühanın bizə
və dünyaya verdiyi çox önəmli bir mesajdır.
Qarabağın,
o cümlədən Şuşanın azad olunmasında, həmçinin
düşmən tapdağından xilas edilmiş ərazilərimizdə
həyata keçirlən quruculuq işlərində, baş
tutan açılış mərasimlərinin hər birində
insanı heyrətə salan və həyacanlandıran qəribə
bir simvolizm var. Sanki tarix təkrarlanır və işğal
dövründəki ədalətsizliyin izlərini silərək
30 il öncə qopmuş bağları yenidən bərpa
edir.
Qeyd edim ki, bu məqam Prezident İlham Əliyevin nitqində
daha detallı bir şəkildə öz əksini tapdı və
yuxarıda haqqında söz açdığım rəmzlərlə
bağlı göz önündə geniş bir mənzərə
açdı.
Sitat:
“Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu
yerdə atam durmuşdu, mən isə o tərəfdə
durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin
açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri
keçirilirdi. Bu gün isə ikinci dəfə
Vaqifin məqbərəsinin açılışını
biz qeyd edirik. Vaqif Poeziya Günləri
keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi
məna var, tarix təkrarlanır. Azərbaycan
tarixinin qara səhifəsi artıq arxada qaldı və biz
yenidən nəfəs almağa başlamışıq”.
“Yeriyən”
ədalət
Prezidentin çıxışı, şübhəsiz
ki, mesajlarla zəngin idi. Amma dövlət
başçısının ədalətin bərqərar
edilməsi ilə bağlı fikirlərinin təkcə bu
günümüz üçün deyil, gələcəyimiz
üçün də mühüm əhəmiyyət kəsb
etdiyi qənaətindəyəm.
Sitat:
“İşğal dövründə bir çoxlarımız -
həm keçmiş məcburi köçkünlər, həm
bütün Azərbaycan xalqı, o cümlədən də mən
dəfələrlə fikirləşirdik ki, dünyada ədalət
yoxdur. Çünki ədalət olsaydı, biz
bu vəziyyətə düşməzdik. Mən
də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə,
dözümlü olmaq lazımdır, səbirli olmaq
lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə
nail olmaq üçün çalışmaq lazımdır,
hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq
göstərmək lazımdır. Bu
gün biz hamımız ürəyimizdə deyirik və
açıq deyirik ki, bəli, ədalət var, ədalət
bərpa edildi, biz bu gün Şuşadayıq və bundan
sonra Şuşada əbədi yaşayacağıq”.
Fransa
inqilabının məşhur simalarından, həmçinin
İnsan və vətəndaş haqları Bəyannaməsinin
müəlliflərindən biri olan Qabriel Mirabo təxminən
230 il öncə ədalətin topal olduğunu,
yavaş-yavaş yeridiyini, bununla yanaşı, gedəcəyi
yerə gec-tez çatdığını demişdi, amma nədənsə
öz ölkəsinin timsalında ədalətə doğru
aparan yolda xalqın fədakarlığından
danışmağı unutmuşdu... Eynilə BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olan Fransanın ATƏT-in
Minsk qrupunun həmsədri olduğu və bizim
üçün artıq bitmiş sayılan mərhələdə
ədalət prinsiplərini unutduğu kimi...
...Öndə Prezident İlham Əliyev olmaqla, biz səbrimizlə,
qətiyyətimizlə, fədakarlığımızla, iti zəkamızla,
strateji düşüncəmizlə ədalətə yeriməyi
və yürüməyi “öyrətdik”.
...Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən Vaqif Poeziya Günləri, şübhəsiz
ki, mədəniyyətimiz, ədəbiyyatımızın
paytaxtına qayıdışının davamıdır. Şuşa
dirçəlir, Qarabağın adındakı “qara”
sözü rəng anlayışından qoparılaraq öz
ilkin etimalogiyasına – böyüklüyünə
qaytarılır. Qarabağ böyük
bağa çevrilir. Gözümüzün önündə
tarix yaşanır – hər anı tarixə çevrilən
TARİX!
Sonu
olmayan YOL
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anarın çıxışı hər
kəsi kövrəltdi. Təbii ki, məni də...
Sitat: “Biz
buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli
var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq.
Bu Zəfər yolu Azərbaycanın hərbi
gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi
gücünün yoludur və möhtəşəm Azərbaycan
mədəniyyətinin, Azərbaycan ədəbiyyatının
Zəfər yoludur!”
Bəli, bu yolun əvvəli var, amma sonu yoxdur. Azərbaycan Prezidentinin
tarixi torpaqlarımıza qayıdışla bağlı nişan verdiyi hədəflər də, bu yolun
sonunun olmadığını və olmayacağını
göstərir.
Səsin
rəngi
...Vaqif Poeziya Günlərində edilən bütün
çıxışlar və səslənən bütün
şeirlərlə bağlı təəssüratlarımı
ifadə etmək üçün, yəqin ki, bir neçə
gün fasiləsiz olaraq yazmaq lazımdır. Təəssüf
ki, buna imkan yoxdur. Həm də təəssüratlarımın
dərinliyinə varmaq üçün zamana ehtiyac olduğunu
düşünürəm.
Səslənən şeirlərin hər birinin
ayrı-ayrılıqda öz oxucusunun olduğuna şübhə
etmirəm. Vaqif Poeziya Günlərində diqqətimi çəkən
ən mühüm məqamlardan biri də ədəbiyyatımızdakı
nəsillərarası sərhədlərin götürülməsi,
əvəzində möhkəm mənəvi təməllər
üzərindən körpülərin salınmasıdır.
Gənclərə özlərini ifadə etmək
üçün daha geniş imkan tanınmasını isə,
alqışlayıram. Çünki
estafeti, yolu onlar davam etdirməlidirlər. Yolun davam
etdirilməsi üçün isə YOLA ayaq basmağa imkan
yaratmaq lazımdır!
...Vaqif Poeziya Günlərinin ikinci günündə
Günəşin sərt şüaları altında uzun
müddət dayana bilmədiyimdən məqbərinin, təxminən
yüz metrliyindəki kölgəliyə çəkildim. Amma Xəyal
Rzanın səsinin rəngi məni yenidən geri
qayıtmağa vadar etdi. Nigar Həsənzadənin
mükəmməl ifası da həmçinin...
Düşünürəm ki, zaman keçdikcə
poeziya günlərində səslənən şeirlərin əksəriyyəti
ədəbiyyatımızda öz layiqli yerini tutacaq və
böyük Zəfərimizin poetik rəmzlərinə
çeriləcək.
P.S.Şuşa səfərimiz isə başa
çatır.
Zəfər yolu ilə Bakıya qayıdırıq –
Şuşanın, Qarabağın ruhunun ayrılmaz bir
parçası kimi...
Müqəddəs arzumun gerçəkləşməsinə imkan yaratdığına və mükəmməl təşkilatçılığa görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm! Var olun!
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2021.- 2 sentyabr.-
S.3-4.