Müqəddəs yalan
(real həyat motivləri
əsasında hekayə)
Qurban dayıgil ailədə iki qardaş , iki bacı idilər. Ataları amansız müharibəyə gedəndən ondan heç bir xəbər çıxmamışdı. Hələ müharibə bitməmiş sadəcə bir parça üçkünc bükülmüş qara kağızla məsələ həll olmuş, ataları itkin hesab edilmişdi. Sonralar da uzun müddət anası Nigar nənə ömür-gün yoldaşı Kərim kişinin xiffətini çəkmiş, amma üzə vurmadan minbir zəhmətə qatlaşaraq övladlarını böyütmüşdü. Ailə qayğısından ötrü işin ağırına əl atmışdı, təki balaları – Kərimin yadigarları çətinlik bilməsin, qayğısız böyüsünlər. İnsafən atasızlığı heç hiss eləməmişdilər də. Beləcə Nigar nənə cadar-cadar olmuş əllərinin qabarıyla balalarını yerbəyer etmiş, ev-eşik sahibi olaraq ayırmışdı. Nigar nənənin ən yaxın hayanı, əlindən tutanı ilk övladı, bir az ötkəm, azcana da əsəbi olsa da kövrək, ürəyitəmiz Rza idi. Daim anasıyla sahədə çalışar, qardaş-bacısına arxa, dayaq , anasına kömək durardı. Ağır zəhmət hesabına nə uşaqlığı, nə də gəncliyi olmamışdı Rzanın. Böyük qardaş olaraq ailənin ağırlığı, qardaş-bacı məsuliyyəti onun üzərinə düşmüşdü. Zəhmət, zillət hesabına da olsa anasıyla əl-ələ verərək hamısını yerbəyer etmişdi. Bacıları ailə qurmuş, oğul-uşaq sahibi olmuşdular. Qardaşı Qurban üçün də qonşu kənddən Əli kişinin xanım-xatın qızı Bəyimi gəlin gətirmişdi. Qardaş-bacı ayrı ev-eşik sahibi olsa da, elə hey gözü üstlərində idi. Xırda umu-küsünü də, azcana çətinliyi də yoluna qoymaq onun boynuna idi.
Qurban dayı meylini ailədə daha çox Mehriyə salmışdı. Mehri yaşca
ondan böyük idi. Qardaşına daha çox
qayğı göstərər,
birlikdə oynayar, deyib-gülərdilər. Söz-sovları, sirləri bir idi həmişə.
Bacısı Mehri ondan əvvəl ailə qurmuş, kənddə Qərib nənənin ocağına gəlin köçmüş, oğul-uşaq
sahibi də olmuşdu. İnsafən pis dolanmırdılar
da. Bacısı əri Ağa
böyük bir idarəyə rəhbərlik
edir, rayonda sayılıb-seçilirdi artıq.
Odur ki, Mehri bacısı
onlara da əl tutur, köməklik göstərirdi.
Evləri yaxın olduğundan
tez-tez bacısıgilə
gedər, çətyinliyi
ilə maraqlanar, kömək göstərərdi.
Bacısının uşaqları da
onu sevər, yolunu daim gözləyərdilər.
Müharibədən yeni çıxmış
ölkədə hələ
də çətinlik
hökm sürməkdəydi. Müharibənin
bitməsindən on beş ildən artıq vaxt keçməsinə baxmayaraq
hələ də ucqarlarda acınacaqlı vəziyyət hökm sürməkdəydi. Odur ki, Qurban dayı da ailəsiylə birlikdə qonşu rayona – Çinarlıya köçmək qərarına
gəlmişdi. Gecə-gündüz götür-qoy edirdi ki, köçər, zəhmətə qatlaşar,
işləyər, övladlarını
böyüdərdi. Çinarlıya
mövsümi işə
gedənlər danışırdılar
ki, orda nə qədər istəsən iş var, təki işləyən ola. Odur ki, artıq
qəti qərarını
da vermişdi. Amma anası Nigarla böyük qardaşı
Rza razılıq vermirdilər. Elə Mehri
bacısı da Qurbanın eldən, obadan köçməsinə
razı deyildi. Amma artıq qərarı qəti idi.
Çinarlıya köçdüyü ilk vaxtlar
vəziyyət elə
də yaxşı deyildı. Dağ adamı olasan,
gəlib düşəsən
qora bişənə,
milçək, ditdili,
mığmığa da
bir yandan. Nəfəs təntidən isti imkan vermirdi ki, bir hovur
nəfəs dərib dincələsən. İlk
günlərdən həmkarı
Mirzə, qaynı sayılan Həmid kişi ilə
ustalığa başlamışdı.
Kolxoztikinti birliyində
usta işləyirdi. Artıq iki oğlu da
var idi. Yavaş-yavaş həyət-baca da
düzəlirdi.
Qurban dayı hər il yay aylarında Çinarlının
nəfəs təntidən
istisindən yaxa qurtarıb ailəsiylə
birlikdə ata yurduna dönər, dağ havasının dadını çıxarardı.
Ata yurdunda olduğu
vaxtın əksəriyyəti
Mehri bacısıgildə
keçərdi. Qardaşı Rza fermada müdir
olduğundan kəndlə
əlaqəsi az-az olar, günü dağ-Muğanda keçərdi.
Qurban dayı da ata
yurdunu ziyarət edər, gününü Mehri bacısıgildə uşaqlarla keçirərdi.
Elə bacısı da onu hamıdan çox istəyirdi.
Uşaqları Bakıda məskunlaşdığından
tez-tez Bakıya, uşaqlarını yoluxmağa
gedər, elə gedən baş da, gələn baş da yolüstü
Çinarlıya dönər,
Qurbanı görməmiş
keçməzdi.
Axır
vaxtlar Qurban dayının səhhətində
yaranan problemlər onu “ev dustağı”na çevirmişdi.
Bu yannan da andıra qalmış pandemiya...nə imkan verirdilər evdən çıxa, nə də ki, inandığı, müalicəsinin ona yarıdığı əziz
xələf bacısı
oğlu Fazil də elə bu andıra qalmış virusun ucbatından ikinci il idi ki, bu tərəflərə
gələ bilmirdi. Uzun müddət idi ki, bacıoğlusu Fazil uzaq Rusiyada
həkim işləyirdi.
Hər dəfə yay istirahətində kəndə
gələr, elin hayına, harayına çatardı. Hamı Fazilin
kəndə gəlişini
gözləyərdi. Fazil də
ki, kənddə olduğu vaxtın demək olar ki, hamısını xəstələri müayinə
və müalicə etməklə keçirər,
"dincələrdi". Qurban dayı da, ayağı
yer tutub yeriməyinin çarəsini
bircə Fazilin yazdığı dərmanlarda
görürdü. Həm də
Fazil hər rayona gələndə bacısı Mehrini də Çinarlıya gətirər, bacıyla qardaşı görüşdürər,
savaba batardı.
Son günlər elə Mehrinin də səhhətində ciddi problemlər yaranmışdı. Daim ayaq üstə olan Mehri hərəkət qabiliyyətini yavaş-yavaş itirir, xəstəliyin şiddətindən ev dustağına çevrilirdi. İnsafən evdə onunla qalan sonbeşik gəlini Gülnaz da, nəvələri də bir sözünü iki eləməzdilər. Qul kimi qulluğunda durmuşdular. Həlimə nənəylə, Sürmə nənə tez-tez yoluxmağa gələr, oturub gecə yarısınadək dərdləşərdilər. Son vaxtlar Sürmə nənə dünyasını dəyişdiyindən və Həlimə nənənin də ayaqlarındakı ağrılar Mehri nənəni ülfət bağladığı iki həmsöhbətdən etmişdi. Yamanca darıxırdı. Pandemiya girəni rayon mərkəzində yaşayan oğlu Zəfər tez-tez gəlib onu yoxlayar, pay-püşkünü də gətirərdi. Odur ki, elə hey darıxar, hər eşitdiyi maşın səsini Zəfərin gəlişi bilib sevinərdi.
Tayfanın, tirənin böyük gəlini olduğundan hamı onu çox istəyərdi. Bir sözü iki olmazdı heş vaxt. Xeyir-şər işlərinin yaraşığı idi Mehri nənə. Təzə gətirilən gəlinə xeyir-duanı da o verərdi. Odur ki, çiskinli bir payız günündə dünyasını dəyişəndə ev-eşik, həyət-baca insan selinə bürünmüşdü. Hamı – insan seli dəstə-dəstə Mehri nənəylə son vidaya gəlmişdi. Dediyinə görə Qurban dayı o gün qəribə bir yuxu ilə səhəri açmışdı. Yuxuda görürdü ki, anası Nigar, Qardaşı Rza, bacısı Arəstə birlikdə bacısı Mehrini ağ paltarda – gəlinliyə daha çox oxşayırdı, harasa çox-çox uzaqlara aparırdılar. Qurban dayı ha istəsə də gedənlərə qoşula bilmirdi. Qəribə idi, ayaqları tutulsa da yuxuda tanış yerləri, uşaqlığının keçdiyi yurd yerlərini qaça-qaça gəzər, yorulmazdı. Amma indi... indi nə olmuşdusa yuxuda da ayaqları tutulmuş halda idi. Ha yeriməyə çalışsa da, yeriyə bilmirdi ki, bilmirdi. Səhərə yaxın gördüyü bu qəribə yuxudan tər-su içində, bir az da qorxmuş halda oyandı. Həyətə düşər-düşməz həyət qapısından çıxıb evin qənşərindəki su arxına tərəf getdi. Suya baxıb, “ey yeri, göyü yaradan, yuxumu xeyirliyə yoz” deyərək sudan bir ovuc götürüb üzünə vurdu. Nə qəribəlik idisə həmin gün hamı ondan qaçır, özünü məşğul kimi göstəridri. Söz soruşanda da, heç kim onun gözünün içinə baxmırdı. Və ən qəribəsi də o idi ki, daim yanında olan böyük oğlu Rəcəbi nə o gün, nə də ondan sonrakı iki gün görmədi. Elə hər gün gəlib həmsöhbət olduğu əmioğlanları da həmin iki günü gözə görünmədilər. O yuxu nə idisə tez-tez yuxularında görür, hər dəfə də Mehri bacısı uşaqlıqdakı kimi onu əli ilə yanına çağırır, amma anası Nigar onu geri qaytarırdı. Artıq bir ilə yaxın idi ki, hər gün gəlib-gedəndən bacısı Mehrini soruşar, “əşşi, narahat olma, bacın da yaxşıdır.Bir az səhhətində problemi var idi, o da keçib getdi” cavabını alandan sonra əldamındakı kiçik otağına çəkilər, istirahət edərdi.
Bacısı oğlu Arizin tez-tez yolu Çinarlıya düşər, hər dəfə də dayısı Qurbanı yoluxmamış geri qayıtmazdı. Hər görüşündə də Qurban dayının, “Ariz, bacım nətəhərdir?” sualına, “dayı, yaxşıdır, salam-duası var”, cavabını alar, ürəyi arxayınlaşardı. Söhbət əsnasında Qurban dayı israrla “Ariz, bacım gələ bilmir, məni apar onu görüm” deyəndə, Ariz, “dayı, narahat olma, bacımın müalicəsi bitmək üzrədir, qurtarsın özüm gətirəcəyəm yanına” deyə bildirərdi. Arxayınlaşsa da, ürəyində səbəbini bilmədiyi bir nigaranlıq, izahını tapa bilmədiyi bir məchulluq var idi. Qəribə yuxular da ki, elə öz biçimində, öz donunda idi – hər gün təkrarlanırdı. Di gəl ki, Arizin dediyi sözlər ürəyində bir azcana arxayınçılıq yaratmışdı.
Durna qatarından ayrılıb qalan Qurban dayı qəribə yuxuların yaratdığı vahimədən, ürəyinə daman dəhşətdən, səksəkədən bacısı oğlu Arizin “yalanları” sayəsində təskinlik tapar, azcana da olsa arxayınlaşardı. Beləcə hər dəfə Qurban dayını yoluxanda onun bacısını sormağına Ariz bacıoğlusunun verdiyi “müqəddəs yalan” ları bir ömrün saatbasaat, dəqiqəbədəqiqə uzanmasını stimullaşdırardı...
Malik Balaşov, tarixçi-publisisit
Xalq Cəbhəsi.- 2021.- 30
sentyabr.- S.14.