“Azərbaycan”  qəzetinin səhifələrində  - 66-cı yazı

 

Mənim ölkəmə

 

Yenə yarımın fərağı törədib xəyal məndə,

Bu xəyaldan doğulmuş böyük ixtilal məndə.

Görürəm, bahar olubdur, oxuyur gül üstə bülbül,

Gülümü uzaq görərkən tapılır məlal məndə.

Saralar bu rəngü ruyum sarı teldən ayrılarsam,

Bu qəmi fərağ qoymaz qala zərrə xəyal məndə.

Ayın əvvəli olanda hamı göylərə baxarkən,

Sarı qaşlara baxardım əvəzi halal mən də.

Gedə gər yarım uzağa, düşəcək könül sorağa,

Belə dözməyim fərağa görünür mahal məndə.

Bu keçən gecə deyirdim, yuxuda o məhli qaya,

Eləyim fərağətdə nəyə iştiğal mən də.

Tutub üz mənə nigarım dedi, olma dilşikəstə,

Verirəm nəsihət üzrə sənə bir sual mən də,

Mənə həsr edən bu eşqi vətənin yolunda sərf et.

Vətən eşqidir, yaratmış belə bir calal məndə,

Dedim, arxayın get, əsla vətəni unutmaram mən.

O qəribdə canı vermək olub ideal məndə,

İl Azərə bu Azər vətəni əzizdi candan.

Bu həqiqəti düşünməkliyə var kamal məndə,

Məni yurdum istəyəndə ki, edəm difa ondan.

Edərəm bu vacib əmrə o dəm imtisal mən də,

Döşümü qabağa verrəm, əgər od yağa havadan.

Döyüşüb şücaət ilə alaram medal mən də,

Mənim ölkəmə təcavüz eliyən gərəkdür bilsin.

Böyük Azər oğluyam, var belə bir xəsal məndə,

Sarılıb silaha cəngdə alaram ələ tüfəngi.

Edərəm Vətən yolunda qanımı halal mən də,

Bir el oğlu Borçaluyam vətənimdən özgə yoxdur,

Nə xayəli cəmi sərvət mənə, fikri mal məndə.

 

Borçalı

 

“Azərbaycan” qəzeti,. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Mətbuat tariximizdən…

 

("Səhər", "Azərbaycan günəşi", "Yeni fikir" və "Qəhrəman Azərbaycan" adlı divar qəzetlərinin müsabiqədə birincilik qazanmaları barədə).

Şəhər (Təbriz) komitəsinin təbliğat şöbəsi tərəfindən homələrdə (rayon komitələrində - red.) divar qəzetləri müsabiqəsinin nəticəsində 3-cü homənin “Səhər” adlı qəzetinin redaksiya heyəti və məsulu cənab Cavad Kərzai, 4-cü homənin “Azərbaycan günəşi” qəzetinin redaksiya heyəti və məsulu cənab Şotorbani, 5-ci homənin “Yeni fikir” qəzetinin redaksiya heyəti və məsulu cənab Seyid Rza Müvəhhid və 6-cı homənin “Qəhrəman Azərbaycan” qəzetinin redaksiya heyəti və məsulu cənab Mahmud Salmasi qəzetlərin birincilik qazanması nəticəsində şəhər komitəsi tərəfindən təqdir olunur.

 

Şəhər komitəsinin sədr müavini M.Vilai

Təbliğat şöbəsinin müdiri R.Cadniku

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

 

***

Azadlığımızı saxlayacağıq!

 

Nümayəndələrimiz Tehrana gedərkən Azərbaycan xalqı onları gül dəstələri ilə, alqışlarla yola salmışlar ki, onların gələcəkdəki həyati məsələlərini bizim azadlığımızı qorumaq şərtilə həll etsinlər. İndi hamı səbrsizliklə gözləyir.

Azərbaycan xalqı aldığı azadlığı saxlamağa qadirdir.

Nümayəndələrimiz əmin olmalıdırlar ki, bütün Azərbaycan xalqı, arvad, kişi, cavan, qoca onların arxasında durub və son damla qanları qalana kimi mübarizələrimizin alovlu qucağında əldə etdiyimiz azadlığı hifz edəcəyik. Azadlıq halva deyildir ki, onu insana versinlər. Azərbaycan xalqı bu azadlığı alanda onu saxlamağı da düşünüb və lazımi ölçülər götürülmüşdür.

Bu gün bütün dünya azadlıq tələb edir. Öz varlığını düşünən bir millət, azadlıq nəsimini nəfəsinə çəkən böyük bir xalq, öz tarixini və hüququnu anlayan bir millət əsirlik altına getməyəcəkdir.

Bu gün indoneziyalılardan tutmuş hindlilərə kimi, qara, , sarı insanlar hamısı azadlıq istəyir.

Bu azadlığı Azərbaycan xalqı ələ gətirib və onu bütün İran üzərində həyata keçirəcəkdir.

Biz cənab Qəvamüssəltənənin sülh baxışlarını nikbinliklə nəzərdən keçirərkən onların etdikləri əməlləri və İran millətinə münasibətdə baxışlarını aydıncasına bildikdən sonra bu yaxşı niyyət və istəyin daha da artdığını qeyd etmişdik. İndi hamı bunu bilməlidir ki, Azərbaycan xalqı öz azadlığını və İran azadlığını təhlükədə görərsə, heç bir vəchlə zorla qəbul etdirilən işlərə boyun qoymayıb var qüvvəsi ilə öz müqəddəs məramını həyata keçirəcəkdir.

Nümayəndələrimiz xalqımıza dayanaraq bizim və İran xalqının azadlıq məsələsini həll etməlidirlər.

Bu azadlıq qəti surətdə bütün İran nöqtələrində (rayonlarında – red.) həyata keçməlidir.

Bu azadlığın həyata keçməsi indiki dünyanın ən əsaslı işlərindəndir. Biz azadlığımızı heç kəsdən hədiyyə olaraq almamışıq. Biz onu silah gücü ilə xalqımızın qanı bahasına aldığımız kimi qoruyacağıq.

Həmzə Fəthi Əli oğlu Xoşginabi

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 196, 12 may 1946-cı il.

 

***

 

Bahar hədiyyəsi

 

Son günlər Təbrizin mətbuat səmasında doğan “Mədəniyyət” jurnalı Sovet Mədəniyyət Evi tərəfindən xalqımıza təqdim olunan qiymətli bahar hədiyyəsidir. Doğma Azərbaycan dilində olan bu məcmuə keyfiyyət və mündəricat etibarilə Təbriz mətbuatında özünəlayiq yer tutur.

Gözəl və al-əlvan təsvir və karikaturlar “Mədəniyyət”i fövqəladə bədii bir şəkildə bəzəmişdir. Azadlıq və mədəniyyət ocağı olan Moskvadan verilən əkslər jurnalda xüsusi yer tutmuşdur.

Azərbaycanın klassik şair və yazıçılarının qısaca tərcümeyi-halı və təsvirləri, əsərlərindən nümunələr “Mədəniyyət”in bədii səhifələrini ədəbiyyat və sənət həvəskarlarının üzünə açmışdır.

Məsələn, Möcüz, Həsənbəy Zərdabi və Seyid Əzim Şirvaninin şah kəlamlarından nümunələr verilmişdir. Böyük yazıçı Haqverdiyevin “Şeyx Şaban” hekayəsi gözəl təsvirlərlə oxucuda böyük maraq oyandırır. Azərbaycanın müasir yazıçı və şairlərindən Səməd Vurğun, Süleyman Rüstəm və Ənvər Məmmədxanlının əsərləri “Mədəniyyət”in oxucularına olduqca maraqlıdır.

Fəsahət və məlahət ilə dolğun olan bu parçalar gənc nəslimizin ədəbi-bədii tərbiyəsində böyük rol oynayacaqdır.

“Mədəniyyət”in bir hissəsi də də rus yazıçılarının tərcümeyi-halına və əsərlərinin şərhinə həsr edilmişdir. Məşhur “Çapayev” əsərinin müəllifi Dimitri Furmanovun ölümünün 20 illiyi münasibətilə dərc edilmiş məqalə olduqca gözəl və bədiidir. Gənclərimizin böyük hüsni-rəğbətini qazanmış “Mədəniyyət” məcmuəsinin naşirlərinə bir daha artıq dərəcədə müvəffəqiyyət arzu edirik.

 

Təbriz, Məhəmmədəli Abbasi

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

***

 

Mədəniyyət tariximizə aid xəbərlərdən:

 

Təbrizdə xanımlar klubunun şəhər komitəsi salonunda iclası.

Bu iclası xanım Daniş və xanım İlhami idarə edirdilər. İclas günortadan sonra saat 5-də açıq elan olundu. Suğra xanım Qadiri xanımlar barəsində və doctor Həştrudiyan Qızıl ordunun qələbə bayramı münasibətilə çıxış etdilər. Sonra Azərbaycanın sevimli şairi xanım Mədinə Gülgün “Yeni həyat” adlı şeirini oxuduqda xanımlar tərəfindən gurultulu alqışlarla qarşılandılar.

Cənab Səmədzadə Azərbaycan dili haqqında, cənab Zeynalzadə xanımlar haqqında şeirlərini oxudular. Cənab Cadniku xanımları öz azadlıqlarını bu günə kimi müvəffəqiyyətlə qorumaları münasibətilə təbrik etdi. 8 yaşlarındakı Aləmdust adlı balaca məktəbli bir qız cənab Mir Mehdi Etimadın “Təbrizim” ünvanlı mahnısını oxudu.

Sonra balaca Əkbər Məhəmmədzadə “Rəhbərə salam” adlı öz şeirini oxuduqda həyəcanlı alqışlarla qarşılandılar. Bu təntənəli yığıncağın sonunda cənab Əsədinin bir pərdəli “Mirzə bacı məktəbi” adlı pyesi xanımlar klubunun üzvləri tərəfindən qabaqcadan hazırlanmış olduğundan xüsusi olaraq tamaşaya qoyuldu.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

***

 

Yaz məni!

 

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni!

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

Mən vətən qurbanıyam, münşi, yubanma, qıl şitab

Vaxt olub öz mətləbimdən qəlbim olsun kamiyab

Eyləyib Məcnun məni vallah həvayi-inqilab

Qoymaram düşmən müqəddəs yurdumu etsin xarab

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni!

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

Yaz məni, təxirə salma, getdilər yoldaşlarım

Qeyrətü-namus, himmət kanı məsləkdaşlarım

Qəhrəman, azadlığın qədrin bilən qardaşlarım,

Ba şəhamət, ba şücaət, porhünər sirdaşlarım

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni!

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

Adımı təxir edib gər yazmasan sən dəftərə,

Lap gedib ad yazmadan mən də qoşulam ləşkərə

Aşiqəm, qurban ollam namusu pak Azərə

İldırım tək yağdıram mən gülləni düşmənlərə

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni!

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

Çox zamandır mən vətən eşqində billah yanmışam

Eşqimin mövzusunun hicranına odlanmışam

İdeal fikirlərlə bəsdi, çox aldanmışam

Süd əmərkən yurdumun şanü-cəlalın qanmışam

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni!

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

Sən məni yaz davtələb ta sabit olsun qeyrətim

Aşikar olsun igidlik, qəhrəmanlıq şöhrətim

Öz gücümlə zahir olsun qoy müqəddəs niyyətim

Mən odam, od nəsliyəm, gizlində qalmaz adətim

Yaz məni, öz yurdumun uğrunda qurban yaz məni

Lütf qıl, şövqümdən az qaldım verəm can, yaz məni!

 

Süleyman Əmini

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 174, 16.04.1946

***

 

Azərbaycan kəndlilər konqresində

 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini cənab Badeqanın 14 aprel 1946-cı il tarixində 600-dən yuxarı kəndli nümayəndəsinin iştirakı ilə Təbrizin “Firdovsi” salonunda keçirilmiş Azərbaycan kəndlilərinin konqresindəki nitqindən:

- ... Demokratik bir ölkədə hər kəs nə əkər, onu da biçər. Ona görə də yer bölgüsündən qabaq əkilən yerlərin məhsulu əkinçiyə yetişəcəkdir.

Bir də cənablardan xahiş edirəm, gedib qaçan mülkədarların bağlarının ağaclarını kəsməsinlər. Ağacı kəsməkdənsə, meyvəsindən istifadə edin. Hər kəs meyvəli bir ağacı kəsərsə, bir azərbaycanlının başını kəsmiş hesab olunur. Çünkü onlar Azərbaycanın sərvətidir. Hər kəs bu işi görmüş olsa, o, Azərbaycana xəyanət edir.

Hamı gərək torpaq sahibi ola. Azərbaycan hökuməti hər kəsə hər nə qədər yer verib onu heç bir qüvvə, heç bir güc kəndlilərdən ala bilməz (alqışlar).

Biz gərək “qara” və “qəribə” (imkansız və yad adamlar mənasında – red.) adlarını Azərbaycan dilindən silib ataq. Bundan sonra, İnşallah, hamı ağarıb və ağ günə çıxacaqdır (alqışlar). Bir-birinizə kömək edin ki, hamı əksin və xoşbəxt yaşasın. Azərbaycanda yaşayan hər bir kəs gərək yaxşı və varlı yaşasın. Firqəmiz bizə xoşbəxt yaşamaq yolunu öyrədir. Hamınız kəndlərinizə salamat gedib mehribançılıqla yerlərinizi bölün. Milli Hökumət sizin səadətinizi təmin edəcəkdir (alqışlar).

 

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, 16 aprel 1946-cı il.

 

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 7 yanvar.- S.14.