Rəssam  Vaqif Ucatay yurdumuzu o taylı-bu taylı, Bütöv sevirdi

 

Dəyərli rəssam Vaqif Ucatayın yaşamdan getməsini eşidəndə kədərləndim. Azərbaycan rəssamlığında özünəməxsus dəst-xətti olan sənətkar idi. Azərbaycanın ulusal dəyərlərini, faciələrini mahiyyət olayı olaraq fadə edə bilmişdi. Azərbaycanın mahiyyətini ulusal dəyərlərimiz ölçüsündə sevirdi, bu bənzərsizliyi əsərlərində çatdıra bilirdi. O, Azərbaycandan qıraqda yaşamağı ağlına belə gətirmirdi, çünki Vətəni gerçəkdən uca sayırdı. Tələbələrinin sevimlisi idi; sənətini sadəcə, sənət olaraq yox, nəfəs kimi sevdirməyi bacarırdı. İnanırdı ki, insan üçün Vətən hər şeydir. Sənət insanlığa xidmət üçündür; bu həqiqəti yaradıcılığıyla ardıcıl sübut edirdi.

Tanınmış rəssam Vaqif Ucatay 1955-ci ildə Dəvəçi rayonunda anadan olub. 1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirib. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. Bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 2007-ci ildə fərdi sərgisi açılıb. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib.

Vaqif Ucatayın yaradıcılığında sözün əsl mənasında milli ruhumuza, kökümüzə özünəməxsus baxış aydınca sezilir. O, rəssamlıq məktəbinin boyakarlıq fakültəsində sevdiyi sənətin sirlərinə yiyələnib.

Rəssamlıq məktəbinə daxil olmaqla uşaqlıqdan sevdiyi sənətin sirlərinə yiyələnmək imkanı əldə etmişdi. Çətinliklərə baxmayaraq indiki Sankt-Peterburqda İ.Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsinə daxil olmuşdu. Akademiyadakı təhsilini Hizami Gəncəvinin 1941-ci ildə Leninqradın mühasirəsi zamanı keçirilmiş 800 illik yubileyinə həsr etdiyi “Hizami işığında” adlı tablosunu çəkməklə başa vurmuşdu.

Kətan, yağlı boya ilə çəkilmiş “Hizami işığında” (208×160) əsəri hazırda Hizami Gəncəvi adına Ədəbiyyat Muzeyində qorunur. Böyük həcmli tabloda mühasirənin bütün acı-ağrısına, yaratdığı fəlakətlərə baxmayaraq insanların bəşəri təcəssümün rəmzlərindən biri olan dahi Hizamiyə sayğısı barizliyi ilə ifadəsini tapıb. Böyük stol ətrafında əksər insanların üzü Hizaminin divardan asılmış böyük portretinə sarıdır. Ayaq üstə çıxış edən natiqlərdən biri əlini Hizaminin tablosuna tuşlayıb. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Nizami işığında” tablosunun tarixindən danışır ki, Vaqif Ucatay “Nizami işığında” tablosunu 1987-ci ildə işləsə də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlayıb. Uzun müddət mövzunun bədii ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları toplayıb. Ancaq təhsilin sonu yaxınlaşanda və diplom işi üçün mövzu seçimi edəndə maneələrlə üzləşib. Belə ki, başqalarında böyük mədəniyyətin mövcudluğunu qəbul etmək istəməyən və çox vaxt bütün mənalarda konservativliyi ilə yadda qalan bu təhsil ocağının rəhbərliyi azərbaycanlı gənc rəssamın öz milli dəyərlərinin Rusiyada bədiiləşdirib nümayiş etdirməsinə imkan vermək istəməyiblər. Ancaq o, mövqeyindən çəkinməyib və arzuladığı bu mövzunu diplom işi üçün təsdiqlədə bilib. Bunun acısını sonda çəkməli olub. Belə ki, ötəri mövzulara müraciət edən həmyaşıdlarına onun “qayğıkeş” müəllimləri yüksək qiymət versələr də, Vaqif Ucatayın əməyini, qəribə də olsa, yalnız “kafi” qiymətləndiriblər. Təbii ki, məqsədinə çatan gənc rəssam bunu özünə dərd etməyib. Rəssam bu tarixi hadisə ilə bağlı kifayət qədər material toplaya bilib. Hətta metereoloji mərkəzindən öyrənir ki, yubiley günü Leninqradda müsbət 1 dərəcə olub, gecə saat 1-də qar yağmağa başlayıb. Yubiley vaxtilə “məktəbli kabineti” kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub. Muzeylə üzbəüz yerdə — Neva çayında dayanan “Qütb ulduzu” gəmisi iclas salonunu işıqla təmin edib… Yubiley təntənəsində altı nəfər çıxış edib: “Muzeyin direktoru İ.Orbeli, şərqşünas alim M.Dyakonov, eləcə də A.Boldıryev, Q.Ptitsin, N.Tixonov və başqaları çıxışlarında söz sultanı Nizaminin ucalığından danışıblar. Dyakonov və Ptitsin həm də Nizamidən etdikləri yeni tərcümələri oxuyublar. Sonda iştirakçılar Nizami dövrünə aid sənət əsərlərindən ibarət sərgiyə baxıblar. Bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, yeri gələndə onların qarşısını örtməli olan pərdələrin “döyüşə hazır vəziyyətdə asılışı və yubiley iştirakçılarının hərbiləşmiş qiyafələri, az qala tamaşaçını rəssamın hansısa gizli yığıncağı görüntüyə gətirdiyi qənaətinə gəlməyə məcbur edir. Bunu Ucatayın baş verənləri duyulası dərəcədə inandırıcı təsvir etməsi şərtləndirir. Ucatayın Rəyasət Heyətindəki bir stulu boş saxlaması da məqsədlidir. Rəssam deyir ki, bu yerdə Azərbaycandan gələn adam oturmalıydı, ancaq vəziyyətə görə o, burada yox idi. Əsəri tarixi janrdan duyulası kasadlıq çəkən təsviri sənətimizə yaddaqalan töhfə saymaq olar”.

Müəllifin ən böyük həcmli və aparıcı əsərlərindən biri “Dədə Qorqud dastanları” mövzusunda çəkdiyi “Hanı dediyim bəy ərənlər” adlanır (1999, kətan, yağlı boya). Rəssam bu əsəri yaradarkən o, tarixi-etnoqrafik köklərə əsaslanıb; obrazın mahiyyətinə uyğun olaraq heç bir dövrə, mühitə, tarixi şəraitə sığmayan, zamanın fövqündə duran böyük bir türk insanının — Dədə Qorqudun surətini yaratmağa çalışıb. Onun fikrincə, Dədə Qorqud tabloda real həyatdan — dağlardan, qayalardan, torpaqdan, çaylardan, bir sözlə, yerdən yüksəkdə sol əlində qızılı rəngli qolça qopuz tutmuş, sağ əli ilə isə dinamik şəkildə işığa doğru əlini açmış şəkildə təsvir olunub. Dədə Qorqud Oğuzluğu, ağsaqqallığı ucalıq qədər bizə yaxındır. Qopuz türk millətinin azman ucalığı ilə yanaşı mükəmməl bir mədəniyyətə sahib olması deməkdir. Qopuzun qolu üzərində pərdə bölgülərinin yerində Oğuz türklərinin 24 damğası təsvir edilib. Bu, Dədə Qorqudun Oğuz türkü olmasından, oğuzlar üçün boy boylamasına, soy soylamasına işarədir. Qopuzun çanağında, dairəvi boşluqdan yuxarıda taxtanın üzərində bir qədər tünd boya ilə əbədiyyət rəmzi olan əbədi və sonsuz xoşbəxtlik zənciri adlanan naxış çəkilib. Qorqudun başında isə uca, möhtəşəm şaman papağı var. Boyalar ucalıq, təmizlik, idrakilik anlamındadır. Dədə Qorqudun sifətində müdrikliklə yanaşı əzablı kədərini göstərməyə çalışmışam. Uzun, qar kimi saç-saqqalı onun ululuğuna, qədimliyinə işarədir.

Vaqif Ucatayın “Fəlakətdə işıq” adlı əsərində qara-boz işıq fonu var. Yaşlı türk kişisinin əlində saz təsvir edilib. Həmin kişinin yaşlı ata-anası nəvələrinin əhatəsindədir. Türk kişisinə qızı möhkəmcə sığınıb. Həyatın ölüm adlı qarşısıalınmazlığı, biçimi var. Ancaq bu fəlakətli görünən həyatda daim işıq, ümid tapmaq mümkündür. Əgər türk sazından ayrılmayıbsa, deməli, onun xilas olmaq imkanı tükənməyib.

Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı fəlakətlərin hələlik sonuncusudur. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız Vaqif Ucatayın əsəridir. “Xocalı” plakatı bu mövzuda yaradılmış ən təsirli əsərlərdəndir. Südəmər bir türk körpəsinin ürəyinə sancılmış xaçlı qılıncın ucunda Kremlin rəmzi var. Üstündə rusca və ermənicə “Türkə ölüm” yazılıb. Uşağın ətrafında qan gölməçəsi yaranıb.

Vaqif Ucatay bu mövzuda ayrıca fərdi sərgisini açmışdı, ardıcıl olaraq sözügedən mövzuda əsərlər yaratdı. 1992-ci ildə çəkilmiş “Fəryad” əsərində təsvir edilən qadın obrazı odun-alovun içindən sıyrılıb çıxır. Əsər Xocalı faciəsi mövzusunda çəkilib. Bütün aləm qara-boz rəngdədir. Mas-mavi göy üzünü qara rəng demək olar, bürüyüb. “Zor gücsüzlüyü” adlı əsərdə yerin təkinə belə işləmiş möhtəşəm, qollu-budaqlı ağaca bənd edilmiş nəhəng zəncirlərin qırılması təsvir edilib. Zəncirlər ağacın qol-budaqlarını onun kökündən ayırmaq istəsə də mümkün olmayıb. Bu, şübhəsiz, çağdaş dünyanın Türk Dünyasına qarşı həqarətli, rəqabətli və ironiyalı münasibətinin gec-tez iflasa uğrayacağına dərin inamın təzahürüdür.

“Mənim gördüyüm Əziz Şərif” adlı böyük həcmli əsər Əziz Şərifin qürbətdə — Moskvada keçən ömrünün sonuncu, 94-cü baharının bir anını ifadə edir. Onun otağına günəşin gur işığı düşüb; otaqdakı soraqlar Əziz Şərifin keşməkeşli ömründən xəbər verir. Qocanın sağ əlində çəlik var. Hiss olunur ki, qarşısındakı çay çoxdan soyuyub. O, dərin xəyala varıb. Kədərli gözlərində həyata qarşı inam sönməyib. Bu əsərdən doğan məna odur ki, insan hətta qocalıq çağında belə böyük işlər görə bilər. Əsas odur ki, insan öz ömrünü mənalandıra bilsin.

Rəssamın peyzaj əsərləri də diqqəti cəlb edir. Onun “İlin fərəhləri” silsiləsindən dörd fəslin hər birini özünəməxsus şəkildə duyması qəribə, bitkin, özünəməxsus bir ahəng yaradır. “Qış fərəhi” təbiətin zahirən donmuş, qar nağılına qərq olmuş bir məqamını ifadə edir. Çılpaq ağacların fonunda uzaqlarda uca çinarların əhatəsində böyüklü-balacalı kənd evləri görünür. Qışın soyuqluğu ürəkləri üşüdə bilmir. İnsanın həyata inamlı olması yetər ki, o, bütün məqamlarda ruhlansın. Ruhlanmaq — həyatdan yüksəyə qalxmaq deməkdir. “Yaz fərəhi” adlı əsərdə rəssamın qışda təsvir etdiyi lövhə büsbütün yenidən doğulub. Kim nə deyir-desin, yaz fəsli fəsillərin ən gözəlidir. Çünki yaz yenidən doğulma deməkdir. “Yay fərəhi” adlı əsərdə təbiətin günəşin şöləsindən odlanması, hətta qüruba getməsinin çalarları da müəyyən məqamlarda hiss olunur. “Payız fərəhi” əsərində təbiətin xəzanı insana hədsiz kədər bəxş etdiyi dərəcədə həm də onu fərəhə qərq edir. Bu silsilədə insan halları ilə təbiət halları arasında həmahənglik aranıb, axtarılıb. Təbiət mövzulu əsərlərdən rəssamın “Abşeron gözəli” (karton, yağlı boya) gözəl alınıb: qocaman, çardaqlı ağacın qapqara kölgəsi gün işığı ilə təzad təşkil edir.

Rəssamın “Tükənməzlik” adlı əsərində fəlsəfi çalar özünü aydınca göstərir. Sonsuz qalaktika ümmanında yer kürəsi timsalında insanın yaranışdan ta ölümədək olan mərhələsi kürəvi formada təsvir edilib. Bu təsvirin ortasında gur işıq seli var. Həyat davam edir. Həyatın ölüm-olum təzadı insanın zahirən faciəviliyini yaratsa da, insan xeyirxah əməllərilə xatirələr yaradır, əbədiliyini təsdiq edir…

Vaqif Ucatayın vəfatı ilə bağlı ulusumuza, ailəsinə, doğmalarına başsağlığı verirəm. Soyu var olsun.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 12 yanvar.- S.14