TÜRK
ŞEİRİNİN ƏBƏDİYAŞAR
ŞAİRİ ƏBƏDİYAŞAR
ŞAİRİ
XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.
AZƏRTAC xəbər verir ki, bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.
Nazim Hikmət 119 il bundan öncə yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub. Şair şeirlərinin birində bunu belə ifadə edib.
Bağlısan deyə ölkənə,
Dünyaya, insana,
Ya boğazdan asılarsan
Ya atılarsan
zindana.
Şairin “Sərvlikdə” adlı
ilk şeiri 1918-ci ildə
“Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin
Kommunist Universitetində
oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq
qəzet və jurnalda çalışıb.
1925-ci ildə qiyabi olaraq 15 il
həbsə məhkum
edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması
“Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr
olunub. Bir il sonra
ilk dəfə Bakıya
gəlir. Bakını, Xəzəri görəndə
ona elə gəlib ki, mühacirliyi yarıb öz doğma diyarına qayıda bilib. Özünə doğma bildiyi
bu diyarda unudulmaz anlarını yaşayıb.
Şairin 1928-ci ildə ikinci Vətəni saydığı
Azərbaycanda ilk kitabı
- “Günəşi içənlərin
türküsü” nəşr
olunub. Nazimə həsr olunmuş
ilk məqaləni də
Bakıda dövrün
görkəmli tənqidçisi
Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik”
adlanırdı. Əli Nazim
böyük türk şairinin çağdaş
Azərbaycan şeirinə
göstərdiyi təsiri
xüsusi vurğulayıb.
Onun şeirləri içərisində
xüsusi yer tutan “Bayram oğlu”,
“Arpa çayının
iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin
mövzusu Azərbaycanla
əlaqədardır. 1929-1932-ci illərdə yazdığı
“835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini
itirmiş şəhər”
kitabları, “Jakonda” və “Şi- Ya-ıı” poeması, “Berinci özünü niyə öldürdü”
mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə
qarşı çıxıb.
1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi”
adlı məqaləsində
şair faşizmin dünya azadlığı
iddialarını ifşa
edir, bütün mütərəqqi bəşəriyyəti
insanlığın bu
qəddar düşmənlərinə
qarşı mübarizəyə
çağırıb. Həmin il
şairin Türkiyədə
sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında
dastan” nəşr olunub. Dastanda orta əsrlərdə
türk tarixində baş vermiş kəndli hərəkatından
bəhs edir.
Nazim Hikmət
1938-ci ildə saxta bir ittihamla yenidən
həbs olunub və 28 illik məhbəs cəzasına
məhkum edilib. Həbsxanada
məşhur “İnsan
mənzərələri” epopeyasını,
“Həbsxanadan məktublar”
silsiləsini, “Məhəbbət
əfsanəsi”, “Yusiflə
Züleyxa” pyeslərini
və başqa dəyərli əsərlərini
yazıb. 1950-ci ildə əfv edilərək azadlığa
buraxılan Nazim Moskvaya köçüb.
Bu dövrlərdə “Türkiyədə”,
“Qərib adam”,
“İvan İvanoviç
vardımı, yoxdumu”
bir çox şeir və poemalarını, dramaturgiyaya
dair məqalələrini
qələmə alıb.
Nazim Hikmət
həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir.
Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın
gözəl olduğunu
bilən və onun gözəlləşməsinə
can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında
“Yaşamaq gözəldir,
qardaşım” filmi çəkilib.
Böyük ədibin yaradıcılığında
dram əsərləri də
mühüm yer tutur. Onun pyesləri dəfələrlə
Azərbaycan teatr səhnəsində tamaşaya
qoyulub.
Şair
ikinci dəfə Bakıya 30 il
sonra gəlib. Öz məmləkətindən sonra
heç bir torpaq ona Azərbaycan
qədər doğma olmayıb. Nazim Türkiyənin ətrini
bizə yetirən, canımız qədər
doğma olan türk dilini ölümsüz şeirləri
ilə bizə çatdıran milli ruhlu, qüdrətli şairdir. Şair Bakını İzmirə
bənzədirdi. Ona görə
də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Bakı həm də
şairə ona görə doğma gəlirdi ki, burada onun şeirlərini
saatlarla, doymadan dinləyəcək geniş
dinləyici kütləsi,
qiymət verə biləcək şair, yazıçı, bəstəkar,
alim dostları, bütün Azərbaycan xalqı vardı.
Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət
əfsanəsi” baleti dünyanın bir çox ölkələrində
tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü,
Toğrul Nərimanbəyov
və başqa rəssamlar portretini yaradıblar.
Şair həyatının son günlərində
Vətəndə olmaq,
öləndə Anadolu
məzarlığında - məzar daşı da istəməyərək,
uca bir çinarın
altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu
torpaqdan çox uzaqlarda, qürbət diyarda - Moskvada 1963-cü ildə Vətən həsrəti ilə əbədi dünyasına
qovuşub.
Məşəqqətli, qasırğalı
bir həyat yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini,
həyatın mürəkkəbliyini,
dünyanın təzadlarını
bütün dolğunluğu
ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq
korifey bir sənətkardır.
Xalq Cəbhəsi.- 2021.- 16 yanvar.- S.15.