Azərbaycan”
qəzetinin səhifələrində
69-cu yazı
Təbriz radio stansiyasının fəaliyyətinə yerlərdən münasibət barədə: Azərşəhrdə
Radio stansiyasının açılması münasibəti ilə Azərşəhrdə mərkəzi komitəyə və baş nazirliyə göndərilən bir teleqrafda deyilir ki, radio stansiyasının açılması Azərbaycan millətinin varlığını və onun gələcəkdə nə kimi böyük səadətlərə nail olacağını dünya millətlərinə elan etmək deməkdir.
Stansiyanın açılması münasibəti ilə burada təşkil olunan 4 min nəfərlik bir mitinqdə xalqımız öz səmimi təbriklərini ərz etməklə bərabər “Öz sevgili milli dövlətimizin və candan əziz olan ana yurdumuzun mühafizəsi və müdafiəsi uğrunda hər cür fədakarlığa hazırıq” demişlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.1946
***
Məhzun: “Qəhrəman oğlum”
Tumarla atını, sil yarağını
Ey doğma yurduna paseban oğlum.
Uca tut əlində
al bayrağını
Qoy əssin göylərdə qəhrəman oğlum.
Düşmənlə
gələndə hər vaxt üz-üzə
Süngüylə
dəl bağrın, tez çökdür dizə
Azəri
övladı demişlər bizə
Vermə xainlərə heç aman, oğlum.
Baban
Koroğlu tək çapır atını
Yerin tərpətkinən
yeddi qatını
Ürəkli
açginən qol-qanadını
Şığı sarlar üstə, sən tərlan
oğlum.
Gəlsin
səngərlərdən igid nərəsi
Düşəndə
dağlara güllənin səsi
Sərilsin
yerlərə xain dəstəsi
Qoy olsun düşmənin bağrı qan, oğlum.
Qəhrəman
oğlanlar qorxub saralmaz
Qoç
igid ölər ki, alçaq ad almaz
Namərddən
dünyada nişanə qalmaz
Mərd oğul diridir hər zaman, oğlum.
Polad səngərində
yerə batginən
Atanda
gülləni sərrast atginən
Düşməni
toprağa, toza qatginən
Qoy öpsün alnından komandan, oğlum.
Qəlbini
tutmasın heç zaman məlal
Sənindir
bu dövlət, bu cahü-cəlal
İgid
ol, döşündə parlasın medal
Qoy
üzün ağ olsun, ərsəlan
oğlum.
Səttarxan
heç vaxt çıxmayır yaddan
Azadlıq
yolunda olubdu qurban
Adına
yazırlar hər zaman dastan
Diridir dünyada o aslan, oğlum.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 171,
12.04.1946
***
Azərbaycan
tarixi
Firidun Bazərqan:
"Təbriz"
İllər boyu azadlığın səngəri olan Azərbaycanın
mərkəzi Təbriz çöküntü bir düzənlikdə
Urmiya dəryaçasının şimali-şərqində
yerləşir. Bu düzənlik neçə
çayların (Acıçay və Meydan çayı) vasitəsi
ilə sulanır. Təbrizin ərazisi
ümumi halda Səhənd və Qaradağ
dağlarının kənarındadır. Təbrizin
müxtəlif nöqtələrinin hündürlüyü
1350-dən 1500 mertədəkdir və onun şimal-şərqində
1800 metr hündürlükdə Eynal-Zeynal təpələri
yerləşir ki, Səhənd dağını Qaradağa
birləşdirir. Qaradağın
dağlarından keçidin çətin olması və
habelə Səhəndin Təbriz ilə Marağa arasında
yerləşməsi Təbrizə böyük əhəmiyyət
veribdir. Çünki yalnız Xəzər
dənizindən Qara dənizədək bir yol vardır ki, o da
Təbrizdən keçməlidir. Bu yolun
varlığı və habelə Təbrizdən İraqa və
Cənubi Qafqaza olan yollar bu şəhər üçün
böyük ticarət və mərkəziyyət əhəmiyyəti
vermişdir. Təbriz zəngin və bollu
meyvəyə malikdir. Habelə onun
xalçaçılıq sənayesi də əhəmiyyətlidir.
Təbrizin tarixinə dair müəlliflər qədimdə
və ya müasir dövrdə çoxlu əsərlər
yazmışlar. Akademik Struve (Vasiliy Vasilyeviç – red.),
fransız şərqşünası Maspero (Qaston – red.) və
habelə Assuriya yazılarının göstərdiklərinə
görə 3000 ildən artıq mədəniyyət tarixi olan
Azərbaycan xalqının ən qədim sənətkarlıq
və elm mərkəzi Təbriz şəhəri miladi tarixindən
700 il qabaq salınmış və Midiya dövləti
dövründəki həmin Tarvasis (Tavaris – red.) ya Tarvakis
(Tarmakis – red.) şəhəridir. Təbriz
şəhəri özünün minillərə malik olan
tarixində bir neçə dəfə Azərbaycanın
siyasi mərkəzi olaraq beynəlxalq siyasət
dünyasında görkəmli rol oynamışdır. Şərqin Hindistan və Çin kimi böyük
ölkələri ilə Avropa ölkələri arasında
ticarət uzun zaman Təbriz vasitəsilə
aparılmışdır. Şərqdən
gələn ticarət yolu Təbrizdən keçərək
kiçik Asiya və Qara dəniz sahilləri ilə Qərb
ölkələrinə getmişdir.
Yaqut Həməvi
özünün “Müəccim əl-Buldan” ( -
معجم البلدان Ölkələrin
lüğəti) adlı kitabında yazmışdır ki, Təbriz
abad və gözəl bir şəhərdir. Onun
möhkəm kərpic və gəcli divarları var. Onun
arasından çaylar keçir. Ətrafı
tamamilə bağdır və meyvəsi bol olar.
“Nəzhətül-qulub”
Təbrizi Azərbaycanın darülmülkü (şah
sarayı – red.) adlandırıb və onun salınması
tarixinə dair belə yazır: “Təbriz şəhərini
Harun ər-Rəşidin qadını Zübeydə xatun 175-ci
ildə saldırmışdır”. Tarixi məlumat
bu yazını inkar edir.
Biz şəhərin salınma tarixini bu cür
anlamış olsaq, o zaman Təbrizin 25-ci hicrət ilindən
(645-ci ilin sonu və 646-cı ilin əvvəllərinə təsadüf
edir – red.) başlayaraq ərəblərə qarşı təşkil
etdikləri üsyanları və apardıqları mübarizəni
unutmalıyıq.
Yunan
tarixçisi Herodotun Təbriz haqqında verdiyi məlumatda
deyir: “Yuxarı Asiyada 520 il hökmranlıq edən assurilərin
əsirliyi altından birinci olaraq midiyalılar xilas
olmuşdur. Təbriz şəhəri Midiya
dövlətinin paytaxtı olmuşdur. Qədim
Ekbatanın Təbriz şəhəri olması ehtimalı
vardır”.
Əlbəttə, bu fikir ümumi tarix alimləri tərəfindən
qəbul edilmiş bir fikir deyil. Çünki qədim
Ekbatanın hazırkı Həmədan şəhəri
olduğuna dair sənədlər vardır. Təbriz şəhəri orta əsrlərdən
Şah İsmayıl dövrünədək azərilər
(azərbaycanlılar mənasında işlənmişdir –
red.) yurdunun qüdrətli və böyük dövlətlərinin
mərkəzi olduğuna görə sənətkarlıq və
ticarət aləmində, habelə maarif sahəsində
yüksək tərəqqilərə malik olmuşdur. Sanki o əsrlərin məşhur maarifpərvərləri
və alimləri elm və təhsil almaq üçün
Şərq ölkələrindən Təbrizə gəlirdilər.
Təbrizin həyatı dövründə təkrar zəlzələlər
olmuşdur. Onların ən güclüləri 858/859 və
1042-ci illərdə baş vermişdir. Bu
ikinci zəlzələdə 40 min nəfər
ölmüşdür. 1722 və 1780-ci illərdə
baş verən zəlzələlər nəticəsində Təbrizin
məşhur mədəniyyət yerlərindən olan Rəşidiyyə,
Əlaiyyə, Dəməşqiyyə, Lovloviyyə, Mərcaniyyə,
Süleymaniyyə, Müzəffəriyyə, İsgəndəriyyə,
Qaziyyə və Nəsiriyyə kimi tarixi binaları yox
olmuşdur.
1501-ci ildə Təbriz Səfəvi dövlətinin
paytaxtı oldu. 1514-cü ildə isə Sultan Səlim xan
Osmanlı bu şəhəri tutmuşdur. 1585-1586-cı
illərdə təbrizlilər Osmanlılar əleyhinə
qiyam etmişlər. Bu qiyamlar, habelə təbrizlilərin
ərəblər və monqollar əleyhinə
apardıqları mübarizə tarixdə çox geniş və
parlaq səhifələrdəndir. Biz burada
onların ayrı mövzu olmasına görə Təbrizin
mübariz tarixini ətraflı şərh vermirik. Bunu bilməliyik ki, Sultan Səlim 1514-cü ildə
Çaldıran müharibəsindən sonra Təbrizi müvəqqəti
halda tutaraq çoxlu qətl və qarətdən savayı Təbrizin
3000-ə qədər sənətkarını da zorla
İstanbula mühacirət etməyə vadar elədi.
Həmin bu sənətkrların mühacirəti
İstanbulda ticarət və sənətkarlığın tərəqqiyə
doğru getməsinə səbəb oldu. Çünki
romalılardan sonra o şəhərdə sənətkarlıqdan
bir əsər-əlamət qalmamışdı. Halbuki,
o zamandan bu yana İstanbulun bütün incəsənət
və ali binaları təbrizlilərin əli ilə
tikilmişdir.
Keçmiş dünya müharibəsində Təbrizə
çoxlu ziyan dəydi. Belə ki, onun ticarəti dəymiş bu
ziyanlar nəticəsində tamamilə dayandı. Təbrizin çoxlu binaları, dediyimiz kimi, zəlzələ
nəticəsində aradan getmişdi. 1880-ci ilin statistik
bir məlumatına görə o zaman Təbrizdə 318 məscid,
100 hamam, 166 karvansara, 2600 ev var imiş. Təbriz haqqında siyahılar çoxlu şey
yazmışlar. 13-cü miladi əsrində
məşhur italiyalı səyyah Marko Polo Təbrizi
görmüş və onu nəcibzadələr şəhəri
adlandırmışdır. Polo Təbrizin
toxucularını və onların yaratdıqları zəngin
məhsulları tərifləmişdir. Daha
sonra onun ticarət əhəmiyyətini şərh
etmişdir. Avropa səyyahı Klavixonun
(İspan diplomatı və səyahı Rüyi Gonzalez de
Klavixo – red.) göstərdiklərinə görə Əmir
Teymur zamanı (1400-cü miladi hüdudunda) Təbrizdə
200.000-ə qədər ailə varmış. Bu səyyah bir müddətdə Təbrizdə
qalaraq şəhər haqqında maraqlı məlumat
yazmışdır. O, göstərmişdir ki, Təbrizdə
çoxlu yaxşı xiyaban və küçələr
vardır. Buradakı gözəl dükanlarda
müxtəlif şeylər satılır. Xiyaban və küçələrin arasında
qalayabənzər və çoxlu qapıları olan
böyük binalar var ki, bu binaların içərisində
müxtəlif qəşəng mağazalar olur. Bu örtülü bazardan küçələrə
çoxlu darvazalar açılır. Burada
çoxlu ipək və pambıq parçalar, stul, başmaq,
kəhrəba və sair şeylər satılır. Təbriz ən mühüm ticarət şəhəridir.
Klavixo Təbrizin səliqə-səhmanlı şəhər
hasarı barədə məlumat verməmişdir. Daha 15-ci əsrdə
Kantarini Təbriz haqqında məlumat vermişdir. Onun yazdığına görə, şəhər ətrafının
bəzi yerlərində palçıqdan çəkilmiş
divarın dağınıq vəziyyətini
görmüşdür. Bundan əlavə şəhərin
içərisində ali binalar, bəzəkli
məscidlər və mədrəsələr var imiş. Yenə Avropalı Şiltberqer adlı səyyah
yazır ki, Təbriz 15-ci əsrdə Miranşahın hakimiyyəti
dövründə böyük ticarət şəhəri
olmuşdur.
Kont Doqofino (1816-1882) İranda fransız elçisi olaraq
özünün “Üç il Asiyada” adlı kitabında
yazır ki, Təbriz İranın böyük şəhərlərindən
biridir. Tehran paytaxt olduğu halda Təbriz ondan irəli və
böyük bir şəhərdir. Təbrizin
havası qışda çox sərin və soyuq olar, o zaman Təbrizdə
narın yağış yağar.
15-ci əsrdə Təbrizə gələn venetsiyalı
səyyahlar da Təbrizin ticarətindən və
qadınlarından yazmışlar. Fransız səyyahı Taderniye
yazır ki, Təbrizdə pul qum kimi ələ
gəlir. Ayrı bir fransız səyyahı Şarden Səfəvilər
zamanında Təbrizin 15 min evi olduğunu bildirmişdir və
yazmışdır ki, bu şəhərin yarım milyon əhalisi
və 250 məscidi, 300 karvansarayı var.
Müəlliflərdən lord Kerzon adlı məşhur
ingiltərəli bir siyasətçi öz səyahətnaməsində
Təbriz haqqında tarixi və geniş izahat vermişdir. Təbriz tarixindən bir
neçə səhifə şərh verərək göstərmişdir
ki, “Təbriz” sözü ariyalı (fars – red.) tab ( isti) və riz (axın) mənasını verən
sözlərindən ibarətdir. Bu adı bu
şəhərə vermək o münasibətlə
olmuşdur ki, şəhərin ətrafında isti çeşmə
və sular vardır. O yazır ki, Təbrizdə
1134-cü hicri (1722-ci miladi – red.) ilində baş verən zəlzələdə
80 min nəfər ölmüşdür. Təbriz
bir müddət Qaraqoyunlu kürdlərinin hökumət mərkəzi
və 1220-ci hicri (1805-ci miladi) ilindən Qacar vəliəhdlərinin
iqamət yeri olmuşdur.
Kerzon Təbrizin
əhalisini 200 min nəfər qeyd edərək yazır ki, bu
şəhərdə 40 min dükan və 166 karvansara
vardır. Bu müəllif Ərk qalasından və
Göy məsciddən ad aparmışdır. O yazır
ki, Abbas Mirzə Ərk qalasını ölüxanaya
çevirmişdi və bir müddətədək əxlaqsız
qadınları Ərkin başından aşağıya
atardılar. Lakin bir dəfə bir
qadının çadrası onu nicat çətiri kimi
ölümdən saxladı və bu zamandan təbrizlilər
bu hadisəni möcüzə kimi qəbul edərək o əməli
tərk etdilər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 171,
12.04.1946
***
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Səməd Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 16 yanvar.-
S.14.