Qarabağda xalq oyunları

 

Azərbaycan folklorunun tarixi çox qədimlərə, Azərbaycanın müxtəlif ərazilərində - Qarabağda (Azıx, Tağlar), Naxçıvanda (Qazma), Kəlbəcərdə (Zar), Qazaxda (Daşsalahlı, Aveydağ, Damcılı) və s. ilk insan məskənlərinin meydana çıxması ilə eyni vaxta təsadüf edir. Bu anlamda Azərbaycan dünyanın ən zəngin folklor məkanlarından birinə malikdir. Folklorun, başqa sözlə xalq ədəbiyyatı nümunələrinin yaranmasında bütün xalq iştirak edir. Belə ki, hər bir məsəl, lətifə, nağıl, mahnı, bayatı, xalq oyunu, xalq tamaşası xalqın gündəlik həyatının məhsuludur və folklorşünaslıq elminin predmetidir. Bu baxımdan aparılan tədqiqatlar sübut edib ki, Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, o cümlədən folklorunun inkişafında və təkamülündə doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın folklor mühiti əvəzsiz və böyük rolu oynayıb.

Qarabağ folklorunu dərindən öyrənmək üçün əvvəlcə bu regionun tarixi ərazilərini, hüdudlarını müəyyənləşdirmək vacibdir. Çünki bunu aydınlaşdırmadan burada baş verən ədəbi-mədəni hadisələri də tam şəkildə təsəvvürə gətirmək mümkün deyil. Azərbaycan Sovet Ensiklopediyasının III cildində oxuyuruq: “Qarabağ - Azərbaycanda tarixi vilayətdir. Kiçik Qafqaz dağlarından başlamış, KürAraz çayları arasındakı ərazini əhatə edir. “Qarabağ” adı mənbələrdə XII əsrdən başlayaraq çəkilir. SSRİ ərazisində ən qədim insan məskənlərindən biri Qarabağda aşkar olunub. Şərqi Zaqafqaziyada geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinin zəngin abidələri də ilk dəfə Qarabağda tapılıb. Qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ Qafqaz Albaniyasına daxil idi. Qarabağda alban tayfaları (utilər və qarqarlar) yaşayırdılar. Qarabağ uzun müddət Sasani əsarətinə qarşı mübarizə mərkəzlərindən biri olub. IV əsrdə Qarabağın dağlıq hissəsində xristianlıq yayılmağa başladı. Ərəb işğalından sonra Qarabağın düzənlik hissəsində və şəhərlərdə yaşayan əhali islam dinini qəbul etdi. Qarabağın dağlıq hissəsi - Arsaxda yaşayan əhali isə xristianlığı saxladı. Bu vəziyyət Qarabağ əhalisinin etnik tərkibinin formalaşmasının iki istiqamətdə getməsinə mühüm təsir göstərdi. Qarabağ X əsrdən Şədaddilərin, XI əsrin ortalarından isə Səlcuqilərin, hakimiyyətinə keçdi. XII əsrin ikinci yarısından etibarən Qarabağ Eldəgəzlər dövlətinin tərkibində idi. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Xaçın feodal knyazlığı yarandı. Sonrakı əsrlərdə bu knyazlıq Xəmsə adlanan beş məlikliyi birləşdirirdi”.

Göründüyü kimi, Qarabağ ərazisi tarixi hadisələrin gedişatından asılı olaraq zaman-zaman dəyişsə də, genişlənib sıxılsa da, tarixçilərimiz qədim mənbələrdən sübut etmişlər ki, Qarabağ ərazisi ArazKür qovuşandan (İki çayarası) Xuan qalasınadək, indiki Qırmızı körpü civarlarında (Borçalı qəzasının əhatə etdiyi torpaqlar da nəzərə alınmaqla) bir tərəfi isə Cermuxa qədər, Göyçə gölü sərhədlərində, o biri yandan isə Sisakan, Gorus, Mehri-Zəngəzur dağ silsiləsi boyunca Qarabağa daxil olub, qədim Aran-Arsaq ərazilərini əhatə edib. Bu ərazi Qarabağın həm aran, həm də dağlıq hissələrini təşkil edir. Tədqiqatçı Q.Qeybullayev bu münasibətlə yazır: “Eramızın birinci əsrində Alban çarı Aran Arazdan Xuan qalasınadək Alban ovalığı və dağlarını irsən aldı... Qarabağ, o cümlədən indiki Dağlıq Qarabağ son iki min il ərzində Azərbaycanın tərkib hissəsi olub”.

Azərbaycanın hər yerində olduğu kimi, Qarabağ ərazisində də ilk ədəbi nümunələri el şairləri yaradıb və bu da öz əksini folklorda tapıb. Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, daha çox Qarabağ regionu ilə bağlıdır. Azərbaycanın əvəzsiz sənət nümunəsi olan “Dədə Qorqud” dastanına diqqət yetirdikdə açıq-aydın görünür ki, boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş veribdastanda adı çəkilən yer adlarının - toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olub.

Qarabağ folklor mühiti öz mövzu əhatəsinə, məzmun müxtəlifliyinə, özünəməxsus xüsusiyyətlərinə görə seçilmiş, hər zaman zənginliyi ilə tanınıb. Bu tükənməz söz xəzinəsinin toplanması, sistemləşdirilməsi, tədqiqi və öyrənilməsi həmişə folklorçuların, tədqiqatçıların, alimlərin, dilçilərin, ədəbiyyatşünasların diqqət mərkəzində olub. Qarabağdan toplanan folklor nümunələrində regionun coğrafi mənzərəsi, orada yaşamış əcdadlarımızn ilkin həyat və məişəti, adət-ənənələri öz əksini tapıb.

Qarabağın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən birixalq oyunlarıdır. Xalq oyunlarının tarixi çox qədimlərə getməklə yanaşı, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadıb. Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar var. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, AvropaAsiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamla-rının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə təsadüf edilir.

Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bə-növşə bənövşə” və s. oyunları indiuşaqlar, həm də gənclər həvəslə oynayırlar. Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan xalq oyunlarında kişilərlə yanaşı bəzən qadınlar da iştirak etmişlər. Bu barədə Nizaminin “Xəmsə”sində müəyyən məlumatlar verilir. Qadınların kişilərlə yanaşı “Çövkən” və digər xalq oyunlarında iştirakını XVI əsr miniatürlərindən də aydın görmək olur. Azərbaycanda geniş yayılmış bu oyunlar Qətran Təbrizinin, Xaqani Şirvanininbu kimi digər klassik şairlərimizin əsərlərində də öz əksini tapıb.

Qarabağda geniş yayılmış milli xalq oyunlarından biri də “Çövkən”dir. Buna bəzən “Çovqan” və ya “çövkən” də deyilib. Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, yüzillər ərzində, Azərbaycan,Orta Asiya, İran, Türkiyə, İraqqonşu ölkələrdə məşhur olub. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdad, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərirlər.

Çovqan Azərbaycanın qədim və milli oyunudur. Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. “Kitabi-Dədə Qorqud” boylarından və Nizami Gəncəvinin “XsrovŞirin” və “Şərəfnamə” əsərlərindən məlum olur ki, Azərbaycanda çovqanın tarixi, hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır. Nizami tarixi sənədlər əsasında yazdığı “Şərəfnamə” əsərində çövkan oyunu haqqında məlumat verir. Çövkan oyununun adı oyunda işlədilən alətin adı ilə ad-landırılıb. Bu da ağacdan hazırlanmış, çövkan adlandırılan alətdir. Oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Azərbaycanda çövkan oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. NizamininXosrovŞirin” poemasında Şirin çövkan meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Əsərdə Şirin ilə bərabər oynayan qızlar da təsvir edilib.

Qarabağda geniş yayılan xalq oyunlarından biri də “Dirədöymə” oyunudur. Bu oyunun oynanılması qaydası isə belədir: Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə (püşk) atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

Qarabağda məşhur olan bəzi xalq oyunları isə şeirlə ifa olunurdu. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlaraSanama” “Motal-motal” , ”Tapın görək”, “Yelləncək”, “Öcəşmə”, “Püşk “(çöp) və s. oyunları misal göstərmək olar. Sanama” - Azərbaycanda, eləcə də Qarabağda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda, eləcə də adi günlərdə dəstələrə bölünmədən oynanılan oyunlarda “başçı” seçmək üçün başlanğıc formaya deyilir. Belə ki, dəstələrə bölünməklə oynanılan bütün oyunlar halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. “Ənzəli”,"Eşşək beli sındırdı” , “Yeddi ağac” və s. belə oyunlara misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. Püşk yolu ilə yaxud ümumi razılığı ilə (oyundaya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O, bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalar dan istifadə edirlər. “İynə-iynə”, “Motal-motal”, “Əmim oğlu” və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələrindəndir. Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilirdi.

 

Tahir Orucov

filalogiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 23 yanvar. - S.14.