Qarabağda xalq oyunları

 

2-ci yazı

 

“Dolama” oyununu Qarabağda əksər hallarda uşaqlar dəstələrə bölünərək şeir deməklə oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olu-nur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna baş-layır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir:

Ay Zərbəli, Zərbəli,

İti boşla, gəl bəri.

Ay Dursun, Dursun, Dursun

Öküzüm səni vursun, və s.

Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.

“Öcəşmə” oyunu da şeir deməklə keçirilən oyun növlərindən hesab edilir. Azərbaycanda ən çox yazqabağı - bayramqabağı günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaqlar və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər.

Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Oyuna başlayan dəstənin nümayəndəsinin söylədiyi sözü digər dəstənin bir üzvü təkrar etməlidir. Əvəzində sözü təkrarlayan oyunçuya əks tərəf öcəşəcək söz söyləyir. Sonra oyunun estafeti qarşı tərəfin oyunçularına verilir. Beləliklə, oyun aşağıdakı kimi davam edir:

Deynən: xala!

- Xala!

- Qazan dibi yala.

Deynən: Vəli!

- Vəli!

- Adını qoydum dəli və s.

Hansı dəstə öcəşmə tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur. Oyun yenidən başlanır.

Xalq oyunları içərisində elə oyunlar da var ki, onlar, əsasən, bayramqabağı, eləcə də bayram günlərində, xüsusilə Novruz bayramı ərəfəsində - yazqabağı və Novruz bayramı günlərində oynanılır. Qarabağda geniş yayılmış bu cür oyunlardan biri də “Yumurta döyüşdürmə” oyunudur. Azərbaycan, eləcə də Qarabağda ən çox yazqabağı günlərdə, əsasən, uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

“Yumurta döyüşdürmə” oyunu “Novruz bayramı” nın ilaxır çərşənbələrindən başlamış əsasən cavan oğlanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır.

“Yelləncək” oyunu Azərbaycanda, o cümlədən Qarabağda ən çox yazqabağı, bayram günlərdə, eləcə də digər vaxtlarda, əsasən, uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncəklə oynanılır. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Qarabağ, Lənkəran, Quba, Bakı və s. bölgələrdə bu oyun müxtəlif adlarla: "Ucuncaq", "Həlaçin", "Quyhaquy", "Havaçağ", "Səkmən", “Hullancaq”, "Yörtməc", "Sulançıx" və sairə adlarla məlumdur. Yelləncəyə minib yellənənlər bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, ha-lay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar:

Qaşları sürməli qız,

Adaxlının adın de.

Yaylığı yellənən qız,

Adaxlının adın de, və s.

Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun beləcə davam edirdi.

Novruz bayramlarında eləcə də el şənliklərində Qarabağda yayılan maraqlı məi-şət oyunlarından biri də "Fincan-fincan” oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbayca-nın bəzi bölgələrində “Üzük-üzük”, “Üzük gizlətdi”, “Gül oyunu” adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fin-canlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.

“Gizlənqaç” oyunu da Qarabağda qədim uşaq oyunlarından olub ən çox yazqabağı və bayram günlərində, eləcə də digər mövsümlərdə, əsasən, uçaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsa da Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır.

Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cəldlik, çeviklik, diri-başlıq, hazırcavablıq və s. bu kimi müsbət keyfiyyətlər aşılayırdı. Belə oyunlardan biri “Dəsmal aldı qaç” oyunudur. Bu oyun belə oynanılır: Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur:

- Dəsmal kimin arxasındadır?

Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir.

“Qurşaqtutma”- Qarabağda, əsasən, uşaq və gənclər arasında, geniş şəkil-də oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində keçirilir. Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adlarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan bir oyun və yaxud da yarışdır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir.

Xalq oyunları içərisində elə oyunlar var ki, onları ancaq kiçik yaşlı uşaqlar oynayırlar. Belə oyulara “Evcik-evcik”, “Beşdaş”, “Laldinməz”, “Yoldaş, səni kim apardı?”, “Mərə”, “Qəzmədaş”, “Siçan-pişik”, “Mərəköçdü” və s. misal göstərmək olar. “Evcik-evcik” oyunu, əsasən, kiçik və orta yaşlı oğlan və qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Qarabağda Kiçik yaşlı uşaqların ən sevimli oyunlarından olan “Siçan-pişik” oyunu isə belə oynanılırdı: Uşaqlar dairəvi əl-ələ tutuşurlar. Başçı oyunçulardan birini pişik, birini də siçan adlandırır. Siçan qaçır, pişik qovur. Əl-ələ tutuşanlar siçana imkan vermirlər ki, içəri girsin. Pişiyə isə yollar açıqdır. Siçan uşaqların qollarının arasından soxulub içəri girir, yenə bayıra çıxır. Nəhayət, pişik siçanı tutur. İndi də digər iki uşağın biri siçan, digəri pişik olur. Beləliklə, oyun davam edir.

Ümumiyyətlə, yuxarıda adları çəkilən, təhlili və gedişi verilən əksər xalq oyunlarının başlanğıcı “Püşk” (çop) və “Halay” (Halay-halay) oyunu ilə başlayır. Belə ki, oynanılan bir sıra oyunlarda lazım olan başçı , dəstələri və dəstə üzvlərini müəyyən etmək üçün hökmən bu oyunları oynamaq lazım gəlir. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Oyunun gedişi belədir: Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, "Gizlən qaç" oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən birini oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər:

Motal- motal

Motal-motal,

Tərsə motal.

Yağ atar,

Qaymaq tutar...

Əmrəqulu

Yoxdu pulu.

Vur nağara,

Çıx qırağa.

Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.

“Halay” (Halay-halay) oyunu da Qarabağda uçaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc for-ması sayılır. Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər.

Xalq oyunları bugünkü Azərbaycan ərazisində müxtəlif qədim tayfaların, o cümlədən türklərin-xəzərlərin, hunların məskunlaşma dövründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçmişdir. Bu gün də bir sıra qədim qaya rəsmlərində, habelə Qobustan, Qarabağ, Naxçıvan və s. yerlərdə ilkin xalq oyunlarının müəyyən izləri vardır. Milli oyunlar əcdadlarımızın həyatı-nın çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şəraitini, görüş və etiqadlarını, mərasimlər dünyasını əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dünyasını əks etdirmək baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, onlar xalqın arzu və ideyalarını müəyyənləşdirmək məqsədilə yaranmış və bu günə qədər gəlib çatmışdır. Milli oyunlarda xalqın psixologiyası, əhval-ruhiyyəsi, zülm və istismara qarşı mübarizəsi əks olunub.

 

Tahir Orucov

filogiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 26 yanvar.- S.14.