Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinə
erməni vandalizmi nəticəsində dəymiş
zərər
Faiq İsmayılov: “Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb”
44 günlük müharibədə ağır məğlubiyyətdən sonra da ermənilər yenə mənfur xislətlərindən əl çəkmək istəmirlər. Belə ki, hazırda onların apardığı “ənənəvi” təbliğatdan biri guya Qarabağ ərazisindəki bir çox tarixi abidələrin tarixən onlara məxsus olmasıdır. Erməni bu iddiasında səyli görünsə də, bu mənasız gedişlərin gələcəyi yoxdur. Belə ki, ermənilər məhz tarixi abidələrin həmişəki kimi onlara məxsusluğunu – “dədə-babalarından qalma olduğunu” sübut etməklə bu yerlərin “əzəli sakinləri olduqlarına” yenə də dünya ictimaiyyətini aldadacaqlarına ümid bəsləyirlər.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov araşdırmalarında Azərbaycanın işğal olunmuş ərazilərindəki, daşınmaz tarix və mədəniyyət abidələrinə erməni vandalizmi nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsindən bəhs edir. Araşdırmaçı bildirir ki, abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilib. Mədəni irs nəinki daşınmaz tarix və mədəniyyət abidələrini eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Belə hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yolverilməz hesab edilir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında: hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərini pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.
Bundan başqa Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilib.
2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib. İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb. Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə YUNESKO texniki missiyalarının göndərilməsinin mümkünlüyü qeyd edilib. Sənəddə həmçinin YUNESKO-nun baş direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasında (BA) qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması əksini tapıb.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər yalnız Azərbaycan tarix və mədəniyyət abidələrini əhatə etməyib, eyni zamanda böyük insan itkiləri ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaradıb. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın miqyasının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir.
Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb. Ermənilər tərəfindən 30 il ərzində işğala məruz qalmış, artıq işğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinə dəymiş zərərlərin qiymətləndirilməsi qaydalarına gəlincə, F.İsmayılov işğaldan azad olunmuş ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq qiymət standartlarına uyğun qiymətləndirilməsi və standartlaşdırılmasının gərəkliyini bildirir. Bu, erməni vandallarının qədim mədəniyyət abidələrimizə vurduğu dəhşətli ziyanı müəyyənləşdirməyə imkan verəcək. Hazırda işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin tarixi baxımından hansı dəyərlərə malik olmasının müəyyənləşdirilməsi, bu barədə ictimaiyyətin məlumatlandırılması abidələrin bundan sonrakı dövrlərdə qorunması, bərpası və icarəyə verilməsi zamanı mövcud problemləri aradan qaldırar və abidənin qorunması işlərində mühüm əhəmiyyət kəsb edər.
Tarix və mədəniyyət abidələri Azərbaycanda hələlik özəlləşdirilə bilməz, çünki hal-hazırda Azərbaycanın müvafiq qanunvericiliyi tarix və mədəniyyət abidələri üzərində xüsusi mülkiyyəti inkar edir. Tarix və mədəniyyət abidələrini hansısa istifadəçinin nəzarətinə təqdim edilməsi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi mütəxəsislərinin təqdimatı, Nazirlər Kabinetinin qərarı və tərəflər arasında bağlanan icarə müqaviləsi ilə öz həllini tapmalıdır.
Abidələrin beynəlxalq qiymət standartlarına uyğun olaraq standartlaşdırılması və qiymətləndirilməsi, eyni zamanda abidənin özünün mənsub olduğu dəyərlərin müəyyənləşdirilməsi, abidənin istifadəsini, mühafizəsini və digər məqsəd və anlayışları tənzimləmək üçün nəzərdə tutulub. Bu prinsiplərin həyata keçirilməsi zamanı abidənin dəyərini və hesablama metodunu və növlərinin müəyyənləşdirərkən yerli və xarici təcrübələrdən yararlanmalı, eyni zamanda xarici peşəkar mütəxəsislərin təcrübələrindən istifadə edilməklə hazırlanan hesabatlar istehlakçıların hüquqlarının qorunması ilə həyata keçirilməlidir.
Daşınmaz Tarix və Mədəniyyət Abidələrinə dəyən zərərlərin beynəlxalq qiymət standartlarına uyğun olaraq qiymətləndirilməsi, abidənin növündən asılı olaraq gələcəkdə ondan müvafiq məqsədlər üçün istifadə edən subyektlər, yəni hüquqi və ya fiziki şəxslər üçün nəzərdə tutulub.
Abidənin təmir və ya bərpası, eləcə də ondan digər məqsədlər üçün istifadə zamanı abidənin standartlaşdırılması və qiymətləndirilməsi məcburidir. Standartlaşdırılma və qiymətləndirilmə üçün təşkil edilmiş Komisiyaya müxtəlif dövlət orqanları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nümayəndələri ilə yanaşı Qeyri Hökumət Təşkilatlarının üzvləri, daşınmaz əmlak agentliklərinin nümayəndələri də daxil edilərək, abidələrin qiymətləndirilməsi işlərində iştirak etməlidirlər.
Daşınan və ya daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğyn qiymətləndirilməsi Azərbaycan təcrübəsində yenidir. Ancaq milli mədəni irsimizə, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrimizə dəyən zərərlərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi günümüzün təxirəsalınmaz tələblərindən biridir.
Azərbaycanda tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlarla qiymətləndirmənin əsas məqsədlərinə bunlar daxildir:
- Qiymətləndirmə bazasının seçilməsi;
- Abidəyə dəyən zərərin bazar dəyərinin müəyyənləşdirilməsi;
- Abidənin tarixiliyinin müəyyənləşdirilməsi;
- Abidənin ornamental quruluşuna dəyən zərərin müəyyənləşdirilməsi;
- Azərbaycanın qanunvericiliyinə uyğun olan bazar dəyəri;
- Mövcud istifadənin dəyəri.
Beynəlxalq Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa və digər dünya ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə yetirilən qiymətləndirməyə istinad edilməsidir. Eyni zamanda bu standartların qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilməlidir. Həmin standartlar digər dövlətlər üçün tövsiyə xarakteri daşıyır və qiymətləndirmənin yerinə yetirilməsi üçün istiqamət göstəricisi rolunu oynayır. Abidənin qiymətləndirilməsi, abidənin mühafizəsinin gücləndirilməsi və sığortalanması üçün qərar qəbul etməyə əsas verir.
Daşınmaz əmlakın dəyərini qiymətləndirmək üçün abidə haqqında mövcud olan məlumatların toplanıb analiz edilməsi abidənin qiymətləndirilməsi istiqamətində ən əsas şərtlərdən biridir. Qiymətləndirmə zamanı abidənin mövcud vəziyyətinin öyrənilməsi abidəyə dəyən zərər barədə nəticə çıxarmağa əsas verər.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 26 yanvar.-
S.13.