"TƏNHA CANAVAR"IN TALEYİ. YARDIMLININ İKİ QƏHRƏMAN MANSUROVU

 

 

Kürəkçi kəndi yetişdirdiyi savadlı, istedadlı insanları, elm adamları ilə Yardımlıda ad çıxarmışdı. II Qarabağ savaşı isə göstərdi ki, bu kənd həm vətənpərvər, qəhrəman övladlar, hərbiçilər yetişdirib. Dağların güneyinə sığınan bu kiçik kənd Vətən müharibəsində dörd şəhid verdi. Mayor Elçin Mansurov, baş leytenant Valeh Məmiyev, MAXE Elçin Əliyev, əsgər Elmir Əliyev qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksəlmələri ilə həm doğma kəndlərinin adını Azərbaycanın hərb tarixinə, müqəddəs savaşın şəhidlər səlnaməsinə qızıl hərflərlə həkk etdirdilər.

 

Mansurov Elçin Elşən oğlu 1984-cü ilnoyabr ayının 25-də Bakı şəhəri, Binə qəsəbəsi, Aviaşəhərcik adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olmuşdu. Elçin 1-ci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbə daxil olub. Atası ilə anası ayrıldığından Elçin könüllü olaraq atası ilə yaşamığı seçdiyindən 1991-ci ildən etibarən atası ilə yaşamış təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirmişdir. Son 8, 9, 10.11-ci sinifləri isə məhz öz doğma yurdu olan Yardımlı rayonunun Kürəkçi kəndində oxumuşdur. Atası Mansurov Elşən 1960-cı ildə Kürəkçi kəndində anadan olmuşdu. Elşən orta məktəbi doğma kəndlərində bitirmiş, 1982-ci ildə BDU-nun tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu bitirərək indiki AZAL şirkətinə təyinat almışdır. 1982-1998-ci illərdə burada yüksək vəzifələrdə işləmiş, hətta ən əsas idarələrdən birinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1998-ci ildə şirkətdəki qeyri-sağlam şərait qanunsuzluqlara dözməyən Elşən vəzifəsindən imtina edərək doğulduğu Yardımlı rayonuna qayıtmış 2000-ci ildən etibarən Kürəkçi kənd orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. O qardaşı Kamal Mansurov kimi dövrünün ən güclü riyaziyyatçılarından hesab olunurdu. O 2011-ci il sentyabrın 2-də qısa sürən xərçəng xəstəliyindən vəfat etmişdir.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, rayonda savadları, yüksək insani keyfiyyətləri, sadəlik təvazökarlıqlarına görə ad çıxarmış Elşən, Kamal, Aqil qardaşlarının atası Fürsənd Mansurov da Yardımlıda sayılıb -seçilən riyaziyyat müəllimlərindən biri idi.

 

Elçinin anası Məleykə xanım Feyzullayeva evdar qadındır. Elçinin ana tərəfdən iki qardaş, bir bacısı, ata tərəfdən isə bir qardaş bir bacısı vardır. Ana tərəfdən olan qardaşları bacısının imkanları yaxşı olduğundan Elçin atasının vəfatından sonra daim ata qardaşı bacısının taleyi ilə maraqlanmış, ilk növbədə onların həyatda bir mövqe tutmalar barədə düşünmüşdür. Bacısınnı köçürmüş, qardaşı Rövşənin təhsil alması üçün lazımdırsa etmişdir. Rövşən BDU-nun tarix fakültəsini yüksək qiymətlərlə başa vurduqdan sonra onun yeri tapması ailə həyatı qurması üçün düşündüyündən özünün ailə həyatı qurmasını arxa plana keçirmişdir.

 

Elçin orta məktəbi bitirdikdən sonra ən böyük arzusu hərbiçi olmaq idi. O 2003-cü ildə Rafiq Əliyev adına Kürəkçi orta məktəbini qurtardıqdan sonra 439 balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbiniə (AAHM) qəbul olmuşdur. Oxuduğu müddət ərzində bir çox tərifnamələr almış, nümunəvi kursant kimi hərbi məktəbi bitirmişdir. Ali məktəbi bitirdikdən sonra təkmilləşdirmə kursları keçmişdir. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlamışdır. 13 illik hərbi xidmətini cəbhənin ən qaynar nöqtələrində Tovuz, Murov, Fizuli istiqamətlərində keçmişdir.

 

Xidmət illərində Elçin Mansurov 6 medalla, dəfələrlə fəxri fərman müxtəlif hədiyyələrlə təltif olunmuşdur. Vətənə bağlı oıan hərbçimizin qorxmazlığı, igidliyinə görə yoldaşları arasında "Tənha canavar", "Boz qurd", "Qorxmaz kəşfiyyatçı" kimi ləqəblərlə ona müraciət edilmişdir. Elçin daima düşmən tapdağında olan torpaqlarımızı kəşfiyyat xarakterli ziyarət etmiş həmişə vacib hərbi qənimətlərlə qayıtmışdır. Hətta bir-neçə dəfə tapşırıqdan kənar düşmənin dərinliklərinə nüfuz etməklə bir çox əməliyyatlar həyəta keçirdiyinə görə ruspərəst komandirlər onu kəşfiyyatdan, hətta hərbidən uzaqlaşdırmağa cəhd etsələr general Mais Bərxudarovun məsələyə müdaxiləsi nəticəsində bu düşmən niyyət reallaşdırıla bilinməmişdir. Elçinin düşmən arxasından gətirdiyi məlumatlar ordumuzun əks əməliyyatları üçün çox vaciib əhəmiyyət daşımışdır. Mansurov xidməti illərində heç vaxt rütbə üçün can atmamış, ailə şəcərəsindən gələn xarakterə uyğun olaraq həmişə öz şərəf ləyaqətini qorumuş, vətənə borcunu layiqli şəkildə yerinə yetirmişdir. Elçin 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlmişdi. Qəhrəmanımızın hərbi həyatından danışmaqla bitməz. "Tənha canavar"ın döyüş yoluna nəzər yetirərkən onda olan vətənpərvərlik hissinin qədər yüksək olamsı insanda rəğbət hissini artırır. Bu, "Vətən sağ olsun" şüarlı Elçinin sosial şəbəkə sistemindəki şəxsi hesablarına nəzər salarkən açıq-aydın görünür. Elçin həyatını bütünlüklə vətəninə həsr etmişdi. Əslində elə ən çoxu buna görə ailə həyatı qurmamışdı. Bu xarakterli insan bəlkə peşəsinin daim ölümlə üz-üzə olmasını nəzərə alaraq "tənha" olmağa üstünlük vermişdi.

 

Elçin çox mərd, mərhəmətli, ciddi olmaqla yanaşı çox da zarafatcıl idi. Saf qəlbli, çox qorxmaz oğul idi. Ailəsi ilə yanaşı əsgərlərinin qayğısına yüksək səviyyədə qalırdı. Onları öz qardaşı, yaxını kimi əzizləyir, qoruyurdu. Bir sözlə əvəzsiz şəxsiyyət idi Elçin Mansurov. Onun ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad etməklə yanaşı kursant yoldaşı dostu, şəhid Fərid Əhmədovun qisasını almaq, sonunda da şəhid olmaq, dostu ilə qovuşmaq idi. Amma əlinə elə fürsət düşmürdü. O da düşmənə olan nifrətini günü-gündən alovlandırırdı. Hər gün dostunu yadına salar, onunla xatirələrini canlandırar, göz yaşlarına hakim ola bilmirdi. Nəhayət qisas günü gəlib çatdı. 27 sentyabr II Qarabağ savaşı-Vətən Müharibəsi ya ali Baş Komandanın adlandırdığı kimi "Dəmir Yumruq Əməliyyatı" Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən gərgin, əvvəlkilərdən fərqli olaraq uzunmüddətli ağır döyüş başlayır. Fizuli istiqamətində qızğın döyüşlərin ilk getdiyi gün, təxminən saat 09:30-da Elçin Mansurov rəhbərlik etdiyi qrup üzvləri ilə hücuma keçirlər. Elçin komandanlıq etdiyi heyət ilə birlikdə, təxminən 45 dəqiqə ərzində düşmənin strateji əhəmiyyətli bir neçə postunu ələ keçirir. Elçin sonra təkbaşına düşmən postunu yarıb içərisində zabitlər olmaqla ən azı 25 erməni hərbçisini məhv edir. Bu müddət ərzində qorxmaz kəşfiyyatçımız bir dəfə yaralanır, buna baxmayaraq o yenə döyüşə davam edir. Döyüş yoldaşları Elçin haqqında deyir ki, filmlərdə gördüyümüz o döyüş səhnələri yalan idi, Elçin pələng kimi vuruşurdu. Yaralı ikən o döyüş meydanından 12 yaralı əsgəri xilas etməyi bacarır. Amma bir az sonra özü yenidən düşmən snayperinin hədəfinə tuş gəlir. Təəsüf ki, bu dəfə Azəırbaycan Silahlı Qüvvələrinin mayoru Elçin Mansurov "Buğra dərəsi" adlanan ərazidə şəhadət şərbətini dadaraq ölümün ən ali zirvəsi olan şəhidlik zirvəsinə yüksəlir. O həm dostu Fərid Əhmədovun qisasını alaraq tapdaq altında qalan torpaqlarımızın geri alınmasında böyük rol oynayır.

 

Elçin düşmən üçün daim ələkeçməz qəhrəman olmuşdur. İgid kəşfiyyatçımızın başı üçün düşmən mükafat təsis etmişdi. Lakin bu arzu müharibə başlayana qədər onlar üçün mümkünsüz olmuşdur.

 

Mayor Mansurov Elçin 27 setyabr 2020-ci ildə Fizuli isiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Onun cənazəsi ilk atəşkəs günü -10 oktyabrda döyüş meydanından çıxarılaraq ailəsinə təhvil verildi. Qəhrəmanımız 11 oktyabrda Bakı şəhərindəki II Fəxri xiyabanda böyük izdihamla dəfn edilmişdir. Qələbəmizi görmək qisməti olmayan "Tənha canavar" şəhərin ən hündür yerində digər qəhrəman yoldaşları ilə birlikdə uyuyaraq hər gün yüzlərlə ziyarətçisini qəbul edir.

 

Mayor Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, "Vətən Uğrunda", "Fizulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Azərbaycanın kiçik rayonlarından biri hesab edilən Yardımlının iki Qarabağ qəhrəmanı var. İkisiMansurov soyadlıdır. Biri rayonun Telavar kəndindən, I Qarabağ savaşının qəhrəmanı─Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurov, digəri isə Kürəkçi kəndindən II Qarabağ savaşının qəhrəmanı ─ Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurov. Bu da taleyin qəribə uzlaşdırmalarından biri! Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

 

ZAHİR MƏLİKLİ

 

Xalq Cəbhəsi.- 2021.- 26 yanvar.- S.8.