Vətənə bağlı oğul

 

Şanlı tariximizin unudulmaz səhifəsinə çevrilən 44 günlük Vətən Müharibəsinin qəhrəmanlıq salnaməsində Mahnigar Hacızadənin xüsusi yeri var. Astara rayonu, Vənəşikəş kəndində boya-başa çatan bu vətən sevdalı igid 30 il erməni dığalarının işğalında qalan Qarabağın azad edilməsində göstərdiyi hünərlə örnək ola biləcək ad qoyub. Torpaq uğrunda mərdliklə vuruşan Mahnigarın fədakarlığı, cəsarəti Astara sakinlərində böyük qürur hissi oyadıb. İndi hamı burada ona əsl oğul məhəbbəti bəsləyir, hörmətini həmişə, hər yerdə uca tuturlar.

Vətənə, torpağa məhəbbətli, doğma yurduna sədaqətli, dağ vüqarlı, dağ qürurlu, ürəyi saf oğul olan Mahnigar 2015-ci ildə orta məktəbi bitirəndə el-oba onun parlaq gələcəyinə ümid bəsləyirdi. Qisa müddətdə nəcib həyat amalı, xeyirxah məqsədlərə can atması, sağlam əqidəsi bu yeniyetməni insanların gözündə ucaldır. Vətəninə, xalqına bağlı olan Mahigar həqiqi hərbi xidmətə dərin etimad qazanmış ləyaqətli bir övlad kimi yola düşür. Hərbi hissədə nümunəvi xidmət göstərir, əsgər və zabitlər arasında nüfuz sahibi olur. Vətən sevgisindən yoldaşları özlərinə pay götürürlər. Mahnigar hər an əlinə silah alıb döyüş meydanında düşməni əzmək istəyir...

Mahnigar 2017-ci ildə alnıaçıq, üzüağ ordu sıralardan tərxis olunur. Bakıda tikinti şirkətində işləyir. Halal əməyi, nəcib arzuları, yüksək mədəniyyəti ilə tanınır. Xalqına fayda vermək, məqamında adamlara gərək olmaq əsas amalına dönür. Hər cür rahatlığı olsa da, əsir Qarabağın taleyi ilə barışa bilmir, ürəyində düşmənə qarşı çoxdan yaranmış kini, nifrəti azalmır. Sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlananda Mahnigar da bur çox Vətən oğulları kimi könüllü cəbhəyə yollanır. Xocavəndə qanlı döyüşlərə qatılır. Öz silahıyla 12 gün sözün əsl mənasında işğalçılara qan uddurur, işğal altındakı Vətən torpaqlarını azad görmək eşqi ilə igidlik, mərdlik göstərir.

İgid əsgər bir qayda olaraq haqq savaşına qisas hissi ilə başlayır, qorxu bilmədən mərdliklə vuruşur, şəhid və qazi olmağı özünə ən böyük şərəf sayır. Vətənin yaşaması üçün canından keçməyə hazır olur. Doğma Azərbaycana mənsub olan torpağın qürurunu hər şeydən üstün tutur. Azərbaycana ürəkdən bağlılığı onu çox ölümdən qoruyur. Bu ilahi sevgi daha yaxşı döyüşmək üçün sanki Mahnigara yeni güc verir. Oktyabrın 7-də ağır müharibə meydanında, işğalçıları qıra-qıra irəli getdiyi vaxtda düşmən mərmisi onun yanında partlayır. İgid döyüşçü qəlpələrdən ağır xəsarət alır. Ağcabədi xəstəxanasında özünə gəlir.

İndinin özündə də Mahnigarın gözündə, qollarında, hər iki ayağında yüzə yaxın qəlpə qalır. Sağ ayağı dizdən aşağı hərəkətsizdir. Bütün bu ağrılar onun qəlbində olan Vətən sevgisini azaltmır. Vətənin bu xoşbəxt günlərinə ürəkdən sevinir, keçdiyi döyüş yolundan, Azərbaycan xalqının zəfərindən qürur duyur. Axı, Vətən, torpaq naminə qazanılan tarixi zəfərdə onun payı da çoxdur. Eşq olsun belə mərd oğullara.

Axırda onu da bildirim ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilənlər arasında qazi Mahnigar Hacızadə də var.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq Cəbhəsi.- 2021.- 26 yanvar.- S.5.