Azərbaycan Demokratik Cümhuriyyətini ilk tanıyan Osmanlı dövləti olmuşdur

 

1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasındakı münasibətlərin öyrənilməsi çağımız üçün olduqca gərəklidir. Hər şeydən öncə bu, iki qardaş xalqın bəşəri örnək ölçüsündə bir-birinə münasibətini göstərir. Habelə o dövrdə - I Dünya müharibəsinin gedişində qanla-qırğınlarla “yenilənən” dünyanın hüquqi prinsipləri bayraq etməsinə baxmayaraq açıq şəkildə qəsbkarlığını davam etdirməsi gedişində xalqımızın haqqını sübut etmək, varlığını təsdiq yönündə ciddi addımlar atdığının şahidi oluruq.

Azərbaycan Demokratik Cümhuriyyətinin qurulma ərəfəsində ölkəmizin ərazisində və ətrafda baş verən hadisələr araşdırıldıqca yeni-yeni faktlar ortaya çıxır. Bu gedişdə Osmanlı imperiyasını çökdürmək istəyən güclər, habelə eyni zamanda Azərbaycanla bağlı da mənfur istəklərini gerçəkləşdirməyə çalışırdılar. Bu prosesdə işə həmişəki kimi erməni vəhşiliyi, qəsbkarlığı yarayırdı. Tarixi faktların təhlili göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət yönündə qurulması və təsdiqi ardıcıl haqqını sübut etdiyi qanlı savaşların gedişində gerçəkləşib. 23 aylıq dönəmdə Cümhuriyyətin gerçəkdən savaşsız geçən bir günü olmayıb. Cümhuriyyətin çökdürülməsi üçün bir-birinin ardınca qanlı ssenarilər yaradılırdı. Bu dəhşətli zamanda türk qardaşlarımızın Cümhuriyyətimizə hərtərəfli yardımı tarixi faktlara söykənir.

Tarixçi Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” adlı əsərində bildirilir ki, 28 may 1918-ci ildə Qarakilsə yaxınlığında erməni ordusu qəti olaraq məğlub edilmişdi. Qarsdan çəkilən erməni birlikləri digərləri ilə birləşərək bir neçə yerdə mövqe tutmuşdular. Onlar əsasən Gümrü, Ahalkələk, Sərdarabad və İrəvan məntəqələrində toplanmışdılar. Faktiki olaraq, Osmanlı birlikləri ilə erməni orduları arasında o qədər də məsafə yox idi. Osmanlı ordusunun istənilən vaxt ermənilərə qarşı hücuma keçmək imkanı vardı. Türk orduları Arpaçayın şərqinə keçməyə başladıqda ermənilərlə qarşılaşacaqdılar. Türk komandanlığı ilk vaxtlar Batum konfransındakı müzakirələrin gedişinin gözlənilməsini lazım bilmişdi. Batum konfransında Transqafqaz hökumətinin nümayəndələri Osmanlı dövlətinin tələblərinin qəbul edilməsinə etiraz etmiş olardılarsa, ermənilərə təzyiq göstərmək nəzərdə tutulmuşdu. Osmanlı ordularının ermənilərə qarşı hərəkətini zəruri edən amillərdən biriQars məğlubiyyətindən sonra onlara yeni ordu qurulmasına imkan verməmək idi.

Başqa bir amilİranda erməni-ingilis əlaqələri və işbirliyi ilə əlaqədar idi. Mənbələrə görə, türk səlahiyyətlilərinə ermənilərin ingilislərlə bu işbirliyinin ağır nəticələr verə biləcəyi aydın idi. Bunun qarşısını almaq üçün türklər Gümrü-Culfa dəmiryolunu ələ keçirməyi, Təbriz ətrafına hərbi qüvvə toplamağı da planlaşdırmışdılar.

İngilislər Transqafqaza bağlı bölgələrdə yaranmış ağır vəziyyətdən istifadə etməyə çalışırdılar. Bununla əlaqədar olaraq, ingilislər İrandan Bakı istiqamətində hərəkət etməyə hazırlaşırdılar. Buna görə də 14 may 1918-ci il tarixində Batumdakı Osmanlı heyəti İrana ingilislərə qarşı ordu göndərmək üçün Transqafqaz hökumətindən Gümrü-Culfa yolundan keçməyə icazə verməsini istədi. Transqafqaz hökumətinə bildirilirdi ki, onların ərazisində olduqları zaman orduya qarşı silah işlədilməzsə, yerli əhaliyə toxunulmayacaqdır. Ermənilərin təsiri ilə Transqafqaz hökuməti bu istəyə razılıq vermədi. Lakin Transqafqaz Seymində olan Azərbaycan nümayəndələri də fəaliyyətsiz deyildilər. Ermənilərə qarşı olaraq onlar da öz növbələrində Bakı Xalq Komissarları Sovetinin qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Transqafqaz ərazisinə keçməsinə razılıq verilməsini tələb edirdilər.

Belə olduqda Yaqub Şevki Paşanın komandanlığı altında türk ordusu hücuma başladı. Türk ordularının qarşısında piyadasüvari olaraq 6000 nəfərlik erməni qüvvələri var idi. Türk ordularının hücumunu dayandıra bilməyən erməni qüvvələri geri çəkildilər. 1-ci Qafqaz ordusu Gümrü-Culfa, 5-ci Qafqaz diviziyası isə Gümrü-Tiflis yolunu nəzarət altına ala bildi. Mayın 15-də 2-ci Ovcu taburu Gümrüyə daxil olaraq şəhərin nəzarətini və idarəsini ələ aldı. Gümrü məntəqəsindən 7000-ə yaxın erməni-rus qüvvələri Şərqə, Qarakilsə tərəflərə çəkilməyi başladılar.

Türk ordusunun uğurlu hücumu erməni birliklərinin komandanı, general Nazarbekovu türk tərəfin tələblərini qəbul etməyə məcbur etdi. O, türk ordularının Gümrü-Culfa dəmiryolu boyunca Təbriz və Bakı istiqamətində hərəkət etmək haqqında tələblərini qəbul etməli oldu. Bunlarla yanaşı, türk ordusunun bir hissəsi şosse yolu ilə Tiflis istiqamətində hərəkət etməyə başladı. Mürsəl Paşanın başçılıq etdiyi Avropa standartlı” 5-ci diviziya 1918-ci il iyunun əvvəllərində Gəncəyə gəldi. Ənvər Paşa Azərbaycan hərəkatına Nuru Paşanı komandir təyin etmişdi ki, o da dəstəsi ilə Gəncəyə yerləşdi.

H.Sadıqov qeyd edir ki, Batum müzakirələrində Osmanlı dövləti ilə Azərbaycan arasındakı yaxınlıq artmışdı. Azərbaycan Osmanlı dövləti ilə bir sıra gizli müqavilələr də imzalamışdı. Osmanlı dövləti ilə Azərbaycan arasında imzalanmış müqavilənin 4-cü maddəsinə görə Azərbaycan hökuməti ölkə daxilində təhlükəsizliyi saxlamaq üçün Türkiyədən əsgəri kömək almaq hüququna sahib idi. Bu müqaviləni dəyərləndirən T.Svyatoxovskidostluq termini Osmanlı-Azərbaycanlı müqaviləsi üçün istifadə edilə bilərdi” yazır. Bundan başqa, Osmanlılar Azərbaycan torpaqlarının hamısını qorumaqla qalmır, müqavilənin 4-ci maddəsinə görə, sülh və təhlükəsizliyin qorunması üçün əsgəri köməklik göstərməyi də vəd edirdi. Burada nəzərdə tutulan məqsəd Dağlıq Qarabağ bölgəsində fəal olan erməniləri məğlub etmək və Bakıdakı vəziyyətin yaxşılaşdırılması idi. Osmanlı dövlətinin Azərbaycanla imzaladığı müqavilələri bir çox müəlliflər az qala bərabərtərəfli müqavilələrin nümunəsi hesab edirlər.

Əslində gerçək tarix bundan ibarətdir ki, Azərbaycan Demokratik Cümhuriyyətini ilk tanıyan Osmanlı dövləti olmuşdu. Birinci dünya müharibəsinin sonlarına doğru Osmanlının sərhədlərini qoruya bilmədiyi, ardıcıl olaraq böyük torpaq sahələri itirdiyi halda, onun Qafqaz istiqamətində fəallaşmasını Turan imperatorluğunun bir parçasını yaratmaq kimi dəyərləndirirlər. Bu, Avropanın Osmanlı imperatorluğuna ənənəvi baxışının yeni forması və mərhələsi idi. “Batum anlaşmasının 4-cü maddəsinə görə, “məmləkətin təhlükəsizliyi və asayişi tələb edərsə, Azərbaycan Cümhuriyyəti Türkiyədən hərbi kömək istəyə bilər”.

Azərbaycan nümayəndələrini çox halda bununla əlaqədar günahlandırırdılar ki, onların platforması türk nümayəndə heyətinin tələblərinə yaxın idi.

Gürcü və erməni mənbələrindən faydalanan T.Svyataxovski göstərirdi: “Transqafqaz heyətindəki azərbaycanlı nümayəndələr Xəlil bəyin təklifini qəbul edib, bir dəfə də ortaq cəbhəni pozdular”. Guya türklərin ermənilərə qarşı uğurlarının məqsədi azərbaycanlıların çoxluq yaratmaq təşəbbüsündən ibarət idi. Əslində o zaman azərbaycanlı çoxluğu hər yerdə var idi. Osmanlı dövlətinin məqsədi çoxluğu yaratmaq deyildi, bölgədəki azərbaycanlı çoxluğun ermənilər tərəfindən qırılmasının qarşısını almaq idi. Bundan başqa, ermənilər azərbaycanlıları ya qırır, ya da bölgəni tərk etdirərək erməni çoxluğu yaratmağa çalışırdılar. Gürcü və erməni nümayəndələr alman təmsilçilərdən dəstək almağa çalışdıqları kimi, eyni şəkildə Hacınski və Rəsulzadənin də osmanlılarla gizli əlaqələr qurduqları bilinirdi. Azərbaycan Milli Şurasının üzvləri və Batumdakı nümayəndə heyətinin üzvləri Transqafqaz Seymindəki mübahisələrlə yanaşı, alman və türklər arasında olan gərginliyin də artdığının fərqində idilər.

Almaniya Osmanlı dövlətinin Qafqaz istiqamətində irəliləməsinə fərqli şəkildə baxırdı. Almanlar bir tərəfdən gürcülərlə razılaşdıqlarından, digər tərəfdən də Rusiya ilə olan razılaşmalara görə Osmanlı dövlətinin Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhədlərin xaricində yeni ərazilər əldə etməsini qəbul etmək istəmirdi. Almaniya bir çox halda Osmanlı dövlətinin Qafqaz istiqamətində irəliləməsindən doğan narahatlığını onunla əlaqələndirirdi ki, onlar müttəfiqdirlər. Onların müttəfiqlik müqavilələrinin qüvvəsi davam edirdi. Almaniyaya görə, Osmanlı dövlətinin irəliləməsinin nəticəsində Rusiya ilə Osmanlı dövləti arasındakı münasibətlər pozulardı ki, bu da təbii olaraq onun Birinci dünya müharibəsində müttəfiqi olan Almaniyanı da asanlıqla içinə ala bilərdi. Guya almanlar Osmanlı dövləti ilə Rusiya arasında bu kimi qarşıdurmaların baş verməsini arzulamırdılar. Məsələnin bu şəkildə qoyulması vəziyyəti tam əhatə etmirdi. Bu, Almaniyanın Qafqaz zəminində olan siyasətini ört-basdır etmək, bu kimi iddialarla onun irəliləyişinə mane olmaq idi. Almaniyanın Rusiya və Osmanlının Transqafqaz zəminindəki münasibətlərində dövlət mənfəətləri var idi. Almaniya üçün stratejiiqtisadi cəhətdən Transqafqaz da, Şimali Qafqaz da çox əhəmiyyətli olduğundan, o bölgələrdə nüfuzunu artırmağa çalışırdı. Almaniya Transqafqazda olan xam maddələrə, xüsusən neft məhsullarına olan ehtiyacını ödəmək üçün Moskvada Xalq Komissarları Soveti ilə bu istiqamətdə müzakirələr aparırdı.

O zaman Almaniya Bakı nefti ilə əlaqədar olaraq bolşevik Rusiyasına yaxınlaşmaq meylində idi. Moskvadakı alman böyük elçisi Kont Mirbax Sovet Xarici İşlər komissarı Çiçerinlə bu mövzu ilə əlaqədar müzakirələr aparırdı. Bu müzakirələr sırasında Çiçerin bolşeviklərin də Batum konfransında iştirak etməsini istəyirdi. Ancaq burada Çiçerin başqa bir məsələni - Rusiya ilə Transqafqaz hökuməti arasındakı münasibətləri də açıqlayırdı. Ona görə Rusiya XKS-nin nümayəndəsinin Batum konfransında iştirak etməsi Rusiyanın Transqafqaz hökumətini tanıması mənasında başa düşülməməlidir. O zaman Çiçerinlə Mirbax arasında olan müzakirələr əsaslı bir qərarın alınması ilə nəticələnməmişdi. Ancaq bu müzakirələr gələcəkdə, 28 avqust 1918-ci ildə Türkiyə və Azərbaycana qarşı alman-sovet müqaviləsinin başlanğıcı sayıla bilərdi…

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 28 yanvar.- S.13.