Ərzaq idxalında artım və bahalaşma
Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi aktullaşıb. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Müharibənin davam edəcəyi təqdirdə gələn payız-qış mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir. Bu baxımdan Azərbaycan da gələn qışa indidən hazırlaşmalıdır.
2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1,153 milyard manat təşkil edib ki, onun da 1 milyard 85,3 milyon manatı heyvandarlıq, 67,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları isə 14,4 faiz artıb. Bu artım meyilləri müsbət haldır. Bununla belə, daxili istehsalın artması kənd təsərrüfatı və ərzaq məhsullarının qiymət artımının qarşısını ala bilmir. Çünki idxaldan asılıyıq və idxal qiymətləri yüksəlməkdə davam edir. Ümid yalnız yay mövsümünün gəlişi ilə yerli kənd təsərrüfatı məhsullarının ucuzlaşmasınadır.
İdxalda da artım müşahidə edilir. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2022-ci ilin yanvar-fevral aylarında buğda idxalı 6,8 dəfə, bitki yağları 1,8 dəfə, təzə meyvə 15,5 faiz, xam şəkər 34,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 40,7 faiz, unlu qənnadı məmulatları 22,0 faiz, kartof 10,9 faiz, quş əti və onun əlavə məhsulları 48,5 faiz, minik avtomobilləri 20,0 faiz, polad prokatı 32,6 faiz, rezin şinlər 1,6 faiz, sintetik yuyucu vasitələr 8,9 faiz, avtobuslar 2,3 dəfə, polietilen 50,6 faiz, mebellər 1,6 dəfə, məişət kondisionerləri 4,2 dəfə, qara metallardan künclüklər 1,6 dəfə, polipropilen 19,8 faiz artıb. Şokolad və şokolad məhsulları idxalı isə 8,5 faiz, çay 9,1 faiz, təzə tərəvəz 39,2 faiz, mal əti 44,0 faiz, siqaretlər 73,8 faiz, dərman vasitələri 8,9 faiz, qara metallardan borular 4,2 faiz, hesablama maşınları, blok və qurğuları 15,2 faiz, qara metallardan çubuqlar 16,8 faiz, yük avtomobilləri 12,7 faiz, paltaryuyan maşınlar 3,5 faiz, mineral gübrələr 84,4 faiz, məişət soyuducuları 31,0 faiz, sement 17,9 faiz azalmışdır.
2022-ci ilin yanvar-fevral aylarında hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 91 ölkəyə məhsul ixrac olunmuş, 130 ölkədən idxal olunmuşdur. 2022-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 7794,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5822,0 milyon dollarını və ya 74,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 1972,5 milyon dollarını (25,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3849,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artmışdır. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Türkiyə, 15,2 faizi Çin, 14,3 faizi Rusiya, 7,9 faizi Qazaxıstan, 4,5 faizi Almaniya, hər biri 3,8 faiz olmaqla İran və Ukrayna, 2,5 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Norveç, 1,9 faizi Koreya, hər biri 1,7 faiz olmaqla Yaponiya və Birləşmiş Krallıq, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Fransa və İndoneziya, hər biri 1,1 faiz olmaqla Rumıniya və Türkmənistan, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Hazırda ölkədə yaz-tarla işləri aparılır və cari ilin yanvar-mart aylarında 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 17,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,2 min hektarı dən üçün qarğıdalı), 29,1 min hektar sahədə kartof, 24,6 min hektar sahədə tərəvəz, 4,4 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,7 min hektar sahədə dən üçün günəbaxan, 36,1 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.
Bu il artıq Azərbaycan iqtisadiyyatında artım meyilləri müşahidə olunur. 2022-ci ilin yanvar-mart aylarında ölkədə 30 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artmışdır. ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub.
2022-ci il dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verəcək. Rəsmi statistikaya əsasən 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz artıb. 2022-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır.
Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2021-ci ildə 10 illik maksimuma çatıb. 2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Göründüyü ki, pandemiya dünya bazarında bahalaşmaya səbəb ola biləcək arzu olunmaz şərait yaradıb. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir. Bəzi hallarda süni qiymət artımlarına rast gəlinir ki, buna imkan vermək olmaz. Hər halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini gücləndirdiyini deyir.
Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 ha ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7%-i qədərdir. Bunun 76,827 hektarını taxıl (ölkə üzrə 14,3%-i), 8165 ha pambıq (ölkə üzrə 2,7%-i), 1889 ha tütün (ölkə üzrə 11,6%-i), 774 ha kartof (ölkə üzrə 3,3%-i), 955 ha tərəvəz (ölkə üzrə 2,3%-i), 410 ha bostan (ölkə üzrə 5,3%-i), 2435 ha meyvə və giləmeyvə (ölkə üzrə 1,8%-i), 48359 ha üzüm (ölkə üzrə 24,7%-i) sahələri təşkil edirdi.
Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. Post-konflikt rayonlarda ildə ortalama 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2022.- 21 aprel.-
S.12.