Dünya azərbaycanlıları Şuşada bir araya gəldi

 

Şuşa mədəni ənənələrini bərpa edir. Ölkəmizin mədəniyyət paytaxtında yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq, xəyal deyil. Aprelin 22-də Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bu əzəmətli tədbirin Şuşa şəhərində keçirilməsi tarixi bir hadisə kimi yadda qaldı. Ulu Öndərin davamçıları Dünya Azərbaycanlılarının V Qurultayını Azərbaycanın mədəniyyət paytaxtında keçirdilər. Qurultayın adı «Zəfər qurultayı»dır və bu, təbiidir. Çünki, tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlir, qurultay keçirir. Ötən qurultaylardan fərqli olaraq, dəvətlilər bu dəfə qalib xalqın nümayəndələri kimi məhz, Şuşa şəhərində bir araya gəldilər. Şuşada iki gün ərzində keçirilən tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən diaspor nümayəndəsi qatılmışdı. Göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan olub. Qurultayda Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan, həm dünya azərbaycanlılarına, həm, ermənilərə, həm də, illər boyunca işğala havadarlıq edən qüvvələrə önəmli mesajlar çatdırılıb.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan torpaqları və bu torpaqlarda yaşayan soydaşlarımız, tarix boyu erməni təcavüzkarlarının təzyiqlərinə, məkirli siyasətinə və insanlıq əleyhinə yönəlmiş amansız cinayət əməllərinə məruz qalıb. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və nəticədə Qələbə qazanıb. Məhz, ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı düşüncələrini bölüşən, millət vəkili hesab edir ki, həmyerlilərimiz öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, sözün hər mənasında çox yaxşı olar.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə aprelin 22-də Şuşada – Azərbaycanın və bütün Türk dünyasının paytaxtında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil olmaqla yanaşı, tariximizdə yeni bir səhifə açdı. Bu həm diasporumuzun qarşısında yeni bir səhifə açan qurultay hesab olunur, həm də bütövlükdə xalqımızın gələcək taleyinin “yol xəritəsi”ni cızan ümummilli bir tədbir kimi olduqca əhəmiyyətlidir: “44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra ilk dəfə keçirilən Zəfər qurultayı hər bir azərbaycanlı üçün, o cümlədən rəhbərlik etdiyim Milli Həmrəylik Partiyasının üzvləri üçün də qürurverici hadisədir. Qurultayın adı da olduqca uğurlu seçilib. Baxın, necə də möhtəşəm səslənir - Zəfər qurultayı!

Zəfər Qurultayı dünya azərbaycanlılarının, xaricdəki diaspor təşkilatlarının qarşısında mühüm vəzifələr qoydu. Bu yeni vəzifələr, böyük hədəflər dünya azərbaycanlılarının fəaliyyətində sözün yaxşı mənasında köklü dəyişikliklərə gətirib çıxaracaq. Bundan sonra dünya azərbaycanlıları öz fəaliyyətlərini tamamilə fərqli bir anlayışla, yeni konsepsiya ilə, qalib dövlətin təmsilçiləri və təbliğatçıları kimi təşkil etməlidir.

Bu baxımdan, biz bu gün əminliklə deyə bilərik ki, diaspor təşkilatlarımızın fəaliyyətində artıq yeni bir mərhələ başlayır. Bu mərhələnin əsas istiqamət və konturları Prezident İlham Əliyevun Zəfər Qurultayındakı çıxışında bəyan edildi, açıqlandı. Ona görə də dövlət başçısının bu çıxışı diaspor təşkilatlarımız üçün proqram xarakterli çıxış hesab edilməlidir”.

İlham Əliyev qurultaydakı çıxışında həm son 200 il ərzində ermənilərin torpaqlarımıza köçürülməsi ilə başlanan faciələrimizə və işğal tarixinə ekskurs etdi və Zəfərə gətirib çıxaran yola, Azərbaycan xalqının və ordumuzun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa toxundu, həm də diasporumuzun ötən illər ərzində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə münasibət bildirdi, yüksək qiymət verdi.

Eyni zamanda postmünaqişə dövrünün yeni reallıqlarında diasporumuzun fəaliyyəti üçün prioritet istiqamətlər açıqlandı. Dövlət başçısı bildirdi ki, bundan sonra əsas hədəfimiz Zəfərimizin ortaya çıxardığı yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Bu, yaranmış yeni şəraitdə Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir. Bunun üçün diaspor təşkilatlarımız artıq əvvəlkindən ikiqat artıq səylə çalışmalıdır: “Ümumiyyətlə, Şuşada keçirilən Zəfər qurultayı strateji hədəflərimizin müəyyən olunduğu qurultay kimi yadda qaldı. Bu qurultayda dövlət başçımız torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda apardığımız mübarizənin yekunlarını bir daha hamımızın diqqətinə çatdırdı və eyni zamanda yeni dövrün, yeni mərhələnin başlandığını bəyan etdi. Dünyadakı fəal həmvətənlərimizin dövlət başçımızla əziz Şuşamızda bir araya gəlib Zəfərimizi birlikdə qeyd etməsi gerçəkdən də tarixi hadisədir”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev isə Zəfər qurultayı ilə bağlı açıqlamasında bildirib ki, V Qurultaydan sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar.

Nizami Verdiyevin fikirincə, V Qurultayın bu il Şuşada keçirilməsinin siyasi əhəmiyyəti var:

“Şuşa mədəniyyət paytaxtı kimi tanınır. Şuşa Zəfər qurultayı və Şuşa bəyannaməsindən sonra həm də siyasi mərkəzə çevrilir. Bununla da reqionun sabitliyinə təkan verəcək”.

“Bəzi diaspor təşkilatların fəaliyyətində həmişə narazı olmuşuq. Məlum məsələdir ki, erməni diaspor təşkilatları yüz illərdir ki, fəaliyyət göstəriblər. Bizdən fərqli olaraq Ermənistan dövlətindən dəstək almayıblar. Əksinə, Ermənistanı daimə dəstəkləyiblər. Bizim isə diaspor təşkilatların yaranması heç otuz il eləmir. Amma buna baxmayaraq onlara dövlət dəstəyi var. Bu dəstəyi səmərəli istifadə etmək lazımdır, öz şəxsi maraqları kənara qoymaq lazımdır”- Nizami Verdiyev qeyd etdi.

Onun sözlərinə qörə, Vətən müharibəsindən sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar:

“Hesab edirəm ki, V Qurultaydan sonra, diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar. Vətən müharibəsi dövründə azərbaycanlılar həmrəyliyini bütün dünyaya göstərdilər. Müharibə bitib, amma indi informasiya müharibəsi dövrüdür. Bu informasiya müharibəsində diaspor təşkilatlarımız ön “cəbhə” xəttindədirlər və öz işlərində möhkəm olmalıdırlar”.

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayınin iştirakçısı, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov deyib ki, belə bir tədbirdə, tarixi hadisədə iştirak etmək, Şuşanı azad görmək bizə qürur verir. Bu anı bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

O, bildirib ki, ötən qurultayda cənab Prezidentimiz qarşımızda Yol xəritəsi qoymuşdu: "Əsas hədəfimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və yaşadığımız ölkədə təbliğatımızı qurmaq idi. Budəfəki qurulyatda da cənab Prezidentimiz artıq çıxışında müharibədən sonra daha nələrə nail olmağımızla bağlı qarşımıza yeni Yol xəritəsi qoydu - ölkəmizin gələcək inkişafına töhfələr vermək, Azərbaycan dilini və mədəniyyətini yaşadığımız ölkədə təbliğ etmək, eyni zamanda yaşadığımız ölkənin dilini bilmək. Əsas məsələ öz vətənimizi yaşadığımız ölkədə yüksək səviyyədə tələb etməkdir. Artıq müharibə sona yetib, Azərbaycan müzəffər bir xalqdır, biz də bu xalqın nümayəndələriyik. Hər keçirdiyimiz tədbirlərdə Allaha dualar edirdik ki, işğalda olan torpaqlarımızı azad edək, doğma torpaqlarımıza qovuşaq və mötəbər tədbirlərimiz oralarda keçirək".

S.Nəsirov onu da vurğulayıb ki, Prezidentimizin müdrik siyasəti, Ordumuzun gücü ilə bu gün biz buna nail olduq: "Bu qurultayın Şuşada keçirilməsi də Prezidentimizin təşəbbüsüdür. Dünyada yaşayan, fəaliyyət göstərən bir çox diaspora təşkilat rəsmiləri Şuşaya toplandı və biz burada fikir, təcrübə mübadiləsi apardıq, vətənimizin təbliğatı ilə bağlı öz təcrübələrimizi bölüşdük. Şuşa şəhəri təkcə Azərbaycanın deyil, gələn ildən türk dövlətlərinin mədəniyyət paytaxtı olacaq. Şuşa bizim birliyimizin vəhdətimizin rəmzidir. Biz hamımız yaxşı bilirik ki, güc birlikdədir. Biz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək Şuşanı işğaldan azad etdik. Bundan sonra da hər zaman bir olmalıyıq. Birliyimiz, həmrəyliyimiz ölkəmizin güclənməsi, inkişafı deməkdir. Güclü Azərbaycanın xaricdə güclü diasporunu qurmaq, həqiqətlərimizi təbliğ etmək borcumuzdur".

Xatırladaq ki, Zəfər Qurultayının bağlanış mərasimində iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilib ki, Qurultayın Şuşada keçirilməsi ciddi ictimai-siyasi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Ordusunun «Dəmir yumruq» əməliyyatının incəlikləri dünyanın müxtəlif hərbi mərkəzləri tərəfindən öyrənilməkdədir. Bağlanış mərasiminin sonunda Zəfər Qurultayı iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP), eləcə də, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri və Qurultayın qətnaməsi qəbul edilib.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 28 aprel.- S.9.