Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili

 

"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"

 

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyiniyeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib HüseynovXalq Cəbhəsi”nə bildirib ki, uşaqdan tutmuş böyüklərimizə, ağsaqqal və ağbirçəklərimizə qədər - bizim hər birimiz bu dilin daşıyıcıları və keşikçiləriyik. Biz ana dilimizi, ana dilimiz isə bizi yaşadır. Ona görə də ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir, bizi qoruyan sipərimizdir: “Bizim varlığımız ana dilimizdən asılı olduğu qədər, ana dilinin də varlığı bizim onu nə dərəcədə qorumağımızdan, dilimizə qayğı ilə yanaşmağımızdan asılıdır. Biz həm şifahi nitqimizdə, həm də yazılı mətnlərimizdə ana dilinin təmizliyinin qayğısına qalmalı, dilimizin gözəlliklərini hər kəsə nümayiş etdirməyi bacarmalıyıq. Dilimizin saflığını qorumaq, onu inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcumuzdur”.

Ə.Hüseynov onu da deyib ki, xalqımız öz folkloru ilə, ədəbi yaradıcılığı ilə ana dilimizi qədim zamanlardan bu günümüzə qədər yaşadıb, bugünkü nəsillərə çox gözəl bir miras qoyub. Sevindirici haldır ki, Azərbaycan dili indi sadəcə toplumun gündəlik ünsiyyət vasitəsi yox, həmçinin müstəqil dövlətimizin rəsmi dilidir. Əvvəllər ədib və şairlərimiz, aşıqlarımız, dastançılarımız tərəfindən ayaqda tutulan, yaşadılan ana dilimiz indi də dövlətimiz tərəfindən qorunur: “Belə ki, artıq uzun illərdir ki, avqustun 1-i Azərbaycan dili və əlifbası Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Elə həmin Fərmanın əsasında da ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin avqustunda bütövlükdə təmin edilib. Bu addım müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində olduqca mühüm hadisədir.

Ancaq milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının və zənginliyinin qorunması təkcə dövlətdən asılı deyil. Hər birimiz ana dilimizin qorunması və inkişafı naminə, dilimizin övladlarımıza və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi naminə səylə çalışmalıyıq. Çünki ana dilimiz milli birliyimizi, həmrəyliyimizi qoruyan başlıca ünsiyyət vasitəsidir.

Biz elə etməliyik ki, harda yaşamağımızdan asılı olmayaraq övladlarımız ana dilimizi sevsinlər, gənclərimiz bu dildə bizdən daha yaxşı danışsınlar. Dilimizin Türk dünyasının ən fəal, aparıcı dillərindən birinə çevrilməsi də əsas vəzifələrimizdən biri olmalıdır. Bir sözlə, dilimizin yayılma və istefadə arealının genişlənməsi üçün hər şeyi etməliyik. Bu bizim müqəddəs borcumuzdur!”

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ana dilinin inkişafı Ümummilli Liderin hərtərəfli fəaliyyətində başlıca yeri tutmuşdur. Məhz Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafı və dövlət dilinə çevrilməsi istiqamətində genişmiqyaslı işlər görmüşdür.

Ümummilli lider Heydər Əliyev:"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur."

Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov isə bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyaninkişaf etdirən ən mühüm vasitədir. Dil millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Dil insanların sosial tələblərini ödəmək, qazanılmış naliyyətləri möhkəmləndirmək və başqalarına çatdırmaqda əvəzsiz vasitədir: “Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili statusu almasında ölkəmizin ümümmilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məlum olduğu kimi, Heydər Əliyev dövlət dili sahəsində tədbirlər həyata keçirilməsinə ölkəyə hakimiyyətə gəldiyi ilk günlərdən başlayıb. Azərbaycan ədəbi və danışıq dilini, onun qrammatik imkanlarını dərindən bilən, zəngin lüğət tərkibi ilə yaxşı tanış olan ulu öndər ən yüksək səviyyələrdə keçirilən müşavirələrdə, dövlət tədbirlərində təmiz ana dilində parlaq çıxışları ilə xalqın böyük sevgisini qazanıb. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərib.

Ulu öndər həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verib.

Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə edib. Ulu öndər belə deyib: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur." Bu gün də Cənab prezidentimiz İlham Əliyev Ulu öndərin dilimizin inkişafı, qorunub saxlanılması, saflığı istiqamətində apardığı siyasətini layiqli şəkildə davam etdirir”.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 4 avqust.- S.13.