Təbiətimizi qorumaq ümummilli məsələdir

 

Avqustun 15-dən meşə yanğınları Azərbaycanı yenidən cənginə alıb. Quba, Şabran, Siyəzən, Qusar, Xaçmaz rayonlarının dağlıq ərazilərindəki meşə sahələrində yanğınlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılsa da, yanğın hadisənin baş vermə səbəbləri havanın istiquraq keçməsi, əbiət qoynunda istirahət edən turistlərin ehtiyatsız davranmasıdır:

"Biz əhaliyə xəbərdarlıq etmişdik ki, qızmar yay günlərində meşələrdə yanğın təhlükəsi artır. Ona görə meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bəzən söndürülməmiş siqaret kötüklərini ətrafa atır, yanğına rəvac verirlər. Meşədə dincələn insankar odla ehtiyatlı davranmalıdırlar".

İ.İbrahimova deyir ki, meşə yanğınları meşə ətrafındakı kəndlərin sakinləri, onların təsərrüfatları üçün də təhlükə yaradır: "Ona görə də, taxıl sahələri biçildikdən sonra yandırılması ilə mübarizədə kənd sakinləri fəal olmaldırlar. Biçilən sahələrin yandırılması yanğınların baş verməsinə səbəb olur".

Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilib.

Yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilib. FHN bildirib ki, Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilib.

Belə ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edib. Bundan əlavə yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub. Fərdi yaşayış evləri də yanıb, yüzlərlə iri və xırdabuynuzlu heyvanlar məhv olub...

Qeyd edək ki, bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, bitkilərin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Torpaqlarımızın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti vardır.

Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun xüsusən isti yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir.

Meşələrdə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadanya meşədə və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, yemək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğın törədir.

Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşələrə sürtkü yağı, benzin, neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.

Meşələrdə yanacaqsürtkü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir.

Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır.

Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Tonqal qalamaq üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır.

Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, çox təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə bildirib ki, meşələrin yandırılması həm də ekoloji maarifləndirmənin yetərsiz olmasından qaynaqlanır: "Meşələri yandırmağa cəhd göstərənləri bu cür şər əməldən çəkindirmək üçün mütləq maarifləndirmə işləri aparmaq lazımdır. Belələrinə başa salınmalıdır ki, sənin və sənin övladlarının, əzizlərinin sağlam yaşamı ilk növbədə təbiətdən, meşələrin mövcudluğundan asılıdır.

Şəhərlərimizdə parklar, yaşıllıqlar, kənd yerlərində isə bağ-bağatlar, meşələr olmasa ölkə quraqlığa təslim olar. Meşələri məhv edən cahillər bilməlidirlər ki, meşələr bizim " ciyərlər"imiz sayılır. Çünki meşələr külək, nəmişlik, yağış və oksigen bolluğu yaratmaqla ətraf mühiti biz insanlar üçün yaşanılır hala gətirir və eyni zamanda bizi bir çox xəstəliklərdən qoruyur.

Ağacları kəsən, meşələri yandıran hər bir təbiət "terrorçu"suna bax bu adi həqiqətləri izah etmək, başa salmaq lazımdır. Başa düşmək istəməyənlər, meşələrimizə qənim kəsilənlər isə qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır. Bir sözlə, meşə yanğınlarını önləmək üçün maarifləndirmə və cəzalandırma işlərini paralel aparmalıyıq.

Son günlər ölkəmizin bir sıra rayonlarında baş verən meşə yanğınları onu göstərir ki, meşələri qorumaq ümummilli məsələdir, hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Millətimizin sağlam gələcəyini təmin etmək üçün təbiətimizi, meşələrimizi qorumaq işində milli birlik nümayiş etdirməliyik".

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 25 avqust.- S.9.