Varlığından qürur duyduğum alim...
Elə alimlər
var ki, xidmətlərindən
xəbərsiz olduğumuzdan,
onların haqqında heç bir məlumatımız olmur,
sanki kölgədə
qalırlar. Bunun da səbəbi yəqin ki, “sehirli güzgüdə” tez-tez görünməməkdir…
Deyir ki;- “Dilimiz
üzərində çox
böyük oyunlar gedir. Bunların içərisində müasir türk dilindən “varvarizm” modeli ilə gələn axını qeyd etmək istəyirəm. Azərbaycan dili
türk dilləri içərisində tarixi-mədəni
baxımdan ən mükəmməl dillərdən
biridir. Onun üzərində cürbəcür eksperimentlərin
aparılmasını, xüsusilə
son dövrdə baş
verən orfoqrafiya oyunlarını qəti qəbul etmirəm. Dilçilərimiz sözlər, şəkilçilər,
hərflər üzərində
oynayarkən dilimizin sabitliyini pozur, onu özünün təbii-stxial məhvərindən
uzaqlaşdırırlar. Tez-tez həyata keçirilən
orfoqrafiya “islahatları”
hətta ən yaxın nəsillər arasında orfoqrafik sədlər qurur. Dil necə varsa – eləcə də qalmalıdır. Axı biz əlifba
islahatlarının faciələrini
yaşamış xalqıq.
Burada bir məsələni də unutmaq olmaz. Sanki unuduruq ki, Azərbaycan
adlanan xalq yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ibarətdir.
Cənubi Azərbaycanda yaşayan
və özünü
günü bu gün də türk adlandıran xalqı sanki unutmuşuq. Ona görə
də dil məsələlərində yalnız
Şimali Azərbaycanın
maraqlarına uyğun
hərəkət etməməliyik.
Bizim Vahid Azərbaycan Türkcəmiz
var və atdığımız addımlar
ona görə olmalıdır...”
Qəlbitəmiz, mərd, ürəyiyumşaq
adamdır. Paxıllıq, gözügötürməməzlik
ona yaddır. Başqaları haqqında danışarkən,
yalnız müsbət
xüsusiyyətlərini dilə
gətirir. Özünə güvənməyi bacarır.
Əzmkar və zəhmətkeşdir.
Məhz bu xüsusiyyətlərinin hesabına
adi bir kənd
uşağından böyük
bir alimə çevrilə bilib...
Haqqında söhbət açdığım
alim AMEA-nın Folklor İnstitutunda Mifologiya şöbəsinin
müdiri Seyfəddin Rzasoydur. O, 1961-ci ildə Biləsuvar
rayonunun Bəydili kəndində dünyaya gəlib. Orta təhsilə orada
yiyələnib. 1986-cı
ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universi bitirərək bir müddət müəllim
işləyib. 1996-cı
ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır.
1997-ci ildə filologiya elmləri namizədi, 2013-cü ildə
isə filologiya elmlər doktoru alimlik dərəcələrinə
yiyələnib. 2010-cu
ildə dosent, 2019-cu ildə isə professor elmi adlarını alıb. Folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı
17 kitabın, 300-ə yaxın
elmi məqalənin müəllifidir...
“Dünyada bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, “qloballaşma” adlanan proses gedir. Vurğulamaq
istərdim ki, bu proses ona
hansı dairələrin
necə yanaşmasından
asılı olmayaraq, həm də ilahi-dialektik hadisədir. “Vahiddən yaranan
dünya, yenə də sonda vahidə
müncər olunacaqdır”.
Yəni zorla, ya xoşla,
millətlərin, xalqların
dillərin, mədəniyyətlərin
arasında qovuşma gedir. Kimisi bu prosesdə
yalnız iqtisadi maraqların, kimisə milli maraqların dərdini çəkir.
Dünya
elə bir “oykumen”, yəni evdir ki, biz hamımız
bu evin içərisindəyik.
Ona görə də evdəki atmosfer eyni zamanda bizə
də təsir etməkdədir. Belə hesab
edirəm ki, Azərbaycanı “qapamaqla”,
biz qlobalaşmanın mənfi
təsirlərindən yaxa
qurtara bilməyəcəyik.
Əksinə, ciddi bir
model-proqram çərçivəsində
dünyaya açılmaq,
qloballaşma prosesinə
ağıllı şəkildə
qoşulmaq və ondan istifadə etmək lazımdır.
Kütləvi informasiya vasitələrinin
bu sahədə çox böyük rolu var. Biz radio-televiziyalarda,
sosial şəbəkələrdə
gedən antimilli təzahürlərə qarşı
ictimai müqavimət
təşkil etməli,
bir xalq kimi gücümüzü
göstərməliyik. Bu məsələdə heç kəs yaxasını qırağa
çəkməməlidir. Dilimizə, mədəniyyətimizə və
bütövlükdə milli
kimliyimizə qarşı
aramsız hücumlar göz qabağındadır.
Birincisi,
bunu demək, bəyan etmək, mahiyyətini xalqa izah etmək lazımdır. İkincisi, reallıq
deyilən bir fakt var. Ölkədə dilimizə və mədəniyyətimizə yad
gözlə baxan çoxsaylı insanlar yaşayır. Etiraf edək
ki, bu gün
Azərbaycan dilində
təhsilin perspektivinə
inanmayanlar böyük
bir kütləni təşkil edir. Rusdilli təhsilə maraq kütləvi xarakter alıb. Bunun, təbii ki,
səbəbləri var. İnsana
yaşamaq instinkti xasdır. O, nə yolla olursa-olsun yaşamaq istəyir. Ona xoş həyat ana dilində təmin olunacaqsa, ana dilində oxuyacaq, yox, digər dillərdə olacaqsa, həmin dillərə meyllənəcək.
Bu baxımdan, səsimizi qaldırmalı,
buna qarşı bir millət olaraq mövqeyimizi ortaya qoymalıyıq.
Şəxsi mövqeyimə görə,
Azərbaycanda rus dilində dövlət məktəbləri olmamalıdır.
Rus dili dövlət məktəbərində xarici
dil statusunda tədris edilməlidir.
İmperiyanın dili dövlət
vəsaiti hesabına öyrədilməməlidir. Lakin ingilis dili ilə
bağlı olduğu
kimi, rus dilində də xüsusi məktəblərə
maneçilik yaradılmamalıdır.
Çünki bizə bu dilləri bilən mütəxəssislər də
lazımdır.”- söyləyir.
Onun ən müsbət xüsusiyyətlərindən
biri də vicdanlı və dürüst olmasıdır. Davamlı olaraq
öyrənməyə, yeniliklər
kəşf etməyə
həvəslidir. Qürurludur, bu xüsusiyyəti bəlkə də kiməsə eqoist kimi görünür, amma inanın ki, daxilən çox sadə və insanpərvərdir.
Yəni ilk növbədə
nəzərə çarpan
məğrur görkəmi,
özünüçəkmək kimi deyil, xarakterik
müsbət xüsusiyyət
kimi qəbul olunmalıdır...
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayeva
onun haqqında belə düşünür:- “Professor Seyfəddin Rzasoy Azərbaycan folklorşünaslığının sovet metodoloji stereotiplərindən təmizlənməsi,
milli folklorşünaslıq
elmimizin dünya sosial-antropoloji fikir dövriyyəsinə daxil
edilməsi, Oğuz mifoloji düşüncə
sistemi və milli kimlik arxetplərinin
struktur-semiotik metodla tədqiqi sahəsində xüsusi xidmətləri olan alimdir. O, “Dədə Qorqud” kitabının ritual-mifoloji
strukturunun bərpasının,
dünya Qorqudşünalığına
yeni baxış sisteminin gətirilməsinin,
dastanın yeni tapılmış əlyazmasının
(“Kitabi-Türkman lisani”)
özünün yaratdığı
transmediativ metodla araşdırılması, çağdaş
milli ictimai şüurda epik-mifoloji düşüncə modellərinin
rekonstuksiyası, habelə
NİZAMİ yaradıcılığının
etnik kimlik və milli düşüncə
kodu kimi tədqiqi və b. sahələrdə fundamental əsərlərin
müəllifidir!”
İdeal liderdir. Başçılıq etdiyi kollektivdə
həm bir insan və həm
də bir rəhbər kimi sevilir. O, ruhlandırmaq
lazım gələni,
öz enerjisi ilə ruhlandırır. Həyatı
diqqətlə müşahidə
etmək qbiliyyəti
var. Öz enerjisini idarə etməyi bacarır. Boş yerə vaxt
itirməyi sevmir, bütün işlərdə
dəqiqliyi xoşlayır.
Kimdənsə minnət
götürməyi, kiminsə
yanında başıaşağı
olmağı, zəif
adam təsiri
bağışlamağı xoşlamır. Yalan danışmaqdan uzaqdır
və eşitdiyi yalanı tez hiss edir, lakin zamanı
çatana qədər
susur. Bu səbəbdən
də onunla səmimi və ehtiyatla davranmaq lazımdır...
Bəli,
haqqında danışdığım
Seyfəddin Rzasoy öz sahəsində böyük xidmətləri
olan tədqiqatçı
alimlərdən biridir…
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2022.- 15 dekabr.-
S.15.