Dünya qlobal ərzaq böhranı yaşayır

 

19 ölkə 23 növ ərzağın ixracına qadağalar tətbiq edib

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) son hesabatına görə, ÜTT-yə üzv dövlətlər artan sürətlə ticarət məhdudiyyətləri tətbiq edirlər - 2009-cu ildən bəri ilk dəfə olaraq, ixrac məhdudiyyətləri ÜTT Ticarət Monitorinqinin nəzərdən keçirilməsi dövründə idxal məhdudiyyətlərini üstələyib. Ukraynada müharibə başlayandan sonra ölkələr tərəfindən qida və ərzaq ticarəti ilə bağlı siyasət dəyişib. Qlobal ərzaq böhranı kəskinləşir, xüsusən də daxili təklifi artırmaq və qiymətləri azaltmaq məqsədi ilə ölkələr tərəfindən ərzaq ticarətinə qoyulan məhdudiyyətlərin sayının artması ilə bu sahədəki durum da pisləşir. Dekabrın 12-nə olan məlumata görə, 19 ölkə 23 ərzaq ixracına qadağa tətbiq edib, səkkiz ölkə isə ixracı məhdudlaşdıran 12 tədbir həyata keçirib.

Yüksək ərzaq qiymətləri milyonlarla insanı ifrat yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana gətirib çıxarıb. Dünya Bankının hesabatına görə, COVID-19 pandemiyası qlobal yoxsulluğun azaldılmasında böyük uğursuzluğa səbəb olub. İndi iqlim şokları və münaqişələr nəticəsində qidaenerji qiymətlərinin artması prosesi gedir. FAO-WFP hesabatına görə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən və təcili yardıma ehtiyacı olan insanların sayının 53 ölkə və ərazidə 222 milyon insana çatacağı gözlənilir.

BVF sənədinə görə , ərzaq və gübrə idxal qiymətlərinin yüksək olmasından ən çox təsirlənən 48 ölkədə həssas ailələrə kömək etmək üçün əlavə xərclərə 5-7 milyard dollar lazımdır. Kəskin ərzaq təhlükəsizliyinə son qoymaq üçün əlavə 50 milyard dollar tələb olunur.

Ümümdünya Ticarət Təşkilatının beynəlxalq ticarət mühitindəki inkişafa dair illik icmalı göstərir ki, COVID-19 pandemiyası, Ukraynadakı müharibə və ərzaq təhlükəsizliyi böhranı ilə kəskinləşən iqtisadi qeyri-müəyyənlik kontekstində ticarət məhdudiyyətləri artır. Dekabrın 6-da Ticarət Siyasətinə Nəzarət Qurumunun iclasında təqdim edilən son ÜTT Ticarət Monitorinqi Hesabatına əsasən, ÜTT üzvləri xüsusilə qida, yem və gübrələrə artan sürətlə məhdudiyyətlər tətbiq edirlər. Qüvvədə olan idxal məhdudiyyətlərinin vaxtı da artırılır.

ÜTT-nin Baş Direktoru Nqozi Okonjo-İveala ÜTT üzvlərini qlobal iqtisadi mənzərənin pisləşməsinə daha da töhfə verə biləcək ticarəti məhdudlaşdıran yeni tədbirlərdən, xüsusən də ixrac məhdudiyyətlərindən çəkinməyə, bazarları açıq və proqnozlaşdırıla bilən vəziyyətdə saxlamaq üçün əməkdaşlığa çağırıb: “Üzvlər getdikcə daha çox yeni ticarət məhdudiyyətlərini, xüsusən də ixrac tərəfində, əvvəlcə pandemiya kontekstində, sonra isə Ukraynadakı müharibə və ərzaq təhlükəsizliyi böhranı kontekstində tətbiq etdilər. Bu ixrac məhdudiyyətlərinin bəziləri aradan qaldırılsa da, bir çoxları hələ də davam edir.

Fevralın sonunda müharibə başlayandan bəri tətbiq edilən ərzaq, yem və gübrələrə dair 78 ixrac məhdudlaşdırıcı tədbirdən 58-i hələ də qüvvədədir və təxminən 56,6 milyard ABŞ dolları həcmində ticarəti əhatə edir. Oktyabrın ortalarından etibarən bu rəqəmlər artıb ki, bu da narahatlıq doğurmalıdır. Bir neçə həftə əvvəl İndoneziyada keçirilən sammitdə G20 liderlərinə dediyim kimi, bu ixrac məhdudiyyətlərinin aradan qaldırılması qiymət artımlarını və dəyişkənliyi azaltmaq və malların təcili ehtiyac duyulan yerə axmasına imkan vermək üçün əsasdır".

2021-ci il oktyabrın ortalarından 2022-ci il oktyabrın ortalarına qədər hesabatın nəzərdən keçirildiyi dövr ərzində ÜTT üzvləri mallar (pandemiya ilə əlaqəli olmayan) üzrə ticarəti məhdudlaşdıran (214) tədbirdən daha çox ticarəti asanlaşdıran (376) tədbirlər tətbiq ediblər. Ticarəti asanlaşdıran tədbirlər 2012-ci ildən bəri ən yüksək həddə çatıb. Məhdudiyyətlərin əksəriyyəti ixrac tərəfində, asanlaşdırmanın böyük hissəsi idxal tərəfində baş verib. 2009-cu ildə monitorinqin başlanmasından bəri ilk dəfə olaraq ixrac məhdudiyyətlərinin sayı idxal məhdudiyyətlərini üstələyib.

Ticarəti asanlaşdıran tədbirlərin ticarət əhatəsi 1,160,5 milyard ABŞ dolları, ticarəti məhdudlaşdıran tədbirlərin əhatə dairəsi isə 278,0 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Qüvvədə olan idxal məhdudiyyətlərinin ehtiyatı da artmaqda davam edir. 2022-ci il oktyabrın ortalarına qədər qlobal idxalın 9%-dən çoxu 2009-cu ildən tətbiq edilən və hələ də qüvvədə olan idxal məhdudiyyətlərinin təsirinə məruz qalmaqda davam edir.

2020-ci ildə ən yüksək zirvəyə (ayda 36,1 təşəbbüs) çatdıqdan sonra nəzərdən keçirilən dövr ərzində (ayda 10,9 təşəbbüs, 2012-ci ildən bəri ən aşağı göstərici) ticarət vasitələri ilə bağlı araşdırmaların təşəbbüsləri kəskin şəkildə azalıb. Bu tədbirlər bir çox üzvlər üçün mühüm ticarət siyasəti aləti olaraq qalır və qeyd olunan mallar üzrə COVID-19 ilə əlaqəli olmayan bütün ticarət tədbirlərinin 37,4%-ni təşkil edir. Antidempinq təşəbbüslərin başlaması və dayandırılması baxımından ən çox tədbiq edilən ticarət tədbiridir.

COVID-19 ilə bağlı yeni ticarət tədbirlərinin həyata keçirilməsi son 12 ayda ləngiyib, 45 belə tədbir mallar, dördü isə xidmətlər üzrə qeydə alınıb. ÜTT üzvləri tərəfindən verilən əlavə məlumat əsasən mövcud tədbirlərin dayandırılması və ya digərlərinin düzəlişlərindən ibarət olub. Pandemiyanın sosialiqtisadi təsirlərini yumşaltmaq üçün ÜTT üzvləri və müşahidəçilər tərəfindən COVID-19 ilə bağlı yeni dəstək tədbirlərinin sayı kəskin şəkildə azalıb.

Pandemiyanın baş verdiyi vaxtdan bəri mallar sahəsində COVID-19 ilə bağlı 443 ticarət və ticarətlə bağlı tədbir tətbiq edilib. Əksəriyyəti ticarəti asanlaşdıran (246 və ya 56%), qalanları isə ticarəti məhdudlaşdıran (197 və ya 44%) olub. Baxış dövründə üzvlər pandemiya ilə əlaqəli ölçüləri, xüsusən də məhdudlaşdırıcıları mərhələli şəkildə ləğv etməyə davam edirlər.

ÜTT-nin 2022-ci il oktyabrın ortalarına olan məlumatına görə, COVID-19-la bağlı ticarət məhdudiyyətlərinin 79,2%-i ləğv edilib, 27 ixrac məhdudiyyəti və 14 idxal məhdudiyyəti qüvvədə qalıb. Pandemiya ilə əlaqəli ticarət məhdudiyyətlərinin sayı hələ də azalsa da, onların ticarət əhatəsi 134,6 milyard ABŞ dolları səviyyəsindədir. Pandemiyanın başlanmasından bəri, COVID-19 böhranına cavab olaraq həyata keçirilən ticarət və ticarətlə bağlı tədbirlərin ardıcıl xüsusiyyəti inkişaf edən vəziyyəti əks etdirmək üçün bu cür tədbirlərin tez-tez dəyişdirilməsi, düzəlişləri və tədricən geri qaytarılması olmuşdur.

2022 Qlobal Aclıq İndeksi göstərir ki, üst-üstə düşən böhranlar qida sistemlərinin zəifliyini üzə çıxarıb və aclığa qarşı qlobal tərəqqi son illərdə əsasən durğunlaşıb. Hesabata görə, davam edən regional münaqişələr, iqlim dəyişikliyi, COVID-19, Ukraynadakı müharibə, tədarük zəncirinin pozulması, yüksək və dəyişkən qida, gübrə və yanacaq qiymətləri dünyanın onsuz da qeyri-adekvat, dayanıqlı olmayan qida sistemlərini kəskin şəkildə zəiflədib. Nəticədə dünya son iyirmi ildən az müddətdə üçüncü qlobal ərzaq böhranı yaşayır. İndeksdə ən yüksək bal toplayan regionlar Cənubi Asiya Sub-Sahara Afrikadır.

Kənd Təsərrüfatı Bazarı İnformasiya Sisteminin (AMIS) 2022-ci ilin dekabr ayı üzrə bazar araşdırmalarına görə, Argentina üçüncü il ardıcıl olaraq uzun sürən quraqlıqla üzləşib. Nəticədə buğda istehsalı perspektivləri ötən illə müqayisədə kəskin şəkildə aşağı düşüb. Bunun əksinə olaraq, Avstraliyada anormal yağışlar səbəbindən buğdanın məhsuldarlığı orta göstəricidən daha yüksək olub. Düyü üçün Cənub-Şərqi Asiyada rütubətli mövsümdə düyü yığımı şimal ölkələrində ən yüksək həddə çatır, İndoneziya isə quru mövsümdə düyü yığımını yekunlaşdırır. Araşdırmalar həmçinin göstərir ki, spekulyasiya nəticəsində yaranan qiymət dəyişkənliyi xüsusilə aşağı gəlirli ölkələr üçün ərzaq təhlükəsizliyi risklərini artıra bilər.

Onu da qeyd edək ki, yerli ərzaq qiymətlərinin inflyasiyası bütün dünyada yüksək olaraq qalır. 2022-ci ilin avqust-noyabr ayları arasındakı məlumatlar, demək olar ki, bütün aşağı orta gəlirli ölkələrdə yüksək inflyasiyanın olduğunu göstərir. Aşağı gəlirli ölkələrin 88,2%-i, aşağı-orta gəlirli ölkələrin 90,7%-i yuxarı-orta gəlirli ölkələrin 93%-i inflyasiya səviyyəsini 5%-dən yuxarı görüb, bir çoxu ikirəqəmli inflyasiya dövrünü yaşayır. Ərzaq qiymətləri inflyasiyası yüksək olan yüksək gəlirli ölkələrin payı 81,8%-ə yüksəlib. Ən çox təsirlənən ölkələr Afrika, Şimali Amerika, Latın Amerikası, Cənubi Asiya, Avropa Mərkəzi Asiya ölkələridir. Yeri gəlmişkən, rəsmi statistikaya əsasən 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycnda infilyasiya 14%-ə yaxın, yəni ikirəqəmli olub. O cümlədən ərzaq məhsulları 9,5 faiz, qeyri-ərzaq məhsulları 8,3 faiz bahalaşıb. Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin noyabr ayına nisbətən, yəno son 1 ildə 15,1 faiz artıb...

 

Mahir Həmzəoğlu

Xalq Cəbhəsi.- 2022.- 22 dekabr.- S.12.