Ukrayanın Rusiya ilə
sərhəd bölgələrində vəziyyət gərginləşir
Putinin ölkədən kənarda hərbi
gücün tətbiq edilməsinə dair müraciəti Qərb ölkələri
ilə Ukrayna ətrafında
yaranmış gərginliyi daha da artırıb
Moskva Ukraynanın Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindəki iki bölgəsini müstəqil ölkə kimi rəsmən tanıdığını elan etdikdən sonra da Rusiya-Ukrayna sərhədində gərginlik davam edir. Getdikcə dərinləşən bu münaqişədə tərəflər bir-birini zorakılığa səbəb olmaqda ittiham edir.
“Amerikanın Səsi” yazır ki, Ukraynanın Rusiya ilə sərhədi yaxınlığında yerləşən kiçik Novoluqansk şəhərinə bomba hücumundan sonra əsgərlər və jurnalistlər sığınacaqlara qaçmalı olub. Ukrayna rəsmiləri son günlər Ukraynanın hökumətinin nəzarətində olan ərazilər və Rusiyanın dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazilər arasında “təmas xəttinə” yaxın yerlərdə zorakılığın kəskin şəkildə artdığını bildirib. Ruslar və ukraynalılar bir-birini beynəlxalq atəşkəs razılaşmalarına məhəl qoymamaqda ittiham edir. Briqada generalı Mixail Drapatıy: “Son 24 saat ərzində bu ərazidə hərbi hissəmizin heç bir dəstəsinə hücum edilməyib”.
Rusiya sülhün şərti olaraq Ukraynanın NATO-ya üzvlüyünə həmişəlik qadağa qoyulması tələbini bir daha təkrarlayıb. Vladimir Putin: "Rusiya Ukraynanın NATO-ya daxil olması təhlükəsi ilə üzləşərsə, ölkəmiz üçün təhlükə əhəmiyyətli dərəcədə artacaq. Çünki NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsində deyilir ki, NATO ölkələrinin hansınasa hücum olarsa, üzv tərəflərin hamısı hücum olan tərəfdə döyüşməlidir".
Dünya liderləri diplomatik həll yollarının hələ də mümkün ola biləcəyini deməkdə davam etsə də, son həftələr böhranı həll etmək cəhdləri uğursuzluqla nəticələnib və NATO Rusiyanın tələblərini yerinə yetirməkdən dəfələrlə imtina edib. Novoluqanskda bir çox bina və müəssisələr illərdir tərk edilib. Burada qalanlar üçün isə ara-sıra zorakılıqlar normaya çevrilib. Ukraynanın hərbi rəsmiləri son günlər atəşkəs rejiminin pozulması hallarının nəzərəçarpacaq dərəcədə artdığını bildirir. Belə ki, 3 ay əvvəl bir gün ərzində atəşkəs 5 dəfə pozulurdusa, fevralın 19-dan bəri gündə 98 dəfə pozulub. Bununla belə, sakinlərin əksəriyyəti bundan əvvəl sakit olsalar da, hazırda qarşıdan gələn günlər və həftələr üçün narahatdır.
Buradakı ailələrin çoxu rus dilində danışır və onların sərhədin o biri tərəfində yaşayan qohumları var. 2014-cü ildən bəri burada ticarət və səyahət çətinləşib, yerli bizneslər təxminən 50 faiz azalıb. Viktoria Kozaçiya: “Rusiyadan insanlar gələndə bütün mağazalarda daha çox mal satırdı. İndi mal çox azdır. Bundan əlavə, bir çox insanın Rusiyada qohumları var ki, onlara baş çəkə bilmirlər. Çox kədərlidir”.
Bu qatar stansiyası əvvəllər Rusiyaya və oradan gündə 30 sərnişin qatarı qəbul edirdi. İndi sərhəddən ancaq yük qatarları keçir.
Yerli sakinlər deyirlər ki, bu qəsəbədə yaşayan ailələr də çox vaxt Rusiya ilə Ukrayna tərəfdarları arasında bölünür. Lakin bu sərhəd bölgəsi müharibənin astanasında olduğundan bir çoxları sülh və təhlükəsizliyə ehtiyacın onları birləşdirdiyini deyir.
Onu da qeyd edək ki, Rusiya parlamentinin yuxarı palatası prezident Vladimir Putinin ölkədən kənarda hərbi gücün tətbiq edilməsinə dair müraciətinin təmin edilməsinə yekdilliklə səs verməsi Qərb ölkələri ilə Ukrayna ətrafında yaranmış gərginliyi daha da artırır.
Putin fevralın 22-də Federasiya Şurasına məktub göndərərək, Rusiyanın dəstəklədiyi separatçıların müstəqilliklərinin tanınmasından bir gün sonra Ukraynanın şərqində onların nəzarətində olan bölgələrə hərbi qüvvələrin yerləşdirilməsini rəsmiləşdirməyi istəyib.
"Silahlı qüvvələrin xaricdə istifadəsinə icazə verməklə, onların sülhməramlı qüvvələr - (Ukraynanın şərqində özünü müstəqil elan etmiş)respublikalarda sülh və sabitliyi qorumaq üçün nəzərdə tutulmuş qüvvələr olacağından çıxış edirik", səsvermədən əvvəl yuxarı palatanın spikeri Valentina Matvienko bildirib.
Putin bir gün əvvəl demişdi ki, Ukrayna NATO-ya üzv olmaq ambisiyasından əl çəksə və Qərb ölkələri bu ölkəyə silah göndərişini dayandırsa, mövcud böhran bitə bilər. Mətbuat konfransında danışan Putin həmçinin Ukraynanın şərqində münaqişəyə son qoymaq məqsədi daşıyan Minsk razılaşması kimi tanınan Ukrayna sülh sazişinin “artıq mövcud olmadığını” deyib və Kyivi onu məhv etməkdə ittiham edib.
Hazırda Ukrayna ordusu təmas xəttinin onun tərəfindəki ərazinin təxminən üçdə ikisinə, o cümlədən Azov dənizinin mühüm limanı olan Mariopola nəzarət edir. Hər iki vilayətin paytaxtı Donetsk və Luqansk da daxil olmaqla, ərazinin qalan üçdə biri isə separatçıların nəzarətindədir.
Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə planını dayandırmayıb.
“Hər şey Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu planlaşdırmağa davam etdiyini göstərir. Biz Rusiyanı geri çəkilməyə çağırmağa davam edirik...hücum etməmək üçün heç vaxt gec deyil” - deyə, Stoltenberq bildirib.
Ağ Ev isə Rusiya qoşunlarının Ukraynanın şərqinə yerləşdirilməsini “işğal” adlandıraraq, ABŞ-ın Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməsi ilə nəticələnəcək qırmızı xəttin keçdiyinə diqqət çəkib.
“Biz hesab edirik ki, bu, bəli hərbi müdaxilənin başlanğıcıdır, Rusiyanın Ukraynaya yeni müdaxiləsidir. Hərbi təcavüz hər bir halda təcavüzdür və hazırda davam edən də məhz budur", Milli təhlükəsizlik müşavirinin baş müavini Con Finer bildirib.
Cavid
Xalq Cəbhəsi.- 2022.- 24 fevral.-
S. 10.