Azərbaycanın geostrateji
mövqeyi özünə diqqət cəlb
edir
Siyasilər Azərbaycanla Ruasiya
arasında imzalanan müttəfiqlik bəyənnaməsinin
əhəmiyyətindən danışıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşü, mətbuata verdikləri mühüm və əhəmiyyətli açıqlamalar və tərəflər arasında ölkələrin müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi deməkdir. Bu görüş iki ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır. İmzalanan sənəd, verilən açıqlamalar müxtəlif aspektlərdən yanaşılır.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə bildirib ki, bəziləri bu bəyannaməyə görə narahat olduqlarını dilə gətirirlər. Ukrayna ətrafında gərgin proseslərin baş verdiyi bir dönəmdə bizim Rusiya ilə belə bir müttəfiqlik sənədi imzalamağımıza ehtiyac olmadığını deyənlər də var. Hətta elələri də var ki, onlar bu yeni bəyannamənin qardaş Türkiyə ilə ötən ilin yayında imzalanmış Şuşa Bəyannaməsiə alternativ olduğunu düşünürlər. Lakin bütün bunlar yanlış fikirlərdir. Biz bu məsələləri bir-birinə qarışdırmamalıyıq: “Əvvəla onu qeyd edim ki, Prezident İlham Əliyevin Moskvaya səfəri və Rusiya ilə müttəfiqlik haqda bəyannamənin imzalanması məsələsi birdən-birə, ekspromt şəkildə ortaya çıxmayıb. 40-a qədər bəndin yer aldığı belə bir önəmli, strateji sənədin hazırlanması və imzalanmasının planlaşdırılması bir günün işi deyil və təsadüfi xarakter daşımır. Bu sənədin üzərində hər iki tərəfin işçi qrupları uzun müddət iş aparıb. Ona görə də bu səfərin və bu bəyannamənin Azərbaycan və Rusiya prezidentlərinin protokolunda daha öncədən planlaşdırıldığı şəksizdir. Mən bunu mübahisələndirməyi, bu barədə polemika açmağı lüzumsuz, yersiz hesab edirəm”.
Azərbaycan-Ukrayna, Azərbaycan-Rusiya münasibətləri arasında paralellər aparmaq da tamamilə yanlış mövqedir. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanması heç bir halda Ukraynanın əleyhinə yönələ bilməz. Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətləri var. Hər iki ölkə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edirik: “Bu əməkdaşlığımız hər iki ölkə ilə bundan sonra da davam edəcək. Və eyni zamanda biz hər bir postsovet ölkəsi kimi Ukraynanın da suverenliyini tanıyırıq, onun ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Rusiya ilə müttəfiqliyimiz heç bir halda üçüncü ölkənin əleyhinə yönələ bilməz. Çünki biz müstəqil ölkəyik. Müstəqil siyasət yürütməyimizdən heç bir halda vaz keçmirik və keçmərik. Biz hər hansı bir ölkə ilə digər ölkənin və ya ölkələrin ziddinə, zərərinə işbirliyi qurmur, addımlar atmırıq. Həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanmasına Azərbaycanın özünün müstəqilliyinə qarşı təhdid kimi yanaşmaq da tamamilə əsassızdır. Azərbaycan öz müstəqil, suveren xarici siyasətini bundan sonra da əvəlki prinsipiallıqla davam etdirəcək. Rusiya da, Azərbaycan da qarşılıqlı şəkildə bir-birinin mövqeyinə, kursuna hörmətlə yanaşmağa davam edəcək, tərəflərdən biri digərinin müstəqil sityasət yürütmək hüququna maneçilik törətməyə çalışmayacaq. Əgər Şuşa Bəyannaməsi bizim müstəqilliyimizi zərrə qədər də azaltmayıbsa, deməli, Rusiya ilə müttəfiqlik sənədi də müstəqilliyimizin hər hansı formada məhdudlaşdırılmasına şərait yaratmayacaq. Odur ki, belə bir bəyannamənin imzalanmasına görə narahatlıq keçirməyə əsas görmürəm. Biz balanslı xarici siyasət kursumuzu bundan sonra da davam etdirəcəyik. Hesab edirəm ki, hazırkı kritik situasiyada bu ən düzgün, rasional mövqedir”.
MHP sədri bilirib ki, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin qardaş Türkiyə ilə münasibətlərimizə xələl gətirəcəyini düşünənlər də yanılırlar. İki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmağı nəzərdə tutan bu bəyannamə 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”nin alternativi deyil. Bu bəyannamələrin biri digərini inkar etmir. Azərbaycanın Türkiyə ilə ayrı münasibətləri, Rusiya ilə də bir ayrı münasibətləri var: “Biz Türkiyə ilə təbii müttəıfiqik. Bu münasibətlərimiz alternativsizdir. Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərini heç bir ölkə ilə strateji müttəfiqlik münasibətləri əvəzləyə bilməz. Odur ki, Rusiya ilə müttəfiqlik haqqında bəyannamədən kimsə əndişələnməsin, narahat olmasın: “Bu bəyannaməyə sadəcə çevik siyasət nümunəsi kimi baxmaq lazımdır. Biz bölgədəki və dünyadakı mövcud geosiyasi vəziyyəti, siyasi reallıqları nəzərə alaraq belə bir addımı atırıq. Bu da ilk növbədə Azərbaycanın öz maraq və mənafelərinə xidmət edir. Onsuz da iki ölkə arasında əvvəllər də tərəfdaşlıq münasibətləri vardı. Sözügedən bəyannamə isə bu münasibətləri daha da sistemli hala gətirəcək və qarşılıqlı əməkdaşlıq, müttəfiqlik münasibətlərimizdə tam aydınlıq yaradacaq. Şuşa Bəyannaməsindən sonra Rusiya ilə müttəfiqlik barəsində sənədin imzalanması Azərbaycana iki ən böyük qonşu ölkə ilə müttəfiqlik sayəsində öz təhlükəsizliyini maksimum etibarlı zəmanət altına almasına imkan verir. Odur ki, Moskva bəyannaməsi ilə Şuşa Bəyannaməsinə bir-birinə zidd olan sənədlər kimi yox, bir-birinin davamı kimi baxmağımızda fayda var. Bəyannamənin imzalanmasından sonra Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası hesab edilən hissəsində separatçı, terrorçu qüvvələrlə bağlı yığılıb qalmış bir sıra məsələlər də tezliklə öz müsbət həllini tapacaq. Bir sözlə, 40-a qədər bəndin yer aldığı bu sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir”.
Politoloq Elxan Şükürlü də iki ölkə lideri arasında keçirilən görüş və imzalanan bəyənnaçənin böyük əhəmiyyət daşıdığını deyib.
O, qeyd edib ki, keçmişi bilmək, öyrənmək və ondan mütləq nəticə çıxarmaq gərəkdir, ancaq heç vaxt keçmişin girovuna da çevrilməməlisən. Bu, siyasətdə və dövlətlərarası münasibətdə xüsusilə vacibdir. Çünki keçmişin əsiri olmaq inkişafdan, tərəqqidən saxlayar, gələcəyə yürüyüə bilməzsən! Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər iki ölkənin gələcək münasibətlərinin daha sağlam və bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi üçün gərəkli sənəddir və 44 günlük Qarabağ savaşından sonra bölgədə yaranmış yeni geopolitik reallıqların diktəsindən qaynaqlanır: “Bu reallıq da ondan ibarətdir ki, Qarabağ probleminin həlli bölgə dövlətləri arasında yeni iqtisadi, siyasi, mədəni münasibətlərə, əlaqələrə keçidi zəruri edib. Əgər torpağımızı işğal edən Ermənistanla münasibətləri artıq yeni mərhələyə keçiririksə, 3 milyondan çox azərbaycanlının yaşayıb işlədiyi, Azərbaycan üçün çox mühüm iqtisadi bazar və xammal mənbəyi olan qonşu Rusiya ilə münasibətləri niyə inkişaf etdirməyək ki? Və yaxud da uzun illər Qərbin təhrikçi siyasəti səbəbindən düşmən kimi yanaşdığımız və bizi Hind okeanına çıxaracaq yollar üzərində qapı olan İranla münasibətlərimizə niyə yenidən baxmayaq ki? Xüsusən də bu münasibətlər əsas strateji müttəfiqimiz Türkiyənin də maraqlarına uyğundursa, deməli, ölkəmiz, nəhayət ki, Allahın ona bəxş etdiyi coğrafi üstünlüklərindən yararlanmağı bacarmalı, yalnız öz əhalisinin təhlükəsizliyini və rifahını düşünməlidir”.
Ekspert Əkrəm Bəydəmirlinin fikrincə isə iki ölkə arasında bu vaxta qədər mövcud əlaqələr qarşılıqlı maraqlar çərçivəsində kifayət qədər geniş olub: "Lakin fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması bu əməkdaşlığa yeni impuls verəcək. Bu gün bizi vətəndaş olaraq ən çox narahat edən, düşündürən Cənubi Qafqaz regionunda möhkəm sülhün təmin edilməməsi və Qarabağda qalmış silahlı erməni tör-töküntülərinin tərkisilah olunmamasıdır. Çünki Xankəndində və ətraf ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin qalması sülhə və gələcək əməkdaşlığa təhlükədir. Düşünürəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması bu ciddi problemin birdəfəlik kökünün kəsilməsinə töhfə verə bilər". Ekspert deyib ki, nəhayət Rusiya tərəfi istər 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatın, istərsə də fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin mahiyyətinə uyğun olaraq mövqeyini ortaya qoyacaq. Bu həm də Rusiyanın öz imzasına sadiqliyini sübut etmiş olacaq.
Politoloq Elman Vəliyevin fikrincı, Rusiya ilə müttəfiqlik sənədi Azərbaycanın əleyhinə deyil. Belə bir sənədi imzalamaq təşəbbüsü Kreml tərəfindən gəldi. Kreml Azərbaycanda marağı olan digər qüvvələrə yol açmamaq üçün bu niyyətə düşmüşdü. Azərbaycanın geostrateji mövqeyi özünə diqqəti cəlb edir. Rusiya NATO ilə konflikt içindədir. NATO-nun Şərqə doğru genişlənməsini istəmir və ona görə şərqdə öz tərəfdaşlarının sayını artırmağa çalışır. Bu sənəd qondarma "Artsax" respublikasının da ümidlərini puç etdi. Putin bir neçə qondarma respublikaların müstəqilliyini tanınması barədə qərar qəbul etdi. Hətta qondarma respublikanın rəhbəri Araik də bunu sevinclə qarşıladı. Azərbaycan bu sənədi imzalamaqla özünü sığortaladı. Yəni Rusiyanın qondarma "artsax" respublikasının müstəqilliyini tanımasını əngəlləmiş oldu. Sənədin bir maddəsində deyilir ki, hər iki tərəf bir-birilərin ərazi bütövlüyün qəbul edir, daxili məsələlərə qarışmır, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətləri davam etdirirlər. Bu Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir.
Cavid
Xalq Cəbhəsi.- 2022.- 24 fevral.-
S.8.