Moskva Bəyannaməsi: Təhlükəsizliyə növbəti təminat

 

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə gözlənildiyi kimi imzalandı. Yanaşmalar fərqlidir. Onlardan bəziləri ənənəvi “nüfuz müvəkkilləri”nin və düşərgəyə yenicə atılmış təxribatçı-dezinformatorların icra etdikləri missiyadan, bir qismi Rusiyaya qarşı bəslənilən əsaslı-əsassız emosional münasibətdən, müəyyən bir hissəsi isə məlumatsızlıqdan, bir az da “küyə getmək”dən qaynaqlanır. Bu baxımdan, sadaladığım qrupların iddialarında yer alan məqamların təfərrüatına varmadan, Bəyannamənin ən çox müzakirə olunan müddaəalrı ilə bağlı fikirlərimi dəyərli oxucularla bölüşmək istəyirəm.

 

Əslində sənədin preamblua hissəsi öz-özlüyündə bütün suallara cavab verir. Azərbaycan və Rusiya Bəyannaməyə hər iki xalqın maraqlarını tam şəkildə qarşılayan, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verə biləcək, münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıracaq sənəd kimi yanaşırlar. Şübhsəziz ki, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsi şərti ilə... Yəni sənəddə söhbət QARŞILIQLI HÖRMƏT və ETİMADDAN, hərtərəfli və BƏRABƏRHÜQUQLU əməkdaşlıqdan gedir.

 

Sənəddə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının, ATƏT-in konsesusla qəbul edilən müvafiq sənədlərinin, həmçinin beynəlxalq hüququn təməl prinsip və normalarına istinad edilməsi, beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyinin vurğulanması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini təşkil edən prioritetlərlə tamamilə üst-üstə düşür.

 

Daha öncə də qeyd etdiyim kimi, sənədin preamblua hissəsində münasibətlərin sözügedən Bəyannamə çərçivəsində inkişafı ilə bağlı müzakirə mövzusuna çevrilən və bəzən də əsassız şəkildə “narahatlıq doğuran” məqam kimi təqdim edilən bütün suallara cavab verilib. Eyni yanaşma, Bəyannamənin 1-ci müddəasında da yer alıb və burada qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

 

Qənaətimə görə, həm 1-ci maddədə yer alan məqamlar, həm də 2-ci maddədə hər iki ölkənin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdəcəklərinin vurğulanması, Bəyannamənin bəzilərinin iddia etdiyi kimibuxov” funksiyasını yerinə yetirməyəcəyinə tam təminat verir.

 

6-cı maddədə tərəflər sülhə təhlükə yarada bilən, sülhü pozanya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyətin yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

 

Bu yanaşma həm Azərbaycan, həm də Rusiya üçün qarşılıqlı münasibətlərin tənzimlənməsində prioritet təşkil edir və mahiyyət etibarilə ölkəmizin maraqlarına tam cavab verir. Çünki həm 44 günlük müharibəyə qədərki dövrdə, həm də daha sonra, təhlükəsizlik maraqlarımıza cavab verməyən bir sıra addımların, o cümlədən Ermənistanın silahlandırılması və qarşılıqlı münasibətlərin mahiyyətinə uyğun gəlməyən bir şəkildə himayə edilməsinin şahidi olmuşuq. Bütün bunlar isə Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar doğurub. Bəyannamədə yer alan qarşılıqlı öhdəliklər isə, 7-ci maddədə qeyd olunduğu kimi, Azərbaycanın öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirə biləcəyi halların təkrarlanmayacağına təminat verməklə yanaşı, bi xüsusuda nəzərə çarpacaq anlaşılmazlıqlara Xarici İşlər nazirlikləri arasında yaranmış çevik məsləhətləşmə mexanizmləri vasitəsilə aydınlıq gətirilməsinə imkan yaradacaq.

 

Bəyannamədə 44 günlük müharibədən sonra regionda yaranmış reallıqlarla bağlı məqamlar, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlərdə yer aldığı üçün, sözügedən istiqamətlərlə bağlı təkrarçılığa yol vermək istəmirəm.

 

Bəyannamənin diqqət çəkən və daha çox müzakirə olunan məqamlarından biri də 11-ci maddədə yer alıb. Burada qeyd olunur ki, hər iki ölkə öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

 

Şübhəsiz ki, hər kəs bu maddəni, xüsusilə də “təşkilatlar və şəxslər”lə bağlı vurğulanan məqamları öz siyasi dünyagörüşündən və təmsil etdiyi maraqlar müstəvisindən dəyərləndirir. Azərbaycanın maraqlarından çıxış edənlər üçün bu yanaşmada, terror təşkilatları, qeyri-qanuni hərbi birləşmələr, ölkəmizin ərazi bütövlüyünə təhdid yaradanyarada biləcək separatçı qruplar nəzərdə tutulur. Bu həm də o deməkdir ki, rəsmi Moskva, eyni zamanda hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında nəzərə çarpan separtçı meyllərin qarşısını da qətiyyətlə almalıdır. Qənaətimə görə, 11-ci maddə Rusiya üçün də belə bir öhdəlik yaradır.

 

Bəyannamənin 12, 13, 14 və 15-ci maddələrinin əsas istiqamətlərində yer alan hərbi-siyasi əməkdaşlıqla bağlı məqamlar, bundan öncə də iki ölkə arasında imzalanmış çoxsaylı sənədlərdə öz əksini tapıb. Yeni olan isə tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə biləcəkləri ilə bağlıdır. Xatırladım ki, Azərbaycan üçün belə bir öhdəlik qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsində də nəzərdə tutulubbu baxımdan, şərti olaraMoskva Bəyannaməsi” adlandıracağımız sənəddə yer alan qarşılıqlı hərbi yardımla bağlı fəaliyyət yalnız Şuşa Bəyannaməsinin prinsiplərinə zidd olmadığı təqdirdə həyata keçirilə bilər.

 

İndi isə Bəyanamənin yanlış istiqamətə yozulmasına cəhd edilən 25-ci maddəsinə nəzər salaq: Sözügedən maddədə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşaya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

 

Bəziləri 25-ci maddədə yer alan və tərəflər qarşısında iqtisadi sahədə müəyyən öhdəliklər yaradan istiqaməti, əsasən enerji layihələri ilə əlaqələndirməyə çalışırlar ki, bu da kökündən yanlışdır. Xatırladım ki, Rusiya şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji sektorunda fəaliyyət göstərirlər və bu istiqamətdə ölkələrimiz arasında sıx, geniçiqyaslı əməkdaşlıq mövcuddur. 2021-ci ilin nəticələrinə görə, Rusiya şirkətlərinin Azərbaycanın neft və qaz sektoruna yatırdıqları investisiyanın həcmi 4,9 milyard ABŞ dolları təşkil edir.

 

Yalnız “LUKOYL” şirkətinin “Şahdəniz” layihəsində iştirakını, həmçinin Cənub Qaz Dəhlizi layihəsində 10% paya sahib olduğunu nəzərə alsaq, yuxarıda haqqında söz açdığım iddaların tamamilə əsassız olduğunu müəyyənləşdirə bilərik.

 

İqtisadi məsələlərdə müttəfiqlik münasibətlərinin inkişafına gəldikdə isə, Bəyannamənin birbaşa və dolayısıyla Azərbaycan biznesi üçün yaradacağı imkanları, mübaliğəli səslənsə də “nəhayətsiz” adlandıra bilərik. Çünki Rusiya, təkcə təbii ehtiyatlarına görə, 35%-lə dünyada birinci yeri tuturbu ölkənin kəşf edilmiş təbii resurslarının ilkin dəyərinin 75,5 trillion ABŞ dolları olduğu bildirilir.

 

Hesab edirəm ki, bu sahədə iqtisadiçıların daha geniş və ətraflı araşdırmalar aparmasına, həmçinin ölkənin biznes strukturları ilə elmi-təqdiqat mərkəzlərinin yaxından əməkdaşlıq etmələrinə böyük ehtiyac var. Bəyannamənin verdiyi imkanlardan maksimum istifadə edilməsi üçün, Rusiya bazarı dərindən öyrənilməli və təhlil edilməlidir.

 

...Bu qədər. Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər kəs üçün əlçatandır və istənilən ölkə vətəndaşı sənədin ayrı-ayrı müddaəalarını oxuyub özü üçün nəticə çıxara bilər. Bəyannamədə yer alan bütün vəzifə və öhdəliklər qarşılıqlıdır. Həm bu amil, həm də hazırda dünyanın ən böyük güc mərkəzlərindən biri olan Rusiya Federasiyasının Azərbaycanla bərabərhüquqlu əsaslarla qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması, sənəddə ölkəmizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətin ifadə olunması, mahiyyət etibarilə qarşılıqlı münasibətlərin bundan sonrakı mənzərəsini bütün çalarları ilə nümayiş etdirir. Ermənistanda və erməni diasporunun fəal nümayəndələri arasında böyük narahatlıqla qarşılanan bir sənədə münasibətdə Azərbaycandakı bəzi qruplarların nümayiş etdirdiyi yanaşma təəccüb doğurmasa da, bəzi məqamlara aydınlıq gətirməyimizə imkan yaradır.

 

Azərbaycan strateji müttəfiqlərinin sayını artırır. Artıq Türkiyə ilə yanaşı qonşu Rusiya da müttəfiqlik münasibətləri çərçivəsində Azərbaycanın təhlükəsizliyinə təminat verən güc mərkəzi kimi çıxış edir. Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik müstəvisinə qədəm qoyması, son nəticədə hər üç ölkənin qarşılıqlı əməkdaşlığının genişlənməsi üçün geniş imkanlar yaradır ki, bu da yaşadığımız bölgədə təhlükəsizliyin, sabitliyin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı, sosial layihələrin həyata keçirilməsi üçün yeni maliyyə imkanlarının əldə edilməsi deməkdir. Bu xüsusda Azərbaycanın da, Türkiyənin də, Rusiyanın da maraqları üst-üstə düşür.

 

Elçin Mirzəbəyli

 

Xalq Cəbhəsi.- 2022.- 24 fevral.- S.5.