Qurban bayramı mənəvi
birlik rəmzidir
Müsəlmanların
böyük bir təntənə ilə həmrəylik və
qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı
insanlar üçün yüksək bəşəri-mənəvi
dəyərlərdən faydalanmaq imkanları yaradır.
İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət
prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan
xalqı tarixinin çətin dövrlərində belə,
Qurban bayramını özünün ən əziz günlərindən
biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından
sonra bu günün rəsmi şəkildə bayram edilməsi
xalqımızın öz milli və dini ənənələrinə
sədaqətinin parlaq ifadəsidir. Heydər ƏLİYEV
Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar
milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini
yaşadaraq yad təzahürlərdən hifz etməklə,
tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Azərbaycanın
milli mədəniyyəti, ənənə və dəyərləri,
dini baxışları xalqın müqəddəs
etiqadına söykənməklə, özündə
çox böyük mənəvi-əxlaqi, ülvi və
dünyəvi duyğuları təcəssüm etdirir.
Əsrlərin sərt sınaqlarından üzüağ
çıxan xalqımız tarixinin ən kəşməkəşli,
çətin anlarında belə, insanlığın yüksəlişinə,
mənəviyyatın təntənəsinə xidmət edən
dini dəyərlərdən dönməyib, onları daim uca
tutub. Müqəddəs etiqada, yüksək daxili inam və
ruhi saflığa tapınan Azərbaycan xalqının uzun əsrlər
boyu islami dəyərlərə sadiq müsəlman hümməti
kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.
Sovet imperiyasının tərkibində
yaşadığımız 70 il ərzində də
xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi
dəyərlərindən uzaqlaşmadı. Bütün
dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi
paklığa qovuşmağa, xeyirxah işlər görərək
savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək
onun müqəddəs çağırışlarına, mərasim
və ayinlərinə əməl etməyə
çalışıb.
Azərbaycan
xalqı hələ sovet dönəmində bütün
qadağalara baxmayaraq müqəddəs Qurban və Ramazan
bayramlarını da qeyd edirdi. Qurban bayramı ən qədim
bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan
da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək,
qəzəblənmiş Allahın könlünü almaq və
s. nəzərdə tutulurdu. Hicrinin (Məhəmməd
Peyğəmbərin Məkkədən Mədinəyə
köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin
İslam aləmində başqa məqsədləri və səbəbləri
yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində
böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik,
başqalarına kömək etmək kimi əlamətlərə
yiyələndi. Dini qurban kəsmə İbrahim Peyğəmbərin
həyatında baş verən əhvalatdan sonra
yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə
oğlu İsmayılı qurban verməyi (onların Allaha
imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl
dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır
idi, İsmayıl özü də qurban olmağa
razılaşır.
Bu haqda
Quranda yazılmışdır. Allaha qəlbən yaxın və
sadiq olduğunu sübut etmək istəyən İbrahim
Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə
hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva
bilmədi və qurbanlıq üçün ona bir qoç
göndərdi. Buna görə də Qurbanlıq bayramında
kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə
hazır olması peyğəmbərin Allah
qarşısında imanının, səmimiliyinin və
mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin
iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın
nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar
Allahı sonsuz imanla sevməli və öz sevgilərində
bu cür səmimi olmalıdırlar. Çətin anlarda
Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq
möminə yaraşan hərəkət deyil! İslam
dünyasının ən müqəddəs bayramlarından
sayılan Qurban bayramı bütün müsəlman ölkələrində
təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə
etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr
tarixli "Azərbaycan Respublikasının bayramları
haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda
da dövlət səviyyəsində bayram edilir. Üç səmavi
dinin – Yəhudilik, Xristianlıq və İslamın hər
üçündə də müxtəlif formada qurbanlıq
mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və
əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz
sevgi, Onun qüdrətinə dərin inam və iman
işığı durur. İnsanları halallığa,
paklığa səsləyən Qurban bayramının
çox maraqlı tarixi və şərtləri var.
Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin
ikinci ilində əmr edilmişdir. İslama görə, qurban
"Allaha yaxınlaşdıran şey" mənasına gəlir.
Bir başqa sözlə ifadə etsək, qurban Allaha
yaxınlaşaraq, onun rizasını qazanmaq üçün
Qurban bayramı günündə ibadət niyyətiylə və
Allahın adıyla kəsilən heyvana deyilir.
Qurban
bayramı İslam aləminin ən möhtəşəm və
müqəddəs bayramıdır, dərin tarixə malikdir və
hər il dünya müsəlmanları tərəfindən
qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik
gətirir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş
qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri
ilə bölüşmək, onları sevindirmək və
ayinin də əsasında, orucluqda olduğu kimi,
xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən
bir neçə adam bir heyvan alıb onu öz aralarında
bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə
öz qurbanını kəsmiş hesab edirlər. Lakin
İslam dininə görə bunlar qurbanlıq hesab olunmur.
Əlbəttə, bir neçə nəfər
yığışıb bir dananı qurban kəsə bilərlər,
bu şərtlə ki, hər bir şəxsə
düşmüş ət payını ən azı
üç hissəyə bölmək mümkün olsun. Bu
hissələrdən biri onların öz ailəsinə sərf
olunmalı, qalan hissələr isə fəqir-füqəraya
paylanmalıdır. Qurbanlığın ən gözəl
xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb
ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən
dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki,
varlının imkanlarından bəhrələnsin, adi günlərdə
yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.
Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək
bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən
biri də budur ki, qurban kəsmək yalnız buna imkanı
olan varlı adamların boynunda haqdır. İmkanı olmayan
adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək
üçün borc pula heyvan almaq İslamda təqdir olunmur,
çünki bu bayramın əsas mahiyyəti zənginlərlə
imkansızların birliyi, qardaşlığıdır.
Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son altı ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir. Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır.
Dövlətin bu sahəyə diqqət və
qayğısı Azərbaycandakı bütün mövcud
milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə
edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi
olaraq qarşılıqlı etimad və əmin-amanlıq
şəraitində fəaliyyət göstərir, islam və
qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst
şəkildə icra edirlər. Dünya müsəlmanlarının
mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda
hər il yüksək səviyyədə qeyd olunması
dövlətimizin milli-mənəvi dəyərlərimzə
göstərdiyi diqqətin parlaq təzahürüdür.
Cavid
Xalq Cəbhəsi.- 2022.- 7 iyul.-
S.13.