Onu gələcəkdə daha

çox oxuyacaqlar...

 

(50 illik yubileyi ərəfəsində…)

 

Dinamik adamdır, vaxtın axarında ləngiməyi xoşlamır. Daha doğrusu cəld olduğundan zaman onu geridə qoya bilmir. Əksinə, iti zəkası onu həmişə irəli atır. Yaşa, yarat, dayanma!- bu onun amalıdır. Romantik duyğuları güclüdür. Xarici aləmin daxili dünyasına hücumunu ağılla zərərsizləşdirə bilir. İrəlidə olmasına baxmayaraq, cəmiyyətlə ünsiyyətdə tarazlığı qoruyur...

 Haqqında söhbət açdığım Səlim Babullaoğlu şairdir. Varlığına xas olan xüsusiyyətlər yaradıcılığında da öz əksini tapıb. Bu sahədə də uğurlara nail olub. Qərb təfəkkürünə uyğun gözəl poeziya nümunələri yarada bilib. Şeirləri rus, ingilis, plyak, özbək, gürcü dillərinə çevrilərək çap edilib. Bir sıra nəzm əsərlərinin müəllifidir, kitabları işıq üzü görüb.

 Onun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları ərsəyə gətirilib. Və yaxın-uzaq, bir sıra ölkələrin şairlərinin şeirlərini azərbaycan dilinə tərcümə edib.

 "Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur "Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun, Mərkəzi Asiya Pen Təşkilatının üzvüdür...

 Onun aləmində yaxşı və ya pis adam anlayışı yoxdur. Onun üçün var ağıllı, biri də var nadan adam. Tələbləri çox sadədir- nə edirsən et, amma Allahı unutma!..

 Deyir ki,- “Küləkli havalarda xüsusən tez yoruluram, analyıram ki, qocalıram həm də, işləyirəm və olur bəzən oturduğum yerdəcə 1-2 dəqiqə mürgüləyirəm. Qəfil ayılıram. Külək vıyıldayır, kimliyimi, nəçiliyimi xatırlayacağım anı sanki dartıb uzadırlar, ya da yavaşıdılmış kinokadrlarla baş verir hər şey. Küləyin səsi dəhşətlidir.

 Heç bir təbiət hadisəsi insan təkliyini və acizliyini bu qədər dəqiq "ifadə" edə bilmir, küləkdə həm indi var, həm də keçib gəldiyi məchul uzun yolun yorğunluğu, bu yoldakı rastına çıxan əşyalar, səthlər, müstəvilər, onlara toxunuş, müqavimət...yəni bütün bunlar sanki onun vaysınan səsində, vıyıltısında açıq aydındır...”

 "Nə açan var qapımı badi-səbadan qeyri"...

 Şeirdə qafiyəni təbiilikdən kənar sayır, şeir sərbəst vəzndə, adi danışıq dilində, insan nitqinin tezliyində yazılmalıdır və şeir gözlənilməz olmalıdır, söyləyir. Ənənəvi poeziyanın sözün gözəlliyindən bəhrələnib zövqləri oxşadığını, Avropa poeziyasının isə insanları düşündürməyi bacardığını dilə gətirir. Hər gün on-on beş səhifə şeir oxumasa özünü rahat hiss etmir. İndiyədək iyirmiyə yaxın ölkədə səfərdə olub. Həmin ölkələrin sayılıb seçilən ədibləri ilə görüşərək fikir mübadiləsi aparıb. Azərbaycan ədəbiyyatını bir sıra mötəbər tədbirlərdə təmsil edib...

 Ədəbiyyat nəzəriyyəsini dərindən bilir. Dünya yazarlarının yaradıcılığını müntəzəm izləyir. Avropa, Amerika şairlərinin hamısından məlumatlı olduğu aydın görünür. Öz oxucu auditoriyası vardır. Sevənləri günbəgün artır. Ola bilsin ki, onun yaradıcılığını həzm edə bilməyənlər də tapılsın, amma o, bu günün şairindən çox, gələcəyin şairidir. Onu gələcəkdə daha çox oxuyacaqlar...

 Yeri gəlmişkən, keçmiş zamanlarda bir nəfərin daşqalaq olunması hökmü verilir. Həmin adam son sözündə söyləyir ki, qoy mənə günahı olmayanlar daş atsınlar...

 

Elman Eldaroğlu

 

Xalq cəbhəsi.- 2022.- 14 iyul.- S.14.