Ədəbiyyatımızın fədaisi...
Özünə çox əmin
adamdır, güclü
xarakterli və sarsılmazdır. Hadisələrə öz məntiqindən boylanıb qiymətləndirir
və şərh edir. Zəhmətkeş, eləcə də
məhsuldardır. Çalışmaqdan zövq alır. Vaxtının xeyli hissəsini
yazıb yaratmaqla məşğul olur.
Günün necə başlayıb, necə bitdiyini hiss etmir.
Deyir ki,- “Hərdən fikirləşirəm, kaş
bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və
mən sakitcə uzanıb yatam. Gözlərim işığa
çox həssasdır,
hər gün beş saat
yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə
və ya növbəti əsərə
başlayıram. Kaş
elə imkanım ola ki, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata
biləm...”
Qaydalara riayət olunmasını çox xoşlayır. Soyuqqanlı görünsə
də mehriban rəftarlarıyla diqqəti
özünə çəkməyi
bacarır. Dostluqda sədaqətə
önəm verir.
Xəyanət onun gözünün
düşmənidir. Maddiyyata vasitə
kimi baxır və böyük işlərə imza atmaq naminə ona önəm verir. Bu səbəbdən
də həyatındakı
ən vacib nöqtə iş və qazanc, ikinci nöqtə isə sevgidir.
“Rusların belə bir atalar
sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir.
Bizə də pul versələr,
həyətdə gəzib-dolaşmaq
daha xoş olar. Daha dərindən fikirləşərəm,
hətta düşünürəm
ki, Anar müəllim kimi qəlyan da alıb çəkərəm.
Amma düzü, özümü
yaxşı hiss etmirəm
və mənə elə gəlir ki, bizim nəslimiz
haqqında əfsanə
gerçək olmayacaq.
Nəvələrim yeniyetmədirlər. Məncə,
onların toyunu görməyəcəm...”- söyləyir.
İdeal bir atadır. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək
naminə bütün
imkanlardan istifadə edir. Üç övladı var. Böyük qızı Leyla jurnalistdir. AzTv-nin Kiyevdəki xüsusi müxbiridir. İkinci qızı
Ayla Türkiyədə
həkim işləyir.
Oğlu Atilla isə ABŞ-ın Texas ştatında, NASSA-da mühəndis vəzifəsində
çalışır...
Haqqında söhbət açdığım
Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində
müəllim ailəsində
dünyaya gəlib. M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Beş il Azərbaycan
radiosunda redaktor, on bir il türk,
ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan
bu gün" jurnalının baş redaktoru, yeddi il kiril, latın
və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, on iki il İstanbulda nəşr olunan "Hürriyyət" qəzetinin
Azərbaycan üzrə
xüsusi müxbiri,
on bir il Xarıci Turizm Şurasının idarə
rəisi, on iki il "XXI əsr" qəzetınin baş redaktoru, on dörd il "Yeni Forum" jurnalının (Ankara) Bakı
təmsilçisi vəzifələrində
çalışıb. 1997-ci
ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən 2012-ci ilədək Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat
laboratoriyasının baş
elmi işçisi-müdiri
vəzifəsində işləyib.
2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı
kafedrasının müdiridir.
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur...
Zamanı idarə etməyi olduqca yaxşı bacarır. Məqsədi həmişə qalib gəlməkdir.
Özünə xas sistem də qurub. İnandığı və qoyduğu
qaydalardan xaricə çıxmır. Üzərinə
götürdüyü məsuliyyətin
fərqindədir və
ağır gəlsə
belə bu məsuliyyətdən qaçmır...
Azərbaycanın "Qızıl qələm",
"Həsən bəy
Zərdabi", "Humay",
Türkiyənin "Türk
dünyasına xidmət",
Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül"
mükafatları laureatıdır.
"Baburnamə"nin tərcüməsinə
görə Özbəkistanın
beynəlxalq Babur mükafatına,
Bəkir Çobanzadənin
əsərlərinin tərcüməsinə
görə Ukraynanın
beynəlxalq Bəkir Çobanzadə mükafatına,
Abdulla Tukayın şeirlərinin
tərcüməsinə görə
Tatarıstanın "Mədəniyyət
sahəsində uğurlar"
medalına layiq görülüb. 2010-cu ildən Avrasiya Tərcüməçilər Birliyinin
(Ankara) sədri seçilib.
Yazıçılar və Jurnalistlər
Birliklərinin, Beynəlxalq
Mətbuat İnstitutunun
(İPİ, Vyana) üzvü,
Azərbaycanın Əməkdar
jurnalistidir. 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının
prezidenti İlham Əliyev tərəfindən
"Şöhrət" ordeni
ilə təltif olunub.
Deyir ki,- “Mən
bütün türk dillərindən tərcümələr
etmişəm. Bircə qaraqalpaqca
birbaşa tərcüməm
yoxdur. Məsələn, mən Əlişir
Nəvaidən dərs
deyirəm. 20 cild əsəri var, bizdə yoxdur. Mən araşdırıram, onun əsərlərinin tədrisində pdf-dən
istifadə edirəm.
Onlayn kitablar bizim üçün çox vacibdir...”
Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazıb. Türk,
rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz və s. dillərindən tərcümələr edib.
Bəlkə də ölkə
üzrə ən çox kitabı çap olunan yeganə müəllifdir.
İndiyədək 23 öz
kitabı, 50-dən çox
tərcümə kitabı
nəşr olunub...
Maraqlı adamdır,- “Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirirlər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsib, camaata qonaqlıq verərlər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir.”- söyləyir...
Altmış səkkiz ildir ki yol gedir, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atıb, amma bütün bu nailiyyətləri hələ də az sayır. Qələmi yerə qoymur, yorulmadan çalışır. Hazırda Türkmən qəhrəmanlıq dastanı olan üç cilidlik “Koroğlu”nun, üç cilidlik “Ənvər paşa” kitabının tərcüməsiylə məşğuldur. Deyir ki, ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır...
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2022.- 21 iyul.-
S.14.