Rusiyaya qarşı sanksiyalar: bazarların şaxələndirilməsinə ehtiyac var

 

Qərb ölkələrinin Rusiyaya qarşı gün günü gündən kəskinləşdirdiyi sanksiyalar artıq şimal qonşumuzda iqtisadi problemlər yaratmaqdadır. Təbii ki, hər bir ölkə, yaxud vətəndaşlar ilk öncə öz maraqları çərçivəsindən proseslərə baxır. Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyi şübhəsizdir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya zərərləri azaltmaq üçün Çinə üz tutacaq.

Buna görə də Rusiya ilə iqtsiadi əlaqələrə malik olan ölkə kimi, bu sanksiyaların Azərbaycana necə təsir edəcəyini düşünmək təbiidir.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır.

Kənd təsərrüfatı ixracatında bir çox ölkələrdə olduğu kimi Rusiya Azərbaycan üçünböyük bazardır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının üçdə ikisindən çoxu Rusiya bazarlarına daşınır.

Ekspertlər məsələ ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

Çin bazarı

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sanksiyaların Rusiyaya təsiri və bi ölkənin atacağı addımlarla bağlı maraqlı fikirlər səsləndirib. E.Şahinoğlu hesab edir ki, Rusiya iqtisadiyyatı artıq dağılır: “Rusiya Avropa bazarından məhrum olmaq üzrədir, banklar üzünə qapanır, oliqarxları müflisləşir. Kreml bu ağır vəziyyətdən çıxmaq üçün əsas tərəfdaşı Çinə müraciət edəcək. Kreml sahibi Vladimir Putin olimpiadanın açlışı məqsədilə fevralın 3-də Pekinə gedərkən artıq Ukraynaya hücum qərarını vermişdi. Putin məhz buna görə Pekində əməkdaşlıqla bağlı geniş saziş imzaladı. Bu saziş Kremlə ona görə lazım idi ki, Qərbin sanksiyaları ilə üzləşdikdə tərəfdaşı Çin bazarına hədəflənsin. Ancaq Qərbin Rusiyaya qarşı sanksiyaları gözlənildiyindən də kəskin oldu. Belə olacağını Kreml də gözləmirdi. Bu vəziyyətdə Çinin Rusiya üçün dəyəri daha da artacaq. Ancaq Çin batan Rusiya iqtisadiyyatını xilas etmək üçün qapılarını tam açacaqmı? Çin hamı üçün, o cümlədən tərəfdaşları üçünheç zaman daxili bazarının qapılarını açmadı. Ona görə də Kremlin Çinlə bağlı gözləntiləri özünü doğrultmaya da bilər”.

Ekspert diqqətə çatdırıb ki, Qərbin Çinlə bağlı başqa narahatlığı var: “Qərb ölkələrində hesab edirlər ki, Pekin Rusiya-Ukrayna müharibəsindən “səmərəli” istifadə etməyə çalışacaq. Söhbət Çinin Tayvanı ram etməsindən gedir. Çin Tayvan adasını özününkü sayır və ada ətrafında hərbi gücünü artırır. Bəzi ekseprtlərin fikrincə, Çin yaxın 10 ildə Tayvanı ələ keçirmək üçün hazırlıqlarını sürətləndirib. Ancaq Rusiya-Ukrayna müharibəsi Pekin öz planını daha tez reallaşdırmağa həvəsləndirə bilər. Dünyanın diqqəti UkraynadaRusiyada ikən Çin əsas probleminin həllinə girişə bilər.

Tayvan hökuməti də Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyir. Çin hərbi təyyarələri ada ətrafında uçuşlarını intensivləşdiriblər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günü Çinin hərbi təyytarəsi Tayvan adası üzərində kəşfiyyat uçuşu həyata keçirib.

Pul vəsaitlərinin axını azalacaq

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaların ölkəmizin iqtisadiyyatına mümkün mənfi təsirlərinin hamısı barədə danışmaq hələ tezdir. P.Heydərov bildirib ki, Rusiya bizim xarici iqtisadi-ticari əlaqələrimizdə mühüm yer tutur: “Azərbaycanın qeyri-neft məhsulları ixracı sahəsində Rusiya böyükson dərəcəli əhəmiyyətli bir bazardır. Eyni zamanda, daxili istehlak bazarımız da Rusiyadan idxaldan xeyli dərəcədə asılı vəziyyətdədir. Odur ki, Rusiya iqtisadiyyatının çöküşürublun dəyər itirməsi istər-istəməz bütün bunlara öz mənfi təsirlərini göstərəcək. İlk növbədə, Rusiyadan Azərbaycana pul vəsaitlərinin axını azalacaq. Adıçəkilən ölkəyə ixrac etdiyimiz məhsullardan qazancımız enəcək. Lakin daha hansı mənfi nəticələr ortaya çıxacaq, bunu zaman göstərəcək. Çünki hər şey hadisələrin gedişatından asılı olacaq. Nəzərə almalıyıq ki, Rusiya sanksiyalara davamlı ölkədir. Və Azərbaycanla qarşılıqlı iqtisadi-ticari əlaqələrdə heç bir problem yoxdur. Sanksiyalar bu əlaqələrə birbaşa olaraq xələl gətirməyəcək. Dolayı təsirlərə gəldikdə isə, bu sanksiyalar onsuz da dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”.

Millət vəkili Vüqar Bayramov deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana təsirləri son günlər daha çox müzakirə edilən məsələlərdəndir: “Bütövlükdə, iqtisadi baxımdan sanksiyalar həmin ölkənin əməkdaşlıq etdiyi digər dövlətlərə təsirsiz ötüşmür”. V.Bayramov bildirib ki, Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Pandemiya səbəbindən bu dövriyyə 2020-ci ildə 2 milyard 671 milyon dollar olub. Həmin il Rusiyaya 710 milyon dollara yaxın məhsul göndərmişik. 2021-ci ildə isə ümumi ixracatımızın 4.1 faizi Rusiyanın payına düşüb. Qeyri-neft ixracatımızın isə 32.3 faizi şimal qonşumuzun payına düşür”.

Daxil olan valyutada Rusiyanın payı yüksək deyil

Millət vəkilinin fikrincə, göründüyü kimi, ümumi ixrac, yəni ölkəyə daxil olan valyutada Rusiyanın payı yüksək deyil hətta 5 faizə belə çatmır: “Amma turizm istisna olunmaqla neftdən kənar sektorlardan daxil olan valyutanın 1/3-i Rusiyadan daxil olur. Bu isə o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər.

Sanksiyaların, xüsusən də SWIFT-dən uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir. Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Ukrayna ilə müharibənin davam etdikcə isə sanksiyaların dairəsi genişlənir və potensial mənfi iqtisadi təsirlər artır. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq.

Aydındır ki, sanksiyalar Rusiyada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşməyəcək. Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı anlamına gəlir. Qeyd edək ki, il ərzində fərqli vasitələr ilə Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyi güman olunur.

Rusiyaya tətbiq edilən sanksiyalar bir daha təsdiq edir ki, sahibkarlarımızın alternativ bazarlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şaxələndirilməsinə ehtiyac var”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 3 mart.- S.8.