Rusiya təklənib, dünyadan sürətlə təcrid olunur

 

Nail Cəlil: “Çıxış yolu qısa müddət ərzində atəşkəsin əldə olunmasında və Rusiya qoşunlarının azı, fevralın 23-də olduğu sərhədlərə çəkilməsindədir”

 

“Rusiyanın Ukraynaya 7 gündən çoxdur, davam edən açıq hərbi müdaxiləsi dünyada siyasi vəziyyəti həddən artıq kəskinləşdirib. Görünən odur ki, rəsmi Moskva bütün vasitələrlə baş verən eskalasiyanı genişləndirməkdə, rəsmi Kiyev isə inadla sonadək müdafiə olunmaqda qərarlıdır. ABŞ, NATO ölkələri, Avropa Birliyi, sivil güclər Rusiyanı ciddi təzyiqlər, sərt sanksiyalar vasitəsilə müharibədən çəkindirməyə çalışsalar da, hələ ki, əhəmiyyətli nəticəyə nail ola bilməyiblər. Əksinə, obrazlı şəkildə “Şimal ayısı” adlandırılan Rusiyanın aqressiv ritorikası bir qədər də artıb. Bunun müqabilində Ukrayna ordusu və əhalisinin qarşı tərəfə müqavimətinin kəskinləşməsi hiss olunur”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə eksklüziv açıqlamasında son günlər alovlanan Rusiya-Ukrayna müharibəsinin gedişinimümkün nəticələrini şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib.

O, qeyd edib ki, Rusiya ilə müqayisədə hərbi arsenalının məhdudluğuna baxmayaraq, Ukraynanın müdafiə potensialı və müqavimət əzmi kifayət qədər güclüdür: Bu səbəbdən müharibənin ilk günlərində baş verənlər onun qısa müddət ərzində, “ildırım sürətilə” Rusiyanın xeyrinə bitəcəyi barədə daha öncə səsləndirilən bəzi proqnozların illüziya olduğunu göstərir. Rusiya ordusu hərbi-texniki üstünlüyü sayəsində təmas xətti boyunca xeyli irəliləməyə müvəffəq olsa da, ciddi itkilər verib. Xüsusən, üz-üzə, açıq döyüşlərdə üstünlüyün Ukrayna hərbçilərinin tərəfində olduğu aşkar nəzərə çarpır. Belə vəziyyətdə hadisələrin gedişatını proqnozlaşdırmaq, qanlı münaqişənin nə qədər davam edə biləcəyini, baş verənlərin hansı sonluqla bitəcəyini söyləmək kifayət qədər çətindir. Qərbin, NATO ölkələrinin Ukraynaya artan dəstəyi fonunda Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadənin mümkünlüyünü dilə gətirməsi gərginliyin pik həddə çatdığını göstərir”.

Politoloq Nail Cəlilin sözlərinə görə, maraqlıdır ki, bütün bunlara baxmayaraq, siyasi analitiklərin çoxu nüvə təhdidini və ya mümkün nüvə müharibəsini real hesab etmirlər. Ancaq digər təzadlı məqam odur ki, fevralın 24-dək əksər politoloqlar Rusiyanın Ukraynaya hücumu ilə başlayan son müharibənin baş verməsi ehtimalını çox aşağı qiymətləndirirdilər: “Hətta keçirilən müxtəlif ictimai rəy sorğuları da Ukrayna əhalisinin mütləq əksəriyyətinin belə bir müdaxilənin baş verə biləcəyinə inanmadığını göstərirdi. Qərbin mümkün hücum tarixləri barədə elan edilən kəşfiyyat məlumatlarına rəğmən, rəsmi Moskva Ukrayna ilə müharibəyə hazırlaşdığını israrla təkzib edirdi. Doğrudur, Rusiyanın atom bombasından və ya nüvə silahından istifadə edəcəyi, bununla ölkəsini, dünyanı açıq fəlakətlə üz-üzə qoyacağı ağlabatan deyil. Lakin Ukraynada bəzi qadağan olunmuş silahlardan, məsələn, vakuum bombasından istifadə edildiyi barədə məlumatlar artıq təsdiqini tapmaqdadır”.

 

Nail Cəlil bildirib ki, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozduğuna, açıq hərbi müdaxiləyə görə, Rusiyanın ən yaxın tərəfdaşları və müttəfiqləri ondan üz döndərib. Hələ ki, Belarusu çıxmaqla tərəfdaşlarından heç biri artan və hər gün daha da ağırlaşan sərt sanksiyalar fonunda Rusiyanın yanında görünmək istəmir. Digər tərəfdən, ən yaxın tərəfdaşları belə Ukraynaya hərbi müdaxilə fonunda rəsmi Moskvanın gizli xəyalını qurduğu keçmiş SSRİ-nin bərpasında maraqlı görünmürlər: “Əslində, belə bir müdaxilənin yanvar ayının ortalarında baş verəcəyi gözlənilirdi. Sadəcə, Qazaxıstanda baş verən məlum etirazlar, Rusiyanın KTMT çətiri altında bu ölkəyə ordu yeritməsi Ukrayna ətrafında yaranan gərginliyin müvəqqəti səngiməsinə səbəb olmuşdu. Buna baxmayaraq, hətta rəsmi Moskvanın cəmi bir ay öncə xilas etdiyiRusiyaya sıx bağlı olan Qazaxıstan hökuməti belə ona Ukrayna məsələsində hərbi-siyasi dəstək verməkdən imtina edir. Səbəb sadə, anlaşılan və başa düşüləndir. Postsovet məkanında heç kəs Rusiyanın yumşaq desək, çox şübhəli və mübahisəli iddialarına görə, qardaş dövlət sandığı Ukraynaya silah qaldırmaq və sadə, dost ukraynalılarla üz-üzə gəlmək istəmir. Hətta rusların əksəriyyəti slavyan ukraynalılarla döyüşmək istəmədiklərini aşkar biruzə verirlər. Rusiyanın Ukraynada hərbi müdaxilə planının iflasa uğramasının başlıca səbəblərindən biribudur”.

 

Politoloq vurğulayıb ki, hadisələrin indiki axarı fonunda Rusiyanın nisbətən təkləndiyi və dünyadan sürətlə təcrid olunması baş verir. Məsələn, bir çox ölkələrin Rusiya üçün hava məkanını bağlaması və fərdi sanksiyalar nəticəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə tərkisilaha dair beynəlxalq konfransa birbaşa qatıla bilməyib. Hətta onun onlayn çıxışı belə iştirakçı ölkələrin təmsilçilərinin çoxunun zalı tərk etməsinə səbəb olub, Rusiya faktiki olaraq, dünya ölkələrinin çoxu tərəfindən boykot edilir. Bu sırada onun ən yaxın müttəfiqi sayılan və Ukrayna ərazisinə ordu yeritmiş Belarus da istisna deyil. Bu səbəbdən bir sıra ölkələr Rusiyanın ardınca Belarusa da geniş sanksiyalar tətbiq etməyə başlayıblar: “Reallıq ondan ibarətdir ki, hazırda bütün dünyada, postsovet ölkələrində, hətta Rusiyanın özündə belə əhali, ictimai rəy Ukraynanın tərəfindədir. Heç kəs Rusiya rəhbərliyinin Ukraynaya müdaxilə üçün göstərdiyi səbəblərə, istinad etdiyi arqumentlərə haqq qazandırmaq fikrində deyil. Bütün məhdudiyyətlərə, qadağalara baxmayaraq, dünyanın müxtəlif ölkələrində, o cümlədən, Rusiyanın özündə müharibə əleyhinə kütləvi etirazlar da deyilənləri əyani şəkildə təsdiqləyir”.

 

Politoloq Nail Cəlilin fikrincə, qlobal xarakterli iqtisadi, eləcə də hərbi-siyasi təzyiqlərin güclənməsi müqabilində Rusiyanın Ukraynaya hərbi eskalasiyası və ya tərəflər arasında aktiv müharibə fazası uzun müddət davam etməyəcək: “İndiki halda uzunmüddətli müharibə və ya Ukraynada qadağan olunmuş silahları intensiv tətbiqi Rusiyanın özündə dərin siyasi-iqtisadi böhrana, hətta hakimiyyət böhranına gətirib çıxara bilər. Ukrayna üçün bu, ağır, bərpa olunmayan itkilər, mövcud resursların əhəmiyyətli dərəcədə tükənməsi, Qərbdən mütləq asılılığın artması deməkdir. Bəzi proqnozlara görə, bu, Qərbin hədəfində və marağında olan bir ssenaridir. ABŞ-ın, Böyük Britaniyanın, əksər NATO ölkələrinin birbaşa hərbi dəstəkdən çəkinməsi, məhdud silah, maliyyə dəstəyi, bəzi hallarda humanitar yardımla kifayətlənməsi belə bir ssenarinin gerçəkləşməsinə yönələn addımlar kimi də dəyərləndirilə bilər. Bununla yanaşı, hərbi müdaxilənin dördüncü günü Ukrayna ilə Rusiyanın ilkin danışıqlara getməsi, hətta danışıqların ikinci raundunun təyin edilməsi belə xoşagəlməz ssenarinin reallaşması ehtimalını nəzərəçarpacaq dərəcədə azaldır”.

 

Nail Cəlilin sözlərinə görə, prosesə çoxsaylı ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların cəlb olunmasına baxmayaraq, Müharibə əsasən, iki qonşu slavyan ölkəsi Rusiya ilə Ukrayna arasında baş verir. Belarus faktiki olaraq, Rusiya ilə ittifaqdaya onun geniş təsir dairəsində olduğu üçün onu münaqişənin ayrıca subyekti kimi dəyərləndirmək çox da doğru deyil: “Buna baxmayaraq, “yeni SSRİ” ssenarisinə uyğun olaraq, “Ukraynanı nəyin bahasına olursa olsun, geri (?!) qaytarmalıyıq” deyən, Qazaxıstanda baş verənlərin fonunda Özbəkistanı belə təhdid edən elə Belarusun prezidenti Aleksandr Lukaşenkodur. Başqa sözlə, hazırda Ukraynada baş verənlərdə, müharibə ssenarisinin işə düşməsində Lukaşenkonun da məsuluyyət payı var. Əslində, tərəflər arasında hərbi münaqişə vəziyyəti 2014-cü ildə Ukraynada baş verən hakimiyyət böhranı fonunda Krımın Rusiya tərəfindən ilhaqanneksiya edilməsi ilə başlayıb. Donbassda Rusiyanın son müharibədən cəmi bir gün əvvəl tanıdığı iki separatçı respublikanın yaradılması və 8 il ərzində rəsmi Kiyevə təzyiq aləti kimi saxlanılması da bu ssenarinin tərkib hissəsidir. Maraqlıdır ki, postsovet ölkələrində Rusiyanın memarı olduğu separatçı rejimlərin çoxu neokommunist modeli üzərində qurulub və belə “model”lərin dördü məhz Ukraynanı əhatə edir, üçü məhz onun ərazisindədir. Söhbət Moldovaya aid, Ukrayna ilə həmsərhəd olan Dnestryanıdan və Ukrayna hüdudlarında olan Krım, Luqansk, Donetskxalq” respublikalarından gedir”.

 

Politoloq əlavə edib ki, Rusiya Ukraynaya hərbi müdaxiləsini özünün təhlükəsizlik maraqları ilə izah etsə də, bu, suveren, müstəqil bir ölkəni işğal etmək, orada xalq tərəfindən seçilmiş, legitim hökuməti zor gücünə devirmək cəhdlərinə heçhaqq qazandırmır: “Əksinə, bu, dünyanın super güclərindən biri olan Rusiyaya beynəlxalq etimadı kökündən sarsıdır, transmilli, qlobal təhlükəsizlik hədəflərinə ciddi zərbə vurmuş olur. Rusiya elə bir vəziyyət yaradıb ki, tərəfdaşları, müttəfiqləri istəsələr belə, onu açıq şəkildə dəstəkləyə, müdafiə edə bilmirlər. Çünki bu təhdid və təhlükənin dolayısı ilə hər kəsə, bütün dövlətlərə qarşı yönəldiyini görürlər. Digər tərəfdən, Rusiyanın birtərəfli qaydada açdığı bu savaşda yanında görmək istədiyi ölkələr birmənalı olaraq, Ukrayna ilə çox yaxşı əlaqələrə malikdirlər, hətta bu əlaqələr dostluq, strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya rəhbərliyinin vəziyyəti necə təqdim etməsindən asılı olmayaraq, hər kəs nəyin baş verdiyini və niyə baş verdiyini çox yaxşı başa düşür”.N.Cəlil xüsusi olaraq, vurğulayıb ki, indiki halda vəziyyətdən mümkün və tərəflər üçün məqbul çıxış yolu danışıqlar vasitəsilə atəşkəsə nail olmaq və 7-8 gün əvvələ - fevralın 24-ə qədər olan vəziyyətə qayıtmaqdır:Ukrayna tərəfinin bununla bağlı şərtləri aydındır. Onlar təhlükəsizlik təminatı müqabilində neytrallıq statusu təklif edirlər. Digər tərəfdən, Rusiya qoşunlarının Ukrayna ərazisindən çəkilməsi, ən azı, fevralın 23-də olduğu sərhədlərə və mövqelərə çəkilməsi tələb olunur ki, bu da gərginliyin əhəmiyyətli dərəcədə azalması, ciddi konstruktiv mövqeyə keçid deməkdir. Hesab edirəm ki, bu şərtlər ümumi maraqlar baxımından, Rusiya tərəfi üçün də anlaşılan, qəbulediləndir”.

Siyasi ekspert onu da bildirib ki, rəsmi Moskvanın baş verənlərin müqabilində davranışı və şərtləri heçreal, adekvat deyil: “Rusiyanın Ukraynaya öz hərbi-siyasi iradəsini güc yolu ilə, zorla qəbul etdirmək istəyi nəticə verməyəcək. Ekspansiyanın genişlənməsinə baxmayaraq, Ukrayna özünü uzun müddət müdafiə etmək gücündədir. Savaşın daha da genişlənməsi indiki halda heç də Rusiyanın maraqlarına cavab vermir. Ən optimal çıxış yolu hər iki tərəf üçün məqbul şərtlərlə kompromisə getməkdir”.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 3 mart.- S.7.