Ərdoğan siyasətə əxlaqi dəyərlər,
sülh gətirən xarizmatik
liderdir
Yerli politoloqlar Türkiyə Prezidentinin Rusiya-Ukrayna danışıqları təşəbbüsünü alqışlayıblar
Martın 29-da İstanbulda Türkiyə Prezidenti Ərdoğanın təşəbbüsü və bilavasitə iştirakı ilə Rusiya və Ukrayna tərəfləri arasında baş tutan görüş dünya mediasının diqqətindədir.
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksandr Çalıy deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Rusiya - Ukrayna danışıqlarının düyünü açıldı.
"Prezident Ərdoğana böyük hörmət və ehtiramımızı ifadə etməliyik. Çünki şənbə günü çox çətin danışıqlar oldu, tamamilə dalana dirəndi. Gələn həftə heç bir nəticə verməyəcəyini gözləyirdim.
Prezident Ərdoğanın Ukrayna-Rusiya üçbucağında danışıqlar aparması sayəsində İstanbulda toplaşmaq fürsətimiz oldu və nümayəndə heyətlərinin başçıları səviyyəsində müəyyən razılaşmalar əldə etdik”, - deyə Çalıy bildirib.
Aparılan danışıqlardan sonra Rusiya və Ukrayna tərəflərinin verdiyi açıqlamalar ciddi irəliləyişlərə nail olunduğunu göstərir. Rusiya tərəfi bildirib ki, Kiyev və Çerniqov ətrafında hərbi aktivliyini dəfələrlə azaldacaq - yəni faktiki, geri çəkiləcək. Rusiya müdafiə naziri Sergey Şoyqu iddia edib ki, hərbi əməliyyatın birinci mərhələsinin "əsas vəzifələri"nə nail olunub. Donbasda isə hərbi əməliyyat davam edəcək.
Ukrayna tərəfinin hazır olduğu güzəştlərdə isə müharibədən əvvəlki durumla müqayisədə müəyyən geri addımlar olsa da, kardinal dəyişiklik yoxdur.
Danışıqları şərh edən siyasi təhlilçi Şahin Cəfərli deyir ki, Rusiya NATO məsələsini bəhanə kimi irəli sürmüşdü və fundamental məqsədi müstəqil Ukrayna dövlətçiliyinə son qoyub, onu belaruslaşdıraraq ittifaq dövlətinə qatmaq idi.
“Putin rejimi buna nail ola bilmədi və aydındır ki, bundan sonra nüvə silahı da tətbiq etsə, nail ola bilməyəcək. Rus ordusu Ukraynada çox ağır itkilərə məruz qaldı və onunla bağlı bütün dünyada formalaşmış mif param-parça oldu. Faktiki, bu gün əlində nüvə silahı olmasa, Rusiya ordusu ölkəni xarici hücumlardan müdafiə etmək gücündə deyil. Rusiyanın bütün elit hərbi hissələri darmadağın olundu, döyüş aviasiyası ciddi zərbələr aldı, bunların yerini doldurmaq üçün illər lazımdır”.
Ekspert deyir ki, tətbiq olunan sanksiyalar Rusiyanı nəinki inkişaf perspektivlərindən tamamilə məhrum edib, hətta ona ekzistensial təhlükə yaradıb. Bu sanksiyaların bir an öncə ləğvi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması Rusiya üçün həyati məsələdir.
“Bir sözlə, Ukraynadan müəyyən güzəştlər alıb, bunu xalqına və dünyaya qələbə kimi təqdim edərək müharibəni dayandırmaq bu gün Rusiyanın marağındadır”.
Ş.Cəfərlinin sözlərinə görə, hələ ki qaranlıq qalan xeyli önəmli məqam var: atəşkəs olacaqmı və nə vaxt?
“Rusiya təkcə Kiyev-Çerniqovdan deyil, digər ərazilərdən də çəkiləcəkmi və nə zaman? Ümumiyyətlə, Rusiyanın bu açıqlamasına nə dərəcədə etibar etmək olar? Ukrayna ordusu Kiyev vilayətində fasiləsiz rejimdə ağır zərbələr vurduğu, lakin 24 fevraldan bəri vilayətin şəhərlərini dağıdaraq, ağır cinayətlər törədən işğalçıların oranı rahat tərk edib getməsinə tamaşa edəcək? Çünki bu qüvvələri Rusiya komandanlığı Donbas istiqamətinə göndərəcək və oradakı Ukrayna qruplaşmasının vəziyyəti daha da ağırlaşacaq. Başqa bir tərəfdən, Rusiyanın Çerniqov-Kiyev istiqamətindən çəkilməsi buradakı kifayət qədər güclü və çoxsaylı Ukrayna hərbi qüvvələrini də sərbəstləşdirir və onların Donbasa, eləcə də ehtiyac olan digər istiqamətlərə göndərilməsinə imkan yaradır. Rusiya niyə bunda maraqlı olsun? Belə çıxır ki, tərəflər digər istiqamətlərdə döyüşü dayandırıb, yalnız Donbasda müharibə aparmağa razılaşır? Tutaq ki, Rusiya bütün Donbası işğal edib, regionun inzibati sərhədlərinə çıxsa, Ukrayna buna razı olub, müharibəni dayandıracaq? Yaxud əksinə, Ukrayna ordusu Donbasdakı mövcud mövqelərini əldən verməsə, hətta irəliləsə, Rusiya bunu qəbul edəcək? Yəni, Donbasdakı müharibənin hansı nəticələri tərəflər üçün məqbuldur? Anlamaq olmur”.
Ekspertin sözlərinə görə, atəşkəs barədə hələ ki razılıq yoxdur, bu isə o deməkdir ki, savaş bütün istiqamətlərdə davam edir.
“Rusiya nümayəndə heyəti artıq Türkiyəni tərk edib. Halbuki danışıqların 30 martda da davam etdirilməsi nəzərdə tutulmuşdu”.
Ekspert Əkrəm Bəydəmirlinin fikrincə, Rusiya-Ukrayna müharibəsinin ağır nəticələri ortadadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ münaribə başlamamışdan xeyli əvvəl Rusiya-Ukrayna arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün deyirdi ki, Ukrayna ətrafındakı hadisələri yaxından izləyirik. Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Bu gün Ukraynada müharibənin çox ağır dönəmində Ərdoğan Qərbin edə bilmədiyi vasitəçiliyi etdi. İki slavyan xalq arasındabu müharibəni dayandırmaq üçün tərəfləri danışıq masasına gətirə bildi: “Bu danışıqlar Rusiya təcavüzünün qarşısını almaqla bərabər dünyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadını artırmış oldu. Danışıqlar bu gün həm Rusiya, həm də Ukrayna tərəfi üçün bu ən məqbul variantdır. Rusiya-Ukrayna müharibəsi zamanı danışıqların nəticəsindən asılı olmayaraq, prosesləri izləyəndə bir daha fərqindəyik Ərdoğan təşəbbüslərində səmimidir. Bu da Türkiyə Prezidentinin gerçəkdən siyasətə əxlaqi dəyərlər, sülh gətirən xarizmatik lider olmasından xəbər verir”.
Ekspert Ruslan Bəşirli isə qeyd edib ki, biz Türkiyənin Ukrayna-Rusiya münaqişəsini ən azı qalıcı atəşkəs şəkilində həll edə biləcəyini yazanda bəziləri öz səhifələrində "Türkiyə kimdir ki, qlobal problemləri həll etsin" ədası ilə statuslar yazırdılar. Halbuki, prosesə sırf soyuq başla yanaşma kifayət edirdi ki, qlobal planda Ankaranın rolunu görə biləsən: “Birincisi, müharibə başladıqdan sonra Zelenski keçirdiyi ilk mətbuat konfransında qəflətən Türkiyənin Ukraynanın təhlükəsizliyinə zamin olacağını bəyan edərək, Ankaranın rolunu ön plana çəkdi. İkincisi, bu açıqlamadan sonra anidən Türkiyəyə dövlət başçılarının ard-arda səfərləri başladı. 24 gün ərzində Türkiyəyə 20-dən çox dövlət və hökumət başçısı səfər etdi ki, bunların önəmli hissəsi Avropa dövlətlərinin liderləri idi. (ABŞ-a baxmayın, Ukrayna savaşının bitməsini ən çox Avropa dövlətləri istəyir) Səfər edən liderlərin hamısı keçirdikləri mətbuat konfranslarında sülhün bərqarar olmasında Ankaranın rolunu önə çəkirdilər. Antaliya Formunda Türkiyə son 2 ildə ilk dəfə Ukrayna və Rusiya XİN rəhbərlərinin danışıqlarını təşkil etdi. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıq şəkildə əsas siyasi danışıqların Türkiyədə davam etdiriləcəyini, Belarusdakı danışıqların "texniki" xarakter daşıdığını açıqladı. Həm Türkiyə, həm Ukrayna, həm Rusiya siyasi dairələri, həm də bəzi Avropa dövlətləri prosesin Ankaranın əlində olduğunu göstərə-göstərə işarə edirdilər. Bütün bunları görmək üçün azacıq diqqət kifayət edirdi. Üstəlik də həm Zelenskinin, həm də Putinin digərlərindən daha çox Ərdoğana etibar etmələri və Türkiyənin ili ildən böyüyən güc olması faktı da var”.
Cavid
Xalq Cəbhəsi.-
2022.- 31 mart.- S.8.