31 mart soyqırımından qalib millətə
və dövlətə doğru
Musa Qasımlı: “Belə hadisələrin
gələcəkdə bir daha təkrarlanmaması
üçün millətimiz öz tarixini bilməlidir”
“1918-ci il martın 31-də törədilən soyqırımdan 104 il keçir. Bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı deyib.
Öncə soyqırımına qədərki şəraitdən danışan millət vəkili bildirib ki, Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik, Bakı Sovetinin dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular: “Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi.
Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.
Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, əvvəlcə Şərqi Anadoluda törədilmişdi. 1917-ci ilin payızından etibarən isə Cənubi Azərbaycanı, Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını-indiki Ermənistan Respublikasının, Tiflis quberniyasının Borçalı qəzasının və indiki Azərbaycan Respublikasının ərazilərini əhatə edirdi.
Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü Stepan Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı”.
Soyqırımın səbəbləri
Millət vəkili əlavə edib ki, soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi: “Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq çar Rusiyasının orqanları Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək məqsədilə guya Bakı şəhərində Azərbaycanın digər yerlərindən fərqli mədəniyyət olduğunu təbliğ edirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. Çox sonralar sovet dövründə guya “bakinets, bakılı milləti”nin olduğu da zorla ictimai şüura sırıdılırdı.
İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda onları Şərq siyasətində bir vasitəyə çevirdi. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra hakimiyyətə gələn bolşeviklər də davam etdirdilər. 1917-ci ilin noyabrında Bakıda Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. Vladimir İliç Lenin Stepan Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Heç əbəs deyildir ki, 1918-ci il mart ayının ikinci yarısında Vladimir İliç Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu – neft, işıq və enerjidir", – deyə cavab vermişdi.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Artıq qeyd edildiyi kimi, bu zaman Cənubi Qafqazda bir-birilərinə əks olan Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət qazanmağa imkanı verər, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Komissarlığının süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımın törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.
Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin təqribən 3 milyon nəfəri türk, müsəlman idi.
Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin türk, müsəlman olduqları üçün azərbaycanlıların hərbi xidmətə çağırmaması ilə bağlı idi”.
Bəhanə
M.Qasımlı diqqətə çatdırıb ki, S. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının motroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi: “Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini "Evelina" gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi”.
Soyqırımın həyata keçirilmə üsulları
Onun sözlərinə görə, martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi: “Nəinki silahlı ermənilər, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi.
Soyqırım xüsusi qəddarlıqla həyata
keçirildi. Şəhər
yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı
əhali diri-diri su və neft quyularına, yanar təndirlərə
atılır, hamilə qadınların qarınları
süngü ilə deşilir, körpə uşaqlar divarlara
mıxlanır, qadınlar hörüklərilə bir-birinə
bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi.
Silahlı dəstələr uşaqlara, qocalara
və qadınlara rəhm etmirdilər. Adamlardan
siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək
üçün “türk, müsəlman” olmaq kifayət
edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan
tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə
çatmışdı ki, daşnaklar “biz, bolşevik,
sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta
müsəlman sosialistlərini belə qırdılar...”.
Soyqırımın gedişində azərbaycanlılara
məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət
ocaqları dağıdıldı. "Açıq söz",
"Kaspi" qəzetlərinin redaksiyaları, fəaliyyətini
bütün Cənubi Qafqaza yayan və müharibə zamanı
Qafqaz cəbhəsində hərbi əməliyyatlar
meydanında böyük iş aparan, azərbaycanlıların
ictimai hərəkatında mühüm rol oynayan Müsəlman
Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə"
binası yandırıldı. Təzəpir məscidinin
minarələri zədə aldı.
Qüvvələr bərabər olmadığı
üçün martın 31-də azərbaycanlılar
döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq,
azərbaycanlıların öldürülməsi davam
etdirildi. Qırğınlar yalnız
aprelin 2-də dayandırıldı”.
Soyqırımının
nəticələri: avropalılar və amerikalılar nə
dedilər?
M.Qasımlı
diqqətə çatdırıb ki, Bakıda törədilən
soyqırımının ağır nəticələri oldu:
“Regiona səfər edən ABŞ-ın Harbord
missiyasının hesabatında yazılırdı ki, ermənilər
1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını
öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden
Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı
qətlə yetirdilər.
Mart
qırğınından bəhs edən ABŞ tarixçiləri
Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min
döyüşçünün iştirak etdiyi bu toqquşma
Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi
ilə nəticələndi”.
Millət
vəkili deyib ki, ABŞ tədqiqatçıları C.Makkarti
və K.Makkarti 1918-ci il martın 30-dan
aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək
müsəlman öldürdüyünü və şəhərin
türk əhalisinin yarısının
qaçdığını yazırlar: “Böyük Britaniya
nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan
göndərdikləri teleqramda yazılırdı ki, ermənilər
bolşeviklərlə birləşərək özlərinə
irqi düşmən hesab etdikləri azərbaycanlılara
qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki,
mart ayında Bakıda müsəlman əhalinin dörddə
biri öldürüldü. Həmin
dövrün statistik məlumatlarından aydın olur ki, bu
zaman Bakıda təqribən 280-300 min nəfər əhali
yaşayırdı. Onun təqribən
80-100 min nəfəri azərbaycanlı, digərləri isə
çarizmin müstəmləkə siyasəti nəticəsində
şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin
dörddə biri 20-25 min nəfər edir. Bu
rəqəm bəzi amerikan mənbələrində
yazılanlar ilə eyniyyət təşkil edir”.
Azərbaycan mənbələrində nə
yazılır?
M.Qasımlı
qeyd edib ki, müxtəlif siyasi cərəyanların
maraqlarını əks etdirən Azərbaycan mənbələrində
də öldürülənlər barədə çoxlu məlumatlar
vardır: “Məsələn, partiya mənsubiyyəti
baxımından bolşevik olan Nəriman Nərimanov 1918-ci il
mayın 23-də çap olunmuş "Vətəndaş
müharibəsinin milli rəng almaması üçün nə
etmək lazımdır" adlı məqaləsində
aşağıdakıları etiraf edirdi: “Fanatizmdən uzaq
olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən
vətəndaş müharibəsində 99 faiz bir millətin
nümayəndələri qırılır. İrəvan
quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı
bölgələri mənim dediklərimi tamamilə təsdiq
edir”. Nəriman Nərimanov daha sonra 1919-cu ilin
fevralında yazdığı "Biz Qafqaza hansı
şüarla gedirik" və "Qafqazın
işğalına baxış" adlı məqalələrində
yazırdı ki, bolşevizm şüarları altında
daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə
şəraitdə sovet hökuməti Bakıda vətəndaş
müharibəsinə başlamağa qərar verdi.
Vətəndaş müharibəsi adı
altında Bakıda qanlı hadisələr törədildi.
Bakıda sovet hakimiyyəti daşnakların əlində
alət idi.
Azərbaycan Cümhuriyyəti hökumətinin
yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərindən aydın olur ki,
Bakıda ermənilər mart hadisələri zamanı dinc
müsəlman əhalini siyasi mənsubiyyətə fərq
qoymadan kütləvi qırıblar. Digər mənbələrə
əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən
artıq azərbaycanlının öldürülüb.
Kütləvi qırğınlar yalnız Bakı ilə
məhdudlaşmadı. Azərbaycanın və Cənubi
Qafqazın digər yerlərində də azərbaycanlılara
qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat
mənbələrinə görə, Cənubi Qafqazda
qırğınlar zamanı 60 min Azərbaycan türkü
qaçqına çevrildi və 420 müsəlman kəndi
dağıdılıb”.
Soyqırımını
törədənlər istəklərinə nail ola bildilərmi?
Onun
fikrincə, erməni-daşnakların və bolşeviklərin
soyqırımı törətməkdə başlıca məqsədi
Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin
elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər
dənizinə yiyələnmək, Orta
Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən
buraxmamaq idi: “Lakin onlar istəklərinə nail ola, Azərbaycan
xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin
elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini
dayandıra bilmədi. Mayın 28-də Azərbaycan
xalqı bütün müsəlman Şərqində dəfə
olaraq respublika idarə üsulunu qurdu. Respublika
məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan
xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən
xilas olmaq yolunu, nümunəsini göstərdi, onların
yoluna çıraq tutdu. Bakı
sentyabrın 15-də azad edildi. Azərbaycan
hökuməti tarixi şəhərimiz olan paytaxt Bakıya
köçdü. Azərbaycan nefti yadelli
qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və
torpağının sahibi oldu”.
Azərbaycanın verdiyi qiymət
M.Qasımlı bildirib ki, cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi: “Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi.
Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin də gerçəkləşdirilməsinə imkan vermədi Prezident Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında Əbədi məşəl abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixində sərəncamına uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən Əbədi məşəl abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra görüldü. Bu baxımdan birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətinin müstəsna əhəmiyyət daşıyan fəaliyyəti vardır”.
Alacağımız ibrət dərsləri
Millət vəkili vurğulayıb ki, erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir: “Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarını dərindən bilsəydik, bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart da olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilmiş soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi”.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.-
2022.- 31 mart.- S.5-6.