Yevlaxdan başlanan
ömür yolu...
Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmaz, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşnmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...
Deyir ki,- “Mən
rəssam olmaq istəyirdim. Bu sənətə
təsadüf və şans nəticəsində
gəlmişəm. Bəlkə indi
çoxlarına inanılmaz
görünür, amma
həqiqətən belə
olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə
daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də,
dedilər, əvvəlcə
rəssamlıq məktəbini
bitir sonra gəl. Qanım elə qaralmışdı
ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə
enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə
ordakılardan soruşdum,
nəsə dedilər
anlamadım, axırı
birtəhər başa
saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə
sənədlərimi verdim
və qəbul olundum. Amma zamanla teatr mühitinə
alışsam da, teatrşünas olacağıma,
bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”
Haqqında söhbət açdığım
İlham Rəhimli
1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. Orta təhsilini
Yevlaxdakı 1 saylı
orta məktəbdə
başa vurub. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun teatrşünaslıq
fakültəsinə qəbul
olunub. 1972-ci ildə bu ali məktəbi fərqlənmə
diplomu ilə bitirib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Sonra “Kommunist”- indiki “Xalq qəzeti”ndə əmək fəaliyyətinə
başlayıb. Müxtəlif illərdə ədəbi
işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin
müdiri vəzifələrində
çalışıb. 1991-1993-cü ilərdə "Azərbaycan" qəzetinin
baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul
işçisi olub.
Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik
Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində
işləyib. Eyni zamanda,
1975-ci ildən Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru, professordur.
2007-2011-ci illərdə Azərbaycan Televiziya və Radio QSC-nin "Maarifçilik" redaksiyasında
baş redaktor vəzifəsində çalışıb. 2011-ci ildən Mədəniyyət
kanalının direktor
müavinidir.
Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər",
"Teatr", "Yeni
tamaşalar", "Aktyorlar
və rollar",
"Sərbəst bu söhbət" verilişlərinin
müəllifi və aparıcısıdır. Azərbaycan Jurnalistlər
və Yazıçılıar
birliklərinin, eləcə
də Rəssamlar və Teatr Xadimləri
ittifaqlarının üzvüdür.
1989-cu ildən əməkdar
incəsənət xadimi
fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülüb...
Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə
də müasir yazarların yaradıcılığına
subyektiv deyil, obyektiv yanaşma tərzi var..
“Elçinin, Əli
Əmirlinin əsərləri
teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ
nədir: Azərbaycanda
rejissor və dramaturqun birgə işləmək səriştəsi
çox zəifləyib.
Səməd Vurğunun qələmindən
dürr tökülürdü,
amma "Vaqif”i həddindən artıq uzun yazmışdı.
Yazdığı da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji
baxımdan əsaslı
işlənməyə ehtiyacı
vardı. Ədil İsgəndərov
o əsəri dramaturqla
birgə qısaldıb
gətirdi səhnəyə.
Səməd Vurğun "Fərhad
və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi.
Bu o demək deyil
ki, Ədil İsgəndərov Səməd
Vurğuna qələm
tutmağı öyrədib.
Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla
Səməd Vurğunun
işlədiyi variantı
Tofiq Kazımov ömründə tamaşaya
qoymazdı. Mehdi Məmmədov
da o cür. Ədil İsgəndərovdan sonra
iki rejissorun adını inamla çəkə bilərəm
ki, onlar öz dramaturqlarını
yetişdirdilər. Gənc Tamaşaçılar
Teatrında Zəfər
Nemətov Rauf İsmayılov, İsgəndər
Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə
səylə işlədi
və onlar oldular bu teatrın
dramaturqu. Tofiq Kazımov
dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram
ki, yaxşı pyesi teatr geri
qaytarsın. Sadəcə, bu gün rejissorla
teatrın qarşılıqlı,
ehtiramlı, inamlı
əlaqəsi itib.
Bu gün çox
yazan dramaturqlardan biri Əli Əmirlidir.
Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə
onun pyesini bəyənməyib qaytarmışam.
O da təmkinlə mənim iradlarıma qulaq asıb.
Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...
Sürətlə işləmək qabiliyyəti onu vunderkində çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlara göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...
Deyir ki,- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”
Sentyabrın 8-i teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü İlham Əziz oğlu Rəhimlinin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram...
Elman Eldaroğlu
Xalq
Cəbhəsi.- 2022.- 8 sentyabr.- S.14.