Payız gözəlliyi
Payız kandardadır. Düzdür, hərçənd ki, yay öz yerində necə möhkəmlənibsə heç yerindən tərpənmək istəmir. Amma təbiətin də nizamı var-onu pozmaq olmaz axı. Yarpaqlar onsuzda payızın gəlişini gözləmədən yayın can təntidən qorabişirənindən xəzəllənib. Meyvə (əgər varsa!) tamlanıb, dəyib, yeyəninə minnət. Rus yazıçısı Anton Pavloviç Çexov yazırdı: "Payız qoxusu gəlir. Onda kədərli, xoş, gözəl və qeyri-adi nə isə var. Onu götürüb durnalarla harasa uçmaq olar". Uilyam Brayant isə "Payız ilin ən heyranedici son təbəssümüdür" deyirdi.
Yorğun təbiətin mürgüyə hazırlaşdığı kimi insanın da ruhunu bir qəriblik bürüyür. Sövq-təbii darıxır, səbəbi bilinməyən qəmli notlara köklənirsən. Hərəmizin payızla bağlı bir nisgili, bir xatirəsi var. Şair Çingiz Babaoğlu yazır ki,
Payız ürəklərin qəmi, nisgili,
Bir sönən ürəyin döyüntüsüdür.
O, küskün talenin bir solan gülü,
Sevginin aldadan görüntüsüdür.
Dədələr də payızdan çəkinərdilər. Elə bundan
dolayı da "Payız-pay üz" deyərdilər - uzunluğunamı,
sisli, dumanlı olduğunamı, bilmirəm
nədən.
Payız
durnaların köç
etməsidir,
Baharı sevməyə çağırır
bizi.
Bir ömrün sonunu bildirməsidir,
İxtiyar çağında axtarır
bizi.
Ömrün də payız fəsli olur deyirlər. Ömrünüzün payızı gəlməsin
əzizlərim. Şair Rəfail
Tağızadə.
Ağacın yaylığı ayaqlar
altda,
yeriyə bilmirəm
çığırtısından.
Çılpaq ağacların əlləri
göydə
yarpağın son dua pıçıltısından.
Yenə
gəlib çatdı
payız axşamı
yenə bu könlümə küləklər
əsir,
axşam süfrəsində
boş qalıb bir yer
kölgələr dolaşır, kölgələrdə sirr.
Nisgilli, kədərli, çiskinli olmasına baxmayaraq payızın da öz gözəlliyi var. Samir Əsədli yazır ki, qızıl payız təbiətlə insan oğlu arasında xoş duyğular yaradır…Bu duyğular pozulmaz, dağıdılmaz ahəngə bərabər olur! Payızın ilk əvvəl gözəlliyi yaşıl ağacların yarpaqlarını saraltması, saralan yarpaqların qızılı xəzələ dönməsi, o xəzəlin üstündə gəzməyin insana verdiyi pozitiv enerji bir başqadır. Gəzdikcə xəzalın xışıltısı, insan duyğusunu öz gözəlliyi ilə ruhlandırır. Qızıl payızın rəngi insan ovqatına qəribə duyğular qatır. Solğun yarpaq rəngləri, əsən külək, payız yağışının səsindəki qəribəlik, həzinlik…
Bu duyğular insanda yaşam hissini daha da rövnəqləndirir….
Yəni payız fəslinin öz ruhu var. Bu ruh insanı kövrək edir.
Xəyalə Sevil isə,
Üşüyər, üşüdər
pəncərəmi də,
Gəlməz içəriyə, yadındı
payız.
Sarı
saçlarını töküb
çiyninə,
İlahi, nə gözəl qadındı payız.-deyir.
Bax belə
əzizlərim. Qoy bu payız ömrünüzə sevinc,
şadlıq gətirsin.
Payız
payınızı üzməsin.
Gələn payızınız
da gedən yayınız kimi çal-çağırlı, toy-düyünlü olsun!
Malik Balaşov, tarixçi-publisist
Xalq Cəbhəsi.- 2022.- 15
sentyabr.- S.14.