Bu gün Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.
Xatırladaq ki, 2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Beləliklə, həmin gün Bilik günü kimi qeyd olunub.
Hər il olduğu kimi bu gün də məktəblərə şagird və valideyn axını başlayacaq. Bu da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Buna görə də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib: “15 sentyabrda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur. Məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün sürücülər Qanunun tələblərinə əməl etməlidirlər. Unutmayaq ki, yollarda hərəkət sıxlığı ictimai nəqliyyat vasitəsi ilə təhsil almağa gələn məktəblilər üçün də gecikmələrə səbəb olur. Buna görə avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən
aldığımız məlumata görə, yeni tədris
ilində ümumilikdə 1 616 214 şagird təhsil alacaq. Bunlardan 158
297-si birinci sinif, 147 029-u doqquzuncu sinif, 100 455-i isə on birinci
sinifdə təhsil alacaq.
Onu da vurğulayaq ki, yeni tədris ilinin başlanması
öncəsi hər ildə olduğu kimi bu ildə də bir
çox məktəblər, sinif otaqları təmir edilib. Bir sözlə,
yeni tədris ilinə tam hazırlıq görülüb.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin,
tədris proqramlarının müasir
çağırışlara
uyğunlaşdırılması, yeni əmək bazarına
uyğun kadr potensialının formalaşdırılması
dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin
tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində
bərpa və yenidənqurma işlərinin ardıcıl
xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən
icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb”
proqramı ilə davamlı şəkildə dəstək
verir. Hər bir dövlətin tərəqqisi
və gələcəyi onun təhsil səviyyəsi ilə
birbaşa bağlıdır. Bu sahəyə
qoyulan investisiya gələcəyə yatırılan sərmayə
deməkdir. Dövlətimiz bu baxımdan
hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində
bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb.
Çox mühüm amillərdən biri də
odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil
müəssisələri ən müasir tədris
avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində
70-ə yaxın məktəb binası tikiləcək və
ya əsaslı təmir edilərək istifadəyə veriləcək.
Bu məktəblərdən 30-u modul tiplidir.
Amma problemlərdən də yan keçmək olmur. Bu da məktəbli
formaları, birinci sininf şagirdlərinin yerləşdirilməsi,
şagird sıxlığı, hətta gül bazarında
bahalaşmadır. Belə ki, yeni tədris
ilinin başlamasına bir neçə gün qalmış
valideynlərin məktəbli formaları tapmaq problemi ilə
üzləşdilər. Biz hələ bu
formanın qiyməti barədə bəhs etmirik. Belə ki, ötən gün Bakı Tikiş Evində
izdiham yaranıb. Həm ibtidai sinif, həm
də yuxarı sinif şagirdlərinin valideynləri yeni forma
almağa tələsiblər. Lakin
bütün siniflər forma ilə təmin oluna bilməyəcək.
Valideynlərin çoxu istədikləri
ölçüdə forma tapa bilmədiklərini qeyd edib.
Bakı Tikiş Evindən valideynlərin forma əldə
edə bilməməsinə, yaşanan izdihama aydınlıq gətirilib.
Bildirilib ki, valideynlərin bütün ölçüləri
tapması mümkün olmayacaq. Tikiş Evinin əsas
vəzifəsi ibtidai sinif şagirdlərini forma ilə təmin
etməkdir. Xatırladaq ki, elm və təhsil
naziri Emin Əmrullayev yeni məktəbli formalarının məcburi
olmadığını bildirib.
Beləliklə, qarşıdan gələn tədris
ilində ilkin mərhələdə ancaq ibtidai sinif
şagirdləri yeni məktəbli formalarını əldə
edə biləcəklər. Yuxarı sinif
şagirdləri isə ancaq növbəti ildən etibarən
yeni formada dərsə gedəcəklər.
Bakı
Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri
Etibar Əzimov bildirib ki, tək bir müəssisə
bütün Bakı şəhərini forma ilə təmin edə
bilməz: “Məktəbli formaları üçün
heç bir qurum bizə müraciət etməyib. Biz dövlət müəssisəsi deyilik, özəl
qurumuq. Biz bank krediti ilə işləyirik.
Aşağı faizlə də bizə kredit verən
yoxdur. Gərək əvvəldən bu
işə razılaşmazdıq. İndi
hamı məsuliyyəti bizim üzərimizə atır”.
E.Əzimov
bildirib ki, tikiş evi hər gün 1200-1500 forma istehsal edə
bilir: “Hazırda tələbat qısaqol köynəklərədir.
Yay üçün biz qısaqol forma
hazırladıq, uzunqol köynəklər də
hazırlanır”.
Şöbə
müdiri izdihamda günahı məktəb direktorlarında
görüb: “Direktorlar valideynləri məcbur edirlər ki,
mütləq forma ilə gəlin məktəbə. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir.
Camaatı belə təşvişə salmaq
olmaz. Bizim burada heç bir
günahımız yoxdur”.
"Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin
mağazalardan formaların satışı həyata
keçirilir. Bununla biz
satdığımız məhsula zəmanət verə
bilirik. Bu formalar başqa yerdə satılanda bir az baha satılır. "Bravo" supermarketlərinə
də 6000 min forma verildi və satıldı. Biz
çox məhsul istehsal edə bilmirik. Bir
tikiş fabriki Bakıdakı bütün şagirdlərə
məktəbli formasını necə istehsal edə bilər?
Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir.
Ona görə də biz bütün işimizi
atıb, yalnız məktəbli forması istehsal edə bilmərik.
Bu barədə heç bir məsuliyyətimiz
yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə
də Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(BŞTİ) bizə tapşırıq verib, müqavilə
bağlamayıb. Keçən il məktəbli
forması istehsal etdiyimiz üçün bu il də istədik
ki, bu işə kömək edək. Lakin bir
fabrik bütün tələbatı ödəyə bilməz",
- deyə o bildirib.
Sonda E.Əzimov bildirib ki, hazırda 30 mindən çox
forma satılıb.
Məktəbli
formalarının hazırlanması və satışı məsələsi
ortaya çıxdıqda millət vəkili Fazil Mustafa deyib
ki, məktəbli forması bir neçə məmurun sexində
istehsal olunur və üzərinə istədiyi qiyməti
yapışdırırlar:“Hamı
tökülub inhisarçıdan baha qiymətə forma
almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün
bir il işə yarayır. Təhsilin
keyfiyyətinə diqqət yetirmək lazımdır,
formasına deyil. Təklifim budur ki,
müvafiq icra hakimiyyəti məktəbli qızlar və
oğlanlar üçün ən azı 10 çeşid
alternativ geyim formaları təqdim etsin. Qoy
bir məktəbdə on çeşid bir-birinə yaxın
forma olsun, təki valideyn onu rahat əldə etsin. Hələ bir neçə uşağı məktəbə
gedən valideynlərin halını təsvir etmirəm.
Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur,
özü evdə tikib uşağa versin. Bütün
hallarda alternativ çox olanda qiymət də münasib olur.
Əslində dövlət formanı pulsuz təmin
etmənin yollarını tapsa, yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən
hər yayındırılan vəsait küçədə
bir cahilin, bir narkomanın sayının artması deməkdir.
Bu ölkə onsuz da cahilliyə məğlub
olmağa doğru gedir”.
Şagird sıxlığına gəlincə, Bakı və
Abşeronda əksər məktəblərdə şagird
sıxlığı müşahidə olunur. Bakıda elə
məktəblər var ki, şagirdlər məktəbə qəbul
üçün elektron sistemdə yeni sinifin
açılması üçün növbə gözləyirlər.
Buna əsasən birinci sinifə qəbulda daha
çox rast gəlinsə də, problem şagird yerdəyişməsi
zamanı da yaranır. Yuxarı siniflərdə
də elə məktəblər var ki, şagird sayı
çox olduğundan, yeni şagird qəbul edə bilmir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr
müavini İlqar Orucov Sputnik-Azərbaycana bildirib ki, Bakı
və Abşeronda məktəblərdə
sıxlığın müxtəlif səbəbləri var.
O, deyib ki, bu gün məktəblərdə yeni korpusların
yaradılması ilə problemi həll etmək mümkün
deyil. İ.
Orucovun sözlərinə görə, bəzən müəyyən
fənlər üzrə müəllim
çatışmazlığı yaranır. Belə
halda yeni siniflərin açılması problemə
çevrilir. İ. Orucovun fikrincə, pedoqoji fəaliyyətlə
məşğul olan müəllimlərin sayı
artırılmalıdır. Bundan əlavə gənc
müəllimlərin stimullaşdırılması
yönündə tədbir görülməlidir ki, müəllim
işləmək istəyən ixtisaslı kadrların
sayı çox olsun. İ. Orucov bildirib ki, digər
problem məktəblərdə boş sinif otaqlarının
çatışmazlığı ilə bağlıdır. Bu problemin həlli üçün isə sinif
otaqlarının sayının artırılması və yeni
məktəblərin inşası tələb olunur.
Təhsil üzrə ekspert Kamran Əsədov isə
problemin yaranmasının kökündə əsasən sinif
çatışmazlığının
dayandığını söyləyir.
Onun
sözlərinə görə, ölkədə 4432 ümumtəhsil
müəssisəsində 1,6 milyon
şagird təhsil alır. K. Əsədovun
sözlərinə görə, bu məktəblərin 320-i
Bakının payına düşür. 500
min şagird isə paytaxtda təhsil alır.
Bu gün valideynlər birinci sinfə gedən
övladlarına müəllimələrinə hədiyyə
olaraq gül dəstələri də alırlar ki, bu da
gül bazarında canlanma yaradıb. Qiymətlər də “at belində”
– gül buketinin minimum qiyməti 10 manatdan 200-250 manatadək,
daha çox dəyişir…
Problemlərin olduğuna və çözülməsi
üçün vaxtın tələb olmasına baxmayaraq, bu
gün yeni tədris ilinin başlanması münasibətilə
bütün müəllim və şagird kollektivini təbrik
edirik, məktəblilərə dərslərində, pedaqoji
kollektivə fəaliyyətində uğurlar
arzulayırıq.
Cavid
Xalq Cəbhəsi.- 2022.- 15
sentyabr.- S.9.