Din: bütöv
bir elmi sistem kimi
Din insanların həyat tərzini nizamlayan sosial-iqtisadi, hüquqi-etik,
mədəni-əxlaq qaydalarını əhatə
edən bütöv bir elmi sistemdir.
Ən yüksək mənəvi dəyərləri
özündə birləşdirən
müqəddəs İslam
dinimiz insanların mənən yeniləşməsində
və saflaşmasında,
cəmiyyətdə əxlaqi
meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında
müstəsna rol oynayır, hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı
üçün möhkəm
zəmin yaradan mənəvi keyfiyyətlər
formalaşdırır.
Şərqdə sivilizasiyanın inkişafının,
insan təfəkkürü
və onun təkamülünün müəyyən
mərhələsində meydana
gələn sosial, tarixi hadisə olan islam dini
ümumbəşəri dəyərləri
özündə ehtiva
etdiyi, insanları sülhə, əmin-amanlığa,
həmrəyliyə, kamilliyə,
düzgünlüyə çağırdığı
üçün xalqımızın
mental baxışları ilə
uzlaşaraq milli-mənəvi
özünüdərkimizin mühüm tərkib hissələrindən birinə
çevrilmişdir. Xalqımız həmişə Uca Tanrıya tapınmış,
qəlbində iman və inam gəzdirmişdir.
Zaman-zaman Azərbaycanda yetişən
İslam alimləri – üləmalar xalqı dindən uzaqlaşmağa
qoymamış, sərt
inzibati amirlik metodlarının tüğyan
etdiyi bir dövrdə belə İslami dəyərlərin
təbliğ olunmasına
ciddi-cəhdlə əməl
etmişlər. Hacı Molla
Əhməd məhz belə din xadimlərimizdən
olmuşdur.
Hacı Molla Əhməd Cəlal oğlu Qasımov 1921-ci ildə Yardımlı rayonunun Peştəsər kəndində
anadan olub. Uşaqlıq və gənclik illəri doğma kəndində keçmişdir.
İlk İslami təhsili yerli din xadimlərindən
alıb. Ötən əsin
60-cı illərindən Biləsuvar
rayonunun Zəhmətabad
(keçmiş Puşkin
rayonunun Abazovka/Novomixaylovka kəndi) kəndinə köçmüşdür.
Sovetlər dönəminin
dinə qarşı kəskin, sərt mövqeyinə baxmayaraq əsl mücahid olaraq (mücahid - (ərəbcə) - din uğrunda,
müqəddəs iş
uğrunda mübariz, müqəddəs müharibənin,
cihadın iştirakçısı
deməkdir. Ad bütün müsəlman
Şərqində və
başqa ölkələrdə
işlədilən termindir.
Sosial, milli azadlıq hərəkatlarında, habelə
dini hərəkatlarda
iştirak edən şəxslərə mücahid
deyilir) çəkinmədən,
qorxmadan İslami dəyərlərin təbliği
ilə məşğul
olmuşdur. İllərin sərt sınaqlarından
üzüağ çıxaraq
ən keşməkeşli,
çətin anlarda belə, insanlığın
yüksəlişinə, mənəviyyatın
təntənəsinə xidmət
edən dəyərlərdən,
o cümlədən dini
dəyərlərdən dönməyib,
onları daim uca tutub. Çətinliklərə, məhrumiyyətlərə baxmayaraq mənəvi dəyərlərimizə, İslama
sadiq olmuş, quruluşun heç bir qadağası bunu onun qəlbimizdən
çıxara bilməmişdir.
Müqəddəs etiqada, yüksək
daxili inam və ruhi saflığa
tapınan Hacı Molla Əhməd Axundun uzun illər
ərzində İslami
dəyərlərə sadiq
müsəlman olaraq tanınması da məhz bu həqiqətin
bariz təcəssümü
olmuşdur.
Məlumdur ki, Sovetlər İttifaqının mövcud
olduğu 70 il
ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı
çox kəskin mübarizə aparılmış,
dini inkar etmək o illərdə kommunist ideologiyasının
əsasını təşkil
etmişdir. Fəqət məqsədyönlü
addımlar, repressiyalar,
şüurlu şəkildə
insanlarımızı öz
inanclarından, adət-ənənələrindən
uzaqlaşdırmaq, mental baxışlarında
dəyişikliyə edilən
cəhdlər məhz
Molla Əhməd kimi din xadimlərimizin sayəsində səmərəsiz
qalmışdır. Sovet
imperiyası xalqımızı
tarixi keçmişindən,
dini və milli mənəvi dəyərlərindən uzaqlaşdırmaq
istəsə də, məhz belə din xadimlərimizin sayəsində
buna əsla nail ola bilməmişdir.
Xalqımız bütün
çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən,
zillətlərdən keçərək
öz dininə, mənəvi dəyərlərinə
daim sadiq olmuşdur və heç kim
bunların məhv edilməsinə nail ola bilməmişdir. Milli ruhumuzun
tapdalandığı illərdə
Ulu Yaradana inamını itirməyən
xalqımız İslamı
yaşatmış, gələcək
nəsillərə ötürmüş,
yaddaşlardan silinməsinə
imkan verməmişdir.
Çünki islami dəyərlərə
sadiqlik bizim daxilimizdən gələn
bir hissdir. Beləcə
sərt təqiblərə
baxmayaraq Molla Əhməd Axund həm də geniş şəkildə
İslami tədrislə
məşğul olmuş,
dini təbliğatçılar
yetişdirmişdir. Dəfələrlə incidilsə də, sərt xəbərdarlıq
edilsə də, mövqeyindən dönməmiş,
sədaqətlə Allaha
ibadətini yerinə yetirmişldir.
Adı hər bir kəsə nümunə olan, islami elmləri incəliklərinə qədər dərindən bilən, onu saflığı, paklığıyla bizlərə yadigar qoyan Hacı Molla Əhməd Cəlal oğlu nadir din xadimlərindən biri idi. Nəslindən-nəcabətindən gələn paklıq, halallıq, nur, şüa kimi nurlu simasından, üz-gözündən İlahi nur tökülər, olduğu məclisləri işığa, nura, arılığa, duruluğa qərq edərdi. Fenomen yaddaşı var idi Axundun. Avazı şirin, qısa, lakonik, dərin, mənalı, məzmunlu söhbətləri, dini-mənəvi dəyərlərimizi təbliğ edən şirin mükalimələri, böyük nəsihətləri, xeyir-duaları, ən başlıcası, yüksək mədəniyyəti ilə hamını heyran qoyurdu Molla Əhməd Cəlal oğlu. Aydın, rəvan nitq gözəlliyindən, sadəliyindən, dosta etibarından, əliaçıqlığından, gözü-könlü toxluğundan, Vətənə, yaxın-uzaq hamıya, dininə, imanına, etiqadına böyük sevgisindən bu gün də hamı hörmətlə, ehtiramla danışır, xatirəsini yad edirlər.
Həm İslam dünyası, həm də çevrədaxili insanlar üçün insanlıq xəzinəsi,insanlıq nümunəsi, səxavət meyarı, alicənablıq zirvəsiydi Molla Əhməd Axund. Onunla həmsöhbət olan adam təpədən-dırnağacan işığa, nura qərq olur, dünyaya bağlanırdı. Bəşər üçün, insanlıq üçün yaxşılıq, xeyirxahlıq körpüsüydü O. Çətinliyə, dara düşən neçə-neçə insanlar bu körpüdən keçib qüruba yox, dan üzünə, aydınlığa yol almışdılar.Axundun böyüklüyü həm də sadəliyində, saflığında, evinin, ocağının el üzünə açıq olmasında idi. Yaşadığı bölgədə elə bir adam tapılmazdı ki, çətinliyə, dara düşəndə Hacıya müraciət eləməsin. Müraciət edənlərin demək olar ki, hamısına kömək edib, doğru yol göstərib Hacı.Səfərə çıxanlar, orduya gedənlər, xeyir iş edənlər ziyarətinə gələr, Hacının xeyir-duasını alardılar.
Amalı xeyirxahlıq, yaxşılıq idi Hacının. İslam dininin ən böyük təbliğatçılarından biri olmaqla yanaşı böyük yurdsevər idi. O hər bir vətən övladını, xüsusilə də gəncləri, Azərbaycanın suyuna, çörəyinə layiq olmağa, Vətənə, yurda bağlılığa çağırardı həmişə. Onunla həmsöhbət olmağın, onun nəsihətamiz kəlamlarına qulaq asmağın və onu dinləməyin xüsusi bir ləzzəti var idi. Apardığı məclislərdə auditoriya Hacının moizələrinə o qədər diqqət kəsilərdi ki, xırdaca bir xışıltı belə eşidilməzdi məclisdə. İnsan onu dinlədikcə ruhu paklaşır, qəlbi aram tapır, daxilində bir rahatlıq yaranırdı. Çöhrəsindəki ilahi nur, onun Əhli-Beyt davamçılarından olduğunu göstərən əlamət kimi insanı cəlb edirdi.
Görkəmli din xadimi, xatirəsi Onu tanıyanların qəlbində həmişə əziz olan , heç zaman unudulmayan Hacı Molla Əhməd Cəlal oğlu Qasımov 29 iyul 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində vəfat edib. Biləsuvar rayonunun Zəhmətabad kənd qəbristanlığındakı sadə bir qəbir daşı ilə üzəri götürülən məzarı müqəddəs yerə, insanların ziyarət etdiyi məkana çevrilib. Baxmayaraq ki, artıq Axund səkkiz ildir aramızda yoxdur, bu gün onu tanıyanların hamısının yaddaşında xətri həmişə əziz tutulan, heç zaman unutmadığımız, qəlbimizdə, könlümüzdə,unudulmaz xatirələrimizdə o, işıqlı, nurlu siması, hamımıza məlhəm olan Tanrı duaları, qulağımızdan getməyən sirli-sehirli səsi, avazıyla qalıb. Hacı Molla Əhməd Cəlal oğlu Qasımovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Malik Balaşov: tarixçi,
publicist
Xalq Cəbhəsi.-
2022.- 22 sentyabr.-
S.14.