Baba Tahir – Buməta
türbəsi
Azərbaycanın
cənub-qərbində yerləşən Lerik və
Yardımlı rayonlarının ərazisi İslamın dini mərkəzlərinə
yaxın olduğundan, eləcə də İslam futuhatı və
ərəb işğalları zamanı bu ərazilər daha
çox ekspansiyaya məruz qaldığından burada
İslamın yayılması, eləcə də cəmiyyətdaxili
münasibətlərdə İslam qanunlarının prioritet
olması başqa ərazilərə nisbətən daha erkən
zamanda baş verib. Ərəb ekspansiyası
zamanı mərkəzdən bu ərazilərə emissarlar
göndərilir, göndərilənlər isə bu ərazilərdə
İslam ehkamlarını, dini vəqf və İslami dəyərləri
yaymaqla məşğul olurdular. Hələ
işğalın ilk dövründə ələ
keçirdikləri torpaqlarda daha da möhkəmlənmək
naminə, ərəblər özlərindən əvvəlki
işğalçıların yolu ilə gedərək,
yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif ərəb qəbilələrini
Azərbaycanın hər tərəfinə
köçürmüşdülər. Xilafətin
işğal etdiyi ölkələr, o cümlədən Azərbaycan
islamlaşdıqca yeni din bu ölkələrin
xalqlarını ideoloji cəhətcə də birləşdirən
böyük qüvvəyə çevrilirdi. Yeni dinin dili olan ərəb dili VII əsrin
sonlarından başlayaraq, xəlifə Əbdülməlikin
keçirdiyi islahatlar nəticəsində, yerlərdə tətbiq
edilən dövlət dilinə çevrildi. Buna Azərbaycan ərazisində müxtəlif dillərdə
danışılması, dil vahidliyinin olmaması, əlifbasızlıq
üzündən ərəb əlifbasının qəbul
edilməsi də xeyli kömək etdi. (bax.
Nailə Vəlixanlı. Ərəb xilafəti
və Azərbaycan. Azərbaycan Dövlət Nəşriyyatı
Bakı-1993)
Yeni təqdim olunan din daha humanist, daha mütərəqqi,
eləcə də paralellər apardıqda yerli əhalinin
Tanrıçılıq (Təktanrılı) dininə
uyğun olduğundan yerli əhali tərəfindən daha tez
qəbul edilir, əhalinin gündəlik məişətinə
daxil olurdu. Emissar olaraq göndərilən şeyxlər isə
əhali arasında rəğbətlə
qarşılanır, böyük nüfuz sahibinə
çevrilirdilər. İlk İslami
qanunlara uyğun olaraq həyatını dəyişən
insan elə öldüyü yerdə də dəfn
olunduğundan həmin şeyxlər də
yaşadıqları bölgələrdə böyük
ehtiramla dəfn olunur və dünyalarını dəyişəndən
sonra da dəfn olunduqları məzarlar əhalinin müqəddəs
saydığı məkan, and yeri olur, ziyarətgaha
çevrilirdi. Odur ki, Lerik və
Yardımlı ərazilərində bu gün yüzlərlə
müqəddəs şəxsin uyuduğu məkan, ziyatətgah
var.
Belə müqəddəs məkanlardan biri də Lerik
rayonunun Piran kəndi ərazisindəki Buməta ziyarətgahıdır. Piran kəndi
rayon mərkəzindən 35 km şimal-qərb istiqamətində
yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7
fevral 1991-ci il tarixli Qərarı ilə
Lerik rayon Siyov kənd sovetinin İyirminci km kəndinin adı
dəyişdirilərək Piran adlandırılıb. 2009-cu ildə əhalinin siyahıyaalınmasına əsasən
kənddə 1065 nəfər əhali yaşayır. (Azərbaycan
Respubliksı əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010).
Kənddə Lerik rayon İcra Hakimiyyəti
Başçısının Piran kənd İnzibati Ərazi
Dairəsi (İƏD), 360 şagird tutumlu tam orta məktəb,
Həkim məntəqəsi, Heydər Əliyev Fondu tərəfindən
inşa edilmiş 60 yerlik Körpələr evi-uşaq
bağçası və Lerik rayon Mərkəzi kitabxana
sisteminin filialı fəaliyyət göstərir. Kənddə Piran kənd məscidi dini icması
yaradılıb.
Yerli tarixçilərin qənaətinə görə kənd
ərazisində bir vaxtlar Tifil adlı şəhər məskəni
olub. Sonrakı mərhələdə əhalinin yerdəyişməsi
nəticəsində şəhər boşalıb, əhali ətraf
rayonlara səpələnib. Bu gün sadəcə
adıgedən şəhər məskənindən
qalıqlar aşkar olunmqdadır. Kənd ərazisindəki
Buməta ziyarətgahı təkcə Piranda deyil, ətraf kəndlərdə
də müqəddəs məkan olaraq tanınır və əhali
tərəfindən ziyarət olunur. Sakinlərin
qənaətinə görə ziyarətgahdakı məzarda dəfn
olunan şəxs Baba Tahir kimi tanınan İslam şeyxlərindən
biridir. Deyilənə görə Baba Tahir
İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın
nəvələrindən olan beşinci imam Məhəmməd
Baqirin (ə) bu ərazilərə göndərdiyi
üç din alimindən biridir. Ümumiyyətlə,
ərəb mənbələrinin (əl-Bəlazuri, İbn əl-Fəqih,
İbn Xordadbeh, əl-Yəqubi və başqaları) məlumatına
görə ərəblər necə olursa-olsun Azərbaycanda
möhkəmlənmək, arxanı öz müttəfiqinə
çevirmək istəyir, bunun üçün bütün
vasitələrə əl atırdılar. Bu vasitələrdən
ən başlıcaları bütöv ərəb qəbilələrinin
buraya köçürülməsi və Dərbənd, Bərdə,
Beyləqan, Qəbələ, Şirvan, Varsan, Təbriz, Miyanə,
Sərab,Ərdəbil ətrafı ərazilər və
başqa strateji əhəmiyyətli şəhərlərdə
hərbi məskənlərin (rabatların) salınması
oldu.Tarixçi əl-Bəlazuri yazırdı: “Əli ibn
Əbu Talib əl-Əşas ibn Qeysi Azərbaycanın hakimi təyin
etdi. Əl-Əşas bura yetişdikdə
gördü ki, yerli əhalinin çoxu İslamı qəbul
etmiş və Quran oxuyur. O, Ərdəbildə əta və
divan siyahısına salınmış ərəblərdən
yerləşdirdi, buranı Azərbaycanın baş şəhəri
etdi, sonralar genişləndirilən məsciddən savayı
başqa bir məscid də tikdirdi. Əl-Hüseyn ibn Amir əl-Baqidinin
sözlərinə əsasən deyib: Ərəblər Azərbaycanda
məskən saldıqda onların Kufədən, Bəsrədən
və Şamdan olan qohumları da buraya axışdılar. Hər biri bacardığı qədər torpaq zəbt
etdi, bir hissəsi qeyri-ərəblərdən torpaq satın
aldı. Kəndlər həmin ərəblərin himayəsinə
keçdi, elə ki, ərəblər onları müdafiə
etməli idilər, kəndlilər isə ərəblərin
yardarına çevrildilər...”.
Böyük
ehtimalla Pirandakı məkanda dəfn olunan Baba Tahir yerli camaata
İslamın dini ideologiyasını, İslamın əsaslarını,
Quranın hikmətlərini öyrətmək, eləcə də
o vaxtlar təqib olunan Peyğəmbər nəslindən
olanları tanıtmaq üçün bu əraziyə
göndərilib. Böyük ehtimalla adıgedən
Tifil adlı şəhərdə əhali sıx məskunlaşdığından
Baba Tahir də məhz buraya göndərilib. Babanın milliyyətcə ərəb olduğu
bildirilir. Təqribən VIII əsrdə
yaşadığı deyilən Baba Tahirin indiki Lerik rayonunun
Piran ərazisinə Ərəbistandan gəldiyi qeyd olunur.
Tarix ədəbiyyatında İslamın mərkəzi şəhərlərindən
Azərbaycana həm köçürülən, həm də
təqibdən yaxa qurtarmaq üçün gələn xeyli ərəb
qəbilələri, o cümlədən Seyyidlər
haqqında məlumatlar var. Məlumdur ki, Peyğəmbərin
vəfatından sonra, onun ailəsindən, nəslindən
olanlar, sonradan hakimiyyətə gələn xəlifələr
tərəfindən daim təqib olunub və qətlə
yetiriliblər. Ona görə də seyyidlər
Azərbaycan kimi, İraq kimi ölkələrə
qaçaraq, təqiblərdən, terrordan yaxa qurtarmağa
çalışıblar. Ərəb
orduları işğallar zamanı dağlıq ərazilərdə
çətin duruma düşdüyündən daha çox
düzən ərazilərə üstünlük verir, beləcə
dağlıq ərazilər diqqətdən kənarda
qalırdı. Odur ki, həm
köçürülənlər, həm də təqib
olunanlar dağlıq ərazilərdə məskunlaşmada
üstünlük təşkil edirdilər.
Şeyxə “Baba” ləqəbinin verilməsi də
İmam Məhəmməd Baqirin adıyla bağlıdır. Qeyd etmək yerinə
düşərdi ki, Orta əsr müsəlman ölkələrində
ruhaniyə, mollaya, sufi təriqət
başçılarına “Baba” ləqəbi verilirdi. Ləqəbin verilməsində məqsəd
heç şübhəsiz ki, həmin şəxsin
toxunulmazlığını təmin etmək, təqibdən
uzaq tutulması və öldürülməkdən
qorunması üçün olub.Çox güman ki, ifadənin
xüsusiləşməsi şəxsin xüsusi statusa malik
olmasının daşıyıcısı olub. Buməta adı isə ona yerli camaat tərəfindən
verilən addır. Belə ki, Talışca "Buməta"nın mənası — "bu torpaqlara
köçüb gələn" deməkdir. Ərəb
mənbələri (əl-Bəlazuri, İbn Xordadbeh və b.)
işğal dövründə ərəblərin fəth
etdikləri yerlər sırasında Taylasanın
(Talışanın), yəni talışların
yaşadıqları yerin də adını çəkirlər.
Baba Tahir türbəsi əvvəllər taxtadan tikilmiş
bir qəbirüstü tikili olub. Məzar ətraf ərazilərdəki
kəndlərin əhalisi və yerli sakinlər tərəfindən
daim ziyarət edilib. Hazırki ziyarətgah
isə ötən əsrin 90-cı illərində kənd
camaatı tərəfindən yenidən tikilərək
restavrasiya olunub. Ziyarətgahın qarşısına
əvvəllər yol olmayıb, elə həmin illərdə
camaat bura yol da çəkib. Bütün
bərpa-tikinti işləri camaatın şəxsi vəsaiti
hesabına həyata keçirilib.
Qeyd etmək yerinə düşərdi ki, sözügedən
ziyarətgah iki çayın — Lənkərançay və Ləkərçayın
arasındakı vadidə yerləşir. Rəvayətlərə
görə, Buməta — Baba Tahir bu ərazidə yaşayan vaxt
Ləkərçay mövcud olmayıb. Buməta
vəfat edəndən sonra isə ərazidə güclü
sel-daşqın baş verib. Lakin ziyarətgaha
sel suları heç bir ziyan vura bilməyib. Məhz həmin seldən sonra Ləkərçayın
yarandığı ehtimal olunur. Yerli camaat
bu ziyarətgahın sel sularından İlahi qüvvə tərəfindən
qorunduğunu bildirir.
Yerli əhalinin bildirdiyinə görə, İmam Baqir (ə) Baba Tahirlə bərabər, bu əraziyə daha iki nümayəndəsini göndərib. Onlardan biri Astaranın Toradi kəndi ərazisində dəfn olunan Baba Rəsuldur və onun həmin kənddə ziyarətgahı var. Digəri isə Lerikin Barzavu və Vizəzəmin kəndləri arasında Qımbət ziyarətgahında dəfn olunan müqəddəsdir. Lakin onun nə ləqəbi, nə də adı məlumdur.
Bütün müqəddəs ziyarətgahlar kimi Lerikin Piran yaşayış məntəqəsindəki Baba Tahir – Buməta türbəsi də bu gün sakinlərin ziyarət etdikləri müqəddəs məkandır.
Malik Balaşov
tarixçi, publisist
Xalq Cəbhəsi.- 2022.- 29
sentyabr.- S.14.