Ermənistanın Kəlbəcər təxribatı: baş verənlər Ermənistanın əleyhinə işləyəcək

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu doğulduğu Tovuz rayonunun, Bozalqanlı kəndində dəfn edilib. Qeyd edək ki, A.Nəzərov 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın xüsusi səbəb olmadanmüvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı cinayət işi açılıb. Qeyd edilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda üzrə istintaq davam edir.

Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir ki, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano deyib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin zəruriliyini təsdiq edir. Onun sözlərinə görə, Aİ vəziyyətin tam şəkildə tənzimlənməsinə kömək etmək üçün tərəflərlə işləyir.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın "Twitter" səhifəsindəki paylaşımında deyilir ki, Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir.

Paylaşımda həmçinin qeyd edilib ki, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında qaynar xətdən tam istifadə edilməsi vacibdir. "Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir", - deyə paylaşımda bildirilib.

Ekspertlər Ermənistanın törətdiyi təxribatın nəyə hesablanması ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

 

Atlas” Araşdımalar Mərkəzinin rəhbəri, politoloq Elxan ŞahinoğluXalq Cəbhəsi”nə bildirib ki, Ermənistan ordusu təxribata əl atması nəticəsində Kəlbəcər istiqamətində hərbçimiz şəhid oldu: “Cavab atəşi ilə Ermənistan ordusunun iki postu darmadağın edildi, xeyli itkisi var. Ermənistan rəhbərliyi cəmiyyətini qorxutmamaq üçün itkilərinin sayını hiss-hissə yayımlayır.

Sonuncu dəfə oxşar insident ötən ilin noyabrın əvvəlində qeydə alınmış, hər iki tərəf itki vermişdi. O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya və İrəvana zəng etdikdən sonra vəziyyət müvəqqəti sabitləşdi. Noyabrın 26-da isə Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacağı açıqlandı.

Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və nə qədər ki, razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb sərhəddə gərginlik azalmayacaq”.

Politoloq əlavə edib ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda başqa məqsədi də var, Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyirlər: “Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil. Ancaq bu nəbz yoxlaması baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. RusiyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə erməni cəmiyyəti və müxalifət baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?”.

Politoloq Məhəmməd Əsədullazadə isə “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması nəticəsində bir hərbiçmiz şəhid olub. Onun fikrincə, baş nazir Nikol Paşinyan Qazaxıstan hadisələrindəki KTMT-nin rolundan istifadə etməyə çalışaraq, Azərbaycanla əldə olunan razılaşmaları kobud surətdə pozur: “Hesab edir ki, Azərbaycana təzyiq edəcək, KTMT Ermənistanı tam müdafiə edəcək. Rusiyada burada maraqlı tərəfdir və gərginliyin davam etməsi istisna deyil.

Paşinyan çalışır ki, KTMT Azərbaycana qarşı kəskin mövqe ortaya qoysun və Ermənistanla dövlət sərhəddində yerləşsin. Baş verənlər Ermənistanın əleyhinə işləyəcək. Ermənistanın KTMT-nin bu proseslərə cəlb etməsi üçün ilk növbədə Moskvanın razılığı olmalıdır. Moskva Azərbaycan və Türkiyəni qarşısına alıb, vəziyyəti ciddi şəkildə gərginləşdirməyəcək, KTMT-ni bu məsələdən kənar tutacaq.

Qazaxıstanda Rusiyanın sülhməramlı siyasəti iflas edir. KTMT-nin çıxarılması barədə prezident Tokayev açıqlama verdi. Xalq da Rusiya ordusunun əleyhinədir. Çünki Rusiyanın KTMT çətiri altında öz ordusunu Qazaxıstanda saxlaması Qazax xalqının qəzəbinə və Rusiyaya qarşı əlavə problemlər yaradacaq.

Məhz Ermənistanın Azərbaycanla bağlı KTMT planı baş tutmayacaq. Digər tərəfdən Ermənistanın bu addımı Avropa İttifaqının qəzəbinə tuş gələcək”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 13 yanvar.- S.9.