Bəy oğlu...
Görkəmli nümayəndələri ilə xalq
arasında məşhur olan soyadlardan biri də, Bədəlbəylilər
şəcərəsinə məxsusdur. Yazılı tarixdə
bu şəcərəni araşdırarkən, yaxın
keçmişdən ötürülən ilk məlumat Bədəl
bəy Bəşir bəy oğlu Bədəlbəyliylidən
başlayır. O, 1875-ci ildə Şuşa şəhərində
anadan olub. İbtidai təhsilini molla yanında alsa da, sonradan
şəhər real məktəbində davam etdirib. Daha sonra
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib.
Bədəlbəyli soyadının bu qocaman nümayəndəsi
xalq maarifçisi idi. Seminariyanı başa vurduqdan sonra o, bir
müddət Şuşada müəllimlik edib. Sonra paytaxta
üz tutub və XX əsrin əvvəlindən pedaqoji fəaliyyəti
Bakı şəhəri ilə bağlı olub.
Ömrünün 35 ilini fasiləsiz olaraq rus-müsəlman məktəbində
müdir vəzifəsində çalışıb.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
xalası oğlu Bədəl bəy bütün bunlarla
yanaşı, mədəni-maarif və xeyriyyə cəmiyyəti
kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin
də ən fəal üzvlərindən biri olub. O,
özünü səhnədə dəfələrlə
aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında
Məcnun, İbn Salam obrazlarını böyük məharətlə
yarada bilib. Özündən sonra yadigar qalan
övladlarından biri- Əfrasiyab bəy Azərbaycan klassik bəstəkarı,
drijoru, liberettoçusu və xalq artisti olub. Digər
yadigarı Şəmsi bəy isə aktyor, rejissor, xalq artisti
kimi Azərbaycanın mədəniyyət tarixində yer
alıb...
Bu gün sizə mərhum Şəmsi Bədəlbəylinin
oğlu, damarlarında zadəgan qanı daşıyan, bəy
oğlu bəy, xalq artisti, Bakı Musiqi Akademiyasının
rektoru Fərhad Bədəlbəylidən söhbət
açamaq istəyirəm. Axı dekabrın 27-si onun 75
yaşı tamam olur...
“Uzun sürən ayrılıqdan sonra Şuşaya
getmişdim. Sanki, möcüzə baş vermişdi, gözlərimə
inanmırdım. O şəhərdə elə bil nə isə
bir sirr var. Hətta utanıb çəkinmədən rəqs
də etdim, özü də möhkəmdən
beş-altı dəqiqə oynadım. Arada əlimlə qoluma
toxunurdum, çimdikləyirdim ki, yaşadığım
yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl
tez-tez yuxuda qarlı Şuşanı görürdüm.
Qarlı Şuşa mənim üçün bir nağıl
idi. Bəlkə də sonuncu dəfə Polad
Bülbüloğlu ilə Şuşaya gedəndə
Şuşanı qarlı gördüyümdən idi. Hardasa
iyirmi santimetr qar yağmışdı. Çox gözəl
görünürdü. Fikrim vardı, Şuşaya gedəndə
ondan üzr istəyim. Çünki biz onu düşmənə
vermişdik. Dizlərimi yerə atıb, üzr istədim,
dedim ki, Şuşa, bağışla bizi, səni nə
vaxtsa, yadlara verdik. Hönkür-hönkür
ağlayırdım. “Gəncə qapısı”nda bir əsgər
dayanmışdı, məni o halda görüb yanıma
qaçdı. Dedi, ağsaqqal, nə olub,
özünüzü pis hiss edirsiz? Dedim, yox, bala, bu, mənim
nəzirimdir, etməliyəm...”- söyləyir.
Uşaq yaşlarında çox qaynar və dinamik
olub. Futbola həm azarkeşlik edib, həm də idmanın bu
növü ilə həvəskar kimi məşğul olub.
Tay-tuşları arasında rəqib komandanın
qapısına ən çox qol vuran oyunçu kimi də
tanınıb. Bu oyunlarada cığallıq, dəcəllik
olanda, həmişə çalışıb ki, ədalətli
oyun keçirilsin, qaydalar pozulmasın. Bu oyunların çoxu
da “Qala qapısı”ndan aşağıdakı meydanda baş
verib. Futbola o qədər aludə olmuşdu ki, Maestro Niyazi
deyirdi,- “Ay Fərhad, iki saat futbol oyna, sonra mənim xətrimə
4 saat royal arxasında otur”
Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər
emosiya ilə ifa edib ki, birdə görüb eynəyi
gözündən çıxıb yuxarı atıldı.
Yaxşı futbolçu oduğuna görə cəld tərpənərək,
eynəyini göydəcə tutub və arada imkan tapıb, onu
gözünə taxıb...
Polad Bülbüloğlu ilə bağlı xatirələri
çoxdur. Onunla 5 yaşından dostluq edirlər. Söylədiyinə
görə, valideynləri onları dənizə
buraxmırdı. Bir dəfə bağda olarkən xəlvətcə
dənizə gediblər. Poladın da qolunda atasının
bağışladığı çox bahalı bir saat olub.
Dənizə girməmişdən öncə, onu qumun
altında basdırıblar ki, çimib çıxandan sonra
götürsünlər. Basdırdıqları yeri də
işarələyiblər, amma dənizdən
çıxıb, bütün günü sahildə nə qədər
axtarsalar da saatı tapa bilməyiblər. Polad
hönkür-hönkür ağlayırmış ki,- “Atam məni
öldürəcək. Mən necə saatsız evə
qayıda bilərəm?”
Nəhayət, saatı tapıb evə
qayıdıblar. Və həmin günü bu iki dost möhkəm
danlanıblar...
Deyir ki,- “Gəncliyim çox maraqlı keçib.
Çünki böyük insanlarla ünsiyyətdə olmaq
böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı
faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın
bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi
və gecə saat 3-ə kimi söhbət edirdilər. Biz də
onlara mühazirə kimi qulaq asırdıq. Bəli,
böyük insanların həyatı böyük bir dərsdir.
Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr
etmişdi. Napoleona azadlıq gətirən insan kimi
baxırdı. Amma o, özünü imperator elan edəndə
Bethoven bu rəyini dəyişdi. Halbuki, Napoleon onu
öldürə və ya həbs etdirə bilərdi. Amma
Bethoven qorxmadı. Prinsip məsələsində belə
insanlar çox gözəl bir nümunədir. Əqidəsini
hər gün dəyişən insanları sevmirəm. Mən
30 il bundan qabaq dediyimi indi də təkrar etməyə
hazıram...”
Sadə, səbirli və təmkinlidir. Əsəbi
olanda özünü ələ almağı bacarır. Kiminsə
üstünə qışqırmaq və ya təhqir etmək
ona yaddır. Otuz bir ildir ki, Bakı Musiqi Akademiyasına rəhbərlik
edir, fəqət indiyədək heç kimin xətrinə dəyməyib.
Ana babası, milyonçu Tağı bəy Səfərəliyevdən
misal çəkib,- “Uşaqlar birinci növbədə
faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir
hörmət bəsləyin. Salam verəndə çox
böyük hörmət ilə alın. Çünki onlar
kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və
ürəklərində nisgil ola bilər”- söyləyir. Bu
böyük məktəbin varisi olduğundan qürur duyur...
Evdə- ailədə çox mülayim və
qayğıkeşdir, elə də kaprizli adam deyil. Necə deyərlər,
nə verirlər yeyir və hesab edir ki,- kişi onu yemirəm,
bunu yemirəm deyib, xırda şeylərə fikir verməməlidir.
Amma etiraf edir ki, evə bazarlıq etməyi xoşlamır..
O ki qaldı onun rəsmi tərcümeyi hallna, eləcə
də xalq və dövlətimiz qarşısında xidmətlərinə,
bu haqda bilə-bilə söhbət açmadım ki, söhbətimiz
uzun çəkməsin. Çünki layiq
görüldüyü mükafatlar bu barədə çox
söz deyir:- “Xalq artisti” fəxri adı, “Şöhrət”
ordeni, “İstiqlal” ordeni, Fransanın “İncəsənət və
Ədəbiyyat” ordeni və s. ödüllər bəs eləmirmi?
Bəli, dekabrın 27-si bəy oğlu bəyin, Fərhad
Bədəlbəylinin 75 yaşı tamam olur. Onu bu münasibətlə
ürəkdən təbrik edir, möhkəm can
sağlığı arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2023.-28 dekabr(¹ 45).- S.15