Yardımlı abidələri
O taylı, bu taylı Azərbaycanın tam mərkəzində yerləşən Yardımlı ərazisində tarixin qədim qatlarına işıq sala biləcək o qədər tarixi abidə, maddi-mədəniyyət nümunəsi var ki...Burada antik dövrdən tutmuş müasir dövrümüzədək tarixi abidələr öz varlığını qoruyub saxlayıb. Bu abidələr etnik-milli baxımdan, eləcə də sadəcə bölgə tarixinin öyrənilməsi baxımından qiymətli mənbə rolunu oynayır. Bəzi abidələr ilkinliyini saxlasa da, çox təəssüf ki, bəziləri macara axtaranların, vandalların qurbanı olub. İlkinliyini saxlayan abidələr daha çox dini baxımdan dəyərləndirilən abidələrdir. Çünki, bölgə ifrat dərəcədə dinə tapınaqlı olduğundan burda dini mahiyyət daşıyan abidələrə vandalcasına yanaşma çox təlükəli və qəbuledilməz hal olub. Amma tarixi mahiyyət daşıyan bəzi abidələr bir zamanlar "dəfinə" axtaranların qurbanına çevrilib.
Ərazi arxeoloji və etnoqrafik baxımdan əsaslı tədqiq olunmadığından həvəskar tarixçilər də öz iş üsullarına uyğun olaraq abidələrlə davranıblar. Ötən əsrin 70-ci illərindən başlayaraq Yardımlıda yaşayan ziyalılar abidələrin qeydə alınması, eləcə də bölgədə təsadüf olunan maddi-mədəniyyət abidələrinin bir mərkəzdə toplanması işinə başlayıblar. Bu müqəddəs missiya dəyərli ziyalı Mirəziz Rəfiyevin (Allah rəhmət eləsin!) səyi və yaxından köməkliyi sayəsində başlanılmış, beləcə Yardımlı rayonunun qədim və müasir tarixini özündə əks etdirən Yardımlı rayon Tarix Diyarşünaslıq Muzeyi yaradılıb. Bu müqəddəs iş bu gün də yurd təəssübkeşi, tarixçi-araşdırmaçı Əli İsgəndərov tərəfindən davam etdirilir.
Yardımlı abidələrinin dövlət tərəfindən inventar qeydiyyatına alınması İman Sadiyevin Yardımlı rayon Mədəniyyət Şöbəsinin müdiri olduğu vaxtdan başlayıb. İman müəllim bu işə gərgin əmək sərf edərək Yardımlı abidələrini dövlət qeydiyyatına aldırıb, beləliklə onun rəhbərliyi sayəsində Yardımlıda qeydiyyatdan keçən 92 tarixi abidənin 51-i ölkə, 41-i yerli əhəmiyyətli abidə kimi qeydə alınıb . Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Son zamanlar isə 6-dan çox yeni abidə üzə çıxıb ki, onlar da siyahıya daxil edilib.
Yardımlı abidələri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 10 aprel 1998-ci il tarixli № 470-IQ saylı Sərəncamına, eləcə də. Tarix və Mədəniyyət Abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaradılmış Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən qorunur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmış və bu gün də Dövlət Xidməti tərəfindən yeni abidələrin tapılması, tədqiq olunması, eləcə də yüksək səviyyədə qorunması təşkil edilir.
Abidələr tariximizi əks etdirdiyindən onların qorunması təkcə dövlətin yox, bütövlükdə vətəndaşların ictimayi borcudur.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.
P. S. Şəkildə: Yardımlının Alar kəndi ərazisindəki daş dəvə fiqurları. Abidə 6139 qrifi ilə Dövlət tərəfindən qorunur.
Malik Balaşov
tarixçi-publisist
Xalq Cəbhəsi.- 2023.- 16 fevral.-
S.15.