Qarabağa Böyük Qayıdış – Ağalı sakinlərini qəbul edir

 

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə "Böyük Qayıdış"ın vaxtı gəlib çatıb. Ötən ilin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb.

Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır.

2020-ci ilin dekabrın 23-də dövlət başçısı İlham Əliyevin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulan vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb.

Ötən gün Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılıb.

Rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə "Böyük Qayıdış"a uyğun olaraq 50 nəfərdən ibarət 10 ailə yola salınıb.

Ümumilikdə, bu günə kimi “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək. O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, fevralın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqiyev ilə görüşüb. Qonağa qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, birinci xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Görüşdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi yaxın günlərdə növbəti ailələri Zəngilan rayonunun Ağalı kəndinə köçürəcək. Görüşdə ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən beynəlxalq təşkilatların göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif sahələrdə həyata keçirdiyi tədbirlərlə yanaşı, kəhrizlərin bərpa olunması, icmalara dəstəklə əlaqədar tədbirləri xüsusilə təqdirəlayiqdir.

Xatırladaq ki, Birinci Ağalı kəndi füsunkar Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdə yerləşir. Bu kəndə yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı deyilib. Çünki Ağalı nəsli ilk dəfə məhz bu kənddə məskən salıb. Bura həm də gündən-günə böyüyən, genişlənən kənd olub. Sonrada İkinci və Üçüncü Ağalı kəndləri salınıb. İkinci və Üçüncü Ağalı kəndləri də Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir..İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayıb. Ağalıda "Dost Aqropark"ın ikinci və üçüncü mərhələləri üzrə işlər sürətlə aparılır. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, həmçinin, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların "ASAN” və ya "DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Həmçinin kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq. Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib.

Azərbaycanda “ağıllı” şəhər və kəndlər konsepsiyasının tətbiqi ideyası Prezident İlham Əliyevə məxsusdur. 2021-ci il aprelin 19-da dövlət başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb, aprelin 26-da isə Ağalı kəndinin ərazisində ilk “ağıllı kənd” layihəsinin təməlini qoyub. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Hər iki prezidentə məlumat verilib ki, 110 hektardan çox ərazidə innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunan 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagirdlik məktəb və 60 yerlik uşaq bağçası tikilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, piyada və velosiped yolları çəkiləcək, kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq demək olar ki, bütün bu işlər yekunlaşıb. Biz tezliklə erməni işğalçılarının yer üzündən sildiyi bir kəndin minalardan təmizlənərək və sürətlə bərpa edilərək məskunlaşdırılmasının şahidi olacağıq.

Yeri gəlmişkən, Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağa qayıdış" - gənclərin çevik təşəbbüs qruplarının yaradılması" mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi maariflənmə yolu ilə keçmiş məcburi köçkün statusunda olan gənclərin (17-35 yaş qrupu) 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad etdiyimiz tarixi torpaqlara qayıdışa təşviq etmək və fəal gənclər arasından Qarabağa Qayıdış adlı çevik təşəbbüs qruplarını yaradaraq Böyük Qayıdış prosesində maarifləndmə işlərini təşviq etmək, eləcə də mövcüd ictimai-sosial məsələlərin həlllinə diqqətin yönəldilməsindən ibarətdir. Azəri Gənclər Alyansı layihə çərçivəsində fevral ayının 23-ü və 24-də Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində 50-dən çox keçmiş məcburi köçkün statusu almış gənclər üçün 2 günlük maarifləndirici təlimlər həyata keçirib. Tədbirdə millət vəkili Müşviq Məmmədli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəsi Sevinc Qasımova və layihə ekspertləri istirak edib. Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib, "Qarabağ-Azərbaycandır!" adlı posterlər paylanılıb. Qeyd edək ki, Azəri Gənclər Alyansı İctimai Birliyi "Qarabağa-qayıdış" - gənclərin çevik təşəbbüs qruplarının yaradılması" layihəsi çərçivəsində gənclər arasında ictimai sorğu keçirərək sosial çarx hazırlanıb və sosial şəbəkələrdə yayılıb.

 

Cavid

Xalq Cəbhəsi.- 2023.- 2 mart. S. 9.