Şəhid
kapitan Nəcməddin Savalanov
"Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…"
(B.Vahabzadə)
"Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur."
Ötən əsrin son illərindən Azərbaycan xalqının üzləşdiyi ən ağrılı problrmlərdən biri müharibə- Qarabağ problemidir. Saf suyumuzu içib, halal çörəyimizi yeyən mənfur qonşularımız, (qonşu demək mümkünsə..) sonda başımıza minbir fəlakət , ağrı-acı gətirdilər. Bilənlər bilir, ən yaxşı vəzifələrdə onlar işləyər, ən gözəl evlərdə yaşayardılar. Amma son olaraq naxələflik göstərdilər, minilliklərdir ki, babalarımızın at üstə qılınc çalıb tarix yaza-yaza bizlərə əmanət etdiyi cənnət Qarabağımıza sahib çıxmaq istədilər. Vətən igid oğullarına güvənər deyirlər. Oğullar Vətən çəpəridir. Vətənin dar günündə "Ya Allah" deyib doğma torpaq, Vətən uğrunda silaha sarıldı oğullar. Bu yolda iki yolun olduğu gün kimi aydın idi ,ya Şəhid olmalı, ya Qazi. Başqa yol yox!
Vətən uğrunda öz doğma canını fəda edənlərdən oldu Nəcməddin. Nəcməddin Akif oğlu Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdu. Orta təhsilini İmişli rayon Göbəktala kənd orta məktəbində başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirirərək leytenant rütbəsi alır. İlk olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışır. Qüsursuz xidmətinə, taktiki-hərbi savadına görə qısa müddətdə N saylı hərbi hissənin Qərargah rəisi vəzifəsinə irəli çəkilir.
Kapitan Nəcməddin Savalanov 04 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndində , Azərbaycan-Ermənistan təmas xəttində baş verən qalibiyyətli Aprel döyüşlərində atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alır. Yarası ağır olduğundan müalicə üçün Bakı şəhərinə Hərbi Hospitala gətirilir. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olur. Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınır. Uğrunda şəhid olduğu müqəddəs torpaq doğma balasını əbədilik qoynuna alır həmin gün. Beləcə bu günə qədər bir evin, bir ailənin oğlu olan Nəcməddin bu gündən bütöv bir elin oğluna çevrilir. Tanrı dərgahında ən ali məqama - Şəhadət, Şəhidlik zirvəsinə qovuşur Nəcməddin..
Kapitan Nəcməddin Savalanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Nəcməddinlə şəxsi tanışlığım olmayıb. Amma sosial şəbəkədə , daha doğrusu Youtube kanalında onun Tərtərdə bir toyda iştirakına baxmışam. Bu insanda yüksək intellektə, dünyagörüşə, Vətən, torpaq eşqinə , ziyalılığa heyran olmamaq olmur. Nəcməddinin nə qədər həyat eşqi var imiş...O toy yazısına dəfələrlə baxmışam...təbii ki, ürək ağrısıyla.
Həyatda çox yollar var. Tale yönümlü bu yolların, cığırların qovuşaraq birgə və yaxud ayrı-ayrılıqda son mənzilə çatacaq qəribə, müəmmalı, müxtəlif həyat tərzləri var. Bu yollardan biri və müqəddəsi də ölməzliyə, şəhidliyə aparan yoldur. Bu yolun yolçusu olmaq üçün ən ümdəsi, gərək damarlarında döyüşkən ulu babalarının saf qan daşıcıyıları ola. O toxumlar, o hüceyrələr min ilin yolçusu ola. Bu mütləqdir!
Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb. Ölüm sevinməsin qoy! Hələ kim bilir bu eldən, bu obadan, elə lap bu evdən neçə-neçə Nəcməddinlər boy atacaq, Vətən çəpəri, el igidi olacaqdır...Kim bilir! Rahat uyuyun və əmin olun ki, qəhrəman, igid Azərbaycan əsgəri qisasınızı birə min aldı və elə indi də alır!
Allah rəhmət eləsin!
Malik Balaşov
Xalq Cəbhəsi.- 2023.- 2 mart. S. 15.