Şəhid məzarları – müqəddəs məkan...

 

Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir.

Dağlıq Qarabağ müharibəsinin ağrı-acısını ifadə edən şəhid sözü qəhrəmanlıq simvolu kimi də hər kəsdə qürur hissi oyadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyü uğrunda qurban gedənlər hər qarış yurd yeri üçün canlarından keçərək müasir qəhrəmanlıq tariximizin səhifələrini dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə yazdılar. Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Şəhidlərimiz ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.

Vətən, Ana torpaq uğrunda tərəddüd etmədən canından keçən qəhrəman oğullarımız – Şəhidlərimizin şərəfli ömür yolu hər birimiz üçün örnəkdir. Eləcə də bu gün məkanından asılı olmayaraq Onların uyuduqları son məkan müqəddəs ziyarət yerimiz olmalıdır. Torpağın köksünə gömülərək torpağı müqəddəsləşdirir şəhidlər. Belə müqəddəs məkanlarımızdan biri də Yardımlı rayonunun Bilnə kənd qəbristanlığındakı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri şəhid Əli Rzalının məzarıdır. Azərbaycan Ordusunun əsgəri Əli Rzalı 27 sentyabr 2020-ci ildə Ermənistan işğalı altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi uğrunda başlanan Vətən müharibəsində qəhrəmancasına vuruşub. 2020-ci il oktyabrın 2-də Kəlbəcər uğrunda gedən döyüşlərdə - Koroğlu postunda qəhrəmanlıqla döyüşərək şəhadətə yüksəlir. Yardımlı rayonunun Bilnə kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Əli Rzalı kimi bütün igidlərimiz davamçıları üçün nümunə, örnəkdir.

Allah rəhmət eləsin!

Şəkildə: Vətən müharibəsi qazisi Təbriz Balaşlı ilə Şəhid Əli Rzalının müqəddəs məzarını ziyarət edərkən...

 

Malik Balaşov

Tarixçi, publisist

Xalq Cəbhəsi.- 2023.- 16 mart.- S.15.