Tamaşanın quruluşu sadəcə

mətnin çatdırılması deyil

 

Oktyabrın 20-21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Anton Pavloviç Çexovun son pyesi olan “Albalı bağı”nın premyera tamaşaları olub.

 

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Aleksandr Şarovski bu pyesin teatr aləmində alışılmış və hər kəs tərəfindən qəbul edilmiş traktovkasından uzaq bir quruluşunu təqdim edib. Onun sözlərinə görə, “Albalı bağı” pyesi üzərində işə başladığı zaman onu “dördpərdəli komediya” adlandıran müəllifin özünün bir çox tövsiyəsindən kənar olmağa çalışıb. Hərçənd, əsər müəyyən mənada komediyadır. Çexovun pyesi həm gülməli, həm kədərli və hətta, eyni zamanda, faciəli məqamlarla zəngindir.

 

-Aleksandr Yakovleviç, niyə məhz “Albalı bağı”na müraciət etdiniz? Çexovun kifayət qədər dramatik pyesləri var.

-Bu pyesdə hansısa fantastik və möhtəşəm cəhətlər var. Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, Çexov Stanislavski və Nemiroviç-Dançenkoya Meterlink tipli mistikləri səhnələşdirməyi tövsiyə edib. Həm də yazıçının bütün pyesləri müəyyən dərəcədə bir-birinə bənzəyir. Adama elə gəlir ki, burada eyhamlar mövcuddur. Çexovun əsərlərində həmişə odlu silah var və atəş açılması məqamlarına rast gəlirsən. Belə bir seçimin səbəbi nədir? Mənə elə gəlir ki, özümün də bir vaxtlar “İvanov”da rol aldığımı və “Qağayı”nı səhnələşdirdiyimi nəzərə alsaq, qeyri-ixtiyari olaraq “Albalı bağı”na həvəs yarandı. Bəlkə bunun səbəbi odur ki, pyesdə hansısa mübhəm məqam var. Bu, ruhumuzda zamanla baş verənlərin kvintessensiyası ilə bağlı ola bilər. Biz necə dəyişirik? Ümumiyyətlə, həyat bizi nə hala salır? Zənnimcə, bu səbəbdən “Albalı bağı” müxtəlif teatrlarda səhnəyə qoyulur. Stanislavski və Nemiroviç-Dançenko deyəndə ki, bütün gecəni “Albalı bağı”ndan ötrü ağlayıblar, Anton Pavloviç onlardan bərk inciyib və gülüb: “Səfehlər! Mən komediya yazmışam, onlar isə göz yaşı tökürlər”. Çexov bir çox məqamlarda zamanı qabaqlaya bilib.

-Bu, məhkum edilmiş insanın ali müdrikliyidir?

- Xeyr, bu, ali müdriklik deyil...Yüksək istəklərdir...Bu, insanın yüksək dərəcədə fəlakətdən həzz almasıdır...Müdriklik insanın varlığını nizama salır. Çexov isə həm məktəblər tikib, əhalinin siyahıya alınması ilə məşğul olub, bir mövsüm ərzində minə yaxın pasiyenti müalicə edib. Həyat yoldaşı təbabət, sevgilisi ədəbiyyat olan yazısı “parlaq” həyat sürməyə çalışıb. Bir çox şeylərə böyük istehza ilə yanaşıb. Həyatın özünə də belə münasibət bəsləyib. Həm də imkan daxilində insanlara kömək edib. Yazmağı bacaranlar da, qrafomanlar da öz əsərlərini ona göndəriblər. O, hər ikisinin yazdıqlarını düzəldirdi. Həm də pulsuz. İnsanlara ayaqda durmağa kömək edib. Çexov gələcəyin insanıdır. Düşünürəm ki, Şekspir kimi, onun da teatr səhnələrini fəth etməsi əbədidir. Şimon Peres deyirdi: “Tarixdə iki dahi dramaturq var - Şekspir və Çexov. Şekspirin əsərlərinə intriqalar, ehtiraslar, sui-qəsdlər, zəhər, xəncərlər xasdır və sonda hər kəs ölür. Çexovda isə nə zəhər, nə xəncər, nə ölüm, nə intriqa var, onun əsərlərində kimlərsə otağa girir və çıxır, bir-birinə nəsə deyir, bununla da hər şey bitir. Amma bu, Çexovu heç də Şekspirdən az əhəmiyyətli dramaturq, əsərlərini isə daha maraqsız etmir...”

- Fikrimcə, “Albalı bağı” müəllifin özünün vəfatından bəhs edir. Bunun həyatın nəticəsi olduğunu aydın şəkildə başa düşmək kontekstində.

- Ola bilər. Hələ ki, müasirlərinin xatirələrinə istinad etsək, Çexov premyerada olub, konyak içib ora-bura qaçıb, quruluşun bərbad olmasından əzab çəkib... Deyib ki, çalışıram hər səhnəni, tutaq ki, dramatik bir faciəni dərhal komediya səhnəsinə dəyişdirim. Mən bütün tamaşanı belə qurmağa çalışdım. Göz yaşları ilə söyləyib...

- Bu, emosiyalarla jonqlyorluq etməkdir?

-Bütün aləmə dəfələrlə deyilib ki, tamaşa səhnələşdirmək təkcə pyesin mətnini çatdırmaq deyil. Bu, üstəgəl atmosfer... üstəgəl təfsir... üstəlik musiqi... üstəgəl kostyumlar... və bir çox müsbət cəhətlər deməkdir. Bu, bir növ güc toplamaqdır. Sergey Eyzenşteynin sözlərinə istinad edərsək, səhnədə hər şeyi şişirtmək və cilalamaq lazımdır. Çünki səhnədə canlanan iki saat gündəlik həyata aid vaxt deyil. Bu, qeyri-adi bir şeydir. Necə ki, “Albalı bağı”nın qəhrəmanı üçün bu, təkcə bağın deyil, ruhun, vətənin, xalqın, övlad xatirəsinin satılmasıdır.

- Müəllifə görə, Ranevskayanın prototipləri Çexovun 1900-cü ildə və 1901-ci ilin əvvəllərində xaricdə müşahidə etdiyi Monte Karloda boş-boş dolaşan rus xanımları idi.

- Ranevskaya ona tərəf gedən hər kəsi yanında saxladı: ailəsi və tayfası olmayan Şarlottanı, eynilə Yaşanı. Pulun qədrini bilməyən xanımdır. Yəni sabahkı günü ümumiyyətlə düşünmədən keçirmək baxımından. Baxmayaraq ki, o, mehriban və yaxşı insandır. Amma başında çar olmadan... Çexovun qadınları sevdiyini, bir kişi kimi onların dəyərini bildiyini gözdən qaçırmaq olmaz. Beləliklə, yazıçı bütün bunları Ranevskayada “uydurub”. O, dərhal göz yaşlarından gülməyə keçməlidir, bu, mehriban, lakin qeyri-ciddi qadınlara xasdır.

- Çexov vurğulayıb ki, Lopaxinin rolu mərkəzidir, "əgər uğursuz olarsa, bütün tamaşa uğursuz olacaq". Və eyni zamanda, Lopaxinin müəllifin özünün prototipi olması təəssüratı var.

-“Mən Murad Məmmədova belə də dedim: “Sən Çexovu oynayırsan”. İstehzalı. Mən onun çox nadir hallarda ciddi danışdığını təsəvvür edirəm. İvan Urqantın ruhunda. Bir növ stand-up komediyaçısı. Mən bu cür yanaşmaları musiqi divertissementləri ruhunda qururam.

- Məncə, Lopaxin, ilk növbədə, uğur qazanan, albalı bağının sahibi olan öz personasını sevir...

- Murad-Lopaxini səhnəyə Roma Sezarı kimi, amma bilyard stolunda gətirirəm. O, əvvəlcə stolun üstündə monoloqunu oxumağa başlayır, sonra isə Varyanın qaraçı musiqisini bağlayır, ona müraciət edir. Mən isə Muradın fikrini soruşdum ki, onun qəhrəmanını Roma patrisi olaraq necə aparaq, yoxsa hər şeyi əldə edən adam kimi stolun üstündə hönkürüb yıxılsın... Sonda tamaşaçının premyerada gördüyü variantı seçdik.

- Çexov bir dramaturq kimi personajları aydın təsvir etməyə meyillidir. Kompozisiya necə seçildi?

- Qəhrəmanları təsəvvür etdiyim kimi. Rüstəm Kərimovun ifa etdiyi Anton Pavloviçin özünü tamaşaya təqdim etməkdən imtina etdim. Baş rolda Natalya Şarovskaya. Qaev - Fuad Osmanov. Varyanı Olqa Arsentyeva, Anyanı isə Mariya Dubovitskaya oynayır. Şarlotta - Ayan Mirqasımova. Yuri Omelçenko, mənim yozumumda Otelloya tamamilə paxıllıq edən Epixodovu oynayır. Simeonov-Pişçik - Rüfət Nəzərov. Firs rolunu Salman Bayramov oynayır. Yaşa obrazını Zaur Terequlov oynayır. Məsələn, bu personaj, rejissorlar arasında adət olduğu kimi, mahiyyətcə əxlaqsız, bir növ xəbis tipə çevrilə bilərdi. Ancaq mənim belə bir sənətkarım yox idi və buna görə də kök salmış ucuz bir şey olan Xlestakov kimi belə bir "fetrik" doğuldu. Mənim yanaşmamda Dunyaşa obrazı "sevgi" seçimlərində olduqca sərbəstdir. Onu Həcər Ağayeva canlandırır. Hətta tamaşada mənim xüsusi qrimdə, düşünülmüş teatrallığı vurğulayan və səhnədə bütün daşımaları - truppanın gəncliləri ilə məşğul olan prosseniumun qulluqçuları var.

- Eyni zamanda, bu tamaşada rejissorları çox şirnikləndirən “yoldan keçən” kimi bir obraz var.

- Çoxdandıryoldan keçən”i axtarırdım. Çoxlu fikirlər var idi, amma heç biri məni qane etmirdi. Mənə bu personajın görünüşündən əvvəl bütün rejissorların axtardığı “səs” lazım idi. Çexov istənilən əsərdə səs təəssüratının zəruriliyindən danışırdı. O hesab edirdi ki, ədəbi əsər “təkcə düşüncə deyil, həm də səs, müəyyən səs təəssüratı yaratmalıdır”. Beləliklə, dünyanın sonu ilə əlaqəli səsi xatırladan bir səslə qarşılaşdım. Yerin dərindən nəfəs alması və yuxarıya doğru uzanmasını, hər kəsin nüvə fəlakətindən əvvəl həyəcanlı gözlənim ilə donub qalmasını hissi etdim. Və bu zaman kilsə mahnıları səslənir, hamını diz çökməyə məcbur edir. Məhz belə anlarda Uca Yaradanı xatırlayırıq. Mən belə bir variantla çıxış etdim ki, bu, Məsihin yerişidir, zahirən yoldan keçənə bənzəmir, ancaq cır-cındır geyinmiş, həyatı boyu sədəqə diləyən, sədəqə ilə yaşayan, ancaq xeyirxahlıq saçan biridir.

- Belə görünür ki, pyes haqqında müəllifin dəqiq təbiri ilə desək, “Mən dram deyil, komediya, bəzi yerlərdə hətta fars yaratdım” sözlərini təqdir etmək lazımdır. “Albalı bağı”, əslində, ikili, aydın olmayan təəssürat buraxır. Bu, xüsusilə də son səhnədə barizdir.

- Hər bir hərəkət üçün xüsusi götür-qoy edilməsi lazım gəlirdi. Fakt budur ki, Çexov həmişə bunun üçün məkan buraxır. Adi məntiq nöqteyi-nəzərindən torpağı bağ evi sahələrinə bölmək və rahat yaşamaq elə də çətin deyil. İçki içən və danışan qardaş heç düşünmədən bacısını istehza ilə “bədxah qadın” kimi xarakterizə edir. Çexovun tərzində hər şey çox qeyri-müəyyən, həyəcanvericidir. Sonuncu səhnəni isə əvvəlkilər kimi təqdim etmirəm. Mən sabah onların başına nə gələcəyini bilmədən, bədbəxt bir tayfanın bu həyatı necə keçirdiyini göstərirəm. Bütün bunlar ön plandadır, oradan qəhrəmanların hər biri fərqli nəsə deyərək zala gedir... Qalan isə səhnədə çox sürətlə yaşanan həyat burulğanı kimi fırlanan üst hissədəki fırfıradır.

 

Xalq cəbhəsi.- 2023.- 26 oktyabr, ¹37.- S.16.