ONUN ACI TALEYİ...
Yaxın gəlin
dostlar, bu dəfə sizə nağıl danışmaq
istəyirəm. Elə
bir nağıl ki, sizə Səyavuş
Aslanı xatırladacaq,
yadınıza o, düşəcək,
amma göydən alma düşməyəcək.
Hə, nağıllar
necə başlayırdı?
“Biri var idi, biri yox”-la. Bəli,
bu dünyada Səyavuş Aslan adında
bir aktyor var idi.
Deyirdi ki;- “Mən teatr
aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş
ustası Lütfəli
Abdullayevi həmişə
özümə müəllim
bilmişəm. Doğrudur,
o, mənə heç
zaman dərs keçməyib,
amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı
etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq can sağlığı arzulayıram.
Amma görürəm ki, Türkiyəlilər
qocaman sənət adamlarının sənətlərini
də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə
salırlar.”
Bir az müdrik, bir az çılğın,
bir az da əhlikeyf idi. Onun teatr və
kino sənətimizin ayaqda
qalmasında xidmətləri,
tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla
diqqət mərkəzində
olan unudulmaz sənətkar dövrünün
eybəcərliklərini ustalıqla
ifşa edərək,
tamaşaçının yaddaşına
həkk etdirə bilib...
Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar
incəsənət xadimi,
rejissor Bəhram Osmanov deyirdi;- “Səyavuş Aslanla münasibətlərimiz
çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş
müəllim çox
yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu.
Mən həmişə
onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir.
Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım.
Bildiyimə görə,
ondan sonra kifayət qədər çıxıb mənim
haqqımda danışdı.
Bu, onun öz fikirləridir. Səyavuş
Aslan Azərbaycan teatrının
çox mötəbər
aktyorlarından biridir,
amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi
də, onu dəlixanaya saldırmağı
da bacarırdı. Hətta
bəzi brend mağazalardan bir kostyum istəməkdən
belə utanmırdı,
həm də cəsarət göstərib
ölkə rəhbərindən
özü üçün
deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət,
uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən
çıxa da bilərmiş.
Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi.
O, heç bir qadının fitnəsinə
uymazdı, Ofeliya Aslan
onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran
olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə
elə haqqında yayılan şayiələr
son qoydu. Bu şayiələrdən
usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Bəli, o
da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli, biri var idi, biri
yox. Bu dünyada Səyavuş Aslan adında
bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb
sonda Bərzəxə
köçdü. Bu dünyada
çox mükafatlar almışdı- Azərbaycanın
xalq artisti, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü idi.
Sinəsini "Şöhrət"
və "Şərəf"
ordenləri bəzəyirdi.
Amma Allahın ona o dünyada mükafatı varmı, deyə bilmərəm. Köməçkçisi
olan Sədaqət xanım aktyorun ömrünün finalını
bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram.
Otaqları yığıram,
yeməyini hazırlayıram,
yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm.
Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya
gəlib Siyavuş müəllimin səhhəti
ilə maraqlansın. Sənətkara qarşı
bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə
qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət
istəyir. Siz qapını açıb
içəri daxil olanda gördünüz
ki, o necə sevindi. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub
qapısını açıb
onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş
müəllim üçün
böyük şeydir.
Siz gəlməmişdən qabaq
oğlu Çingiz Siyavuş müəllimə
demişdi ki, yanına
jurnalist gələcək,
səninlə bağlı
yazı hazırlayacaq.
Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O xəstə anında da insanların gözünə
xəstə kimi görünmək istəmir.
İstəmir ki, kiminsə
ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini
tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib
televizor qarşısında
tamaşalara baxmaq istəyir”.
Yaşasaydı sentyabrın 5-də 88 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...
Elman Eldaroğlu
Xalq
Cəbhəsi.- 2023.- 7 sentyabr.- S.15.